musaquliyev5

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, həkim Musa Quliyev sualları cavablandırıb.

araz.az Teleqraf-a istinadən Müsahibəni təqdim edir:

- Musa müəllim, bu il Nazirlər Kabineti donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını təsdiqlədi. Növbəti ilin yanvarından qüvvəyə minən qərar ümumilikdə 13 klinik mərkəzi əhatə edir. Bu klinikalar işin öhdəsindən gələ biləcəkmi?

- Orqan donorluğu və transplantasiya haqqında qanun təzə qəbul olunub və çox mükəmməldir. Bu qanun layihəsi dünyanın bu sahədə ən müasir praktikası, o cümlədən qanunvericilik təcrübəsi öyrənilməklə hazırlanıb. Hesab edirəm ki, koronovirus pandemiyası bu işlərin praktik olaraq həyata keçirilməsinə müəyyən maneçilik və çətinliklər törətdi. Amma tədricən bu məsələ də öz həllini tapır. Gələn ildən başlayaraq ölkəmizdə orqan transplantasiyası daha geniş şəkildə həyata keçiriləcək.

Burada ən ciddi iş meyitdən orqan götürməkdir. Ölkəmizdə bu iş qurulandan sonra məsələ öz həllini daha geniş şəkildə tapacaq. Arzu edərdik ki, qısa müddətdə orqan köçürülməsi xərclərinin bir hissəsini, gələcəkdə isə tam hissəsini İcbari Tibbi Sığorta öz üzərinə götürsün. Buna bizim kifayət qədər tibbi potensialımız var.

Tibb müəssisələrimizin maddi-texniki bazası buna imkan verir, kadrlarımız da var. İnşallah, maliyyə təminatı da olar. Yəqin ki, qısa müddətdə biz bu işi yüksək səviyyədə qura bilərik.

- Orqan köçürülməsi sahəsində yetərli kadrlar varmı?

- Var. Bizim yetərli və təcrübəli kadrlarımız var. Biz bu işi xüsusən də meyitdən orqan götürmək səviyyəsinə qədər çatdırıb qura bilsək, yaxın ölkələrdən Azərbaycana xəstələr gələ bilər, nəinki bizim xəstələrimiz xaricə gedər.

- Sizcə, kimlərdən və hansı orqanı köçürmək qadağan olunmalıdır?

- Burada qadağan məsələsi yoxdur, yaş məhdudiyyəti var. Ümumiyyətlə, 18 yaşdan 65 yaşa qədər şəxslərdən orqanlar götürmək olar. Amma təbii ki, bu köçürülmə orqanın vəziyyətindən asılı olacaq. Kimlərdən orqan götürülmək olar, kimlərdən olmaz, bu, qanunla tənzimlənir. Xəstəliklərin ciddi bir əhəmiyyəti yoxdur. Müayinə edilir, əgər orqan sağlamdırsa, işlək vəziyyətdədirsə, köçürtmək olar.

Sadəcə orqanlar qısa müddət ərzində və lazımi vaxtda götürülməli, eyni zamanda lazımi şəraitdə saxlanılmalı, qısa müddət ərzində də köçürülməlidir. Burada uyğunluq, həmçinin orqan bankının elektron sistemdə bazasının yaradılması kimi məsələlər də var.

- Azərbaycanda “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildən var. Hazırda bu qanunu hüquqi qüvvəsi varmı və tam işlək saymaq olarmı?

- Sözügedən qanun yalnız canlıdan orqan götürməyə imkan verirdi. Meyitdən orqan götürmək üçün bu qanun kifayət deyildi. Ona görə də yeni qanun hazırlandı.

- Sizcə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı niyə istefa verdi?

- Vətəndaşdır, məmurdur, istefa da verər, başqa işə gedə də bilər. Onu işdən çıxarda da bilərlər. Bunun müzakirə mövzusu olmasını ciddi saymıram. Sadəcə TƏBİB-in fəaliyyəti bizim camaatı qane edirmi, etmirmi bu barədə danışmaq olar. Qane etmirsə, yaxşılaşdırmaq üçün nə lazımdırsa, bundan danışmaq olar. Yəni ən yüksək vəzifədə olsa belə, bir məmurun gedib-getməməsi işin sistemini ciddi şəkildə dəyişdirməyəcək. Sistemin özündə bir xəta varsa, bu barədə düşünmək lazımdır.

 

 

araz.az xəbər portalı.