Elbaşı Nursultan və Turan yolu...

1634974483 247155697 564817834796723 3390374627162934833 n
 
Yazı Qazaxstan Respublikasının yaranmasının 30 illiyinə həsr olunur.
Dəmirçilər, yəni metalurqlar - deyə zikr edirdi qədim Çin səlnamələri türk qövmünü. Bütöv xalqı, bütöv toplumu dəmiri ram edən sehrbazlar kimi görürdü Tabğac səlnaməçiləri, çünki dəmir yuca Tanrının bəşəriyyətə verdiyi bir lütfdür və türklər bu lütfü yalnız ölüm saçan silahlara deyil, həm də bəşəriyyəti irəli aparan əşyalara çevirdilər. Göy Türk dövlətinin xaqanı Elxan Bumın 26 iyun 552-ci ildə dövlət qurduğunu elan edərkən, öncə zindana çəkic vurdu və orada səslənən metal cingiltisi zəfərlərlə dolu türk tarixini səma kitabının altun vərəqlərinə yaza-yaza bu günə gətirib çıxardı. Temirçin-Çingizxan və Temir ulan –Teymurləng kimi dünya fatehləri də türk qövmünün şərəf kitabı olan  həmin altun vərəqlərə dəmirçi adıyla düşdülər. Bu gün türk dünyasının ağsaqqalı adlandırılan və hər bir türk insanı tərəfindən hörmətlə anılan, Qazaxstan dövlətinin qurucusu Nursultan Nazarbayev də siyasi Tanrıdağa gedən yolunu metallurluqdan, yəni dəmirçilikdən başlayıb. Türk hakimiyyət fəlsəfəsinin dirçəlməyə çalışan bu böyük insan, türk törəsinə uyğun olaraq, Elbası (Elbaşı) titulunu qəbul etdi. Bu titul onun türk elini dirçəltmək cəhdlərinin qazax cəmiyyətindən gələn rezonansı idi. Bütün qədim türk hökmdarları tarixdə doğuluşda aldıqları adla yox, əməlləri ilə qazandıqları adla qalıblar-Elxan Bumın, Elteriş, Bilgə xan, Satuq Buğra xan, Çingiz xan. Yəqin ki, N. Nazarbayev də yaddaşlarda Elbası kimi qalacaq, çünki Qazaxstanı məhz onun idarəetmə bacarığı bir El halına gətirdi.
Onun hakimiyyətinin ilk illərində dövlətdə yaranmış vəziyyət o qədər acınacaqlı idi ki, böyük ərazisi və çoxmillətli etnik tərkibi olan ölkə parçalanma təhlükəsi ilə üz-üzəydi, hər halda, çoxları belə düşünürdü. Lakin respublikanın başçısı Nursultan Nazarbayev qısa müddət ərzində dövlətin dayaqlarını möhkəmləndirməyə, Qazaxıstan iqtisadiyyatını yeni relslər üzərinə qoymağa nail oldu. O müdrik bir rəhbər kimi, xalqın quruculuq potensialını nəcib və xeyirxah işlərə səfərbər edə bildi və bununla da müstəqillik reallığa çevrildi. Çox millətli Qazaxıstan cəmiyyətini vahid xalq kimi toparlamaqla, o qazaxların çoxəsrlik arzularını həyata keçirdi. Böyük çölün genişliyində, Avrasiyanın ürəyində qədim ənənələri olan və gələcəyə can atan,  yüksək zəkaya malik ağıllı bir liderin yönəltdiyi bir ölkə baş qaldırdı dünya səhnəsində. Böyük insanlar böyük hadisələrdə yaranır və böyük hadisələri böyük insanlar yaradır.  Qazaxıstanın da bəxti onda gətirdi ki,  onun müstəqilliyinin lap əvvəlindən dövlət sükanı Nursultan Nazarbayev kimi müdrik bir siyasətçinin əlində oldu. Onun böyük dövlət ağlı, möhkəm iradəsi, müdrikliyi, ölkəsinə və xalqına sədaqəti sayəsində Qazaxıstan Respublikası toparlanaraq, dünya səhnəsində özünəməxsus yerini tapa bildi.  
 Hakimiyyətdə olduğu bütün illər ərzində o bir an da kim olduğunu, hansı şəcərədən gəldiyini unutmadı. Avrasiyanın ürəyində, çox millətli Qazaxstanın nəhəng ərazisində, əsrlər uzunu unutduralmağa çalışılan əski türk ənənələri onun sayəsində yenidən bərqərar olmağa başladı. O nəhayətsiz türk çöllərində uzun zamanlar boyu kabuş kimi dolaşan dastansal röyaları gerçəkliyə çevirməyə çalışdı, istepin ortasında nağılvari bir şəhər qurdu. İndu bu şəhər elə onun adını daşıyır-Nursultan, çünki burada hər bina, hər küçə, parklar və meydanlar onun xəyallarından doğulub
Bu şəhərin salınması ilə bağlı N. Nazarbayevin özünün yazdığı "Avrasiyanın ürəyində" adlı kitab var, bu kitab Azərbaycanda da nəşr olunub. Sözün düzü onu dostum İbrahim İlyaslı ilə birgə dilimizə çevirib mən nəşr etdirmişəm. Ona görə də paytaxtın köçürülməsi ilə bağlı  bu ölkənin rəhbərliyinin hansı çətinliklərlə üzləşdiyini yaxşı bilirəm. Qazaxıstanın tarixində bir neçə paytaxt olub, lakin Nur - Sultan şəhəri həqiqətən böyük çölün genişliyində əsl möcüzə oldu. Bu, qədimliklərin dərinliyində  ərimiş  köçəri imperiyaların arzularından materiallaşdırılmış nağıllar şəhəridir.  Bayterekin - türklərin qədim düşüncələrinin Dünya ağacı - Bay dirəyinin ətrafında tikilmiş bir şəhər. Burada keçmiş də, bu gün də iç-içədir. Dünyaya hökm edən xaqanların imadətgahını andıran Ak Orda, Xan çadır, qədim dövrün böyük qəhrəmanları-türk hökmdarları və bahadırlarının meydanlarda və parklarda ücalan heykəlləri,  yeni görkəmdə inşa olunan piramida, onlarla yanaşı ultramüasir binalar və göydələnlər. Bu sözün hərfi mənasında çiçəklənən  bir şəhərdir. Burada hayana baxırsan, güldür, çiçəkdir. Mən heç bir şəhərdə bu qədər gül-çiçək görməmişəm.
Açıb Nur Sultanın gül-çiçəkləri,
Güllər çeşid-çeşid, güllər rəngbərəng.
Günəşə naz satan gül ləçəkləri,
Günəşin qızılı telindən qəşəng.
Maraqlıdır ki, burada qışda da belə olur. Yəqin ki şəhərin yaşıllaşmasına baxanlar  xüsusi sort toxumlardan istifadə edirlər, çünki çiçəklər qış-yay təravətlərini saxlayırlar.  
Nur Sultan (keşmiş Astana) ağlasığmaz dərəcədə qısa müddət ərzində - haradasa on ildə tikilib. Sözsüz ki, bu heyrətamiz layihənin baş arxitektoru və memarı  Nursultan Nazarbayevdir özüdür. Hər halda o öz kitabında belə yazır.  O, yeni paytaxt tikmək qərarına gələndə təkcə öz arzularını deyil, bütün xalqın arzularını da həyata keçirdi. Bütün bunlar hansısa 20-25 ildə baş verdi. Bu şəhərdə bir-birinə bənzər binalar çox azdır.  Elbaşının (N.Nazarbayevin)  göstərişi ilə burada binalar elə tikilir ki, onların hər biri şəhərin memarlıq sənətində analoqu olmayan yeni bir nümunə olmalıdır. Nur-Sultanda, türk xalqlarının taleyində olduğu kimi, Şərq və Avropa memarlıq üslubları ahəngdar şəkildə bir-birinə qarışıb, bu da şəhərə xüsusi cazibə verir. Geniş prospektlərin, meydanların, parkların,  göydələnlərin, memarlıq ansambllarının, inzibati komplekslərin, yaşayış binalarının sehirli aurası ətrafında isə insan istiliyinin və ruhunun dalğaları yürüyür. Bu da əbəs deyil. Axı dünyanın aparıcı dövlətlərinin böyük paytaxtları sırasında məhz Nur-Sultan bütün dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dialoqu mərkəzi rolunu oynayır.
       
Nursultan Nazarbayevin qurduğu Qazax dövləti bu gün dünyanın ənənəvi dinlərinin və konfessiyalarınin liderlərini bir masa ətrafında toplaya bilən nadir ölkələrdəndir. 2003-cü ildə Qazaxıstanın paytaxtında Nursultan Nazarbayevin təşəbbüsü ilə  Ənənəvi milli dinlərin qurultayı keçirildi. Qurultayda dünyanın ən nüfuzlu ruhani liderləri iştirak edirdilər, onların bir çoxu əks fikirlərə, hətta düşmən baxışlara malik idilər, lakin buna baxmayaraq, onlar bütün fikir ayrılıqlarını aradan qaldıraraq, dünyada münaqişəli vəziyyətlərin həlli üçün, təmas nöqtələrini tapmaq üçün bir araya gələ bildilər. N. Nazarbayevin bu təşəbbüsü artıq ənənəvi xarakter alıb və vaxtaşırı həyata keçirilir. Tolerantlıq baxımından Qazaxstanın və Azərbaycanın bənzəyişləri çoxdur. Məncə bu sahədə Avropalıların bizlərdən öyrənə biləcəkləri çox şeylər var. 
                     
N. Nazarbayev və Azərbaycan
         
Bir dəfə, Türkdilli dövlətlərin rəhbərlərinin Almatı sammitində (2012) maraqlı bir mənzərə ilə qarşılaşdım. Sammit başa çatdıqdan sonra (orada Qazaxstan, Qırzızıstan, Azərbaycan prezidentləri və Türkiyə baş nazirinin müavini iştirak edirdi) Nursultan Nazarbayev Azərbaycan prezidentinə yaxınlaşdı və əlini astacana onun çiyninə qoydu, onlar beləcə, lap ata-oğul sayaq söhbət edə-edə yavaş-yavaş qapıya doğru getdilər. Mən həmin vaxr zalda idim və  bu mənzərəni çox yaxından seyr edirdim, deyim ki, bir azərbaycanlı yazar kimi çox mütəəssir oldum. Orada dörd ölkənin nümayəndələri vardı, mətbuat vardı, xarici gözlər vardı. Nursultan Abişeviç, bu çox illik təcrübəyə malik dövlət adamı, sadəcə Azərbaycanın dövlət başçısına, onun timsalında Azərbaycana olan münasibətini nümayiş etdirmirdi, həm də dimlomatik etiketi bir az pozaraq nümunə göstərirdi ki, başqaları da görsünlər. Elbaşının, qazax xalqının milli liderinin prezident İlham Əliyevevə qarşı  böylə isti davranışı, qazax xalqının da Azərbaycana olan münasibət bucağının formalaşmasına böyük təsir göstərirdi. Mən şəxsən bunun şahidi olmuşam. Bu hadisədən sonra mən Qazaxstanda çox məclislərdə, tədbirlərdə iştirak etmişəm, onların hamısında Azərbaycan nümayəndəsi, ya nümayəndələri başa çıxarılıb, ilk söz onlara verilib və hökmən Azərbaycan prezidenti barədə yüksək fikirlər deyilib. Türk birliyi öylə - böylə yaranmır ki. Onu yaradan kişilər var...
...Qarabağ savaşının ilk günlərindən Nursultan Nazarbayev onun çözülməsi üçün çox səy göstərib. O dövrdə dağılmaqda olan SSSR-nin yerində Avrasiya Birliyinin yaranmasını arzulayan N.Nazarbayev, münaqişənin alovlanmadan söndürülməsinə çalışırdı. Biz Qarabağ üzərində erməni terrorçuları tərəfindən vurulan helikopterdə qətlə yetirilənlər arasında olan qazaxstanlı yüksək rütbəli zabitləri heç vaxt unuda bilmərik. Onlar da bizim şəhidlərimizdir. Qarabağ savaşının şəhidləridirlər... Münaqişənin davam etdiyi bütün illər ərzində Nursultan Nazarbayevin rəhbərlik etdiyi Qazaxstan dövləti həmişə Azərbaycanın haqlı müharibəsinin yanında oldu, Azərbaycan və Türkiyənin gerçəkləşdirdiyi bütün iqtisadi projelərdə tərəfdaş kimi iştirak etdi. Ermənistanın formal müttəfiqi hesab edilməsinə baxmayaraq, Azərbaycan xalqının böyük zəfər qazandığı Vətən savaşında Azərbaycanın tərəfini tutdu. Böyük zəfərdən sonra, özündə bütün türk dövlətlərini birləşdirən Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevi parlaq qələbə münasibəti ilə təbrik etdi. Bəşər övladının dəmir adlı metalı tanıyandan gündən  bəri, ənənələri davam edən Şanlı Dəmirçilər səcərəsinin bu böyük oğlu.
Elin dar günündə elə bəydirək olur Elbaşı,
Xəzərin bu üzündə bizik, o üzündə Qazaxstan.
Türk gənəşi deyilən xəyali bir el qurduq,
Köçəri uruqların min illik arzusundan.
Sənə salam göndərirəm Azərbaycan adından,
Dəmir ərlər yadigarı Elbaşımız Nursultan.
Yeni dönəmdə Türk dövlətləri birliyinin yaranmasının əsas ilhamçısı və ideoloqu da həmişə N.Nazarbayev olub. Onun Avrasiya Birliyi ideyası da bu qayəyə xidmət edir. Genlərində qədim türk ənənələrini yaşadan bir rəhbər kimi, onu təkcə öz ölkəsinin deyil, bütün türk xalqlarının taleyi narahat edir. Nursultan Nazarbayevin böyüklüyü də elə bundan ibarətdir. Mübaliğəsiz demək olar ki, onu bütün dünyada sevənlər və hörmət edənlər var. Onu tanıyırlar, ona hörmət edirlər, onun fikri ilə hesablaşırlar. Türk xalqları isə onu hörmətlə Ağsaqqal adlandırırlar. Türk Dövlətləri Şurasının liderlərinin yekdil qərarı ilə Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının ömürlük fəxri sədri statusu verilib. O həm də Avrasiya Ali İqtisadi Şurasının da fəxri sədridir. Bu çox təbiidir. O həmişə Avrasiyaçılıq və Türk birliyi ideyasını qaynaşdırmağa çalışıb, çünki o bilir, o yaxşı bilir ki, qeosiyasətdə dünyanın qəlbi hesab olunan Avrasiya məkanı həmişə türklərin olub və gələcəkdə də belə olacaq. Türklərin Turana və Azərbaycana aid olmadığını isbatlamaq üçün qucaq-qucaq kağız korlayıb “Loqos Turana” kimi cəfəngiyat yazan Aleksandr Dugin kimi “avrasiyaçı filosofların”  yazdıqları isə tarixin zibilliyində qalacaq.
Elbaşı Zəngəzur üzərindən Azərbaycanın ana hissəsindən ayrı salınmış Naxçıvana açılan yolu “Turan yolu” adlandırdı. Bu yol yenə də Çinin şimalından, Şərgi Türküstandan başlayan qədim “İpək yolu”nun yeni zühurunun, yeni türk birliyinin bir simgəsi olacaq yəqin. Bu böyük qayənin həyata keçirilməsində böyük əmək və iradə sərgiləyən prezidentlərimiz İlham Əliyevə və Rəcəb Tayib Ərdoğana min dəfə afərin deməmiz az olar. Məhz onların səyəsində çox yüksək mərtəbəyə qədəm basan Azərbaycan-Türkiyə birliyi “Turan yolunun” təməli oldu. Qazaxstanın da bu birliyə qətiyyətli qoşulması bu təməli daha dayanıqlı edəcək. Çünki, qədim kitablarda deyildiyi kimi, “, birdən iki törəyir, ikidən üç, üçdən isə hər şey”.
 
Elxan ZAL QARAXANLI,
Mahmud Kaşqari adına Beynəlxalq Fondun sədri.
 
 
 

Əlaqəli xəbərlər