İqbal Ağazadə və Rauf Arifoğlu arasında “Stalinqrad” döyüşü – Kim qalib gələcək?

rauf iqbal

SOS!!!

Azərbaycan üçün ən həsas məqam yetişir: 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri mahiyyət və ölkənin gələcəyini xarakterizə etmək, proqnozlaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Parlament bu dəfə formasını deyil, məzmununu dəyişməlidir, siyasi təqlidçilik arxa plana keçməli, P.Drakerin təbirincə desək, “daha çox ağıllı, soyuqqanlı, kareyara kəstəliyindən uzaq” şəxslər önə çəkilməli, inzibati resurslar ayrı-ayrı deputatlığa namizədlərin, fərdlərin müdafiəsinə deyil, ümumi dövlət maraqlarının qorunmasına, sağlam rəqabət mühitinin formalaşdırılmasına yönəldilməlidir. Əks halda, sadəcə bir dairə üzərində belə inzibati “qələbə” ümumilikdə, parlamentin gələcək taleyini sual altına qoya bilər. Ortada səhih nümunələr var. Bu dəfəki parlamentin tərkibi Azərbaycanın gələcək taleyini, mövcudluğunu, inkişaf tempini müəyyənləşdirən əsas amillərdən biri olacaq. Xüsusi olaraq, qeyd olunmalıdır: dünyada və regionda baş verən hadisələr Azərbaycandan yan keçə bilməz, İran-ABŞ münasibətlərinin tonometri gələcəkdə ölkəmizə ciddi şəkildə təsir edə bilər, dünyanın fövqəl güclərindən olan Rusiyanın maraqlarının praktiki tətbiqi, Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməməsi, imperialist Qərb dairələrinin iqtsiadi maraqları Azərbaycanı dilemma qarşısında qoya bilər, çıxılmaz situasiya yarana bilər. Heç şübhəsiz ki, Azərbaycanda ölkə rəhbərliyinin iradəsi ilə aparılan islahatlar bütün daxili və xarici maraqlarımızın qorunması, daha ciddi inkişaf mərhələsinin başlanması üçün mühüm addımlardır və bu, gələcək inkişafımızın konturlarını cızaraq mayak rolunu oynayacaq. Lakin parlament “sözəbaxımlı” olacaq deyə, istənilən şəkildə formalaşdırılaqsa, bu yanlış addım olacaq və gələcəkdə nəinki hakimiyyəti, dövlətin özünü belə çətin vəziyyətə sala bilər. Bir daha deyirəm: indi 2005, 2010, 2015-ci illər deyil. Bizi qarşıda ağır, çətin və gərgin günlər gözləyir. Bu baxımdan hər kəs diqqətli olmalıdır, ələlxüsus, xüsusi nəzərlərin yönəlməli olduğu dairələr var.

35 saylı Xətayi 3-cü seçki dairəsi...

Məsələn, respublika üzrə 35 saylı Xətayi 3-cü seçki dairəsi daha çox diqqət çəkir. Bu dairədən ölkədə kifayət qədər məşhur olan iki şəxs – “Ümid” Partiyasının sədri İqbal Ağazadə və “Yeni Müsavat” qəzetinin Baş redaktoru Rauf Arifoğlu deputatlığa namizədliyini irəli sürüb. Hər iki şəxs ölkənin siyasi proseslərində böyük yol qət etmiş, təmsil etdikləri sahələrin everestinə yüksəlmiş şəxslərdirlər. Bu gün qədər cəmiyyət hər iki şəxsin fəaliyyətinə və siyasi kimliyinə güzgü tutub, qaranlıq heç nə yoxdur. Eyni zamanda, “Yeni Müsavat” qəzeti daha çox əvvəllər cəmiyyətin güzgüsü rolunda çıxış edə bilirdi, “Ümid” partiyası isə bu günə qədər öz cəsarətli, sabit və məzmunlu mövqeyini qoruyub saxlamağı bacarıb. Hazırda bu dairədən namizədliyini irəli sürmüş bütün şəxslər bu və ya digər formada təbliğat-təşviqat kampaniyalarını aparırlar, lakin hər kəsin nəzərləri İ.Ağazadə və R. Arifoğluna fokuslanıb. Qısa HAŞİYƏ və xatırlatma: İ.Ağazadə ilə R.Arifoğlu yaxın dostdurlar. İlk olaraq bu dairədən namizədliyini İ.Ağazadə irəli sürmüşdü, R.Arifoğlu öz dostuna sonradan rəqib gəldi, bəs qalib gələ biləcəkmi? Şəxsən mən öz dostumun dairəsindən namizədliyimi irəli sürməzdim, seçki həm də mənəvi dəyərlərin, keyfiyyətin ölçü vahidlərindən biridir.

Bəs İqbal Ağazadə və Rauf Arifoğlu təbliğat kampaniyalarını necə qurublar: fərq nədədir?

BİRİNCİSİ,

  1. a) R.Arifoğlu daha çox “inzibati resurs” olaraq media əlaqələrini işə salıb, seçki qərargahında hər gün onlarla jurnalistdən, baş redaktordan, ictimai fəaliyyətlə məşğul olan şəxslərdən dəstək alır. Halbuki, bu şəxslərin əksəriyyəti 35 saylı Xətayi 3-cü seçki dairəsinin seçiciləri də deyillər, istəsələr belə, R.Arifoğluna səs verə bilməzlər. R.Arifoğlu qalib gəlmək üçün sanki media nümayəndələrindən qalxan düzəldir, bu prizmadan “məni bütün media dəstəkləyir” mesajları da fon, təhdidə “yatırım” təsiri bağışlayır. Amma deputatı dost jurnalistlər yox, həmin dairədə yaşayan seçicilər seçir. Bunu nəzərə almaq lazımdır.
  2. b) İ.Ağazadəyə də dəstək məqsədilə xeyli sayda media nümayəndəsi, ictima-siyasi xadimlər onun qərargahına gəldilər. Amma o, özünü daha çox bunun üzərində kökləmədi. Çıxışlarından hiss olunur ki, o, dəstək məqsədilə qərargahına gələnlərin həmin dairənin seçiciləri olmadığını, əsas xalqla, seçicilərlə işləməyin vacib olduğunu başa düşür. Ona görə də, İ.Ağazadə böyük müəyyən elektoratı özündə birləşdirən “Ümid” Partiyasının bütün resurslarını özünün və rəhbəri olduğu partiyanın siyahısı ilə irəli sürdüyü namizədlərin təbliğatına yönəldib. R.Arifoğlu qərargahında jurnalistlərlə dəstək görüşü keçirəndə İ.Ağazadə seçicilərin qapısını bir-bir gəzir, təm-təraqdan uzaq şəkildə lazımı qədər tərəfdaşla görüşlərə gedir. Mən R.Arifoğluna qarşı qərəzli deyiləm, o da əhali ilə, seçicilərlə kifayət qədər izdihamlı görüşlər keçirə bilib. Lakin təbliğat dövrü başlamışdan xeyli əvvəldən başlanan jurnalist dəstəyi bu gün də əsas rupor vasitə, “güc” kimi R.Arifoğlunun əlində qalmaqdadır və proses daha çox bu şəkildə davam edir.

İKİNCİSİ,

  1. a)     Bu gün qəzetləri, saytları sıradan çıxaran sosial şəbəkələrdə R.Arifoğlu daha çox dostlarından, tanışlarından, media sahəsi ilə bağlı şəxslərdən dəstək alır. Sadə insanların dəstək paylaşımlarına, seçicilərin israrlı statuslarına demək olar ki, rast gəlinmir. Halbuki, deputatı sosial mediada seçmirlər.
  2. b)   İ.Ağazadə isə, sosial şəbəkədə təkcə həmin dairədə deyil, bütün ölkə boyunca sıravi hərkəsdən dəstək paylaşımları alır. Hətta sadə insanların İ.Ağazadə ilə bağlı yüzlərlə israrlı tələblərinin şahidi oluruq. Halbuki, deputatı sosial mediada seçmirlər.

ÜÇÜNCÜSÜ,

  1. a)     R.Arifoğlunun seçicilər qarşısındakı çıxışlarına sosial mediada hər hansı böyük və ciddi resursların tirajladığını, istinad etdiyini görmürük. Heç şübhəsiz ki, R.Arifoğlu çıxışlarını həmin böyük səhifələrdə verməli olsa, o zaman pul ödəməli olacaq.
  2. b)   Halbuki, sosial şəbəkələrdəki həmin böyük səhifələr İ.Ağazadənin çıxışlarını təmənnasız olaraq işıqlandırırlar və böyük dəstəklə müşayiət olunur.

DÖRDÜNCÜSÜ,

  1. a)     R.Arifoğlunun təşəbbüsü ilə Xətayinin icra başçısı Rafiq Quliyev general Mehmandarov 74 ünvanına gəldi, artıq orada istirahət parkı salınır. O, bundan bir neçə gün əvvəl də digər küçəyə asfalt çəkilməsinə nail olmuşdu. Nə baş verir? İcra başçısı namizədin təşəbbüsünə dərhal reaksiya verir, yol çəkilir, park salmaq üçün hərəkətə keçirlər. O zaman uzun illərin siyasi qladiatoru R.Arifoğlu özündən əvvəlki 70-80 yaşlı deputatlardan nə ilə fərqlənmiş olur? X.Kazımlı da 2015-ci ildə təbliğat vaxtı yol çəkirdi...
  2. b)   İ.Ağazadə isə, yol çəkmir, Azərbaycanda yol çəkən qurum var- Azərbaycan Avtomobil Yolları ASC. O, Xətayi rayonunda bərbad halda olan küçəni çəkib işıqlandırmışdı. Bunun ardınca digər namizədin adından həmin küçəyə yol çəkmək nə dərəcədə doğrudur?

BEŞİNCİSİ, Ölkənin ən ciddi jurnalistlərindən biri, media sərhədlərini çoxdan aşaraq ciddi siyasi fiqura çevrilmiş Eynulla Fətullayev özünün rusdilli informasiya resurslarında İ.Ağazadəyə dəstək verir. Maraqlıdır, E.Fətullayev nə eşidib, nəyi bilir ki, biz bilmirik? Bu, ilk baxışdan adi bir hal kimi görünsə də, əslində ciddi faktordur.

30 ilin deputatlarına da icra başçıları dəstək verir (halbuki, xalq bu adamları istəmir), R.Arifoğluna da...

R.Arifoğlunu da dəstəkləyirlər, amma bu məhəlli xarakter daşıyır, deyək ki, Xətayi 35 saylı 3-cü seçki dairəsində xeyli sayda seçici. Amma İ.Ağazadəni təkcə o dairədəki seçicilər yox, bütünlükdə bütün şəhər və rayonlardan insanlar dəstəkləyir və bunu müşahidə etməmək mümkün deyildir.

QEYD: Bu dairədəki seçkiyə dövlət xüsusi həssaslıqla yanaşmalıdır, bir daha deyirəm, bizi qarşıda çətin sınaqlar gözləyir. Təsadüfi deyildir ki, 35 saylı Xətayi 3-cü seçki dairəsi MSK rəhbərliyinin xüsusi nəzarətinə götürülüb.

Ardı var.... Növbəti yazıda:

1)   Ümumilikdə xalqa hansı vəkil lazımdır? – İ.Ağazadə, yoxsa, R.Arifoğlu - MÜQAYİSƏ

2)   35 saylı Xətayi 3-cü seçki dairəsində yaşayan seçicilərə hansı namizəd lazımdır? - İ.Ağazadə, yoxsa, R.Arifoğlu? – MÜQAYİSƏ

Samir FEYRUZOV

Əlaqəli xəbərlər