WhatsApp Image 2019-05-27 at 05.10.51.jpg

Şamaxıdan olan üç körpə atası, aidiyyatı dövlət qurumlarına ünvanladığı
bir etiraz mesajını, ona dəstək üçün, araz.az-ın redaksiyasına da göndərib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Qurban Qurbanovun anasına qarşı nalayiq hərəkətlərinə dözməyərək, sonda, Azərbaycanda getdikcə çoxalan bu etiraz metoduna əl atacağını qeyd edən Sədi Qafarov öz mesajında yazır:

"Şamaxıda baş vermiş məlum son zəlzələdə qəzalı vəziyyətə düşən, ikinci qrup əlil qardaşıma məxsus evə baxış keçirərkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Qurban Qurbanov anamı nalayiq sözlərlə təhqir edib. Öncə
anamdan evin nədən belə vəziyyətə düşməsinin səbəblərini soruşub. Zəlzələdən övlad mülkünün bu hala düşdüyü cavabı müqabilində, Qurban Qurbanov anamı camaatın qarşısında biabır edib. "Bir ayağın burda, bir ayağın gordadır, ay imansız! Ayıb olsun sənə, yalan danışırsan!.." -- deyərək, ağına-bozuna baxmadan, dişinin dibindən çıxanı ağbirçək arvadın üstünə töküb. Yazıq arvad nə edəcəyini bilməyib.
Həmin vaxt mən qardaşımın xəstə olan azyaşlı oğlunun problemlərinin həlli üçün
paytaxt Bakıya getmişdim. Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanada olarkən, anam qonşunun telefonuyla mənə zəng vurub, ağlaya-ağlaya başına gətirilənlər barəsində ətraflı danışdı.
Anama qarşı törədilən bu haqsızlığa ürəyim tab gətirmədi və dərhal 102 xidmətinə bu barədə məlumat verdim. Şikayətimdən çox keçməmiş, Qurban Qurbanov Şamaxı Rayon Polis Şöbəsinə dəvət olunub və izahatı alınıb. O, izahatında göstərib ki, guya, elə hadisə olmayıb, anamı təhqir etməsi barədə deyilənlər isə, tam yalandır. Beləcə, biz dindirilmədik və şikayətimiz də təmin olunmadı.
Bunlar məlum ədalətsizliyin və haqsızlığın bir tərəfi, digər tərəfi isə ondan ibarətdir ki, Qurban Qurbanovdan şikayətçi olduğumuz üçün, sənədlərdə qardaşımın evinin qəzalı olması barədə qeydlər dəyişdirilərək, köhnə ev kimi göstərilib. Halbuki Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov zəlzələ ilə əlaqədar Şamaxı rayonunda olarkən, mən onunla görüşüb, ağır xəstə uşağının cərrahiyyə əməliyyatı ilə əlaqədar qardaşımın xaricə getdiyini və yeraltı təkanlar nəticəsində evinin pis vəziyyətə düşdüyü barədə ona da geniş məlumat vermişəm. Onda, cənab nazir də mənə bildirdi ki, narahat olmayaq, hər şey yaxşı olacaq.
Nəzərinizə çatdırım ki, həmin zəlzələdən zərərçəkmişlərə dövlət dəstəyi və vətəndaş tikililərində yaranmış fəsadların aradan qaldırılması məqsədilə, hökumət Şamaxı rayonunda komissiya yaradıb. Və bizə qarşı edilən məlum haqsızlıqla əlaqədar, mən həmin komissiyasının sədri kimi tanıdıgımız Adil adlı şəxsin yanında da olmuşam. Bildirmişəm ki, qardaşım xaricdədir və başı xəstə olan beş yaşlı uşağının problemlərinə qarışıb. Bu səbəbdən, özü sədrin yanına gələ bilməyib və bunu məndən xahiş edib. O, prinsipial adamdır -- bu haqsızlıqla da barışan deyil. Azərbaycana qayıdanda hər şey gec olacaq, gedib meydanlarda palatka qurub, dövlətdən sığınacaq istəyəcək. Sonrakı peşimançılığın isə, heç vaxt faydası olmur. Adil müəllim mənim haqlı iradlarıma dözməyərək, hövsələdən çıxdı və acıqla dedi ki, Qurban Qurbanovdan şikayət etməsəydim, hər şey bizim xeyrimizə olardı. İndi, gedib hara şikayət etsək də, onlara heç kim heç nə edə bilməz.
Doğrudan da, aidiyyatı dövlət qurumlarına hər iki haqsızlıqla bağlı etdiyim şikayət xarakterli çoxsaylı müraciətlərimə məhəl qoyan yoxdur. Tədbir görən tapılmır ki, tapılmır!
Nə edə bilərəm?! Bəlkə, siz mənə bir yol göstərəsiniz. Bu haqsızlıqlara dözə bilmirəm, hətta üç körpə uşağımın gözləri qarşısında özümə od vurub, yandırmaq istəyim olub. Fikrimdə qəti olduğumu görən dost-tanış məni bu yoldan çəkindirib, səbr diləyiblər. Axı, başqa əlacım qalmayıb. Sanki Qurban Qurbanov göydən düşüb, ağbirçək arvada ağzına gələni desə də, xətrinə belə dəyən yoxdur. Üstəlik, etdiyim şikayətin əvəzini, gərgin günlərini yaşayan qardaşımdan çıxarmaq istəyir.
Onun qəzalı evinin əvəzində isə, ayrılmış dövlət vəsaiti hesabına rayonda başqa evlər təmir olunur. Belə narazılıq yaradanların haram yolla nələr qazandıqları isə, göz qabağındadır.
Yeri gəlmişkən, qeyd edim ki, qardaşımın zəlzələ fəsadları ağır olan evi bizimlə bir həyətdədir. Ailəsi beş nəfərdən ibarətdir, özü isə, ikinci qrup əlildir. Beş yaşı yenicə tamam olmuş bir oğlu çox ağır xəstədir. Mukavidsoz mədəaltı vəzi və ürəyindəki parok xəstəliklərindən əziyyət çəkir. Onun nə vəziyyətdə olduğunu "Space" kanalı çəkib, göstərdi. Xalqımızın səxavətli oğul-qızlarından Tanrı razı olsun! Cərrahi əməliyyatı üçün tələb olunan məbləğin toplanmasında yardımçımız oldular. Xəstəmiz hazırda Ukraynanın Xarkov şəhərindədir. Xəstəxanaya yerləşdirilib, hələlik müayinə olunur, ağır keçəcək əməliyyatına hazırlıq gedir. Hamımız onu çox istəyirik və tez sağalmasına böyük ümidlərimiz var. Çünki Böyük Allaha olan ümidimiz sonsuzdur! Heç olmasa, Adil müəllim və Qurban Qurbanov bu ağır günlərimizə baxıb, nəticə çıxarsınlar. Axı, insaf da yaxşı şeydir!
Sonda, bunları ona görə yazdım ki, qardaşımın bu ağır durumu, bəlkə, səlahiyyət sahibi kimsəni narahat etdi!..".

Məhi ELSEVƏR,
araz.az saytının xüsusi müxbiri.

WhatsApp Image 2019-05-27 at11 05.10.53.jpg