"Dünyanın heç bir yerində müharibə veteranlarına qarşı belə ögey münasibət olmayıb" -- VETERAN MÜRACİƏTİ

Mehriban Aliyeva 0503201901 

Müharibə veteranı Nurəddin Kəngərli (Hüseynov) sosial şəbəkələrdən Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Müraciət ünvanlayıb. Gündəmdə olan vacib məsələlərlə bağlı həmin Müraciətdə deyilir:

 7EFB70BC 9046 446A A75B 24AA5B1CCCE2     "Bir qrup Qarabağ müharibəsi veteranlarının, illərlə müharibə od- alovunun içərisindən keçmiş zabitlərin çoxsaylı müraciətlərindən sonra, nəhayət ki, uzun illər boyu öz həllini tapmayan məsələlərdən bir qismi öz həllini çox gec də olsa tapdı. Qarabağ müharibəsi veteranlarına prezident təqaüdü verilməsi, onların övladlarının bütün təhsil müəssisələrində ödənişsiz təhsil almalarınin nəzərə alınması təqdirəlayiqdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, uzun illər boyu bu və digər məsələlərin həll olunmamasının səbəbi prezidentə ünvanlanan çoxsaylı müraciətlərin Prezident Adminstrasiyasında ölkə başçısına çatdırılmaması, Nazirlər Kabinetində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir kreslosunda oturub, ancaq öz şəxsi mənafelərini güdən Fizuli Ələkbərov və bütün əhali tərəfindən nifrət qazanan Səlim Müslümov kimi qeyri-səmimi qüvvələr olub.

         Bizim müraciətlərimizdə bir xahiş və tələbimiz olub: 28 iyun 1994-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 841 saylı Azərbaycan Respublikası Veteranlar Haqqında Qanuna əməl olunsun. Bu Qanun 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə veteranları barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edir. Məhz bu  qanuna əməl olunmaması, bu qanunun ancaq kağız üzərində iflic vəziyyərdə qalması ucbatından vətəni qoruyan, odun alovun içindən keçən insanlar 30 ilə yaxın bir müddətdə diqqətdən kənarda qalmışdılar. Bizlər ardıcıl və davamlı müraciətlərdə müharibə veteranlarının problemlərinin həll olunması üçün təkliflər də vermişdik, vəziyyətdən çıxış yollarını göstərmişdik, əfsuslar olsun ki, nadir hallarda bizlərə ancaq Nazirlər Kabinetindən zənglər olub və verdikləri sual belə olub: məktubu siz yazmısınız?- vəssəlam, bununla da məsələ bağlanıb. Məhz bu biganəliyin və açıq-aşkar saymamazlıqların ucbatından bizlərə dəyən mənəvi zərbə çox ağr oldu. Nazirlər Kabinetini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Azərbaycan Respuublikası Veteranlar haqqnda Qanuna əməl etmək əvəzinə 20 iyun 2014-cü il tarixində 569 saylı Sərəncam hazırlayıblar və Azərbaycan Respublikasının Prezidenti də bu sərəncamı imzalayıb. Bu sərəncamda Qarabağ müharıbəsi əlillərinin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mənzillərlə təmin olunması nəzərdə tutulub və burada Qarabağ müharibəsi veteranları nəzərdə alınmayıb, üzr istəyirik, bu artıq sözün bittiyi yerdir. Ona görə uzun illər öz həllini tapmayan və bunun da nəticəsində  Qarabağ müharibəsi veteranlarının əksəriyyəti ağır və dözülməz maddi və sosial şəraitdə yaşayırlar. Çox ağrılı da olsa deməliyəm ki, dünyanın heç bir yerində müharibə veteranlarına qarşı belə ögey münasibət olmayıb. Həqiqəti qərəzsiz demək hamının borcudur və inanıram ki, Siz bu məsələlərin operativ həlli üçün lazımi göstərişlər verib icrasını ciddi nəzarətə götürəcəksiniz. 

Az qala veteranlar “Qırmızı Kitab”a düşəcəklər. Bu o deməkdir ki, 2028-ci ildən sonra veteranların sosial problemləri məsələsinə baxılacaq və çox güman ki, həmin müddətə qədər bu işi də mollalar yasin oxumaqla “həll edəcəklər”.  Uzun illərdir ki,  Qarabağ müharibəsi veteranlarının əksəriyyəti ağır və dözülməz maddi və sosial şəraitdə yaşayırlar. Çox ağrılı da olsa deməliyəm ki, dünyanın heç bir yerində müharibə veteranlarna belə münasibət olmayıb.  Bu Sərəncam Səlim Müslümov nazir olan vaxt hazırlanıb. Səlim Müslümovun törətdikləri əməllər haqqında yazmağa qələm çox acizdir.

     Biz çoxsaylı müraciətlərimizdə dəfələrlə vurğulamışıq ki, Sovet Ordusunda hərbi xidmət iş stajı sayıldığı halda Qarabağ müharibəsi veteranlarına Milli Ordu sıralarında olduqları müddət iş stajı sayılmır. Qarabağ müharıbəsi başlanan kimi əlinə silah alıb könüllü surətdə vətəni qorumağa gedən və illərlə odun-alovun içində olan soydaşlarımıza həmin dövrün iş stajı sayılmaması qətiyyən başa düşülən deyil. Bu məsələ də öz həllini tapmalıdır.

       Qarabağ müharibəsi veteranlarına kommunal xərclərin ödənilməsi, nəqliyyatdan istifadə və dərman pereparatlarının alınması üçün verilən 55 manat müvavinət, yaşa görə təqaüdə çıxan  müharıbə veteranları üçün   2012-ci ilin may ayından dayandırılmışdı, daha doğrusu 28.02.1994-cü ildə imzalanmış Veteranlar Haqqında Qanuna müəmmalı şəkildə dəyişiklik edilərək, heç bir qanuna, məntiqə sığmayan qeyri-qanuni şəkildə dayandırılmışdı.

      Cənab Prezident, nəhayət  ki, bu haqsız, ədalətsiz münasibətə son qoyaraq, bizlərə 80 manat "prezident təqaüdü" ayırdı. Sizdən xahiş edirəm ki, 2012-ci ilin may ayından   kəsilən  pulların yaşa görə təqaüdə çıxan müharıbə veteranlarına birdəfəlik verilməsinə göstəriş verəsiniz. Bu bizlərin haqqı idi, bu  qanunsuz addım  Fizuli Ələkbərov nazir olan vaxt atılıb. 

       Təkrarən bildirmək istəyirəm ki, Qarabağ müharibəsi başlayandan xalqımız çoxlu sayda şəhid verib, bir çox soydaşlarımız əlil olub. Ancaq onların yerləri boş qalmayıb, biz-müharibə veteranları canımızla vətən torpağını, xalqımızı qorumuşuq. 90-cı illərin əvvəllərində silah-sursat çatışmadığı, nizami ordunun olmadığı bir vaxt biz bütün bu çətinliklərə dözərək odun-alovun içində düşmənlə vuruşmuşuq və indi əksəriyyətimiz bir çox xəstəliklərdən əziyyət çəkirik. Ölkə prezidenti Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında müharibə veteranlarına diqqət və qayğı göstərilməsinin vacibliyindən danışıb, ancaq çox əfsuslar olsun ki, cənab prezidentin çoxsaylı göstəriş və tapşırıqları bu günə qədər yerinə yetirilməyib, əksər dövlət idarələrində Qarabağ əlilləri ilə, müharibə veteranlarının fərqini bilmirlər. Azərbaycan Respublikası Veteranlar haqqında Qanunun 50 səhifəsinin üstündən qəddarcasına xətt çəkilməsi çox məqamlardan xəbər verir. Hal-hazırda əksər müharibə veteranları bir çox xroniki xəstəliklərdən əziyyət çəkir, dərman hesabına yaşayır və bəzilərinin heç dərman almağa maddi imkanları yoxdur, bəziləri isə dünyalarını dəyişiblər. İllərlə əllərində silah torpaqlarımızın müdafiəsində durub, ölümündən qorxmayan, canını vətən, xalq yolunda qurban verməyə hazır olan insanların maddi ehtiyac içərisində boğularaq, övladlarının yanında boynu bükük qalması fəlakətdən başqa bir şey deyil.          Müharibə veteranları dövlətə sadiqliklərini  öz əməlləri ilə sübut ediblər. Əfsuslar olsun ki, bu gün acınacaqlı sosial və maddi durumda yaşayan veteranlar var və onlarların vəziyyətləri ilə maraqlanan yoxdur. Əmək qabliyyəti olan müharibə veteranları işsizlik deyilən sosial bəla ilə üz-üzə qalıblar. Belə insanları dövlətdən narazı salmaq birmənalı şəkildə yolverilməzdir. Bİzlərin problemləri o vaxt həll olunacaq ki, 28 iyun 1994-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin  imzaladığı  841 saylı Azərbaycan Respublikası Veteranlar Haqqında Qanuna əməl olunsun, Baş nazir cənab Novruz Məmmədov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev, Qarabağ Müharibəsi Veteranı kəlməsini dilə gətirsinlər, Veteranlar Haqqında Qanunu oxusunlar və zəhmət çəkib əməl etsinlər. Bu olmasa, heç bir məsələ həll olunmayacaq. Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Özü 21-ci əsrdə, əqidəsi ibtidai icma quruluşunun yığıcılıq dövründə olan  Səlim Müslümov əhali ilə dövlət arasında böyük narazılıq yaradan qanuna dəyişiklik etdi, düşünülmüş şəkildə arada zəhərli tikanlı məftil çəkdirdi və  Nazirlər Kabinetində sabiq Baş nazir Artur Rəsizadəyə, qanun dəyişikliyinə imza atdırdı. Ünvanlı Sosial Yardım alan aztəminatlı Qarabağ müharibəsi veteranlarına və ümumiyyətlə bütün aztəminatlı ailələrin qarşısına qanun qoyuldu. Ya ailədə əlil olmalıdır, ya  valideyinlərin biri ölməlidir, ya da ki, ailədə hər iki valideyin işləməməlidir. İşsizlik deyilən bir sosial bəladan əksər vətəndaşlar əziyyət çəkirlər, bu acı həqiqətdir. İkinci bir tərəfdən Ünvanlı Sosial Yardım almaq üçün işığın, qazın və suyun kod şifrələrini tələb edirlər, bir adamda iki mobil nömrə varsa deməli, ona məhdudiyyət qoyulur, bəzən mobil operatorlar pulsuz nömrə paylayırlar deməli, aldınsa "evin yıxıldı". İlk növbədə ailədə adam başına düşən gəlirə baxsınlar.  Bu maddə ləvğ olunmasa, əhali arasında olan narazılıq aradan qalxmayacaq. Ünvanlı Sosial Yardım Haqqında Azərbaycan Respublikası Qanununun 3-cü bəndində göstərilən şərtlər aztəminatlı ailələrin aclıqla üz-üzə gəlməsi deməkdir. Burada ikinci əsas məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Ünvanlı Sosial Yardım almaq istəyənlər aidiyyatı üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət edəndə, tələb olunan sənədləri özləri onlayn sisteminə daxil etmirlər. Cavabları belə olur- "get sistemə daxil ol, sənədləri sayta daxil et, ya da rabitə şöbəsi tap və xahiş et ki, sistemə daxil etsinlər". İndi sual olunur: kompyüterdən anlayışı olmayan adam üzünü kimə və hara tutmalıdır? İkinci bir tərəfdən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri hansı səbəbə görə aztəminatlı ailələrin sənədlərini sistemə daxil etmirlərsə, bəs nə üçün orada oturublar? Əhalini belə ələ salmaqda Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon Mərkəzi  öndə gedir.

       Bizim problemlərin həlli üçün, ilk növbədə ərazi üzrə Qarabağ Müharibəsi veteranlarının dəqiq siyahısı tutulmalıdir və  iş qabliyyəti olanlar müvafiq işlə, aztəminatlı ailələr isə, minimum yaşayış həddi ilə qeyd-şərtsiz təmin olunmalıdır. Qarabağ müharıbəsi veteranları üçün əgər hər rayonda il ərzində bir ədəd, 6-7 bloklu, 7 mərtəbəli binalar inşa edilsə və kənd yerlərində yaşayanlar üçün fərdi evlərin inşasına başlanarsa, bu məsələlər öz həllini tapacaq, belə təkliflər dəfələrlə olub. Ölkədə fəaliyyət göstərən bütün tibb müəssisələrində Qarabağ müharibəsi veteranları dövlət hesabına müalicə olunmalıdır, bunun üçün bütün tibb müəssisələrinə rəsmi göstəriş verilməlidir. 

 

       Hörmətli Mehriban xanım!

 

       İnsan əlinə qələm götürüb yazanda, birinci başının üstündə Allahı görməli, ikinci vicdanını qarşısına qoyub düzünü yazmalıdır. Şəxsən mən, sizə Qarabağ müharibəsi veteranlarının, əlillərinin istər özlərinin, istərsə də, övladlarının müalicələri ilə bağlı 300-ə yaxın müraciətlər etmişəm və bunlardan biri də diqqətdən kənarda qalmayaraq, yüksək şəkildə həll olunub, hətta uzun illər övlad həsrətiylə yaşayan 46 yaşlı veteranın özünü və həyat yoldaşını Heydər Əliyev Fondu öz himayəsinə götürərək müalicə edib, bu gün həmin qız uşağı artıq məktəbə gedir. Bu səbəbdən mən sizə inanaraq, müraciət edib bildirmək istəyirəm ki, Veteranlar Haqqında Qanun "su" üzərində yox, "qan" üzərində yazılıb. Qarabağ veteranlarının sosial, maddi problemlərini həlli üçün hansısa nazirdən, lap elə Baş nazirin özündən bir təklif eşitmisinizmi? Veteranlar Haqqında Qanunun 1-ci maddəsinin 3-cü bəndində göstərilib ki, müharibə veteranlarına əmək haqqının minimum səviyyəsindən az olmayan yaşayışa təminat verilsin. Qanun yazılıb, ancaq ona dövlət tərəfindən əməl olunmayıb. Kənddən gəlmiş adi vətəndaş səhlənkarlığı, bilməməzliyi ucbatından adi piyada keçidlərində  küçə-hərəkət qaydalarını pozan kimi o saat cərimə yazırlar. Ancaq Azərbaycan Respublikasının Prezidentinin imzaladığı qanuna  əməl etməyən nazirlərə isə "gözün üstə qaşın var" deyən tapılmır. Bu gün elə müharibə iştirakçıları var ki, bədənini güllə, qəlpə deşik–deşik edib, ancaq əlillik dərəcəsini ala bilmirlər, səbəbini isə deməyə ehtiyac yoxdur, bu yarıcan xəstə insanlar xəstəxanalar ilə, Tibbi Sosial Ekspert Komissiyasının arasında qalıblar. Bir o qalıb ki, ölüyə də təkrar müalicə yazsınlar. Bunun meyarının nə olduğunu məncə deməyə ehtiyac yoxdur. Təkcə bir faktı bildirmək istəyirəm ki, mənim ailəmin başına açdıqları zülmü, qansızlığı sizə açıqlasam kifayət edər, ancaq burada problem ümümi Qarabağ veteranlarından getdiyindən, bu məsələ üzərində dayanmaq yerinə düşməz. İkinci bir ağrılı məsələni nəzərinizə çatdırmaq istəyirəm. Öz elindən, obasindan didəgin düşmüş, əzizlərini müharibədə itirmiş, sağlamlıqlarını vətən yolunda qoymuş məcburi köçkün statusu olan müharibə veteranları, əlilləri nə üçün indiyə qədər yataqxanalarda, uşaq baxçalarında, işləməyən müəssisələrin inzibati binalarında qeyri-insani şəraitdə yaşamalıdırlar? Bakı şəhərində Mehdiabad, Müşfiq qəsəbələrində salınan şəhərciklərdə ilk növbədə belə imtiyazlı insanlar mənzillərlə təmin olunmalı idilər, bunu qanun deyir.

 

        Hörmətli Mehriban Xanım!

 

        Problemlər çoxdur. Ola bilsin ki, bu müraciət adəti üzrə kimlərinsə xoşuna gəlməyəcək. Ancaq həqiqəti demək lazımdır. Narazılıqları aradan götürməyin yeganə yolu çatışmamazlıqların aradan qaldırması və ölkədə vətəndaş həmrəyliyinə nail olmaqdır. İnanıram ki, bu müraciət Sizin tərəfdən yaxşı mənada başa düşüləcək və ciddi nəzarətə götürülərək, qisa bir müddət ərzində öz həllini tapacaqdır. 

 

Dərin hörmətlə,                                              

Nurəddin Hüseynov,

müharibə veteranı.

Tarix: 26.03.2019-cu il

 

araz.az

Əlaqəli xəbərlər