Pilot layihə adıyla özbaşınalıq və ...

... Nəsimi rayon icra başçısının, FHN məsullarının, “Gloria Palace” təmsilçilərinin qanunsuz hərəkətləri

WhatsApp Image 2017-10-02 at 20.28.26.jpegElə, araz.az-ın elektron ünvanına daxil olan şikayət məktubu da bu barədədir. Paytaxtın Nəsimi rayonundakı Nəsib bəy Yusifbəyli küçəsi, 48, 50, 52, 54, 56, 58, 60, Abbas Səhhət küçəsi, 45, 47, 49, 51, 53, 55, 57 ... ünvanlarında yerləşən həyət tipli yaşayış evlərinin olduqca narahat və narazı mülkiyyətçiləri konkret olaraq yazırlar ki, icra başçısı Asif Əsgərovun, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun məsul işçiləri – Baş konstruktor Emil Əsədullayevin, mühəndislər Vüqar Bağırovun və Anar Vahidin, eləcə də onların “qılığına girməyi” bacarmış “Gloria Palace” Mənzil-Tikinti Kooperativinin təsisçi və payçıları Hikmət və Niftalı Hüseynov qardaşlarının, Asif Bədəlovun, Əlövsət Eminovun, Tahir Əlizadənin heç bir qanun çərçivəsinə sığmayan hərəkət və özbaşınalıqları onların “canlarını boğazlarına yığıb” – bir sözlə, artıq xeyli vaxtdır halal evlərində də gecə sakit yata bilmirlər.
Etiraz, narahatlıq, təlaş... dolu sözlərlə zəngin məktublarını, bir ümid yeri kimi, bizə də ünvanlayaraq, sanki imdad diləyən əlacsız şikayətçilərin kömək çağırışlarına biganə qalmayan əməkdaşlarımız, adıçəkilən ərazilərdə olub və sakinlərlə söhbətləşiblər. Araşdırmalarımızdan aydın olub ki...


«Qapımızı döyməmiş hazırlatdıqları sərəncamla üstümüzə gəldilər»
101651377750985_fhn-011.jpg«Ölkəmizdə baş verən belə məyusedici özbaşınalıqlar haqqında çox eşidirdik, hətta görürdük də, amma öz başımıza gəlməmişdi – bunu da gördük!..».
Bu sözləri də bizə görüşünə getdiyimiz həmin o narazı sakinlər çatdırdılar. Söhbətə qoşulan hər kəs rayon rəhbəri Asif Əsgərovun onlara qarşı biganə münasibətini xüsusi vurğulamağa çalışırdı: «Xeyli vaxtdır başçı boğazımızı «Gloria Palace»nin qanuni təmsilçisi Hikmət Hüseynovun əlinə keçirib. Bizə heç bir xəbərdarlıq etmədən sərəncam hazırlayıb. Hikmətin adamları qapımızı döymədən, hansı yollasa hazırlatdıqları bu qanunsuz sərəncamla dəfələrlə üstümüzə «hücuma keçiblər». Sanki bu ərazi, buradakı evlər onların dədə-baba mülkləridir – Konstitusion hüquqlarımızı tapdalamaqdan belə çəkinmirlər! Özbaşına, kobud hərəkətləri ilə az qala bizi yataq xəstəsinə çeviriblər, təlaş və narahatlıq o qədər bizə təsir edib ki, ağır xəstələrtək ayağa da dura bilmirik. Döymədiyimiz qapı, üz tutmadığımız rəsmi ünvan qalmayıb. Nə edəcəyimizi, bundan sonra kimə, haraya üz tutacağımızı bilmirik. İçində yaşaya-yaşaya mülklərimizi başımıza uçurmaq istəyirlər!..»
Hikmət Hüseynovun «dəstəsində» olan adamların kobud hərəkətlərindən ciddi narazı qaldıqlarını bildirən sakinlər, «dəstə başçısının» özünün qeyri-adi və qəribə hərəkətlərindən dəfələrlə söhbət açdılar: «Boğazımız Hikmətin əlinə keçəndən, onun keçmiş fəaliyyəti ilə maraqlanmışıq. Əldə etdiyimiz məlumatlara görə, qardaşları Niftalı və Hicran kimi, onun özü də tutduğu vəzifələrdə ağlagəlməz hərəkətləri ilə “məşhurlaşıb”. “Bəhrə” MMC-nin rəhbəri olanda, hətta xoşagəlməz əməllərinə görə, həbsə də atılıb. İndi bunların yeri deyil ki, daha da qabardaq. Dərdimiz özümüzə bəsdir. Bunlar sonranın söhbətləridir.
Yəqin, elə bu səbəbdəndir ki, çəkinmədən tez-tez camaata deyir: «Kimə deyirsiniz deyin, əcəb edirəm, hamısını razı salmışam, mənimlə bacarmazsınız». Buna nə ad vermək olar?! Bu barədə polisə zəng vururuq, deyir onlarlıq deyil. Amma birinə ağır söz desək, tökülüb gələcəklər üstümüzə. Aidiyyatı orqanlara müraciət edirik, onlar da deyirlər ki, onlarlıq deyil. Buna ixtiyarlarının çatmadığını söyləyir və bildirirlər ki, əgər məhkəmə varsa, onların qərarı ilə hərəkət etməlidirlər...»


«Bəli, başçı bizi məhkəməyə də verib»
azer-h.jpgOlduqca narahat günlərini yaşayan ərazi sakinləri deyirlər ki, başçı Asif Əsgərovun “kölgəsinə sığınan” Hikmət Hüseynovun və onun «fəal dəstəsinin» onların başlarına açmadıqları oyun qalmayıb. Bütün bunlar azmış kimi, hətta başçı onları məhkəməyə də verib: «Sən demə, Asif müəllimlə Hikmət çoxdanın dostlarıdır. Bunu bizə ən etibarlı və inandığımız bir nəfər şəxs söyləyib. Elə, bunun acı nəticəsidir ki, başımıza bu oyunlar gəlir. Artıq, Nəsimi rayon İcra Hakimiyyətinin «yeni yaşayış sahəsi verilməklə, yaşayış sahəsindən çıxarılma və yaşayış evlərinin sökülməsi tələbi»nə dair iddia ərizəsi, rayon məhkəməsininm hakimi Pərviz Hüseynovun icraatındadır. Məhkəmə hazırlıq iclası da artıq təyin edilib. Bu iclasdan sonra, başçı ilə kollektiv görüşümüz də olub.
Amma nə fayda?!
vgv-02-10-2017.jpgKim tutarlı söz demək istəyib, başçı onun «ağzına tərs şapalaq vurub». Bu görüşdən də «suyu süzülə-süzülə geri dönmüşük.»
Yuxarı dairələrdən və aidiyyatı orqanlardan ümid yerləri qalmayan mülkiyyətçilər, sonda bu məsələni ictimailəşdirmək qərarına gəliblər. Bu məqsədlə, artıq kütləvi-informasiya vasitələrinə, ölkəmizdəki xarici ölkə səfirliklərinə, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarına,.. üz tutublar. Və bir də...


«Əlacsızlıqdan iqtisad məhkəməsinə də üz tutmuşuq»
«... Başqa əlacımız qalmayıb. «Nəsimi rayon İcra Hakimiyyəti başçısının 196 saylı, 21.10.2016-cı il tarixli Sərəncamının etibarsız hesab edilərək, ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişik.»
Bu sözləri də, bizə, evlərinin qanunsuz olaraq sökülməsinə ciddi etiraz edən həmin mülkiyyətçilər çatdırdılar. Onu da dedilər ki, bu ünvanlardakı 136 evin böyüklü-kiçikli 1000-ə yaxın sakini «pilot layihə pərdəli» bu özbaşınalığa yuxarı dairələrdə «Yox!» deyilənədək mübarizədə olacaqlar: «Başqa cür də ola bilməz. Çünki burada yaşayanların əksəriyyəti Qərbi Azərbaycan və Qarabağ didərginləridir. Bəyəm, onların başları az bəlalarmı çəkib?! İndi də, halal evlərinə göz dikiblər. İnsafsızlığa baxın ki, onlara xəbərdarlıq olmadan üstlərinə hücuma keçiblər. Bu, ciddi narazılıq və narahatlıqların başlıca səbəbidir. Halbuki, o vaxt kiminsə qapısını döyüb, qarşılıqlı istəklərimizi saf-çürük etsəydilər, bunun daha böyük faydası olardı. Sonda bu boyda da narazılıq və narahatlıq yaranmazdı. Bezmiş camaat pilot layihə həyata keçirmək istəyənləri də qəbul etmək istəmir, çünki hərəkət və davranışları ilə onlar buna qadir olmadıqlarını çoxdan sübut ediblər...»

«Ağına-bozuna baxmadan...»
WhatsApp Image 2017-09-24 at 00.14.06.jpegÖtən il oktyabr ayının 21-də Nəsimi rayon İcra Hakimiyyəti başçısının imzaladığı 196 saylı Sərəncam burada yaşanan bu gərginliyə əsas olub. Sakinlərin dediyi kimi, başçının «ağına-bozuna baxmadan» verdiyi bu sərəncam onların «gününü göy əskiyə büküb». Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 25 fevral 20016-cı il tarixli, 86 saylı Qərarına əsaslandırılmış həmin sərəncamla Xan Şuşinski, Abbas Səhhət, Nəsib bəy Yusifbəyli WhatsApp Image 2017-09-24 at 00.14.05.jpegküçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1.21 ha sahəsindəki mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının, o cümlədən qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında «Gloria Palace» MTK-nın istifadəsinə verilib. Sərəncamda o da nəzərdə tutulub ki, həmin kooperativ söküntü başlanandan sonra, yeni yaşayış binası tikilənədək, bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll etsin.
Lakin «Gloria Palace»nin əraziyə tez-tez gələn özlərindənrazı təmsilçiləri özlərini qarşılıqlı razılaşma çərçivəsində deyil, tamamilə bambaşqa tərzdə aparırlar. Bu rəftardan təngə gələn sakinlərin əsəbləri ilə, çox keçməmiş, adını yuxarıda çəkdiyimiz FHN-çilər oynayıblar. Onların həmin ünvanlarda yerləşən, guya, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında tərtib etdikləri, 19 iyun, 2017-ci il tarixli Akt da narazı sakinlərə vurulmuş daha bir zərbə olub. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 10 noyabr, 2016-cı il tarixli, 34/10256 nömrəli tapşırığına əsasən, həmin ünvanlarda yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirən «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun adını yuxarıda çəkdiyimiz komissiya üzvlərini burada gördüm deyən tapılmayıb. Halbuki onlar tərtib etdikləri aktda qeyd ediblər ki, guya, istismar müddəti keçmiş həmin yaşayış evlərində olub və müəyyən ediblər ki, uzun müddət ərzində təmirsiz istismar olunan həmin mülklər köhnələrək, fiziki-mənəvi aşınmaya məruz qalıblar. Üstəlik, akta onu da yazıblar ki, guya, həmin evlərin əsas və köməkçi yükdaşıyan divarlarında keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq, korroziyaya uğraması hallarını müşahidə ediblər. Guya, yaşayış evləri də məhdud vəziyyətdədir, ümumiyyətlə, mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir.
Mülkiyyətçilər, bu akta görə də, olduqca narazıdırlar: «Onları burada heç kim görməyib. Özünüz deyin, bura gəlməyiblərsə, belə bir biabırçı aktı necə tərtib edə bilərlər?! Görünür, onları da Hikmət və onun adamları ələ ala biliblər. Belə olmasaydı, onlar belə yalanlar yazıb, saxta akt da tərtib etməzdilər. Axı, hamı bilir ki, bu ərazidə Bakının ən yaxşı evləri tikilib. Sizə təqdim etdiyimiz fotoşəkillərə də baxın: Adamın min bir əziyyətlə ucaltdığı bu yaraşıqlı evlərini sökməyə əli də gəlmir!..»

Araşdırmalarımız davam edir, mövzunun davamı olacaq.

WhatsApp Image 2017-10-02 at 20.25.39.jpeg

WhatsApp Image 2017-10-02 at 20.33.24.jpeg

Məhi Elsevər,
Rüfət Rəhmanoğlu,
araz.az-ın və “İrəvanın səsi” qəzetinin xüsusi müxbirləri.

Əlaqəli xəbərlər