"Vur və Qaç": XTQ üçün MLRS107 mobil kompleksləri – Hərbi ekspert (ANALİZ)

107mm_light_MLRS_ADEX_2014_International_Defence_Industry_Exhibition_Baku_Azerbaijan_11_to_13_september_2014_002_3039440368.jpg


 Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi müasir silah sistemlərindən biri də MLRS 107 (Multiple Launch Rocket System - Yaylım Atəşli Reaktiv Sistem) mobil kompleksidir. Yerli mütəxəssislərin hazırladığı silah sisteminin bazasını yüngül taktiki ərazi maşınları təşkil edir.

Xüsusi təyinatlı qüvvələrin fəaliyyətlərini aktiv şəkildə dəstəkləmək üçün iki hissədən ibarət 107 mm YARS, yüngül taktiki maşınların arxa hissəsinə quraşdırılır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi MLRS107 mobil kompleksini ilk dəfə 2014-cü ildə Bakıda keçirilən "ADEX-2014" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirib.

Kompleks XLT markalı, 6x6 təkər formulasına sahib "Ford" modelinin bazasında qurulub. 6,7L həcmli V-8 slindirli, 400 at gücünə malik arasoyutmalı turbinə malik mühərrik 6 pilləli sürətə malik avtomatik ötürücü ilə tandemdə çalışır. Mühərrik güc və ərazi keçicilik göstəricilərinə görə sinfinin ən yaxşılarından hesab olunur. Pikapın hər tərəfinə tək qapı quraşdırılıb. Sürücü və komandir vasitənin önündə əyləşərək kompleksi oradan idarə edirlər.


Pikapın arxa tərəfində iki ədəd 12-lüləli YARS-ın atıcı qurğuları quraşdırılıb. 63-107 HPJ optik qurğusundan istifadə olunur. Atəş məsafəsi sursatdan asılı olaraq, 8000-11000 metr arası dəyişir. Qurğu sursatsız 870 kq, yüklü halda isə 1300 kq çəkiyə malikdir. Döyüş dəstinə daxil olan 24 ədəd reaktiv sursatların hər biri 18 kq-dir. Atəş tempi saniyədə iki raketə barabərdir. Nəqliyyat vasitəsinin standart avadanlıqlarına naviqasiya sistemi, GPS və avtonom naviqasiya sistemi daxildir. Atəşin idarəetməsi kabindən və ya məsafədən həyata keçirilə bilər. Qurğu saniyədə 6° sürətlə dönə bilir. Qurğular 0 ilə + 60º şaquli, 110º sola və 90º sağa olmaqla üfüqi istiqamətlərdə hərəkət etməyə qadirdir.

Kompleksin dəyəri ilə bağlı dəqiq məlumatlar açıqlanmır. Lakin baza olunaraq istifadə edilən 6,7L həcmli V-8 slindrli mühərrikə və 6x6 təkər formulasına sahib "Ford" modelinin zirehsiz variantının dəyəri təxminən 100000 ABŞ dolları ətrafındadır. 

Sistem yüklənən raket tipini avtomatik olaraq tanıyır. Sistemdə istifadə olunan 107 mm raketlər izolyasiya edilən kompozit bölmədə saxlanılır və çox qısa zamanda atıcı qurğuya yerləşdirilir. Ətraf mühitə dəyən ziyan standartlardan kənara çıxmır. Bu sitemlərin digər variantları da mövcuddur. Müştəri istəklərinə görə, kompleks digər yük və minik avtomobil platformaları ilə bərabər təkərlər üzərinə yerləşdirilərək qoşquda daşınan versiyada hazırlana bilər.

MLRS107 kompleksləri vəzifələrin bölüşdürülməsi, hədəflərinin taktiki təyinatı, ballistik hesablama, hədəf istiqamətində yönləndirmə kimi vacib vəzifə və funksiyaları yerinə yetirmək üçün zəruri olan mexaniki, elektrik və elektron alt sistemlərlə təchiz edilib. 


MLRS komplekslərinin texniki qulluğu, sökülməsi, daşınması və quraşdırılması kifayət qədər sadədir. Digər təfəfdən daha kiçik ölçülü ərazi maşınlarına quraşdırılması, bu kompleksi dağlarda kiçik tərkibdən ibarət xüsusi təyinatlı və kəşfiyyat qruplarına yaxın və yaylım atəş dəstəyi vermək üçün ideal bir vasitəyə çevirir.

MLRS 107 kompleksinin üstünlükləri
"Vur və Qaç" qabiliyyəti

Naviqasiya və avtomatik idarəetmə sistemləri sayəsində 24 raketi 12 saniyə ərzində düşmən hədəflərinə tərəf buraxan MLRS107 dərhal yerini dəyişməklə "Vur və Qaç" taktikasını uğurla tətbiq edə bilir. Atəş mövqeyinə yetişdikdən 5 dəqiqə sonra kompleks yaylım atəşi aça bilir. Son raketin atılmasından 5 dəqiqə sonra isə atəş mövqeyini tam tərk edərək düşmənin cavab atəşindən yayınır və yeni atəş mövqeyində təkrar döyüşə hazırlaşır.

Geniş imkanlara sahib platform

MLRS sahib olduğu 6,7L həcmli, 400 at gücünə və 6x6 təkər formulasına sahib "Ford" platforması sayəsində istənilən dağlıq və yolsuzluq şəraitində etibarlı və yüksək imkanlara sahibdir. Əlavə qoşqu daşıma qabiliyyətinə malikdir. Güclü mühərrik şosse yolda yüksək sürətlə hərəkət etməyə şərait yaradır.

Rahat loqistika

Sökülərək digər baza üzərinə quraşdırıla bilən kiçik ölçülü 107 mm YARS müstəqil olaraq qoşquda dartılaraq aparılmaqla bərabər, eyni zamanda ehtiyat sursatları ilə birlikdə helikoterin həm içində, həm də asqısında daşına və ya paraşütlə endirilə bilər. İdarə olunmasında portativ kompüterdən istifadə edilir. 

Sürətli idarəetmə

Asan və tez doldurulur. GPS, İNS və avtomatok idarəetmə sistemi ilə inteqrasiya olunub. Kompleks, istənilən hava şəraitində, gecə və gündüz 11 km-ə qədər məsəfəyə reaktiv yaylım atəşi açmağa qadirdir. 

"Minus" atışları

MLRS107 raketlərinin daha bir üstün qabiliyyəti "minus" atışları həyata keçirə bilməsidir. Yəni dağlıq ərazilərdə kompleksin mövqeyindən daha aşağı yüksəkliklərdə yerləşən hədəflər atəşə tutula bilir.


Yüksək dəqiqlik

MLRS raketləri yüksək texnologiyalardan istifadə edilməsi sayəsində mükəmməl dəqiqlik və minimal hədəfdən yayınma əmsallarına malikdir. Atəş zamanı istifadə edilən hidravlik dəstək dayaqları minimal hədəfdən yayınma əmsalına, o isə öz növbəsində nöqtə hədəflərinə qarşı atışlar həyata keçirməyə imkan verir.

İstənilən vaxtda və şəraitdə atəş

MLRS107 raketinin yuxarıda göstərilən çox yüksək dəqiqlik və minimal yayınma əmsalının xüsusiyyətindən və elektron-optik nişangahlarından istifadə edərək gecə və gündüz şərtlərində görünən hədəflərə düz tüşlama ilə atəş aça bilər. Kompleksin komandiri kabinənin içindəki 63-107 HPJ optik qurğusundan istifadə edərək, müvafiq məsafələrə 107 mm-lik raketlərlərdən atəş aça bilər.

Minumun şəxsi heyətlə idarəetmə

Avtomatik rejimdə çalışan silahlara nəzarət, naviqasiya və hədəfə tuşlama sistemləri sayəsində, yalnız iki nəfərdən - komandir və sürücüdən ibarət ekipaj üzvü bütün vəzifələrin öhdəsindən gələ bilirlər

Universal silah və izsiz raket

Müxtəlif tipli raketlərdən istifadə edilə bilər. Raketdə istifadə edilən yanacağın xüsusi metodlarla tüstüsünün azaldılması atəş mövqeyini təyin etməkdə düşmənə müəyyən çətinliklər yaradır.

 Ordu.az

Əlaqəli xəbərlər