“Kəlbəcərin məxfi müdafiə xəritəsi öldürülmüş erməni polkovnikin üzərindən tapılıb...”
“Kəlbəcərin işğalı ərəfəsində Azərbaycanda Qarabağdakı ermənilərin sayına yaxın sayda hərbi qulluqçu səfərbər olunub...”
Bu il Kəlbəcərin 25-ci “qara yubileyi”ni də keçirdik... Bu dilbər, bənzərsiz guşəmizin ermənilərə işğal etdirilməsindən (!) artıq bir qərinə ötdü... Amma işğal altındakı digər bölgələrimiz kimi Kəlbəcər rayonu da yalnız işğal günlərində deyil, hər gün, hər saat Azərbaycan vətəndaşının yadından çıxmamalıdır... Xəbər verdiyimiz kimi, 1991-1994-cü illərdə Qarabağda gedən qanlı savaşlar zamanı Azərbaycan parlamentində baş vermiş əksər hadisələrin şahidi olmuş sabiq deputat Maksim Musayev Kəlbəcərin işğalından 5 il sonra - 1998-ci ilin aprelində bu haqda yazdığı maraqlı bir məqaləsini Moderator.az-a təqdim edib. Tarixi-siyasi aktuallığını nəzərə alaraq keçmiş parlament üzvünün 1993-cü ilin mart, aprel və may aylarında Milli Məclisdə Kəlbəcərin işğalı ilə bağlı müzakirələr haqda gündəlik qeydləri, şahidi olduqları və iclasların stenoqramları əsasında hazırladığı məqaləsinin ən maraqlı məqamlarını dəyərli oxucuların mühakiməsinə buraxırıq: