“Mətbuat Şurası MEDİA-nın təcrübəsindən də yararlana bilər”

vasif5

Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciət edib. Müraciətdə qeyd edilir ki, internet və multimedia şəbəkəsinin əhatə dairəsinin böyük sürətlə genişlənməsi, müasir texnologiyaların yaratdığı sonsuz imkanlar, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni informasiya mühiti formalaşdırıb.

araz.az  Bakı Xəbər-ə istinadən bidirir ki, Çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır: “Bu platformalardakı ayrı-ayrı səhifələr, populyar şəxslər, blogerlər və ən fərqli düşüncəyə sahib sosial şəbəkə istifadəçiləri hər gün əhali qruplarında maraq doğuran məlumatlar yaymaqla, müxtəlif mövzuları gündəmə gətirməklə azad informasiya və diskussiya şəraitini genişləndirir, cəmiyyət həyatının fəal iştirakçılarına çevrilirlər. Bütün sosial media mənsublarını, bu platformanın fəallarını insanların şərəf və ləyaqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyə, söyüş və vulqar ifadələrin işlədilməsindən çəkinməyə, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağa, onları zədələyən, mənəvi-psixoloji durumuna mənfi təsir göstərə biləcək zərərli bilgiləri paylaşmamağa, terror, xurafat və cəhalət təbliğatçılarına qarşı barışmaz olmağa, bir sözlə, ölkə jurnalistlərinin VIII qurultayının qərarı ilə təkmilləşdirilmiş “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndakı müddəalara riayət etməyə çağırırıq”.

Mətbuat Şurasının məlum müraciəti ictimaiyyət tərəfindən xoş qarşılanır.

Əməkdar jurnalist,  Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Mətbuat Şurası media ilə bağlı ölkə vətəndaşlarını narahat edən bütün məsələlərə diqqətlidir: “Təəssüflər olsun ki, sosial media istifadəçiləri arasında yeni texnologiya imkanından sui-istifadə edənlər az deyil. Məlumdur ki, sosial mediada paylaşılan bəzi məlumatlar media əhli üçün informasiya rolu oynayır. Təəssüf ki, bəzi naşı həmkarlar həmin məlumatlardan istifadə edərək xəbər, yazı hazırlayırlar. Nəticədə isə bu faktlar cəmiyyətə yanlışlığa aparır. Bu baxından da Mətbuat Şurası hesab etdi ki, sosial media istifadəçilərinə müraciət olunsun. Onlara çağırış edilsin ki, negativ, əsassız paylaşımlardan çəkilsinlər və ümumi informasiya mühitini lazımsız şaiyələrlə doldurmasınlar. Mətbuat Şurasının məlum müraciəti Azərbaycan cəmiyyətinin narahatlığı kimi qəbul edilməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, biz sosial medianın azadlığını qəbul edirik, ancaq bununla yanaşı bu platformanın zərərli vərdişlərə görə istifadə olunması düzgün deyil: “Əldə olan imkanlardan faydalı şəkildə istifadə etmək lazımdır. İnsanları maarifləndirmək, doğru informasiyalar yaymaq lazımdır. Əks təqdirdə xoşagəlməz hadisələr yaşanır”.

“Demokrat Media”nın direktoru Vasif Həsənli qəzetimizə açıqlamasında qeyd etdi ki, bu günlərdə Azərbaycan Mətbuat Şurasında sosial mediada fəal olan kanal rəhbərləri və səhifə idarəçiləri ilə keçirilmiş görüş çox vacib tədbir idi. Bildiyimə görə, bu görüşdə Azərbaycanda sosial şəbəkələrin vəziyyəti müzakirə edilib, sosial şəbəkə istifadəçilərinə müraciət qəbul olunub. Bu formada görüşlər Facebook, Youtube və digər seqmentlərdə aktiv olan şəxslərlə də davam etdirilməlodir. Çünki sosial şəbəkələr həyatın ayrılmaz parçasına, günümüzün trendinə çevrilərək, yeni media reallıqları yaradıb. Bu gün demək olar ki, əksərimiz sosial şəbəkələrdən hər gün istifadə edirik, istənilən məlumat daha çox sosial şəbəkələrdə sürətlə yayılır. Sosial şəbəkələrdən istifadəyə müsbət və ya mənfi yöndə baxmaq olar. Amma sosial şəbəkələrin inkişafı informasiya bolluğuna və əlçatımlılığına, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır. Bu baxımdan mediamız da sosial şəbəkələrin yaratdığı imkanlardan yararlanmalıdır və hazırda da bu iş gedir. Misal üçün, MEDİA agentliyi tərəfindən sosial şəbəkə fəalları və blogerlərlə bağlı müxtəlif görüşlər və tədbirlər təşkil edir. Ümumiyyətlə, Mətbuat Şurası MEDİA agentliyinin təcrübəsindən də yararlana bilər. Hesab edirəm ki, Mətbuat Şurası sosial şəbəkə fəalları ilə görüşləri intensiv təşkil etməli, həmçinin, təkcə fəal səhifə istifadəçiləri ilə deyil, eyni zamanda tanınmış blogerlərlə də görüşlər keçirməlidir. Bütövlükdə, bu cür addımlar mediamızın yeni dövrün çağrışları ilə ayaqlaşmasını sürətləndirəcək.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli təəssüf hissilə qeyd etdi ki, insanların şəxsi həyat toxunulmazlığı, işğüzar nüfuzunun zədələnməsi, şər, böhtan tipli informasiyalar son zamanlar sosial şəbəkələrdə daha çox yayılır. Bundan başqa sosial mediada dezinformasiyalara, feyk xəbərlərə də rast gəlirik: “Bu da çox vaxt insanlar tərəfindən qınaqla qarşılanır və Azərbaycan mətbuatı haqda da neqativ fikirlər yaranır. Bilisiniz ki, hazırda informasiya məkanı genişlənib və sosial platformalar da xəbər istehsalçısı, xəbər yayımçısı rolunu oynayır. Azərbaycan jurnalistləri, peşəkar KİV-lər etik davranış qaydalarına riayət etsə də, sosial mediada bu prinsiplərin tez-tez pozulması hallarına rast gəlirik. Mətbuat Şurası da bütün bunlar nəzərə alaraq sosial şəbəkə istifadəçilərinə müraciət etdi. Bu müraciətin əsas məqsədi sosial mediada etik davranışlara, milli-mənəvi dəyərlərə, şəxsi həyat toxunulmazlığına çağırış etməkdən ibatətdir”.

H.Heydərli hesab edir ki, cəza mexanizmlərinin dövriyyəyə girməsi birmənalı qaydada arzuedilməzdir. İlk növbədə maarifləndirmə tədbirləri olmalıdır ki, sosial media fəalları informasiyaları təhlil edib, düzgün nəticə çıxara bilsinlər. Bu müraciət sosial şəbəkə istifadəçilərinə tövsiyə xarakterlidir: “Düşünürəm ki, sosial mediada hər kəs məsuliyyətini anlasa, informasiya təhlükəsizliyinə fərdi qaydada töhfə vermiş olar”

araz.az xəbər portalı.

Əhaliyə ŞAD XƏBƏR

manat122 2

İcmal büdcədə bir neçə milyard manat qalıq yaranıb. Milli Məclisin  iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov ''Xəzər Xəbər''ə bildirib ki artıq qalan vəsait sosial yönümlü xərclərə yönəldiləcək. Bu məqsədlə müvafiq tədbirlər görüləcək.

araz.az bildirir ki, bu ilin icmal büdcəsində 7 milyard manatdan çox qalıq yaranıb.

Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov büdcə proqnozlarına belə aydınlıq gətirib.

Aydın Hüseynovun sözlərinə görə, icmal büdcədə 7 milyard 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

2022 ci ilin yekunları tam təhlil olunduqdan sonra icmal büdcəninin qalığının yönləndilməsi ilə bağlı müvafiq tədbirlər görüləcək.

araz.az xəbər portalı.

Pensiya alanlara şad xəbər: Bu tarixdə artırılacaq - VİDEO

manat122Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılır.

araz.az bildirir ki, bu, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.

Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır.

Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əməkhaqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əməkhaqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əməkhaqqının artım fazinə görə indeksləşdiriləcək.

Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.

araz.az xəbər portalı.

Bakıda bu binalar söküləcək - Sakinlərə 1500 AZN kompensasiya veriləcək - FOTO

bina3

Bakının 12 rayonunda komissiya üzvləri və mütəxəssislərlə birgə qəzalı binalara baxış keçirilib. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alıb.

Rayonlar üzrə məlumatlar toplanaraq Bakı şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya təqdim olunub və komissiya da öz növbəsində qəzalı binalar barədə məlumatları Nazirlər Kabinetinə göndərib.

araz.az  Baku.ws-ə istinadən bildirir ki,  yaxın 2-3 gün ərzində Bakının Nərimanov rayonu ərazisində iki binannın sökülməsi barədə qərar açıqlanacaq. Bunlar Nərimanov rayonu ərazisində yerləşən Fətəlixan Xoyski 212 və 214 ünvanlarında yerləşən binalardır.

Binalar 1956-cı ildə Bakı Şin zavodunun yataqxanası kimi tikilib. O zaman həmin zavodun işçilərinə verilib, amma sonradan başqa ev ala bilmədikləri üçün orada yaşamalı olublar.

Yataqxana yaşayan sakinlərə binaların sökülməsi zaman iki variant təklif olunacaq. Onlar ya 1500 AZN kompensasiya alacaqlar, ya da sökülən yataqxananın yerində tikiləcək hündürmərtəbəli binadan mənzil əldə edəcəklər.

Qeyd edək ki, Bakıda yerləşən digər qəzalı binalarla bağlı da müvafiq qərarların mərhələlli şəkildə veriləcəyi bildirilir.

araz.az xəbər portalı.

Media Reyestri fəaliyyətə başladı

jurnalist6 5

Media Reyestri fəaliyyətə başlayıb.

araz.az bildirir ki,  bu barədə  Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Prezident İlham Əliyevin “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərmanına əsasən, Medianın İnkişafı Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulub.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə Media Reyestri şəhadətnaməsi və jurnalist vəsiqəsinin forması, həmçinin jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib, bununla da Media Reyestrinin hüquqi təminatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrası yekunlaşıb.

Beləliklə, Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatıb və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlayıb.

Məlumatda vurğulanıb ki, media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər.

Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair məlumatlandırıcı çarxla buradan tanış ola bilərsiniz. Bununla yanaşı, Media Reyestrinin informativ veb-səhifəsinin “Tez-tez verilən suallar” bölməsində Reyestrə müraciətlə bağlı detallı məlumatları əks etdirən təlimatla da tanış olmaq mümkündür.

araz.az xəbər portalı.

9 -dən səhifə 167

Əlaqəli xəbərlər