DAHA BİR ŞƏHİD AİLƏSİNƏ HÖRMƏTSİZLİK - VİDEO

üa1211201801.jpg

2000 manat rüşvət verə bilmədiyi üçün evini başına uçurdublar

 Belə ürəkbulandıran hadisələr paytaxt ərazilərində adi hala çevrilib. Evi başına uçurulanların əksəriyyəti isə, ya şəhid ailəsi, onların yaxınları, ya müharibə iştirakçılarının özləri, ya da əlillər olur. Səbail rayonu ərazisində, Salyan şosesi, 32 deyilən ünvanda, yuxarı instansiyaların razılığı ilə, özünə heç olmasa bir daldalanacaq qurmaq istəyən Famil Xanış oğlu Gözəlov da, onlardan biridir.


Qarabağ döyüşçüsü və şəhid qardaşı olan Famil Gözəlovun evi də, icra məmurları tərəfindən başına uçurulub -- görüntüsü ürək ağrıdır. Ağdərə uğrunda gedən qanlı-qadalı müharibə vaxtı tankın içində yanaraq, kontuziya alan bu şəxs indi nə edəcəyini bilmir: "Ailəm ac qalmasın deyə, zorla da olsa, mən indiyədək daş karxanasında işləyirəm. Müharibədən sonra kirayədə qalmışam. Ağır durumumuzu nəzərə alan, özumün müharibə əlili olduğumu, qardaşım Azər Gözəlovun isə, 1994-cü ildə Ağdam uğrunda gedən qanlı-qadalı savaşlarda qəhrəmancasına həlak olduğunu bilən Səbayıl bələdiyyəsi də, mənə çoxdan, təmənnasız olaraq, üç sot torpaq verib. Dostlar, yaxşı müdirlər sağ olsunlar, bələdiyyənin mənə torpaq verdiyini bilib, kimisi daş, kimisi taxta, kimisi qum-çınqıl, sement bağışlayıb. Topladım bir yerə. Prezidentin sərəncamı ilə, şəhid ailələrinə 11.000 manat pul ayırıldıqdan sonra, daha da ürəkləndim. Həmin üç sotun içində ev tikməyə icazə aldım. Öncə Səbayıl rayon İcra Hakimiyyətinin Fariz adlı əməkdaşı məni sıxma-boğmaya saldı. Xeyli pul istədi. Lakin yalvar-yaxar edib, onu birtəhər razılaşdırdım. Divarlar qaldırılanadək 1000 manat rüşvət istədi. Birtəhər düzəldib verdim. "Krışanı" başlayanda isə, 2000 manat rüşvət istədi. Düzəldib, verə bilmədim. Bu səbəbdən, belə bir müsibətlə üzləşdim...".
İndi əlacı qalmayan Famil Gözəlovun yeganə ümidi ölkə başçısınadır. Son ümid yeri olaraq, prezidentə üz tutub. Video-çəkilişlə möhtərəm prezidentə müraciət ünvanlayıb. Həmin videonu təqdim edirik: Qoy, belə müsibət törətməkdən qorxub-çəkinməyənlərin bəd əməllərinin əsl qiymətini ictimaiyyət versin.

Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.

Əlaqəli xəbərlər