ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR
Sumqayıt-70
ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR
Sahib Fərzəliyev: “Aldığım dərslər mənə həyatda mətin, cəsarətli, mərd və sədaqətli olmağı öyrətdi.”
Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt “Dostlar klubu” və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati, bəşəri məsələlərlə bağlı mülahizələrimizi bölüşürük. Bütün söhbətlərimizdə, müzakirələrdə Sahib müəllim öz təfəkkürünə, düşüncə tərzinə, dostlarla səmimi münasibət qurmaq bacarığına görə seçilir. Onun söhbətləri, həyata baxışı, müxtəlif məsələlərlə, müəyyən problemlərlə bağlı orijinal fikirləri həmişə maraq doğurur. Bu, bəlkə də bir də ondan irəli gəlir ki, Sahib Fərzəliyev universitet müəllimi, professordur. Hər gün Memarlıq və İnşaat Universitetinin tələbələri qarşısında mühazirə oxuyub, dərs dediyinə və həmişə onları maraqlandıra bilən hər bir sualın cavabına hazır olduğuna görə bizimlə söhbətlərində də pedaqoq təfəkkürü ilə danışır, bizi qeyri-ixtiyari özünün məntiqi fikirlərinə yönəldir. Sahib müəllim bir yol yoldaşı kimi də çox maraqlı, olduqca sadə, səmimi adamdır. Onun yol boyu söylədiyi müdrik kəlamları, maraqlı lətifələri, söhbətlərini, bir qarabağlı kimi hərdən avazla oxuduğu Azərbaycan xalq mahnılarını böyük həvəslə dinləyirik.