“Lənkəranda 50 qəpiyə, Bakıda 3 manata olan feyxoa...” - nazir fermerləri dinlədi

iman-kerimov.jpgKənd Təsərrüfatı Nazirliyi cənub zonasına medatur təşkil edib
Noyabrın 27-də Kənd Təsərrüfatı Nazirliyi Masallı və Lənkəran rayonlarına mediatur təşkil edib.

“Yeni Müsavat”ın əməkdaşının da qatıldığı mediaturun məqsədi cənub bölgələrimizdə kənd təsərrüfatı sahəsində görülən işlər, tətbiq olunan yeniliklər barədə ictimaiyyəti məlumatlandırmaq olub.

Jurnalistlər öncə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılışında iştirak ediblər. Açılış prosesinə kənd təsərrüfatı naziri İnam Kərimov da qatılıb.

İnam Kərimovun mərkəzdə yaradılan şəraitlə tanışlıqdan sonra fermerlər və koordinasiya şurasının üzvləri ilə görüş keçirilib. Jurnalistlərin də iştirak etdiyi görüşdə fermerlərin problemləri dinlənilib, onların həlli istiqamətində müzakirələr aparılıb.

Daha sonra media nümayəndələri Lənkəran rayonunda olan sitrus bağı, çay plantasiyası, feyxoa və kivi plantasiyaları ilə tanış olublar. Sitrus bağlarında jurnalistlərə nadir hallobonq meyvəsi haqqında məlumat verilib. Bildirilib ki, dünyanın yalnız beş ölkəsində (Yaponiya, ABŞ, Koreya, Fransa və Azərbaycan) əkilən bu meyvə Lənkəranda da geniş yayılıb.

Xalıq Talıbov meyvə ilə bağlı aşağıdakıları söyləyib:

“Dünyada bu meyvə dekapon, siorami və sumu adı ilə məşhurdur. Yaponiyada 1972-ci ildə iki müxtəlif mandarin sortlarından çalaq yolu ilə alınıb və əkilməyə başlanılıb. Hazırda 10 hektar ərazidə 3791 ədəd ağac əkilib. 2015-ci ildə əkilən hər bir ağac üçün məhsuldarlıq bu gün 30-40 kq-dır. Ölkəmizdə nadir bitkiyə tələbat var. Meyvə çox vitaminlidir, Mendeleyev dövri sistem cədvəlinin bütün elementləri onun tərkibində var”.

Aqronom bildirib ki, 1 kq hallobonqun bazar qiyməti 5-10 manatdır: “Ağacın yeri nə qədər yaxşı olsa və qulluq edilsə, il ərzində 4-5 dəfə məhsul almaq mümkün olur. Əkildiyi vaxtdan 2-3 il sonra məhsul verməyə başlayır. 10 ildə tam məhsuldarlığa düşəndən sonra hər bir ağac 250 kq məhsul verməlidir. Onun hər bir meyvəsinin diametri 8-10 sm, çəkisi isə 350-500 qram arasında dəyişir. Rusiya ilə bu yaxınlarda müqavilə imzalamışıq, məhsullarımız Rusiya bazarlarına çıxarılacaq. Gələcəkdə Rusiya üçün 20 min ton məhsul göndərəcəyik”.

Sitrus bağlarından sonra jurnalistlər çay plantasiyasında olublar.

“Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yaqubov bildirib ki, 70 ha ərazidə çay plantasiyası salınıb: "Bizim şirkət 2006-cı ildə yaradılıb. Çalışırıq ki, regionda çayçılığı inkişaf etdirək. Plantasiya ilə yanaşı, bizim mini emal seximiz də var, məhsulumuzu burada emal edib, bazara çıxarırıq. Əsasən “Kalxidze” çay sortunu əkirik. Hesabımıza görə, bu il hər hektardan 10 ton çay götürəcəyik. Həmçinin ixracı da düşünürük. Belə ki, artıq Rusiya bazarında böyük ticarət şəbəkəsi bizim çayımızın hamısını almaq istədiyini bildirib. Çayçılıq haqqında dövlət proqramına uyğun olaraq 2027-ci ildə artıq çay plantasiyasını 120 hektara çatdıracağıq".

A.Yaqubov qeyd edib ki, plantasiyada ailə üzvləri ilə birlikdə 100 nəfərədək işçi çalışır: “Onlardan 70-i qadındır. Bilirsiniz ki, qadının işləməsi onun ailədə bərabərhüquqlu üzv olması deməkdir. Çayların qiyməti də müxtəlifdir. Elə çay var ki, 2 min manata satılır. Çayın qiyməti 8 manatdan başlayır, 100 manata qədər davam edir. Lakin elə çaylarımız da var ki, daha da bahadır. Adətən bu cür bahalı çayları xaricə ixrac edirik. Çay ona görə bahadır ki, bunun hazırlanması prosesi çətindir. Belə ki, bu çayları səhər saat 6-da günəş doğmamış 1 saat ərzində yığırıq və xüsusi texnologiya ilə hazırlanır. Bu çay çox məhdud çəkidədir və onun qiyməti kiloqramına 500 manatdan 2 min manat arasında dəyişir. Bu çaylar Avropa və Rusiya bazarına çıxarılır. Deyim ki, həm Avropada, həm də Rusiyada bizim çaylarımıza maraq artan xətt üzrə davam edir”.

Daha sonra isə media nümayəndələri sahibkar Rəftarə Şükürovanın bağında oldular. Rəftarə Şükürova ixtisasca ibtidai sinif müəlliməsidir. Onun sahibkar kimi fəaliyyəti barəsində sosial şəbəkələrdə, xəbər saytlarında geniş məlumatlar yer alıb. Bağının məhsullarından hazırladığı müxtəlif kivi, feyxoa tutmaları, mürəbbələri, isti samovar çayı, bağ meyvələri ilə bizi qarşılayan fermer çəkdiyi zəhmətdən, müəlliməlikdən fermerliyə gəlişi barədə danışdı.

R.Şükürova bu iki sahə arasında fərq hiss etmədiyini söylədi: “10 ildir bu bağla məşğulam. Mənim üçün dəyişən heç nə yoxdur. Əvvəl uşaqları yetişdirib tərbiyə edirdim və onların uğurlarını görəndə sevinirdim. İndi isə körpə fidanları böyüdürəm, onların məhsuldarlığını görəndə sevinirəm. Bu bağ ümumilikdə ailəmizə məxsusdur. Bura böyük yatırım etmişik. Təsərrüfatımız hazırda 13 hektar ərazini əhatə edir. Onun 6 hektar sahəsində feyxoa bağı, 3 hektar yarım kivi bağı, 3 hektar ərazidə taxıl əkmişik. Qalan yarım hektar ərazidə müxtəlif meyvə ağacları var. Bağın ərazisi böyükdür, gün olur ki, 11-15 km ərazini gəzirəm”.

Sahibkar gələcək planlarından da danışdı. Bildirdi ki, taxıl əkdikləri 3 hektar ərazidə meyvə bağı salmaq niyyətindədirlər: “Gələcəkdə dünya bazarına özümüz məhsulumuzu çıxartmaq istəyirik. Avropada, Türkiyədə, qonşu İranda feyxoanı tanımırlar. Bu il məhsulun qiyməti ucuz oldu, bağa qoyduğumuz yatırımı götürə bilmədik. Öz məhsulumuzu özümüz bazara çıxarsaq, nisbətən gəlir çoxalar. Biz Lənkəran bazarına çıxarırıq, alıcılar gəlib aparır. Bizim alverçilərə 50 qəpiyə satdığımız məhsul Bakı bazarında 3 manata satılır. Bu ilə qədər 35 ton feyxoa yığmışıq. Keçən il 8 tona yaxın kivi götürmüşdük, bu il hələ məhsul yığılmayıb, ona görə də qədərini konkret deyə bilməyəcəm”.

Sahibkar qeyd etdi ki, məhsullarını bazara çıxarmaqda çətinlik çəkirlər: “Ümumiyyətlə, bağa xeyli yatırım qoymuşuq. Elə adicə suvarma sistemi, kommunal xidmətlər xeyli baha başa gəlir. Buna görə də məhsulumuzu Bakıya apara bilmirik. Çünki yol xərci də üstünə gələndə, xərcimiz daha çox olur. Maşın, texnika problemimiz var. Məhsulumuz bazara normal qiymətə çıxarsa, buradakı işimizi daha da böyüdərik. İndiyə qədər dövlətə bununla bağlı heç bir müraciət etməmişik. Lakin bu ildən etibarən ”ABAD" layihəsinə müraciət edib, problemimiz barədə məlumat vermişik. Bizə söz veriblər ki, məhsulumuzun satışına yardımçı olacaqlar. Əgər bizə satış üçün yardım edilsə, problemlərimiz həll olar. Burada gün olur ki, 30 işçi eyni vaxtda çalışır. Yəni təsərrüfatımızdan kənd camaatı da xeyir görür. Lənkəranda demək olar ki, hər kəsin həyətində feyxoa ağacı var. Lakin bu cür bağların sayı çox deyil. Var gücümüzlə çalışırıq ki, təsərrüfatımız daha da genişlənsin".

“Yeni Müsavat”

 

Əlaqəli xəbərlər