99 yaşlı xüsusi xidmət orqanlarına onlar rəhbərlik edib - adlar

b9051a42560b41be6fc6a4fc1651a70c.jpg

Məmmədbağır Şeyxzamanlı, Heydər Əliyev, Mədət Quliyev və daha kimlər?

Azərbaycanın xüsusi xidmət orqanlarının yaranmasının 99-cu ili tamamlanıb. 28 mart 1919-cu ildə Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Müstəqil Azərbaycanda təhlükəsizlik orqanları işçilərinin peşə bayramının martın 28-də qeyd olunması məhz həmin günlə əlaqəlidir və 1997-ci ildən qeyd edilməyə başlayıb.

Azərbaycan təhlükəsizlik orqanlarının tarixini 3 dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası, Sovet və müstəqil Azərbaycan Respublikası dövrləri. Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviçin xüsusi rolu olub. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırılıb. Azərbaycan Demokratik Respublikasının təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürüb. Azərbaycan Demokratik Respublikasının  hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib və Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi adlanıb.

Məmmədbağır Şeyxzamanlı ile ilgili görsel sonucu

Müstəqil Azərbaycan ADR-in varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmədən götürüb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı olub.  Sonra onu bu postda qardaşı Nağı Şeyxzamanlı əvəzləyib.

ADR-in süqutundan sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, Məmmədbağır Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib. Nağı Şeyxzamanlı Türkiyəyə mühacirət edib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya adlanıb və Daxili İşlər Xalq Komissarlığının tərkibində fəaliyyət göstərib. Bir müddət sonra Dövlət Təhlükəsizlik Komitəsi (DTK) təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Müstəqil Azərbaycanın ilk milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov olub. Onu bu postda 1992-ci ilin mayında Fəxrəddin Təhməzov əvəzləyib. 1993-cü ilin iyununda Nəriman İmranov bu posta təyin edilib. 1 il sonra, 1994-cü ilin oktyabrında Nəriman İmranovu əvəzləyən Namiq Abbasov 10 il nazir vəzifəsində çalışıb. Milli Təhlükəsizlik Nazirliyinin ləğvinə qədər quruma Eldar Mahmudov rəhbərlik edib - 2004-cü ilin iyulundan  2015-ci ilin oktyabrına qədər. Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan və Milli Təhlükəsizlik Nazirliyinin 20-dən artıq əməkdaşının həbsindən sonra qurum ləğv olunub.

Mədət Quliyev ile ilgili görsel sonucu

Həmin ilin dekabrında bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Milli Qəhrəman, general-leytenant Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

1958-ci ildə Gəncədə anadan olan M.Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət edib. 1992-1994-cü illərdə DİN Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb. 2011-ci ildə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin edilib. 2012-ci ildə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib. Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan 3 gün sonra - 20 oktyabr 2015-ci ildə Mədət Quliyev milli təhlükəsizlik nazirinin 1-ci müavini təyin edilib.

mtn.jpg (186 KB)

Yeni yaradılan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri postuna təyinat alan Orxan Sedyar oğlu Sultanov barəsində isə məlumat azdır. Bilinən odur ki,1977-ci il təvəllüdlü Orxan Sultanov əvvəllər Xarici İşlər Nazirliyində işləyib. 2007-2011-ci illərdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb. XİN-dən sonra MTN-in Xarici Kəşfiyyat İdarəsində işə qəbul edilib. MTN-in ləğvi və bazasında Xarici Kəşfiyyat Xidməti yaradılandan sonra qurumun rəisi təyin olunub.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Əlaqəli xəbərlər