Qanlı savaşlarda təsdiqini tapan qəhrəmanlıq tariximiz - LAYİHƏ

DSC04225.JPG

İkinci Dünya və Qarabağ savaşlarında qazilərimizin göstərdikləri qəhrəmanlıq  nümunələri unudulmazdır

Araz.az xəbər portalına daxil olan məlumatda bildirilir ki, dünən Azərbaycan Prezidenti yanında Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə,  “Qəhrəmanlıq tariximizin təbliği” layihəsi çərçivəsində, Nəriman Nərimanov prospekti, 203 ünvanında sanballı tədbir keçirilib. Tədbiri giriş sözüylə, adını yuxarıda çəkdiyimiz  İctimai Birliyin prezidenti Tofiq Əlizadə açıb. O, öz çıxışında, əsasən, onu xüsusi vurğulayıb ki, Azərbaycan xalqının möhtəşəm qəhrəmanlıq nümunələri qədim tariximizin səhifələrində öz əksini daha geniş tapıb: "Azərbaycanın qəhrəman övladları həmişə yadelli işğalçılara qarşı cəsarət və qeyrətlə mübarizə aparıblar. Elə, son 300 ildə, çar Rusiyasının Azərbaycana qarşı   işğalçılıq siyasəti nətəçəsində baş verən qanlı vuruşlarda 100 minlərlə igidimiz qəhrəmanlıqla şəhid olublar. 1939-cu ilin sentyabr ayının 1-də faşist Almaniyası, ildırımsürətli  “Barbarossa” planına uyğun olaraq, Polşanı işğal edib. Bununla da, bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci ilin iyun ayının 22-də isə, Hitler Almaniyası, o vaxt Azərbaycanın da daxil olduğu nəhəng SSRİ-yə qarşı qan-qadalı savaşa start verməkdən çəkinməyib. 1945-ci ilin may ayının 9-da ağlasığmaz dəhşətli itkilərlə yekunlaşan, daha doğrusu, Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ bayrağının sancılması ilə başa çatan bu dağıdıcı müharibədə, 660 min nəfər soydaşımız da qəhrəmancasına iştirak edib. Bir sözlə, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək tarixə həkk olunmuş mübarizə yolu keçib; 130-a yaxın azərbaycanlı o vaxtın ən nüfuzlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız isə, SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib...".

Tədbirdəki digər çıxışlar da, bu mövzuya köklənib. İkinci Dünya Müharibəsi qəhrəmanı, 97 yaşlı Qara Sarıyev öz çıxışında bildirib ki, o,1941-ci ildə, Tovuz rayonundan ordu sıralarına çağırılıb. Müharibənin ilk günlərindən Berlinədək  şərəfli döyüş yolu keçib:  "Faşistlərlə o qanlı-qadalı döyüşlərdə minlərlə həmyerlimiz əsl fədakarlıq nümayiş etdirib. Orden-medal alanlarımız da, yüzlərlə olub. Məsələn, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədovun, Aslan Vəzirovun, Adil Quliyevin, Ziya Bünyadovun, Gəray Əsədovun, Hüseynbala Əliyevin, Qafur Məmmədovun, Məlik Məhərrəmov, Mehdi Hüseynzadənin, generallar - Mahmud Əbilovun, Akim Abbasovun, Tərlan Əliyarbəyovun, Hacıbaba Zeynalovun və bir çox yenilməz Azərbaycan oğullarının adları bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Böyük Vətən Müharibəsindəki cahanşümül qələbədə Azərbaycan neftinin oynadığı həlledici rol isə, danılmazdır. Yalnız 1941-ci ildə, Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4 faizini təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton yüksək keyfiyyətli benzin və digər neft məhsulları veriblər. Elə, bu yüksək keyfiyyətli yanacaqlar da, quru və hava texnikasınının qələbə çalmasında əsas amil olub".

İki şəhid anası Dürnisə Əliyevanın çıxışı isə, daha vətənpərvər notlarda köklənib və insana bir başqa mübarizlik ruhu aşılayıb. Yenilməz Ana     bildirib ki, artıq 30 ildır mənfur düşmənlərimizlə səngərlərdə qarşı-qarşıyayıq: "Dağlıq Qarabağ uğrunda gedən savaş nətiçəsində  minlərlə şəhid vermişik. Mənim iki igid oğlum da, Vətən torpaqları uğrunda gedən bu savaşda,  namus və qeyrətimiz naminə, şəhidlik zivəsinə ucalıblar. Bu itkilər, bir ana kimi, mənim üçün nə qədər ağır olsa da, qürurvericidir. Ümumiyyətlə, tarixin bütün mərhələlərində Azərbaycan Anaları milli mənliyini və kimliyini qorumaq üçün canlarından keçməyə hazır olan övladları ilə fəxr ediblər. Mən də, belə Analardan biriyəm... 

                            

...Görün ki, bu qanlı savaşlardakı ağır və dözülməz itkilər də, bizlərin azadlıq eşqını söndürə bilməyib: Xalqımız qan bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. 2016-cı ilin olduqca uğurlu Aprel Hadisələrindən sonra, Dağlıq Qarabağla bağlı məsələdə açılan yeni səhifə bir daha sübut etdi ki, xalqımız öz dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaqda yenilməzdir. İnşallah, tezliklə dədə-baba torpaqlarımızı özümüzə qaytaracaq Milli Ordumuz, bir daha sübut edəcək ki, Azərbaycanda  qəhrəmanlıq tarixən nəsillərdən-nəsillərə ötürülən bir yenilməzlik tərbiyəsidir. Hafızə-yaddaşlarımızda əbədiləşən qəhrəmanlıq dastan-səlnamələrimiz də, azəri türkünün  yenilməzliyimizin daha bir sübutudur".                

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işcisi Dilavər Əzimli isə, öz çıxışında onu xüsusi vurğuladı ki, Azərbaycan xalqı minilliklər, əsrlər boyu öz azadlığı və dövlətçiliyi uğrunda qorxub-çəkinmədən  əzmlə mübarizə aparıb. Amma, zəngin təbii sərvətlərə, əlverişli  strateji coğrafi-syasi mövqeyə malik olduğuna görə, Vətənimiz zaman-zaman güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzlərinə məruz qalıb. Bütün bunlara baxmayaraq, xalqımız öz mövcudluğunu tarixin çətin dönəmlərində belə, qoruyaraq, saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib. Cavanşir, Babək, Şah İsmayıl Xətai... kimi sərkərdə və dövlət xadimlərimiz  Azərbaycanımızın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaradıblar. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolları xalqın Vətən Sevgisini, Azadlıq və Dövlətçilik Hissini daha da gücləndirib, onu həyatımızın ən vacib, ən ümdə məqsədinə çevirib. Onların yaratdığı dəyərli ənənələr yüzilliklər boyu, o cümlədən ötən əsr ərzində uğurla davam etdirilib. Qarşısındakı keçilməz maneələr belə,  xalqımızin hərbi ənənələrini, döyüş ruhunu sarsıtmayıb".               

Daha sonra çıxış edən “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyin sədri Almaz xanım Zeynalova deyib ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə qədər ucalan Vətən Oğulları da, özlərinin fedakarlıqları və cəsarətləri ilə, xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni  parlaq səhifələr yazıblar: "Ulu öndər Heydər Əliyev bu dövrdəki faciələrimizi də, böyük tarixi hadisələr kimi qiymətləndirib. Bu faciələr zamanı qəhrəman övladlarımızın özlərini qurban vermələrini isə,  qəhrəmanlıq ruhumuzun əbədiliyinə sübut nümunəsi kimi göstərib.            

Bəli, Vətən uğrunda şəhid olmuş qardaş və bacılarımız, xalqımızın qəhrəmanlıq nümunəsi kimi, bizim milli iftixarlarımızdır. Məhz bunlara görə də,  Azərbaycanın ərazi bütövlüyü ugrunda canlarından keçən bütün qəhrəmanlarımızın xatirələri daima uca və  əziz tutulur. Qəhrəmanlar ölmürlər və daim qəlblərdə yaşayırlar!".        

Çıxış edənlər öz nitqlərində onu xüsusi vurğulayıblar ki, həm İkinci Dünya Müharibəsində, həm Qarabağ savaşlarında  qazilərimizin göstərdikləri qəhrəmanlıq nümunələri ölməz tariximizin iftixar səhifələrində özlərinə əbədi yer tutub.            

Emil CAMALOV, 
Səməndər QURBANOV,    
araz.az.

Əlaqəli xəbərlər