Masallı Mərkəzi Xəstəxanası: Pasiyentlər “qan ağlayır” -YENİLƏNİB

Cəlil Nəzərov – bir cənub bölgəsində səhiyyə rəhbəri, yoxsa sağlamlıq düşməni...

masalli-xestexana_151108417923.jpg
Azərbaycan səhiyyəsində aparılan islahatlar da, bu sistemdəki durumu düzəldənə oxşamır - bu, danılması mümkün olmayan bir reallıqdır! Son illər ölkənin səhiyyə müəssisələri üçün görkəmi göz oxşayan inzibati və xidməti binaların ucaldılmasına, adları cəlbedici özəl tibb ocaqlarının getdikcə çoxalmasına baxmayaraq, bu sahədəki çatışmazlıqlar həllini tapmır ki, tapmır - hara baxsan, insan sağlamlığının əksi olan mühit, problem və nöqsan görürsən. Ölkənin səhiyyə şəbəkəsindəki müəssisələrin hələ də yaxşı vəziyyətdə olmaması göz qabağındadır.

İstər dövlət, istər özəl tibb ocaqlarında peşəkar kadr çatışmazlığı da bir yandan, artan vətəndaş narazılığını özünün pik həddinə çatdırıb. Bu neçə illər ərzində Azərbaycan vətəndaşının sağlığına qalan, ölkənin səhiyyə sistemini vicdanla nəzarətdə saxlamağı bacaran, bu işə ömrünü sərf etmək istəyən bir nazir görmədik deyə, imkansız əhalinin sağlıq durumu getdikcə pisləşməyə başladı. Sistemdəki nəzarətsizlik fürsətindən yararlanan səhiyyə müəssisələri rəhbərlərinin işlərini şəxsi maraqları çərçivəsində qurması, gecə-gündüz işləyən tibb işçilərinin maaşlarının orta aylıq əməkhaqqından az olması... əhaliyə göstəriləcək yüksək keyfiyyətli tibbi xidmət qarşısında əbədi əngəl olaraq qalmaqdadır.
İndinin özündə belə, bir xəstəxanaya üz tutan xəstənin, məcburən bir neçə tibb müəssisəsinə göndərilməsi, hər bir xəstəxanada tibbi müayinədən keçdikdə, ona ayrı-ayrı diaqnozlar qoyulması əhali sağlamlığına vurulan ciddi bir zərbədir. Xüsusən, bölgələrdən paytaxta üz tutan xəstələrə daha çox səhv diaqnozların qoyulması, bu zərbəni daha da şiddətləndirir. Qoyulan səhv diaqnozlar ucbatından, xəstə hansı tibb ocağına inanacağını da bilmir.
Xəstəxana rəhbərlərinin, eləcə də tibbi heyətin pasiyentlərlə kobud davranış hallarının çoxalması, peşələrinə sadiq qalmaq üçün, "Hippokrat andı" içən və insanların sağlam yaşamalarına qarant duran ağ xalatlıların seçdikləri peşəyə sayğı göstərməmələri, həkim adına rəğbət bəsləmədən, şəxsi maraqlarını bu şərəfli peşənin məsuliyyətindən öndə tutmaları və beləcə, insan sağlamlığına önəm vermədən, onların həyatında önəmli rol oynamamaları əhalinin səhiyyədən narazılığını birə beş qat artırır. Hazırda ölkəmizin səhiyyə sistemində bu cür fəaliyyət göstərən səhiyyə işçilərimiz çoxdur və onlar cəmiyyətimiz üçün təhlükəyə çevrilmək üzrədir. Elə, bu tip məlumatların Dünya Səhiyyə Təşkilatının, eləcə də digər nüfuzlu beynəlxalq təşkilat və qurumların açıqlama və hesabatlarına salınması, xarici mətbuat səhifələrinə çıxarılması təəssüf doğurur.


Səhiyyə şəbəkəsini bazara çevirən, imkansızları azara salan...
Ölkə səhiyyəsini bəlaya sürükləyib, sakinləri azara salan kreslo sahibləri çoxdur - saymaqla qurtaran da deyil! Onlardan biri də, Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində çabalayan səhiyyə şəbəkəsinə və Mərkəzi Xəstəxanasına rəhbərlik edən Cəlil Nəzərovdur. Etdiyi qanunsuz, xoşagəlməz... əməlləri barədə, ölkə mətbuatında da, müxtəlif səpgili saysız-hesabsız geniş yazılar dərc olunub. Konkret desək, bu səbəbdən, Cəlil Nəzərov adına sosial mediada rast gəlməyən tapılmaz. Bölgədə deyilənlər kimi, bu şəxs, bölgə üçün daha önəmli olan bu vəzifələri ələ keçirəndən, məqsədi yalnız rayon səhiyyəsini iflic etməyə, əhali sağlamlığına zərbəyə yönəlib: "Baş həkimi olduğu rayon Mərkəzi Xəstəxanası qarışıq, onun nəzdində fəaliyyət göstərən 1 Ağciyər Xəstlikləri Xəstəxanasını, Boradigah və Kalinovka yaşayış məntəqələrindəki 2 kənd sahə xəstəxanasını, 30 kənd həkim və 28 tibb məntəqəsini... bazara çevirməsinə baxmayaraq, hələ də cəzasız qalmaqdadır.
Artıq uzun müddətdir ki, ölkə mətbuatının səhifələrində dərc olunan kəskin tənqidli materiallarda da, Masallı rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində müşahidə olunan müxtəlif qanun pozuntularına dair açıqlamalar öz əksini tapır. Medianın xəstəxanaya daxil olmasına qadağa qoysa da, Cəlil Nəzərov etdiyi ağlasığmaz qanunsuzluqlara, həyata keçirdiyi maxinasiya və mənimsəmə əməliyyatlarına görə, ölkə mətbuatının gündəmindən düşmür: Haqqında nələr yazılmayıb?!.
Onun yaxşı və ya müsbət fəaliyyətindən danışan media orqanı tapmaq da çətindir. Daim bu şəxsin qanunsuz əməllərindən, rüşvətxorluğundan bəhs edən yazıların şahidi olsaq da, Cəlil Nəzərov toxunulmaz bir bəlaya çevrilməklə, əhaliyə sağalmaz azar gətirən fəaliyyətini davam etdirir. Baş həkimi qoruyan, arxasında duran hansısa "böyük qüvvə" isə, onun əl-qolunun daha geniş açılmasına böyük imkanlar və münbit şərait yaradır...".
Sözügedən bu böyük xəstəxanadakı xoşagəlməzliklərə, rəhbərinin qanunsuz əməllərinə araz.az saytında dərc olunmuş yazılarda da dəfələrlə toxunmuşuq. “Araz” Media Qrupunun və araz.az saytının əməkdaşı Malik Mirzənin bu xəstəxanada üzləşdiyi qanunsuzluqlar, həmin yazıların birində xüsusi qeyd edilib. Bölgədə yaradıcılıq ezamiyyətində olan əməkdaşlarımız, öz yazılarında bildiriblər ki, ölkə əlillərinin xidmətində olan Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK-lərin) müəyyən əsas səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən alınıb, Səhiyyə Nazirliyinə verildikdən sonra, faktiki olaraq, rayon səhiyyəsinə də rəhbərlik edən Cəlil Nəzərov hegemonluğu Masallıda getdikcə artmağa başlayıb – müddətsiz birinci dərəcəli Çernobıl əlili Malik Mirzə oğlu Musayevin başına gətirilənlər, deyilənlərin bariz nümunəsidir!..
...Müxtəlif mənbələr tərəfindən redaksiyamıza təqdim olunan məlumatlar fərqli xarakterli olsa da, mahiyyət etibarı ilə, onların əksəriyyəti rayonun səhiyyə sistemində yer almış rüşvətxorluq və korrupsiya hallarına dəlalət edir. Verilən məlumatlarda xüsusi vurğulanır ki, Masallının səhiyyə sistemi olduqca bərbad vəziyyətdədir. Belə acınacaqlı durumun yaranmasını isə, şikayətçilər, birbaşa, bu vəzifə sahibinin yarıtmaz fəaliyyəti ilə bağlayırlar: "Doğrudan da, rayon səhiyyə şəbəkəsinə daxil olan və 206 nəfər həkim, 454 nəfər orta və 300 nəfər kiçik tibb işçisi olmaqla, ümumilikdə 986 tibbi heyətlə rayon əhalisinə xidmət əsas vəzifəsi olan bu tibb ocağının hazırki iş prinsipi və buradakı mövcud durum heç kəsin ürəyincə deyil.
Baş həkimdən tutmuş, həkimlərin, eləcə də orta və kiçik tibb işçilərinin, bu xəstəxanaya pulsuz üz tutan xəstələrlə davranışda kobudluğa yol vermələri qanqaraldıcıdır: Belələrinin hər addımda acılanması, artıq, pasiyentlərin “canlarını boğazlarına yığıb”. Xəstələr, həm də, ona görə narazıdırlar ki, dövlətin Masallı səhiyyəsinə ayırdığı bütün vəsaitləri təyinatı üzrə xərcləməyən baş həkim, bunun əvəzini, faktiki olaraq, işçilərinin əliylə onlardan çıxır. Onun tələbinə uyğun hərəkət edən həkimlər, xəstələri açıq-aşkar soymasalar, heç işə başlamırlar da... ".

Səhiyyə naziri xoş danışsa da...
Bu ilin oktyabr ayının 19-da, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə, əsaslı təmir edilərək, 223 min nəfərlik bölgə əhalisinin istifadəsinə verilən adına Masallı rayon Mərkəzi Xəstəxanasının təmtəraqlı açılışı oldu. Bu münasibətlə keçirilən tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən ağızdolusu danışdı. Bildirdi ki, Masallı rayonu insanların sağlamlığının qayğısına qalan ölkə başçısının və birinci xanımın daim nəzər-diqqətlərindədir. Məhz bu səbəbdən, onlar belə böyük tibb müəssisəsinin yenidən qurulmasına şəxsi göstərişlərini verdilər. Índi bu tibb müəssisəsi rayon əhalisinə lazımi tibbi xidmət göstərməyi qarşısına əsas məqsəd qoyub.
Nazir çıxışında onu da vurğuladı ki, xəstəxana, keyfiyyətli tibbi xidmət göstərilməsi üçün, bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub. Belə ki, KT, müasir rentgen, flüoroqrafiya, USM müayinə, exokardioqrafiya, hemodializ və ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və s. tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verəcək... Bunlar nazirin dedikləridir. Masallı səhiyyəsindəki mövcud durum isə, nazirin dediklərinin əksini göstərir... ...Xəstəxanada əsaslı təmir işlərinə 2013-cü ilin avqust ayında başlanılıb. 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilmiş və 10 korpusdan ibarət bu tibb ocağına uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallı rayon şöbəsinin korpusu, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları daxildir.
Nə olsun, bu böyük tibb müəssisəsinin ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınsa da, burada müasir işıqlandırma sistemi quraşdırılsa da, xəstəxanada hələ də sonu işıqlı müayinə və müalicədən əsər-əlamət yoxdur. Uzun və üzücü təmirdən sonra, təmtəraqlı açılışı olan bu tibb ocağında xəstə əlindən tərpənmək mümkün olmasa da, tibbi personalın göstərdiyi xidmət heç bir işə yaramır. Edilən yararsız müayinə və müalicələr səbəbindən, bura böyük ümidlərlə üz tutan xəstələrə ümidli sağlamlıq sevinci bəxş edilmir. Ümidsizlərin etdikləri şikayətlər isə, əvvəllər olduğu kimi, yenə cavabsız qalır. Şikayətçilərin dediklərnə görə, Cəlil Nəzərov aldığı rüşvətlərlə, etdiyi korrupsiya əməlləri ilə, o qədər varlanıb ki, artıq heç kəsi saymır, gerçəyi belə görmək istəmir. Elə, bu səbəbdən, bu kreslo sahibinin özbaşınalığından cana doyanların sayı durmadan artır.

Uçuq-sökük daxmaya bənzəyən sahə xəstəxanaları və...
Qeyd etdiyimiz kimi, təmirdən öncə, Mərkəzi Xəstəxananın özündə də, hara baxsan, yaxşı olmayan vəziyyətlə rastlaşırdın. Müalicə üçün normal şərait yox idi. Nəmişlikdən, otaqlardakı xoşagəlməz qoxudan başları gicəllənən ağır xəstələri də, burada saxlamaq mümkün deyildi. Ağır xəstələr belə burada qalıb müalicə almaq istəmirdilər. Yalnız əməliyyat olunan pasiyent zorla və məcburən palataya köçürülürdü. Müayinə üçün şöbələrdə müasir tibb aparatlarının, avadanlıq və ləvazimatların olmaması digər bir tərəfdən tibbi mühiti olduqca ağırlaşdırırdı. Durumun yaxşılaşdırılması üçün ayrılan dövlət vəsaitləri baş həkimin cibinə axdığından, haram yeyinti ağrısı hər addımda hiss olunurdu. Heç olmasa, xəstələrdən alınan milyonların cüzi bir hissəsini, bu tibb ocağındakı şəraitin, az da olsa yaxşılaşdırılmasına sərf etmək, rəhbərin yadına belə düşmürdü.
Əvvəlki kimi, Mərkəzi Xəstəxana nəzdindəki qəsəbə və kənd sahə xəstəxanaları, ilkin tibbi yardım məntəqələri,.. baş həkimin ağlasığmaz haqq tələbi ucbatından, hələ də özlərinə gələ bilmirlər. Əslində, daha çox uçuq-sökük daxmaya bənzəyən bu tibb məntəqələrinin özlərinə yardım lazımdır. Di gəl ki, bu yararsız kənd sahə xəstəxanalarının və tibb məntəqələrinin hesabına, Cəlil Nəzərovun hər il yüz minlərlə manat dövlət vəsaitini saxta yollarla hesabdan silərək, mənimsədiyi üzə çıxır.
“Nə qazanırıq, nə verək?!” - deyə, bu qanunsuzluqlara etiraz edən həkim və tibb işçiləri isə, sonda baş həkimin qəzəbinə tuş gəlir, işdən çıxarılacaqları ilə hədələnirlər. Cəlil Nəzərov, hətta onun iş prinsipinə etiraz edənlərə qarşı, təhqiramiz ifadələr işlətməkdən də çəkinmir. Onsuz da, baş həkimin sərtrəftar insan olduğunu hamı bilir. Acıladığı həkim və tibb işçiləri, işlərini itirmək qorxusundan, onun xoşagəlməz hərəkətlərinə göz yummağa məcburdurlar. Yaxşı bilirlər ki, onun arxasında duran var. Belə olmasaydı, ona haqqı başa salmaq bu qədər çətin olmazdı.
Masallı rayon Mərkəzi Xəstəxanası qarışıq, onun tabeçiliyindəki obyektlərə tez-tez baş çəkən müvafiq dövlət qurumlarının və Səhiyyə Nazirliyinin məsul işçiləri, buralardakı olduqca acınacaqlı vəziyyətin şahidi olduqdan sonra, heç olmasa, yaxşılığa doğru hansısa bir qərar qəbul edərdilər: Amma, nə faydası, sanki qorxudan ürəkbulandıran hər şeyin yanından gözüyumulu keçiblər. Hətta, onlar, Cəlil Nəzərovun fəaliyyəti ilə bağlı edilən şikayət xarakterli vətəndaş müraciətlərinin, məktub və ərizələrin Səhiyyə Nazirliyinin qapısından içəri keçməsinə imkan verməyiblər. Bir sözlə, indiyədək Cəlil Nəzərovu əyri yolda dayandıran tapılmayıb.

Rüşvətin hökmran olduğu kritik durumlu məkan
WhatsApp Image 2017-12-03 at 00.06.16.jpegƏvvəllər olduğu kimi, indinin özündə də, 240 çarpayılıq bu xəstəxananın cərrahiyyə, terapiya, doğum, mama-ginekoloji, uşaq, yoluxucu xəstəliklər... şöbələrində çalışan heç bir həkim və tibb işçisindən razı kimsə tapılmaz. Adi tibb bacısı, tibbi işçisi, feldşer, laborant və rentgen-laborantlardan da, pasiyentlər razılıq etmirlər. Bu səbəbdən ki, onlar da xəstələrdən nəsə qoparmaq, şöbə rəhbərlərinə “kömək əli uzatmaq” istəyirlər. Çünki baş həkim hər gün bütün şöbələrdən ağlasığmaz elə haqqlar tələb edir ki...
İnanılmış mənbələrin verdiyi digər məlumatlardakı konkret faktlar bir daha göstərir ki, xəstəxananın bütün şöbələrindəki mövcud durum, əvvəllər olduğu kimi, yenə də, olduqca acınacaqlıdır: "Rüşvətin məkan saldığı və hökmranlıq etdiyi bu böyük tibb müəssisəsindəki şəraitin hərtərəfli pis olması və ağır haqq tələbləri pasiyentləri həmişə narahat edib. Bu biabırçılıqdan bezənlərin, sonda yuxarı orqanlara etdikləri çoxsaylı şikayətli müraciətlərin də bir faydası olmur. Çoxu cavabsız qalır. Bir-ikisinə başdansovdu cavablar verilib.
Cəlil Nəzərov isə, haqqında yuxarılara yazılanlar çoxaldıqca, sanki daha çox pul qoparmaq üçün, "coşub, çağlayır". Belə davam etdikcə, yerli sakinlər paytaxta, ətraf rayonlara üz tutur, ikiqat əziyyət çəkməli olurlar. Onlara rahatlıq verən, bir o olur ki, Cəlil Nəzərovun 10 günlük müalicə üçün tələb etdiyi rüşvətlə, başqa xəstəxanada onlar 6 ay müalicə ala bilirlər.
Bir sözlə, Cəlil Nəzərovun qəti tələbi, xəstəxananın bütün şöbələrini yalnız pul qoparmağa kökləyib. Məsələn, doğum şöbəsindəki yüksək pul tələbi insanda, sözün həqiqi mənasında, baş ağrısı yaradır. Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində isə, həkimlər pul qazanıb, baş həkimin qəzəbindən birtəhər qurtara bilirlər. Onlar bunu etməyə məcburdurlar. Sözsüz ki, müəyyən edilmiş pulu ala bilməyən həkim, baş həkimin gözündən düşür - yığılan haram pulların çox hissəsi onun cibinə getdiyindən.
Qeyd etdiyimiz kimi, baş həkim, doğum şöbəsində doğuş üçün də, konkret qiymətlər müəyyənləşdirib. Ana olmaq istəyən pasiyentin yaxınlarından həmin pul alınmasa, ağrı içində olan xanım içəri buraxılmır. Heç bir problemi olmayan anaları, baş həkimin tələbi ilə, burada qeysəriyyə əməliyyatı edirlər. Bir sözlə, Cəlil Nəzərov təbii doğuşdan olduqca bahalı qeysəriyyə əməliyyatından daha çox pul qazanıb, daha da varlanmaq istəyir. Etiraz edənə birbaşa və çəkinmədən: "Pulun yoxdur, doğma!" - deyir.
Dəhşət ondadır ki, uşağı dünyaya gələnlər, bu şəxsin tələblərini özlərinə ağır dərd edirlər. Hər doğuşa görə tələb olunan rüşvət, dünyaya gəlmiş uşaqlarının yerinə, valideynlərin hıçqırıqla göz yaşı tökməsinə səbəb olur. Halbuki, ata və ana olanlar, dünyaya gələn övlad sevincini daha çox yaşamalıdırlar. Lakin, Cəlil Nəzərovun vicdan çərçivəsinə sığmayan istəkləri, onları bu sevincdən məhrum edir.
Masallıda bu şərtlərin ağırlığı insanları xəstəxanaya üz tutmaqdan yayındırır, onları keçmiş qaydalara əl atmağa məcbur edir. Bu da, illərdir ki, uşaqların sağlam dünyaya gəlməsində, anaların sağlamlığı qarşısında çözülməz bir problemə çevrilir.
Onu da qeyd edək ki, baş həkim daha çox pul yığmaq üçün, diş həkimlərindən və diş texniklərindən həmişə ağlagəlməz tələblər edib. Onlar da, baş həkimə yüksək məbləğdə haqq verməyə məcbur və məhkumdurlar.
Yazının əvvəlindəki bir epizoda haşiyə olaraq, onu da bildiririk ki, ünsiyyətdə olduğumuz pasiyentlərin ürəkağrısı ilə dediklərinə görə, Masallıdakı 31 saylı TSEK-in əsas səlahiyyətlərinin iki il öncə rayon Mərkəzi Xəstəxanasına verilməsi, əsl əlil olan sakinlərin “günlərini göy əskiyə büküb”. Sənəd dalınca xəstəxanaya üz tutan əlillərin başlarına, sözün əsil mənasında, oyun açılır. Dövlət, hökümət tərəfindən müəyyən olunmuş təqaüd və yardımları almağa haqqı çatanlar, baş həkimin əlaltıları tərəfindən get-gələ salınırlar. Get-gəldən bezib, “canları boğazlarına yığılanlar”, sonda rüşvət verməyə məcbur olurlar.
Ümumiyyətlə, haqqı çatmadan qanunsuz təqaüd və yardım alanların sayı, bu bölgədə çoxluq təşkil edir; Cavanı qocaltmaq, sağlama xəstə, əlil “donu geydirmək” üçün, əlin cibə girməsi kifayətdir. Ta ki, baş həkimin stolu üstünə 2000-dən 3000 manatadək və ondan çox “şirinlik” qoya biləsən.
Masallı rayon Mərkəzi Xəstəxanasında sağlamlıq haqqında arayışların Cəlil Nəzərovdan icazəsiz almaq mümkün olmadığını öncədən bildirmişdik. Doğrudan da, baş həkim arayışa görə 30 manat rüşvət alır və tələb etdiyi pulu verməyənlər sağlamlıq arayışından məhrum edilir. Masallı xəstəxanasını özünün şəxsi mülkü sayan Cəlil Nəzərov, 1-ci qrup əlillərə belə, tələb etdiyi rüşvəti almadan, sağlamlıq haqqında arayış vermir. Baş həkimin istəklərini yerinə yetirməyənlər, yuxarılara şikayət edəcəkləri barədə xəbərdarlıq edəndə, qəti cavabla üzləşirlər: "Ístəyirsən, get, prezidentə şikayət elə, mən toxunulmazam”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, qaydalara görə, sağlamlıq haqqında arayışı Mərkəzi Xəstəxananın tabeçiliyində olan poliklinika verməlidir. Lakin, Masallıda bu qaydalar dəyişib və baş həkimin haqqı çatmadan, poliklinika heç bir arayış verə bilməz. Bununla yanaşı, poliklinikada xəstələrin müayinəsi üçün, göndərişlər də, baş həkimin nəzarəti və tələbləri ilə həyata keçirilir. Bu tələblərə görə, xəstə Cəlil Nəzərova 20 manat rüşvət verəndən sonra, göndəriş ala bilər. Digər arayışlar, eləcə də, tibbi formalar baş həkimin təyin etdiyi rüşvət cədvəlinə uyğun olaraq verilir. Pulu olmayan xəstə isə, "Nəzərovun qaydaları"nı pozduğu üçün, sənədsiz və müalicəsiz qalır.
Təəssüf doğuran faktlardan biri də, odur ki, baş həkim Masallının sağlam gənclərini də "dəli” və "xəstə" edir - yüzlərlə sağlam gəncdən aldığı böyük rüşvət hesabına, qurama və saxta sənədlərlə onları həqiqi hərbi xidmətdən yayındırıb. Rayon gənclərinin daha çox bu yola əl atmalarının əsas səbəbkarı kimi, hamı Cəlil Nəzərovun adını çəkir, onu günahlandırırlar. Deyirlər ki, baş həkim onlardan daha çox pul qoparmaq üçün, vətəndaşlıq çərçivəsinə sığmayan səviyyəsiz söhbətlər etməkdən belə çəkinmir. Belə qanunsuz əməllərin rayonda, daha da, intensivləşməsi isə, yuxarılarda heç kimi narahat etmir.
Onu da qeyd etmək vacibdir ki, təkcə hərbi xidmətə yaşı çatmış gənclər kreslo sahibinin analoqsuz "xidmətindən" yararlanmırlar. Hazırda bir çox rayon sakini, baş həkimin "səyi” nəticəsində, "1-ci və 2-ci qrup əlillərə" çevriliblər. Dövlətə bu yolla külli miqdarda ziyan vuraraq, havayı pullar qazanan baş həkimin özü isə, gerçəkdən, bir möcüzəyə çevrilib: Rayon səhiyyəsinin rəhbəri və baş həkim vəzifələrində etmədiyi qanunsuzluq qalmasa da, xətrinə dəyən olmayıb - bu, möcüzə deyil, bəs, nədir?!".
Masallı rayon Mərkəzi Xəstəxanası təzəcə təmirdən çıxsa da, bu rayon sakinlərinə sevinc və ümid dolu yaxşı nəsə vəd etmədi - onların özlərinin dedikləri kimi: "Neçə ki, rayon səhiyyəsinə və sözügedən tibb ocağına Cəlil Nəzərov kimi bir insan rəhbərlik edəcək, buradakı xoşagəlməz durum düzələn deyil. Elə, yenicə təmirdən çıxan xəstəxanaya müasir tibb avadanlıqlarının, məişət əşyalarının alınması prosesində, onun indidən etdiyi saxtakarlıqlar, deyilənlərə bir daha dəlalət edir...".

Cəlil Nəzərovla Mirrəhim Nəbiyevin dərman və ərzaq spekulyasiyaları
Yerli sakinlərdən aldığımız şikayət məktublarında, rayon səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri kimi, ilk növbədə, tibb müəssisələrinə dərmanların alınması zamanı yol verilən maxinasiyalar göstərilir: "Məhz bu əməliyyatlar zamanı çeşidli maxinasiyalara daha çox yol verilir, qaimə sənədlərində şişirdilmiş qiymətlər göstərilir. Apteklərdə bir qiymətə satılan dərman preparatları, xəstəxana üçün alınan zaman, müvafiq sənədlərdə onların qiymətləri iki-üç, bəzən üç-dörd dəfə artıq göstərilir. Bütün bunlar azmış kimi, rayonun tibb müəssisələrində, Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təmin olunmalarına dair verdiyi təlimatlar da, kobud şəkildə pozulur. Xəstəxana rəhbərliyi, hətta, qeydiyyatdakı güzəştli kateqoriyadan olan xəstələrə pulsuz dərmanların verilməsinə də qadağalar qoyur, onların digər tibbi yardımlarına göz dikir. Bir vaxtlar Cəlilabad və Lənkəranda müalicə alan 50 nəfərdən çox masallılı dialezli xəstənin başlarına oyun açmağa da, Cəlil Nəzərovun vicdanı yol verib: Yəni, həkim belə vicdansız ola bilər?!.". Belə xəstələr, məcburiyyətdən, həmin dərmanları pulla alırlar. Burada vaksin, kontraseptiv və antibiotiklərin qıtlığı da müşahidə olunur. Malyariya kimi epidemiyalar sürətlə yayılır, hətta elə olur ki, bölgə sanitar fəlakətə sürüklənir. Dərman, ərzaq və digər təhcizatların alınması üçün, rayon səhiyyə şəbəkəsinin pul vəsaitinin tükəndiyi də tez-tez üzə çıxır.
Yazının bu yerində, Cəlil Nəzərovun bütün işçilərinə qarşı sərtrəftar olmasını bir daha qeyd etməyi lazım bildik. Çünki inanılmış mənbələr, bunun əksi olan bir məlumatı da, bizə çatdırıblar - baş həkimlə Masallı Ağciyər Xəstəlikləri Xəstəxanasının rəhbəri Mirrəhim Nəbiyevin təsəvvürə gətirilməyən "dostluq münasibətlərini": "Bu barədə əsər yazmaq olar. Bir-birlərinə elə yaxındırlar ki... Bu "səmimiyyət" ondan irəli gəlir ki, Cəlil Nəzərov dərman preparatları ilə spekulyasiyaların çoxunu onun vasitəsiylə həyata keçirir. Verdiyi saxta xəstəlik kağızlarının çoxunu da, Mirrəhim Nəbiyevin əliylə hazırlatdırır. Yalançı "vərəm, ağciyər serrozu... xəstələrindən" yığılan rüşvət də, ümumilikdə, yüksək məbləğə bir işarədir.
Bu gün Masallı Ağciyər Xəstəlikləri Xəstəxanasına üz tutan belə "xəstələrin" sayı-hesabı yoxdur, burada onların əlindən tərpənmək də olmur. Vərəmdən, digər yoluxucu xəstəliklərdən əziyyət çəkən əsl xəstələr isə, qalıblar bir kənarda. Bir sözlə, dərman və ərzaqla bağlı buradakı yeyinti halları haqqında danışmaq ürək ağrıdır.
Onu da qeyd etmək vacibdir ki, Mirrəhim Nəbiyevin atası Mirdamət həkim də, pul toplamaqda Cəlil Nəzərovun yorulmaz köməkçılərindəndir. Rayondakı 31 saylı TSEK ləğv olunsa da, Mirdamət Nəbiyev, faktiki olaraq, onu, hələ də “yaşadır”, "müdiri səlahiyyətlərini" isə, Cəlil Nəzərovun göstərişinə uyğun, "vicdanla" yerinə yetirir. TSEK "pərdəsi" altında toplanan pullar da, böyük məbləğə işarədir...".

"Daşdan yun qırxmağı bacaran" baş həkimin çiçəklənən biznesi
masalli-xestexana_150844417923.jpgMasallı rayon səhiyyə şəbəkəsindəki tibb ocaqlarında, primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə, pasiyentlərdən yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar daim müşahidə olunub. İnfeksion xəstəliklərin profilaktikası məsələsində isə, burada, ümumiyyətlə, tam fəaliyyətsizliyə şahidlik edilib. Bu istiqamətdə ayırılan pullar da, tamamilə mənimsənilib.
Etibarlı mənbələrin və şikayətçilərin iddialarına görə, Cəlil Nəzərov "daşdan yun qırxmaqla" böyük pullar qazanmağı bacaranlardandır: "O, etdiyi bütün maxinasiya və mənimsəmələrdən doymayaraq, xəstəxanada çalışan bütün tibbi və texniki personaldan da aylıq haqq alır. Və hamı bilir ki, bu ödənişdən imtina edənlər nəinki Masallı rayon Mərkəzi Xəstəxanasında, heç rayonun səhiyyə sistemində belə çalışa bilməzlər.
Cəlil Nəzərovun rayon səhiyyə sistemində, tələb olunandan xeyli artıq sayda sanitar-xadimələr "işə" götürdüyü də iddia olunur. Söylənilir kı, onların hər birinə 140 - 200 manat məbləğində “aylıq maaş” yazılır. Bu pulların yarısı, qarşılıqlı razılıq əsasında, baş həkim tərəfindən mənimsənilir. Digər tərəfdən, Mərkəzi Xəstəxanada, xeyli sayda “ölü canların” saxlanıldığı deyilir; Yəni, saxta “xəstəlik tarixləri” açılır, "ölü canlar" üçün ayırılmış ərzaq və dərmanların pulları da mənimsənilir.
Bütün bu və digər saxtakarlıqlar nəticəsində, əldə olunan külli miqdarda pulu, baş həkim yaratdığı çoxşaxəli biznes şəbəkəsinin inkişafına yönəldir. Hazırda Cəlil Nəzərovun çoxşaxəli biznes şəbəkəsi özünün çiçəklənmə dövrünü yaşayır, şaxələnərək, günü-gündən böyüyür. Bu şəbəkəyə əkin-biçin sahələri, bağ-baxça, ferma... qarışıq, restoran, kafe, Boradigah kəndində fəaliyyət göstərən “Qamo” istirahət mərkəzi, aptek, inşası yenicə başa çatmış özəl klinika... daxildir.
Mənbələr, xüsusi olaraq, onu da vurğulayırlar ki, Cəlil Nəzərovun tikintisi başa çatmaqda olan özəl klinikası, rayon Mərkəzi Xəstəxanasının iki addımlığında yerləşdiyindən, o, xəstəxananın bir çox əməkdaşlarına deyib ki, onları orada müxtəlif işlərə cəlb edəcək. Bu yolla onların əməklərini istismar etməyi indidən planlaşdırır. Buna etiraz edənləri isə, "vay halları" ilə hədələnir ...".

"Belə bir arzuolunmaz vəzifəlinin, Mübariz Mənsimov kimi
xeyirxah bir insanın adını hallandırması qəbulolunmazdır"

Bu, həmsöhbətlərimizin narahatçılıq doğuran fikirləridir. Və bu mövzuda söhbətlər zamanı, onlar, onu da dedilər ki, baş həkim, onun iyrənc iş prinsiplərinə etiraz edənləri, özünün sərt cavabları ilə çaşdırır: "Mətbuatda bu şəxsi toxunulmaz edən bir fakta daha çox önəm verilir. Çoxları, baş həkimin yuxarılara Mübariz Mənsimov tərəfindən tapşırıldığını iddia edir. Cəlil Nəzərovun özü də, ölkədə xeyirxah işləri ilə hörmət qazanmış “Palmalı” Şirkətlər Qrupunun rəhbəri Mubariz Mənsimov kimi insanın adından sui-istifadəni çoxdan əlində silah kimi tutub. Onun adına ləkə gətirməkdən, bu adla hamını hədələməkdən belə çəkinmir.
Əlbəttə, bu milyarderin ölkəmiz və insanlarımız üçün etdiyi yaxşılıqlar danılmaz faktdır, haqqında ancaq xoş sözlər demək olar. Mübariz Mənsimovun ölkəmizdə, ələlxüsus cənub bölgəsində böyük nüfuza və hörmətə sahib olduğunu hamı bidiyindən, Cəlil Nəzərovun bu xeyirxah insanın adını, öz qanunsuz əməlləri ilə yanaşı hallandırması qəbulolunmazdır. Rayon səhiyyəsində xoşagəlməz fəaliyyəti ilə hamını narazı salan belə bir insanın: "Mənim arxamda prezidentdən də güclü adam dayanır! Mübariz Mənsimov mənim ən yaxın dostumdur!” - deməsi isə, yolverilməzdir. Ölçüb-biçmədən işlətdiyi belə çaşdırıcı ifadələri, haqlı olaraq, narazılıqlar formalaşdırır. Baş həkim isə, öz çirkin niyyətindən əl çəkmir ki, çəkmir. Hətta bəzi media orqanlarında Mübariz Mənsimovun yaxını kimi çıxışlar edərək, iş adamının müdafiəçisi cildinə girir. Məntiqə sığmayan bu hərəkətlərlə böyük biznes sahibinin yanında özünə nüfuz qazanmağa çalışan Cəlil Nəzərov, əslində, mehriban düşmən rolu oynayır. Ümid edirik ki, Mübariz Mənsimov bu şəxsin xoş olmayan niyyətini tezliklə başa düşüb, onun çirkin oyununa son qoyacaq.
Cənub bölgəsində Mübariz Mənsimov hörmətinə xələl gətirən bu şəxs, bağışlanmaz əməlləriylə, müqəddəs qanunlarımız qarışıq, milli dəyərlərimizə qarşı da qatı düşmənçilik etdiyini bir daha ortaya qoymurmu?! Onun qanundan, milli dəyərlər ölçüsündən qorxmaması, daha ciddi problemlərin yaranmasına şərait yaratmırmı?!."...
...Şikayətçilər demişkən, Cəli Nəzərov, Masallı səhiyyə sistemi “pərdəsinə bürünərək”, etmədiyi qanunsuzluq qoymayıb. Milyoner baş həkimin dövlətin pullarını necə mənimsədiyi göz qabağındadır. Mənimsədiyi vəsaitlər və yığdığı rüşvət hesabına varlanan bu şəxsin adının, cənub bölgəsinin imkanlı şəxsləri sırasında öndə olması, yuxarılarda belə hamıya məlumdur. Onlar, onu da yaxşı bilirlər ki, qazandıqları Cəlil Nəzərovun ğözünü elə örtüb ki, qanunlarımızı ayaq altına alıb, tapdalamaqdan belə çəkinmir - ağlına gələn saxtakarlığa əl qoyur.
Onun qanunsuz əməllərinə ölkə mediasında geniş yer verilməsinə, bu yazılarda onun mənimsəmələrinin danılmaz faktlar olaraq ortaya qoyulmasına yuxarı orqanların biganə münasibətləri heç cür başa düşülən deyil. Axı, Masallıda "Mərkəzi Xəstəxana" adlı bazar açan bu şəxsin özbaşınalığından cana doyanların sayı-hesabı da yoxdur. Buna baxmayaraq, Masallı səhiyyəsini iflic edən və rayonun Mərkəzi Xəstəxanasını bazara çevirən baş həkim hələ də cəzasız qalmaqdadır. Günahkarın cəzalandırılmaması artıq növbəti qanunsuzluq kimi yaddaşlara həkk olunub. Cəlil Nəzərovu bölgədə vəzifə sahibinə çevirənlər, insanların nifrətini qazanmaqla yanaşı, cəzasızlıq mühiti formalaşdırırlar, elə deyilmi!


Məhi ELSEVƏR, Səməndər QURBANOV, Rüfət RƏHMANOĞLU
"İrəvanın səsi" qəzetinin və araz.az saytının xüsusi müxbirləri.
Bakı-Masallı-Bakı.

Əlaqəli xəbərlər