"Məscidə ehtiyacımız böyükdür!" - Hacıqabul rayonu, Muğan qəsəbə sakinlərinin Prezidentə müraciəti

prez 05 10 2017 01

Hacıqabul rayonunda böyük tarixi olan yaşayış məntəqəsi kimi tanınan Muğan qəsəbəsinin sakinləri, məscid tikilməsi ilə bağlı ölkə başçısına Müraciət ünvanlayıblar. Bu barədə, atatv.az xəbər portalına qəsəbə sakinləri adından daxil olan məlumatda bildirilir ki, muğanlılar möhtərəm Prezident İlham Əliyev cənablarından qəsəbədə məscidin tikilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarına göstəriş verməyini xahiş ediblər.


Bu savab işdə qəsəbə sakinlərinə mənəvi köməkliyi özümüzə borc bilib, həmin müraciəti olduğu kimi saytımızda dərc edirik:
"Möhtərəm Prezident!
Bildirmək istəyirik ki, yaşadığımız Muğan qəsəbəsinin böyük tarixi vardır. Burada yaşayan insanlar həmişə dövlətə və dövlətçiliyimizə sadiqlikləri ilə fərqləniblər. Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı olaraq, siyasi lider postunda şəxsən Sizin siyasi kursunuzu daim dəstəkləyənlər sırasındayıq.
Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, Muğan qəsəbəsində yaşayan əhalinin böyük qismi ibadət əhlidir. Yaşlı insanlar ibadət etmək, namaz qılmaq üçün Allahın evinə -- məscidə böyük ehtiyacı duyurlar. Lakin qəsəbəmizdə keçən əsrdən qalma uçuq-sökük məscid artıq öz ömrünü başa vurub. İbadət üçün tam yararsız vəziyyətdə olduğu göz önündədir. Hal-hazırda burada toplaşmaq, ibadət etmək üçün heç bir şərait yoxdur.
Cənab Prezident!
Sizdən yeganə istəyimiz odur ki, camaatın öz vəsaiti hesabına qəsəbəmizdə yeni məscid binasının inşa olunması üçün, lazımi instansiyalara müraciət edib, razılıq alınmasında bizə köməkliyinizi əsirgəməyəsiniz. Bu savab işdə bizə göstərəcəyiniz hərtərəfli köməyə görə, qabaqcadan Sizə minnətdarlığımızı çatdırırıq!".

AtaTv.az xəbər portalı.

Əlaqəli xəbərlər