“Zakir Qaralov bizə konkret dedi ki..." - 3 sahibkar prezidentdən kömək istəyir

2018-02-26-10-14-01sumqayit-sahibkarlar.jpg


 Araz.az xəbər veri ki, Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva  Mia.az-a şikayət məktubu göndəriblər.

 
Onlar bildirirlər ki, 2013-cü ildə "Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşməkləri həm məhkəmə, həm də cavabdeh tərəf olan "Karvan" ın rəhbərliyi tərəfindən təsdiqlənsə də, onlara dəyən zərər ödənilmir.
 
Onlar şikayətlərində  qeyd edirlər ki, göstərilən konkret  məbləğ - ümumilikdə onlara dəyən 325 min manat rəsmən təsdiqlənib. Bununla  "Karvan” Ticarət Mərkəzinin rəhbəri də etiraf edib razılaşsa da ,bu pulu  ödəməli olduğu halda  5 ildir ödəmir.
 
Sahibkarlar xatırladır ki, Sumqayıtda yerləşən "Karvan" Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş  vermiş  yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb:
 
"Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəyib. Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanmışdır.  O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
 
 Qeyd edək ki, üç mərtəbəli, ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət mərkəzində yanğın saat 19:20 radələrində , sahibkarlar dükanlarını bağlayıb gedəndən sonra baş verib. Yanğın ümumilikdə 6 min kvadratmetr ərazini əhatə edib və 4 saat davam edib.
 
Sahibkarlara dəyən 15 milyon manata qədər  zərər məhkəmə  ekspertizası tərəfindən təsdiqlənib.
 O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov  (2016-cı ildə  dünyasını dəyişib) bildirib ki, dəyən zərərə görə "Azsığorta" şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək.
 
Yanğından  böyük miqdarda ziyan çəkən 368  sahibkar məhkəməyə müraciət etsə də sonradan 3 sahibkardan başqa hamısı onlara dəyən ziyan tanınsa da, şikayətlərini geri götürüb, cavabdehləri  bağışlayıblr ki, bu özü də müəmmalı və qəribədir”.
 
"Karvan" ın 1-ci mərtəbəsində 2006-cı ildən pal-paltar ticarəti ilə məşğul olan,yanğın zamanı  170 min manat ziyana düşən Şiralı Əsgərov bildirir ki, isti-isti ,ilk vaxtlarda yanğından  çox az qism sahibkara, təxminən 15 nəfərə, hansılar ki, böyük məğləğdə ziyana düşüb və əsas da, çox güman ki, ”yuxarıda” adamları olduğuna görə   müəyyən məbləğ ödənilib: "Amma əksəriyyətinə, o cümlədən, mənə, 15 kvadratmetrlik mağazasında 55 min manatlıq malı yanan, ayaqqabı ticarəti ilə məşğul olmuş   Füzuli Quliyevə və 15 ildir "Karvan”da qab-qacaq satışı ilə  məşğul olan, yanğın zamanı 100 min manat ziyana düşən Dilavər Abdullayevaya  "Karvan" Ticarət Mərkəzinin rəhbəri  bir qəpik də pul verməyib".
 
"Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə "Karvan"ın  icraçı direktoru vəzifəsinə  keçən  Kamil Əhədovun  özünün də bizə dediyi kimi həmin ziyanı ödəməyə pulu yoxdur. Halbuki biz  neçə illərdir  müqavilə əsasında fəaliyyət göstərmişik, "Karvan"ın rəhbərinə heç də az olmayan məbləğdə kirayə haqqı ödəmişik, vergi ödəyicisi olaraq illərlə dövlətə vergiləri, sosial sığorta haqqını vaxtında ödəmişik və bununla bağlı qəbzlərimiz  də var.
Amma  hüquqi şəxs kimi  "Karvan" Ticarət Mərkəzinin rəhbəri  sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa  da, kimlərəsə arxalanaraq  indi onlara dəyən zərəri ödəmək istəmir, bəhanə gətirir ki, pulum yoxdur. Halbuki  bildiyimizə  görə, hər ay  "Karvan” dan 2 milyon pul yığılır və pulun olmaması bu baxımdan inandırıcı deyil”, - deyə, məhkəmə proseslərində icarədar Əsgərova Töhfənin nümayəndəsi, onun  həyat yoldaşı Şiralı Əsgərov bildirir.
 
Şiralı Əsgərov  deyir ki, hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam etdi: "İstintaq qrupunun rəhbəri Ülvi İsmayılov olub. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu  arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular.Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin  o zamankı direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi.
 
Orta təhsili belə olmayan İ.Bayramovu isə həbs etdilər. İ.Bayramovun sonradan dediyinə görə, bu əmrlərdən heç xəbəri də olmayıb. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının qanunsuz olaraq  4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur?".
 
Zərərçəkmişlər Ali Məhkəmənin  hakimi İnqilab Nəsirovdan şikayətçidirlər. 
 
Belə ki, məhkum  İ.Bayramov  həbsxanadan  2016-cı il noyabrın 10-da Ali Məhkəməyə  müraciət  edərək  xahiş edib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin  20 may 2016-cı il tarixli qərarından (bu qərarla o, 5 il  6 ay azadlıqdan məhrum edilib) işin yeni məhkəmə baxışına  qaytarılmasına dair qəbul edilsin:
 
"Ali Məhkəmənin  hakimi İnqilab  Maşallah oğlu Nəsirovun sədrliyi ilə16 fevral ,2017-ci il tarixində keçirilən  məhkəmə kollegiyası da kassasya şikayətini  "qismən”təmin edərək  daha  işin yeni məhkəmə baxışına  qaytarılması haqda yox, gülməli  və məntiqsiz olaraq ümumiyyətlə məhkumun cəzasının yumşaldılması haqda  qərar verib, onu demək olar ki, azadlığa buraxıb. Halbuki məhkum heç bunu xahiş  edib istəməyib. Həqiqətən analoqu olmayan bir qərardır”.
 
Zərərçəkmişlər bildiriblər ki, bazarda mağazaları yanan digər şəxslərə yardım edilib: "Onların bir qisminə bazarda yer də verildi və yenidən işlərinə davam etdilər. Bizə isə dəyən zərərin heç 1 manatı da ödənilmədi. 2013-cü ildən bəri 3 nəfərik ki, bütün instansiyaları keçsək də şikayətimiz təmin olunmur. Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir. Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edildi. Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli sayda şəxsə  borcumuz var. Bizə dəyən zərərin ödənilməsini istəyirik”.
 
 II qrup əlil olan Dilavər Abdullayeva   bildirir ki,o xəstə-xəstə bu yaşında çoxsaylı məhkəmələrə  gedərək öz haqqını tələb etməyə məcburdur, çünki "Karvan”da  yanğın onu müflis edib, maddi vəziyyəti ağırlaşıb. Yanan malların pulunu vermək üçün o, evini girov qoyub bankdan pul götürmək məcburiyyətində qalıb və indi banka da pulunu 2 aydır verə bilmədiyinə görə bank onun evini əlindən almaq istəyir, ödəniş üçün vaxt qoyub:
 
"Əgər mənə dəyən yenə az olsaydı, mən bəlkə də  pulumu tələb etməkdən vaz keçərdim, amma mənə 100 min manat ziyan dəyib və ayrı-ayrı şəxslərə borcum var ki, mən onları ödəyə bilmirəm. "Karvan"ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalaşmışdı və yanğından sonra pulunu da aldı. Amma bu puldan bizə heç nə verilmədi.
 
Şəxsən mənim evimə icradan gəlib  dedilər ki, qoy sığorta pulunu alsınlar sizin pulunuz  veriləcək, amma iki dəfə o pulu aldılar, mənim isə  pulumu vermədilər.
 
Sumqayıtın dörd deputatı var , seçici olaraq təzə inşa olunan  YAP binasına da getmişəm,deputatımız  Tahir Mirkişiliyə də  problemimizi demişik amma bizim problem həllini tapmayıb,elə hamısı deyir çalışarıq, araşdırarıq, məsələyə baxılacaq , vəd verilir, müəyyən müraciətlər də olunur, amma 5 ildir ortada heç nə yoxdur. Bu 5 ildə 1 qəpik də pul verməyiblər”.
 
Şikayətçilər yazır ki, 2017-ci il yanvarın 30-u Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edərkən, onlarla da görüşüb: "Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir. Bundan sonra  baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə Baş prokuror şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə  dəyən zərər təxirə salınmadan aradan qaldırılsın, yəni  ödənilsin. Biz Sumqayıt icra hakimiyyətinə gedəndə məlum oldu ki, bu müraciət də , Qənirə Paşayevanın da, Ziyafət Əsgərovun da Zakir Fərəcova müraciəti  icra hakimiyyətindəki qovluqdadır, amma  əfsuslar olsun ki, bu günədək icra olunmayıb...”.
 
Sonda şikayətçilər onlara dəyən zərəin ödənilməsi üçün ölkə rəhbərliyindən kömək istəyiblər.
 
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
 
Mia.az

Əlaqəli xəbərlər