
Paytaxtda söküntü-tikinti işləri aparan, “krışası" yuxarılardan olan tikinti şirkətləri son zamanlar sakinlərin başına hansı oyunları açmırlar?! Göz qabağında açıq-aşkar əhalinin həqiqi bəlasına çevrilən belə tikinti qurumlarının xoşagəlməz işləri barədə, ölkə mətbuatı da, çox yazılar verib. Nə olsun, bunun da bir faydası olmayıb. Çünki haqlı narazılıqları özündə əks etdirən çoxsaylı vətəndaş şikayətlərınin əksəriyyəti yuxarı instansiyalarda ört-basdır edilib.
Qanunla, bu tip şikayətlərə, ilkin olaraq, Fövqəladə Hallar Nazirliyinin nəzdindəki Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin reaksiya verməlidir. Lakin...
...araz.az-a üz tutanların bu dəfəki şikayətləri də, tikintidə təhlükəsizlik qaydalarına riayət etmədən, ətraf mühiti inşaat tullantıları ilə çirkləndirməkdən çəkinməyən, beləcə sakinlərin canlarını boğazlarına yığan həm sifarişçi, həm podratçı iki tikinti qurumunun olduqca kobud əməlləri barədədir.
Paytaxtda hamının yaxşı tanıdığı İnqilab, 17-nin (indiki Həsən Əliyev küçəsi, 17) iki addımlığında - Həsən Əliyev küçəsi, 16/18 ünvanında beşmərtəbəli qeyri-yaşayış binasının tikintisini həyata keçirən "İmarət - İnşaat" və "Star Construktion - 12" MMC-lər ətrafdakı yüzlərlə həyət evində yaşayanlarin, tikinti gedən ərazi ilə üzbəüzdə yerləşən iaşə, ticarət obyektlərində çalışanların "günlərini göy əskiyə büküb".