Azərbaycan Milli Azadlıq Hərəkatının əvəzolunmaz liderindən birlik çağırışı — BƏYANAT

 index İB.jpg


 

Azadlıq fədaisi silahdaşlarını «Bakı-Dirçəliş» sıralarında mübarizəyə səslədi

Sovet imperiyasının qanun və xalq adından törətdiyi qatı cinayətlər, ağlasığmaz cəzalar dövründə fədakarcasına bu əzazil rejimə qarşı çıxan, şüurlu həyatının böyük hissəsini, təmənnasız olaraq, bütöv Azərbaycan savaşına həsr edən, Vətən, xalq azadlığı uğrunda mübarizəyə könül verməkdən daim rahatlıq tapan, ailəsinin və özünün rahatlığından daha çox, milli dövlətini, onun müstəqilliyini düşünən, həyatını və sağlamlığını bu nəcib ideyaların reallaşması uğrunda qurban verməkdən belə çəkinməyən, o amansız mühitin əzab, işgəncə və məhrumiyyətləri məngənəsində düçar olduğu sağalmaz xəstəliklər ucbatından, ömrünün qalan hissəsini əlil arabasında keçirməyə məhkum olan Azərbaycan Milli Azadlıq Hərəkatının əvəzolunmaz liderl, yorulmaz ziyalımız Nəsir bəy Zərbəli oğlu Ağayev yenə meydandadır. Yenə də, bəşəriyyətin üzləşdiyi siyasi gərginlik mühitində qəlbinə hopan milli ruhunun narahat təzahürlərini üzə vurur.

«Bakı-Dirçəliş» İctimai Birliyi Ağsaqqallar Şurasının sədri olaraq, verdiyi B Ə Y A N A T da, elə, onun bu narahatlığına köklənib. Bu Bəyanat, onun insanlara ilham və ruh verən çağırışlarındandır. Araz.az saytına daxil olan həmin Bəyanatda deyilir: «Azərbaycan Respublikasının dinamik inkişafı, coğrafi mövqeyi, insan resursları, yeraltı və yerüstü sərvətləri bədxahlarımıza rahatlıq vermir. Elə, bu səbəbdəndir ki, böyük güclərin Azərbaycana təsir istəkləri günü-gündən intensivləşir. Azərbaycanın müstəqilliyi möhkəmləndikcə, dünyadakı siyasi nüfuzu artdıqca ölkəmizə olan basqılar daha da çoxalır. Torpaqlarımızın işğalı, cəmiyyətdəki radikal ünsürlərin aktivləşməsi, heç də təsadüfi olmayıb. Bütün bunlar, Azərbaycanın düşmənləri tərəfindən süni şəkildə yaradılan iyrənc siyasətin tərkib hissəsidir.
Belə bir vəziyyətdə, nəinki ölkəmizin və dövlətçiliyimizin inkişafı naminə mübarizəyə qoşulmaq, həm də bu mübarizənin ön sıralarında olmaq hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır. Milli-mənəvi dəyərlərimizə qayıdış, ölkəmizdə baş verən ictimai-siyasi hadisələrin aktiv iştirakçısına çevrilmək gələcəyimizin təminatıdır. Belə bir dövrdə, ən yaxın tariximizdə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizədə mühüm rol oynamış, böyük mübarizə əzmi və ləyaqət nümunəsi göstərmiş Bakı və Kəndlər Birliyinin yaradıcısı və ilk sədri kimi, mən, yenə də, Azərbaycanın dövlətçiliyi və onun inkişafı uğrunda mübarizəmi davam etdirir və bildirirəm ki, bu yoldan heç vaxt dönməyəcəyəm. Vaxtilə, təşkilatımızın sıralarında parçalanma yaratmış, öz şəxsi məqsədlərini ictimai mənafeyindən yüksək tutan insanların səmimiyyətinə inanmıram. Məhz buna görə, mənə olunan çoxlu müraciətləri nəzərə alaraq, bu gün fəaliyyətimi Bakı və Kəndlər Birliyinin varisi olan və Azərbaycanı sevən konstruktiv mövqeli insanları ətrafında birləşdirən «Bakı¬Dirçəliş» İctimai Birliyində, bu qurumun Ağsaqqallar Şurasının sədri kimi davam etirirəm. Mənə inanan, mənim mübarizə yolumu qəbul edən, Vətəninə, xalqına və milli dövlətçiliyinə sadiq olan bütün silahdaşlarımı “Bakı¬Dirçəliş» İctimai Birliyi ətrafında birləşərək, Azərbaycanın inkişafı uğrunda mübarizəmizi davam etdirməyə çağırıram».

Səməndər QURBANOV,

araz.az saytının xüsusi müxbiri

Əlaqəli xəbərlər