Qərbi Azərbaycan İcması fəaliyyətini genişləndirir -- TƏDBİR
Aprelin 28-də Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan İcma rəhbəri Əziz Ələkbərli QAİ-nin getdikcə genişlənən fəaliyyəti barədə ətraflı məlumat verib. Təşkilatın Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, Əziz Ələkbərli çıxışında, aprelin 24-də Bakı Slavyan Universitetində "Turan Araşdırmalar Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə, "Saxta erməni soyqırımı" mövzusunda keçirilən, aprelin 26-da isə, Azərbaycan Milli QHT Forumunun akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr etdiyi tədbirlərdə rəhbəri olduğu Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması adından iştirak və çıxış etdiyini qeyd edib. Onun dediyinə görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək, abidələri önünə gül dəstələri qoyublar. Sonra Bakı QHT Resurs və Təlim Mərkəzində görkəmli oftalmoloq alimin həyat və fəaliyyətinə həsr olunan tədbir olub. MQF-nin prezidenti Rauf Zeyni, MQF-nin vitse-prezidenti Nüşabə Məmmədova, Azərbaycan Tibb Universitetinin müəllimi, dosent Aidə Bəndəliyeva, BDU-nun professoru Leyla Gərayzadə, MQF İdarə Heyətinin sədr müavini İradə Rzazadə, MQF İdarə Heyətinin üzvü Çingiz Bayramov, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri və digər şəxslər tədbirdə maraqlı çıxışlar ediblər. Əziz Ələkbərli öz çıxışında akademik Zərifə xanım Əliyevanı Azərbaycan xalqının 20-ci yüzildə yetirdiyi görkəmli şəxsiyttələrdən biri kimi səciyyələndirib və alimin irsinin daha geniş sferada təbliğini vacib saydığını da vurğulayıb.