PREZİDENTƏ ÜZ TUTAN GÖYÇAY SAKİNİ ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMİ MAHİR ƏSƏDLIDƏN OLDUQCA NARAZIDIR -- ŞİKAYƏT

Clip_3.jpg

Göyçay şəhər, Natavan küçəsi, bina, 7 a, mənzil, 44 ünvanında yaşayan Sadiq Çingiz oğlu Mayılov dövlət başçısına ünvanladığı şikayət xarakterli müraciətinin surətini, həm də respublikanın kütləvi-informasiya vasitələrinə göndərib. Şikayətçi, Şəki Apellyasiya Məhkəməsində olacaq məhkəmə prosesində, ədalətin bərqərar olması üçün, mətbuatın da ona dəstək olmasını xahiş edib. Sadiq Mayılovun həmin məktubunda yazılanları, olduğu kimi, araz.az-ın oxucularının da diqqətinə çatdırırıq:

"Möhtərəm Prezident!
Bir neçə ildir ki, ailəliklə sahibkarlıq fəalyyəti ilə məşğul oluruq. Cücə sexi işlədirik. Göyçay rayon Mallı-Şıxlı kənd sakini Eldos Məmmədrəhim oğlu İsmayılov məndən iş qurmaq adıyla 20000 (iyirmi min) manat borc alaraq, dələduzluq yoluyla mənimsəyib. 13.02 2018-ci ill tarixində məndən aldığı həmin borc pulu, öz xətti ilə, yazılı formada təsdiq də edib. Qəbzi mənə verib. Lakin aldığı bu pulu qaytarmayıb. Eldos İsmayılovdan bu pulun alınraq, mənə verilməsi üçün, Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. 25.07.2018-ci il tarixli, 2(046) - 1639/2018 saylı məhkəmə işinə hakim Zəfər Quliyevin sədrliyi ilə baxılıb. Məhkəmə qərarı ilə, mənim iddiam təmin olunub.
Bu qərardan narazı olan Eldos İsmayılov Şəki Apellyasiya Məhkəməsində iddia qaldırıb. Hakim Mahir Əsədlinin sədrliyi ilə keçirilən məhkəmə iclaslarının sonunda, qanunsuz və əsassız olaraq, Göyçay Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, Eldos İsmayılovun iddiası təmin edilib. Mən hakim Mahir Əsədlinin bu qərarını ona görə əsassız və qanunsuz hesab edirəm ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan subutları və faktları düzgün araşdırmayıb. Bununla da, maddi və hüquqi prosedurlar pozulub. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərar verəndə, əsas kimi, cavabdeh Eldos İsmayılovun izahatını göstərməyib. Halbuki cavabdeh öz izahatını təsdiq edən heç bir dəlil və subut məhkəməyə təqdim edə bilməyib. Bu da, Mülki Prosesual Məcəllənin 14-cü maddəsinin (Məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı, onlardan istifadə etməlidir) pozulmasıdır ki, hakim Mahir Əsədli bunu edib. Eyni zamanda, hakim Mahir Əsədli cavabdehin vəsatətinə əsasən, Yaqubov İdris İsmayıl oğlunun şahid qismində ifadə verməsinə şərait yaradaraq, qətnaməsində də, onun bu ifadəsinə subut kimi qiymət verib. Göyçay Rayon Məhkəməsində isə, cavabdeh bu vəsatəti versə də, hakim onun vəsatətini təmin etməyib. Çünki şahid qismində göstərilən İdris Yaqubov həmin məhkəmə prosesində, iclas gedən zalda oturaraq, əvvəldən axıradək, tərəflərin və digər şəxslərin ifadələrini dinləyib. İdris Yaqubovun şahid qismində dindirilməsi vəsatəti veriləndə, mən buna etiraz etmişəm. Hakim də, haqlı olaraq, mənim etirazımı qəbul edərək, cavabdehin bu vəsatətini təmin etməyib. Çünki Mülki Prosesual Məcəllənin 181-ci maddəsinə əsasən, şahidlər iclas gedən zala buraxılmalı deyillər. Lakin Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli qanuna zidd olsa da, yuxarıda qeyd etdiyim kimi, cavabdehin şahidi İdris Yaqubovun ifadə verməsinə şərait yaradıb. O, bu hərəkətləri ilə, hakimlərin müstəqilliyini, ədalət mühakiməsinin prinsiplərini pozmaqla, Azərbaycanda məhkəmə sisteminə ciddi kölgə salır ki, bu da vətəndaşların hakimlərə olan etimadının itirliməsinə səbəb olur. Belələri, Azərbaycanda məhkəmə sisteminə inamı öldürən hakimlərdir ki, onların bu cür qanunsuz və əsassız verdikləri qərarlar araşdırılmalı, etdikləri qanunsuzluqlara görə, hakimlik səlahiyyətlərinə xitam verilməlidir.
Mən, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin bu qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişəm. Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Aslan Kalbalıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin pozulması aşkar olunduğuna görə, mənim kassasiya şikayətim qismən təmin edilib. İşə yenidən baxılması üçün, həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunub. 30.04.2019-cu il tarixində, Şəki Apellyasiya Məhkəməsi, hakim Elçin Hüseynovun sədrliyi ilə, bu işə yenidən baxacaq.
Cənab Prezident!
Mən, mətbuat vasitəsi ilə, Sizə, ona görə müraciət edirəm ki, bu məhkəmə iclasında ədalətin bərqərar olmasında mənə dəstək verəsiniz. Çünki cavabdeh Eldos İsmayılov yaşadığı kənddə qorxub-cəkinmədən danışır ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli ilə danışıqlar aparıb. Hakim Mahir Əsədli deyib ki, Şəki Apellyasiya Məhkəməsinin sədri ilə razılaşıb. Guya, hakim Elçin Hüseynov Eldos İsmayılovun xeyrinə qərar verəcək. Amma, mən, Azərbaycanın məhkəmə sisteminə və hakimlərə inanıram. Məhkəmə sistemindən Mahir Əsədli kimi hakimlərin tezliklə kənarlaşdırılacağına inanıram. İnanıram ki, Sizin gostərişiniz və mətbuatın dəstəyi ilə, 30.04.2019-cu il tarixdə Şəki Məhkəmə Komleksinin Şəki Apellyasiya Məhkəməsinə aid zalında olacaq məhkəmə işinə, hakim Elçin Hüseynovun sədrliyi ilə, obyektiv baxılaraq, ədalətli qərar veriləcək.
Kömək üçün, Sizə qabaqcadan minnətdarlığımı çatdırıram!".

Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.

Əlaqəli xəbərlər