"Ermənistandan mina xəritələrini almaq Azərbaycanın böyük uğurudur" — Deputat

 экрана 2021 12 07 010019

“Ərazilərimizdə təhlükəsizliyinin təmin olunmasının başlıca şərti məhz minalanmış ərazilərinin xəritəsinin əldə olunması və həmin ərazilərin minalardan təmizlənməsidir”.

araz.az  Demokrat.az-a istinadən bildirir ki, bu fikirləri millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Azərbaycan ötən ilin noyabr ayının 10-da imzalanmış birgə bəyanatın şərtlərinə uyğun olaraq, addımlar atmaqdadır:

“Bildiyimiz kimi, işğaldan azad etdiyimiz ərazilərimizdə nəqliyyat kommunikasiyası yenidən qurulmaqdadır. Ərazilərimizə əhalinin effektiv qayıdışının təmin olunması üçün infrastruktur quruculuğu işləri həyata keçirilir, yaşayış şəraiti yaradılır. Bütün bunlar qeyd etdiyim kimi, hər şeydən öncə ərazilərin minalardan təmizlənmə işlərinin həyata keçirilməsini və müvafiq olaraq təhlükəsizliyin təmin olunmasını tələb edir. Biz bununla artıq üçüncü dəfədir ki, Ermənistandan minalanmış ərazilərin xəritəsini alırıq. Təbii ki, bu, Azərbaycanın böyük uğurudur. Bəli, bu xəritələrin nə dərəcədə dəqiqliyi əks etdirməsi məsələsi müzakirə predmetidir. Xatırlayırıq ki, Cənab İlham Əliyev də bir müddət öncə xəritələrin təxminən 25 faizinin dəqiq olduğunu bildirmişdir. Amma bütün hallarda bu ərazilərimizin minalardan təmizlənməsində əlavə köməkdir. Təbii ki, arzuolunandır ki, Ermənistan beynəlxalq hüquq normalarına, müharibə qaydalarına uyğun olaraq, minalanmış olduğu Azərbaycan torpaqlarını dəqiq xəritəsini təqdim etsin. Amma Ermənistan təxribatçı bir dövlət olaraq regionda sülhün, təhlükəsizliyin, etibarlı şəkildə təmin olunmasına hər vasitə ilə maneçilik törətməyə cəhd göstərir. Bütün buna baxmayaraq, Azərbaycan özünün güc mövqeyindən çıxış edərək, Ermənistanı bu xəritələri təqdim etməyə məcbur edir”.

Millət vəkilinin sözlərinə görə, bunu başqa cür adlandırmaq olmaz və bu, bütövlükdə Ermənistanı yekun sülh sazişini imzalamağa məcburetmə prosesinin bir hissəsidir:

“Düşünürəm ki, Ermənistanı bundan sonra da biz üzü yola addımlar atmağa məcbur edəcəyik. Bizim gücümüz, potensialımız, güc mövqeyimiz buna imkan verir. Yekun olaraq, hesab edirəm ki, növbəti dəfə Ermənistandan minalanmış ərazilərin xəritəsinin əldə olunması Azərbaycanın böyük uğurudur və gücünün göstəricisidir. Bu, aydın şəkildə nümayiş etdirir ki, proseslər Azərbaycanın tam nəzarəti altındadır və onun maraqlarına uyğun cərəyan etməkdədir”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər