Gəliri bu məbləğdən aşağı olanlar sosial yardım alacaqlar

manat.jpg

Xəbər verildiyi kimi, Azərbaycanda 2023-ci ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının həddinin bərabər məbləğdə - 246 manat olması nəzərdə tutulur. Bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib. Bununla da 2023-cü ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 36 manat və ya 17,15 faiz, ehtiyac meyarı isə 46 manat və ya 23 faiz çox olacaq.

araz.az   məlumatına görə, ölkə qanunvericiliyinə (“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanunu) görə, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Buraya ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.) və xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.) aiddir. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.

Yaşayış minimumundan aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət proqramlarının hazırlanmasında, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında, dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında və digər məqsədlər üçün istifadə olunur.

Bəs, ehtiyac meyarı nədir?

“Yaşayış minimumu haqqında” qanuna görə, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə tətbiq edilir. 

Qanunvericiliyə görə, aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Ailənin gəlirləri  ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin cəmidir. Ailənin orta aylıq gəliri ailənin gəlirinin orta aylıq göstəricisi, ailədə adambaşına düşən orta gəlir isə ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbətidir. 

Bu, o deməkdir ki, 2023-cü ildə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün 246 manatdan aşağı olan ailə aztəminatlı hesab ediləcək. Məsələn, 4 nəfərdən ibarət ailənin orta aylıq gəliri 984 (4x246) manatdan aşağı olarsa, o, aztəminatlı hesab olunacaq. Qeyd edək ki, cari ildə hər bir ailə üzvü üçün bu rəqəm 200 manatdır (4 nəfərdən ibarət ailə üçün 800 manat). 

Aztəminatlı ailələr ünvanlı dövlət sosial yardım almaq hüququna malikdir. Belə ki, Azərbaycan ərazisində yaşayan və müraciətdən əvvəlki son bir il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım ala bilər. Məsələn, bu kateqoriyadan olan ailənin orta aylıq gəliri 2023-cü ildə 500 manat olarsa hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq qədər, yəni 484 manat məbləğində sosial yardım ala bilər. Cari ildə isə bu məbləğ 300 manatdır. Bu baxımdan ehtiyac meyarının artırılması ünvanlı dövlət sosial yardımının məbləğinin artımı deməkdir.

Nəticə etibarilə ehtiyac meyarının 2023-cü ildə 46 manat və ya 23 faiz artırılması özünü ünvanlı dövlət sosial yardımların məbləğində göstərəcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev büdcə müzakirələrində deyib ki, artım növbəti ildə ünvanlı sosial yardım ödənişinin 30 faiz artımasına şərait yaradacaq və orta hesabla bir ailəyə düşən ünvanlı sosial yardım 500 manatdan çox olacaq. 

Qeyd edək ki, cari ilin 9 ayının yekunlarına görə, bir ailəyə düşən ünvanlı yardım orta hesabla 377 manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz çoxdur. Artıma səbəb 2022-ci ildə ehtiyac meyarının əvvəlki ilə nisbətən 17,65 faiz artırılaraq 170 manatdan 200 manata çatdırılmasıdır. 

Ehtiyac meyarının artırılması bundan başqa, növbəti ildə cari illə müqayisədə əhalinin gəlirləri aşağı templə artacağı təqdirdə ünvanlı dövlət sosial yardıma daha çox ailənin müraciət etməsinə imkan yarada bilər. Bunu son illər üzrə göstəricilərə nəzər salanda da görmək olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin birinci yarısında 40 min ailə üzrə 173 min nəfər ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunub. Hərçənd ki, ilin əvvəlində 44 min 716 ailə üzrə 194 min 42 nəfərə bu yardım proqramı şamil edilmişdi. Azalmaya səbəb 2022-ci ildə əməkhaqlarının, pensiyaların və digər ödənişlərin artırılması olub. Rəsmi statistikaya görə, cari ilin birinci yarısında əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz artıb. Ötən il isə əhalinin gəlirləri əvvəlki ilə nisbətən 2,6 faiz artmışdı. Son bir neçə ildə sosial yardım alanların sayında ən yüksək göstərici 2021-ci ilin əvvəlində qeydə alınıb. Bu dövrdə 77 min 269 ailə üzrə 323 min 996 nəfər sosial yardımdan yararlanıb. Buna səbəb 2020-ci il üzrə ehtiyac meyarının əvvəlki illə müqayisədə 11,9 faiz artırılması və pandemiyanın iqtisadiyyata mənfi təsiri fonunda əhalinin gəlirlərinin 1,8 faiz azalması olmuşdu.   

Yaxın illərdə Azərbaycanda “ehtiyac meyarı” anlayışının ləğv olunacağı gözlənilir. Buna səbəb ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumu ilə bərabərləşməsidir. S.Babayevin sözlərinə görə, “ehtiyac meyarı” anlayışı tədricən dövriyyədən çıxarılacaq və fəaliyyət yaşayış minimumu göstəricisi əsasında qurulacaq.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər