“Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi” – Prezident

ilhameliyev789

"Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövründə və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım da nə oldu. Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur. Artıq bu əsassız ittihamlar da aradan qaldırılıb".

 

araz.az xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

"Hətta müharibə dövründə hesab edirəm ki, ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır. Yəni ki, onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. Bəzi indi yalan məlumatlar ola bilərdi. Hər halda biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı aldıq döyüş meydanında. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə edilmiş qələbə tam bizi qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq", - Prezident bildirib.

Əlaqəli xəbərlər