İKİ QARDAŞ ŞƏHİDLİK ZİRVƏSİNDƏ: TANRI BUYRUĞU - BİRİ HAQQ DÜNYASINA, BİRİNƏ İKİNCİ HƏYAT

Xudaverən RƏHİMOV: “ƏN YÜKSƏKDƏKİ AZƏRBAYCAN SEVGİMİZ,
QARDAŞIMLA MƏNİ BU MÜQƏDDƏS ZİRVƏYƏ YÜKSƏLTDİ”

WhatsApp Image 2018-09-05 at 04.44.100.jpgO, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) birgə oxuduğumuz vaxtlar necə idisə, indi də, eynən ondakı kimidir - məğrur, cəsur, qanında, canında rəşadət olan, dost-tanış qədri bilən, ən əsası, Vətən, Torpaq Sevgisini ən yüksək zirvədə tutan! Bu xüsusiyyətlərinə görə, tələbəlik illərimizin ilk günlərindən ona xüsusi hörmətim yaranıb.
İndi də istəyir ki, əlinə silah alsın, sovetlər dönəminin qayda-qanunları çərçivəsində əzab-əziyyətlərə qatlaşaraq, zorla qəbul olunduğu sevimli fakültəsini atıb, daşnak tör-töküntüləri ilə vuruşa getdiyi kimi, yenə getsin ermənilərin üstünə.
Onu fikrindən daşındırmaq da mümkün deyil. Sadəcə, narahat olursan ki, buna silah verib, yağı düşmən üstünə göndərsək belə, onsuz düşmənə olan nifrəti soyumayacaq. Onunla bu barədə danışdıqca, bir daha əmin olursan ki, anbaan düşmənə nifrəti artan bu Vətən Oğlunu dayandırmaq yersizdir.
Düşmənə qarşı savaş açan bir vətənpərvəri, şəhid qardaşını anlamaq lazım. O, belə qərarlarını həyata keçirəndə, başqalarıtək qışqıraraq, bağıraraq etmir, hay-küyü çox çıxmır. Sevir öz qaydaları ilə yaşamağı. İstəsək də, istəməsək də, öz yaşam tərzinə uyğun işlərini davam etdirəcək. Elə də çox çəkməyəcək ki, İlahidən gələn bir “Öl!” buyruğu ilə, beynində çoxdan qərarlaşdırdığı həmin istəyinı də reallaşdıracaq.

DƏRD-SƏR YÜKÜMÜZÜ YÜZ DƏVƏ GÖTÜRMƏZ
-- Başı bəlalı olmuşuq həmişə. Guya, görmürlər ki, itirdiyimiz torpaqlarımızı, dədə-baba yurdlarımızı dedikləri o sülh yolu ilə ala bilmirik! İmkan da vermirlər ki, başımızın çarəsinə özümüz qalaq!
Xudaverən Rəhimov bu çay süfrəsi arxasındakı söhbətimizi də, əvvəlkilərin “notlarında tutdu”. Yenə qəlbində həyacan, təlaş dolu bir narahatlıq var. Deyir ki, həyatının hər anını “Qarabağdan nə xəbər var?!” nidasıyla keçirir, gecə-gündüzü bu suallar məngənəsində çırpınır:
“-- Bağışlanmaz günahlarımız ucbatından, ötən illərin, qərinələrin, əsirlərin girdabında başımızdan daşımız, gözümüzdən yaşımız əksik olmayıb, Qarşımızdakı amansız düşmən qüvvələrin bizə qarşı qurduqları məkrli planların hamısını qabaqcadan başa düşməmişik. Yaxamız yad əllərdə qalsa da, hələ yuxulu kimiyik.
Birləşmək lazımdır, nə qədər öz içimizdə bir-birimizi incitməli, didib-dağıtmalıyıq?! Umu-küsüləri bir kənara atmağın vaxtı çatmayıbmı?! Artıq düşmən üstünə gedib, onu incitməli, didib-dağıtmalıyıq.
Axı, nə edəcəyimizi bilmirik, etmək istədiklərimizə də yüz səmtdən maneələr gəlir, imkan verilmir. Yaxşı bilirik ki, bizə göstərilən güc düşmənə göstərilsəydi, çoxdan öz torpaqlarımızın sahibi idik, yurd həsrəti çəkənlər artıq öz ocaqlarının oduna isinirdilər. Birləşməyin, bir yumruq, bir səs olmağın sonucu çətin mübarizələrdə qələbədir. Bizsə, buna gecikirik!
Varımızı əlimizdən alıb, üstəlik, bizi də borclu çıxarırlar. Öz haqqın olan dədə-baba yurduna gedə bilmirsən. Çəkilməsi mümkün olmayan belə dərd-sərimiz çoxdur - yüz dəvəyə yükləsən götürməz!
Bu biabırçılıqlardan doğan hisslər məni yandırır yaman! Kaş, Uca Yaradanın hökmü ilə, meydanlara, düşmən üstünə bambaşqa bir ruhla, arzu-istəklə axışdığımız həmin o

ÖTƏN GÜNLƏRİMİZİ QAYTARAYDILAR!
Copy of WhatsApp Image 2018-09-05 at 04.44.11.jpgOnda itirilmiş torpaq təəssübü çəkən insanlarda Vətən Sevgisi də başqa cür idi. Ürəyə yatan bir çağırışla hər şey etmək olurdu. İndi isə...
Bu, içimdə bir təsəllidir ki, o ruhu, o inamı tezliklə qaytaracağıq özümüzə. İnanıram ki, mənim kimi, özünü əsl azərbaycanlı bilən milyonlarla soydaşımın içindəki Vətən, Torpaq, Qarabağ eşqini öldürmək mümkün deyil. Vaxt gələcək, elə, bu eşq də bizi Qarabağa, əsrlərlə itirə-itirə gəldiyimiz dədə-baba torpaqlarımıza götürəcək.
Vallah, bu, harın düşmənlərimizin iyrənc siyasətlərinə uyğun olmasa da, mütləq belə olacaq - geci-tezi var! Elə, içimdəki bu sarsılmaz inam yaşadır məni!
Yəqin, tələbə dostumuz Umudvar Kəlbiyevin bizi hansı hisslərlə, hansı coşqu ilə meydanlara apardığını xatırlayırsan. Unutmaq olmur o günləri. O, doğrudan da, Vətən Sevgisi, Azadlıq, Müstəqillik Eşqi başqa cür olan bir şəxsdir. Elə, bu hisslərlə bizi “Azadlıq” meydanının mərkəzinə səsləyirdi. Gecəsi, gündüzü bizə ikinci müstəqilliyimizi bəxş etmiş Azadlıq Fanatları ilə çiyin-çiyinə meydanlarda keçirdi. Di, gəl ki...
Vallah, deməyə də utanıram, onu elə bir cinayət maddələrilə ittiham edib, həbsxanaya atdılar ki!..
Adam dəhşətə gəlir, belə haqsızlıqları görəndə heç nəyə inanmaq istəmirsən. Bax, ortada adamın Vətən, Torpaq Sevgisini öldürmək istəyən nadürüstlər var! Sanki bunu qəsdən edirlər.
Uzun həbs müddəti başa çatandan sonra, Umudvarı sevimli fakültəsinə bərpa etdilər. Təhsilini davam etdirdi, indi doğulduğu Lerik rayonunda ədəbiyyat müəllimi işləyir. Yenə Vətən Eşqi həminki kimi, hələ ondan da yüksək. Keçdiyi bütün dərslərin əvvəli də Vətənlə, Torpaqla, Millətlə, Xalqla bağlı olur, sonu da. Amma, ona da, çoxları kimi, veteran vəsiqəsi belə vermirlər. Də gəl kı, cəbhə, səngər görməyən çoxlarını yalandan müharibə veteranı ediblər. Halbuki, Umudvar Kəlbiyev mənimlə bərabər, 1992 ci ildə ermənilərin torpaqlarımıza təcavüzünə dözməyən tələbələrdən təşkil olunmuş “Bakı Dövlət Universitetinin Əlahiddə Taqımı”nın tərkibində könüllü olaraq cəbhəyə yollandı.
Yeri gəlmişkən, həmin taqımın təşkilatçılarından biri də, elə, Umudvarın özü idi. Çox əziyyəti oldu bu taqımı təşkil edənədək. O zaman, filologiya fakultəsinin ikinci kurs tələbəsi idi, oxuduğu fakültəni buraxıb, bizi od-alov içində olan döyüş bölgələrinə apardı, öldü, ölümdən qayıtdı...”.

YERSİZ BANLAYAN XORUZUN BAŞI...
Dostum Xudaverənlə çay dəstgahı arxasındakı qızğın söhbətlərimizin hamısı maraqlı olub, eynən indiki kimi. Yenə, çayımızı içə-içə nələrdən danışmırıq?!
O, son vaxtlar ölkəmizdə baş verən məlum olaylarla əlaqədar, canımız-qanımız olan Azərbaycanımızı xaosa, vətəndaş qarşıdurmasına sürükləmək istəyən bədniyyət xarici və daxili qüvvələrin “Talış kartı”ndan maksimum istifadə etməyə can atmasına da toxundu. Dedi ki, düşmənin ələ ala bildiyi bəzi düşüncəsiz insanlar hər şeyə təhrik edildilər: “-- Amma, bunun faydası olmadı, bütün planları puça çıxdı. Məğlubiyyətlərini həzm edə bilməyənlər, sonda ən iyrənc şər, yalan və böhtan kampaniyasına əl atdılar. Məkrli planlarının puçluğunu görən bu bədniyyətlər hirs və qəzəbdən hələ də səngiməyiblər. Sosial şəbəkələr belələrinin əlində oyuncağa çevrilib elə bil.
Adama deyərlər, ay adam balası, Qarabağda şəhid olanlar, Qərbi Azərbaycanda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən günahsız uşaqlar, qadınlar, qocalar, işgəncələrə məruz qalanlar sənin anan, bacın deyilmi?!
Onların bu hərəkətləri şəhidlərin ruhuna sayğısızlıqdır, belələri bu xalqı sevə bilməz. Belələri üçün milli dəyərlər, Millət Sevgisi anlamı da yoxdur. Ona görə ata-babalarımız yaxşı deyiblər ki, səhəri gözləmədən yersiz banlayan xoruzu kəsmək lazımdır. Yoxsa, o yaramazlar insanları narahat etməkdə, yuxulara haram qatmaqda davam edəcəklər.
Vətən, xalq yolunda şəhid olmaq mənim üçün həmişə fəxarətdir. Bu torpağın hər şeyi, adi daşı da mənimdir. Belə həssas bir dönəmdə, ölkəmizdə yaşayan digər xalqlarla bərabər, mənim talış əsilli qardaş-bacılarımı da bu gözəl dövlətimizin yanında olmağa səsləyir, onun ətrafında sıx birləşməyə çağırıram.
Talış qardaş və bacılarımdan, xüsusən gənclərimizdən belə həssas məqamlarda daha soyuqqanlı, səbrli olmağı, ölkəmizdə dostluq, qardaşlıq təməllərini sarsıdacaq heç bir siyasi oyunda iştirak etməməyi xahiş edirəm. Çünki, əsrlərin sınağı da dəfələrlə sübut edib ki, biz, millətindən asılı olmayaraq, bütün Azərbaycan xalqı ilə birlikdə, daim güclü olmuşuq!”.

TOPXANA HARAYLARI: “AZADLIQ” MEYDANINA!
Xudaverən Rəhimovla dostluğumuzun möhkəm təməli universitetin hazırlıq fakültəsindəki hümanitar fənnlər üzrə kursda oxuyandan qoyulub. Demək olar ki, o, artıq filologiya, mənsə jurnalistika fakültələrinin tələbələri idik. Bu hazırlıq fakültəsində ayrı-ayrı fakültələrə birbaşa tələbələr hazırlanırdı. Kurs keçənlər tələbələrtək dövlət təqaüdü də alırdılar.
Hazırlıq fakültəsinə qəbuldan sonra sevincimizin həddi-hüdudu yox idi. Hər ikimiz orta məktəb illərindən qəlbən sevib, seçdiyimiz fakültələrə min bir əzab-əziyyətlər hesabına, nəhayət qəbul ola bilmişdik.
Onda ağır vaxtlar idi. Dağlıq Qarabağın ürəyi olan Xankəndi həndəvərində vəhşicəsinə doğranan Topxana meşələrindən daha aydın, daha ucadan eşidilən balta səsləri, taleyi heç kəsi maraqlandırmayan qulağımızın dibindəki qanbir, canbir qardaş-bacılarımızın - qərbi azərbaycanlıların səsinin, qışqırığının yaratdığı uğultulara qarışırdı. Nə Topxana iniltisiylə, nə də indiyədək heç kimsədən heç bir xeyir görməyən yüz minlərlə qərbi azərbaycanlının müsibət dolu durumuyla maraqlanan tapılmırdı ki, tapılmırdı. Darda olan bu bicarələrin əsən yellərlə, axan çaylarla yaşıd olan doğma ata-baba yurdlarından biabırcasına, vəhşiliklə qovulmalarına start verilirdi. Onların Bakıya gəlib çıxanları belə gözümçıxdıya salınır, lağa qoyulurdular.
Azərbaycan hakimiyyətinin ən yüksək eşalonunda özlərinə yer edənlər isə, onların dərd-sərləri ilə maraqlanmaq istəyənlərə belə imkan vermək istəmirdilər. Bu çətin vaxtlarda oxuduğumuz Azərbaycan Dövlət Universitetində təhsil alanlar daha çox onların dərd-sərini xalqımıza çatdırırdılar. Dağlıq Qarabağda və Qərbi Azərbaycanda sıxışdırılan azəri türklərinin mənafeyi uğrunda, onların haqqını müdafiə naminə payızın sazağında “Azadlıq” meydanında əsə-əsə çiyin-çiyinə dayananlar, tətilə başlayanlar da onlar idi. Əlimizdən çıxmaq üzrə olan torpaqlarımızın şərəfini qorumaq, Qərbi Azərbaycanda qorxu içində qan ağlayan bacı-qardaşlarımızın dərdinə yanmaq üçün ayağa qalxmışdılar.
Onlardan biri də, Xudaverən Rəhimov idi. Gecə-gündüz meydanlarda idik onunla bərabər.
Topxana meşəsini görməsək də, ağacların baltalanıb ağaran kəsik yerlərini, buldozerlərin nəhəng ağacları itələyib adam kimi yerə yıxdığını «görürdük» və elə bil ki, vurulan dəhrələr, baltalar bizim qolumuza, qıçımıza dəyirdi, içimizdə həmin ağacların ağrısını duyurduq.
Bu boyda namussuzluqları Vətənin belə qeyrətli övladları isə, heç cür həzm etmək istəmirdilər...

ÖLÜB, ÖLÜMDƏN QAYIDAN “SNAYPER”
Onda universitetdə Azərbaycanın müstəqilliyinə inanmayan, xeyrimizə hərəkət etməyən ayrı-ayrı siyasi tör-töküntülərdən ibarət qrupların “çaldıqları havaya oynayan” özündənrazı tələbələr də var idi. Nəinki dərsdə, hətta çayxanalarda, dəhlizlərdə də onlarla o vaxtların ab-havası tonunda mübahisələrə gırışənlər biz olurduq. Elə, onlarla daha çox mübahisə edən də Xudaverən idi.
“Nədən, bu torpağın havasını udanlar, suyunu içənlər, çörəyini yeyənlər belə nanəcib olsunlar?!” - deyə, həddən-ziyadə həyacanlı olduğunu, təlaş və gərginliyini daim büruzə verirdi. Deyirdi ki, bunların hərəkətləri, ermənilərin hərəkətlərindən betərdir, birbaşa xalqımızın suverenliyinə və respublikamızın ərazi bütövlüyünə qarşı açıq təcavüzdür...
...Biz hazırlıq fakültəsini müvəffəqiyyətlə bitirib, birinci kursa qəbul ediləndə, artıq respublikamızda aləm bir-birinə dəymişdi. Onda mən “Təhsil”, “Millət”, “Meridian” və “Avrasiya” qəzetlərində rəsmən işləməyə başlamışdım. Cəbhə bölgələrində vaxtaşırı ezamiyyətlərdə olurdum. Faktları çək-çevir etməklə qələmə aldığım maraqlı və düşündürücü yazılarım tələbə dostlarımın da ürəyincə olurdu. Bu “əsərlərimə” daha çox Xudaverən qiymət verir, “ictimai müzakirələrə” çıxarırdı.
Əyani oxuduğum fakültənin dərslərindən çıxandan dərhal sonra iş yerimə tələsirdim, tələbə dostlarımla bir yerdə olmağa vaxt da tapmırdım. Təsadüfdən-təsadüfə filologiya fakültəsinə də baş çəkir, Xudaverənlə və digər dostlarımla görüşürdüm.
Uzun ezamiyyətlərin birindən sonra Bakıya dönmüşdüm. İşə tələssəm də, özümü saxlaya bilməyib, yenə dostlarla görüşmək istədim. Fakültəyə gedib, Xudaverənlə Umudvarı axtardım. Onları görə bilmədim. Sonrakı gedişlərimdə soruşanda, dedilər ki, ermənilərin torpaqlarımıza təcavüzünə dözməyərək, hər ikisi bir gündə Qarabağa, döyüşlərə gediblər. “Daha doğrusu, ölümə!” - bunu isə, mənə, özündənrazı həmin tələbələr kinayəqarışıq sözlərlə “üžümə çırpırdılar”.
Həmişə olduğu kimi, yenə də, dillərini dinc qoya bilmədilər. Olmur, susursan için yanır, danışırsan rəhbərləri...
Amma nə deyəsən bunlara: O zamanlar “Vətən!” sözünü belə adı bir söz kimi qəbul edirdilər, Qarabağı yalnız qarabağlılarınkı adlandırırdılar, Vətən Sevgisini isə, sonralar məcburi anladılar. Vaxt vardı, didərgin, köçkün, qaçqın həmyerlilərinin dərd-sərləri, olmazın sıxıntıları, məşəqqətli ğünləri heç onların veclərinə də deyildi.
Əslində, Xudaverənin niyə onları görəsi gözü yox idi, nədən onlarla görüşməyə belə əsəbiləşirdi, bunun səbəbi indi tam aydın olurdu mənə. Amma bu əsəb dusmənə qarşı kəskin etirazların ifadəsinə çevrilsəydi, vaxtında düşmən də doğma torpaqlarımızdan geri oturdulmazdımı, ağzı kötək görməzdimi?!
...Xeyli vaxtdan sonra filologiya fakültəsinə yenə baş çəkməli oldum. Qəm-kədərdən üz-gözləri açılmayan uşaqlardan eşitdiyim aci bir xəbər məni yerimdə dondurdu: “Xudaverən şəhid olub!”.
Bu acı xəbərlə bərabər, könlümü azca da olsa açacaq bir həqiqəti də mənə çatdırdılar: “Xudaverən cəbhədə əməlli–başlı tanınıb. Qəhrəmanlıqları haqqında hər yerdə danışılır. Müstəqil dövlətimiz üçün etdiklərini danmaq olmaz. Ölkə rəhbərləri onun bu şücaətlərini yüksək qiymətləndirəcək!”...
...Bu üzüntülü xəbərdən az sonra tələbə yoldaşlarım iş yerimdə mənə çatdırdılar ki, Xudaverən ağır yaralanıbmış, xəstəxananın “morqunda” qalıb xeyli...
...Heç onu yoluxmağa da gedə bilmədik; Universitet rəhbərliyinin qılığına girən həmin özündənrazı tələbələrin günahları ucbatından. Nə deyirdilər, rəhbərlik onların sözlərinə inanırdı. Mitinq iştirakçıları və azadlıq eşqi güclü olan tələbələr gözümçıxdıya salınmışdılar “günləri göy əskiyə bükülmüşdü”. Beş dəqiqə dərsə gecikməyə də “təhlükə donu” geydirilirdi - qəti olmazdı...
... Aradan xeyli keçmiş, günlərin bir günü isə, Xudaverəni universitetə gələn gördük...
... Beləcə, 1989-1995-illərdə mənimlə universitetdə oncə bərabər, sonra paralel təhsil alan, 1992 ci ildə ermənilərin torpaqlarımıza təcavüzünə dözməyərək, “BDU-nun Əlahiddə Taqımı”nın tərkibində könüllü olaraq cəbhəyə yollanan Xudaverən Rəhimov bizim qəhrəman fəxrimiz oldu.
Bu yerdə onu, qısa da olsa, ictimaiyyətə tanıtmağa ehtiyac duydum:
Xudaverən Yaqub oğlu Rəhimov 1967- ci il fevral ayının 5-də Lerik rayonunun Veri-Əliabad kəndində anadan olub. 1985-87-ci illərdə sovet ordusunda hərbi xidmət kecib. BDU-nun filologiya fakultəsində təhsil alıb. 1992 ci ildə Göranboy - Ağdərə - Tərtər rayonları istiqamətində torpaqlarımızın toxunulmazlığı və bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. “Snayprer” ləqəbi verilən bu döyüşçünün atdığı güllə boşa çıxmayıb. Təkcə Qolandağ döyüşündə düşmənin 10-dan çox canlı qüvvəsini məhv edib. 1992- ci ilin may ayının 11-də Marquşavan (indiki Şıxarx) uğrunda gedən gərgin döyüşlərdə ağır yaralanıb.
1994-1995-ci illərdə Qarabağ əlillərinin hüquqlarının müdafiəsi ilə məşğul olub. 1995- ildən şəhid qardaşı Valleh Rəhimov adına məktəbdə müəllim işləyir. Məktəblilərin vətənpərvər ruhda tərbiyə olunmasıni əsas iş prinsipi hesab edir.
Döyüşlərdə göstərdiyi igidliklər respublika Müdafiə Nazirliyi tərəfindən araşdırılıb və “ Hərbi xidmətlərinə görə” medalına layiq görülüb...

SEVİMLİ MƏKTƏB!..
ŞƏHİD VALEH RƏHİMOV ADINA
Copy of WhatsApp Image 2018-09-05 at 04.44.10.jpgVətən yolunda şəhid olanlar unudulmur – Valeh Yaqub oğlu Rəhimov kimi! Ona doğma və əziz olmuş Lerikin Veri-Əliabadı kənd məktəbi də onun adını daşıyır.
Valeh Rəhimov Vətənin qeyrətini hər şeydən üstün tutan, onun təəssübünü çəkən xalqın mərd övladlarından idi - böyük qardaşı Xudaverən kimi! Vətənpərvərlik ölçüsündə heç bir fərdi göstəricisinə görə böyük qardaşından zərrə qədər də olsa, geri qalmazdı. Çünki Vətənə məhəbbət, sədaqət ruhunda tərbiyə dərsini qardaşıyla eyni ocaqdan almışdı.
Valeh də həyatı dərk edən andan Vətən Eşqiylə yaşayıb. Məhz buna görədir ki, namərd erməni dığalarının Azərbaycanda törətdiyi vəhşiliyə, doğma yurd-yuvaların yadelli basqınına məruz qalmasına heç cür dözə bilməyərək, bığ yeri yenicə tərlədiyi gün, ürəklə ordu sıralarına qoşuldu - cəsurluq, rəşadət qardaşı Xudaverəntək qanında-canında!
Bəli, Vətənin bu qeyrətli oğlu 18 yaşında -- 1994-cü ilin oktyabr ayında artıq Milli Ordu Sıralarında idi.
Orduya yola düşdüyü gün onunçün toy-bayram idi elə bil! Elə, düşmənlə ilk ağır vuruşunda, ona ilk zərbəsini də, toy-bayram əhval-ruhiyyəsində endirdi. Neçə-neçə savaşda əsl qəhrəmanlıq nümunəsi göstərdi -- Vətəninə, Torpağına necə ürəkdən bağlı olduğunu əyani şəkildə sübut etməklə!
Düşməni məhv etmək üçün, daim qaynar nöqtələrə can atdı, qalib olmaq istəyi ilə döyüşdü, mərdliyi, Vətən Sevgisi dostları yanında ona başucalığı gətirdi.
Valeh Rəhimov 1995-ci ilin fevralında Beyləqan - Tərtər istiqamətində gedən amansız qarşıdurmada düşmənlə ölüm-dirim savaşına girdi. Torpaqlarımızın azadlığı naminə igidliklə, cəsarətlə vuruşdu. Təəssüf ki, bu onun axırıncı döyüşü oldu. Fevralın 11-də namərd gülləsi Valehdən yan keçmədi. Köksündəki Vətən, Torpaq Eşqi ilə çırpınan gənc ürəyi əbədi dayandı. Qürurlu bir xalqın mərdlik tarixini özündə yaşatmaq üçün, Dan Ulduzuna dönüb, öz parlaqlığı ilə şəhidlik zirvəsinə gedən yolu onun özünə göstərdi.
Valeh Rəhimov cəmi 5 ay Milli Orduda oldu. Amma bu qısa vaxtda elə bir hünər, şücaət, rəşadət nümunələri göstərdi ki, onları zamanın heç bir tufanı tarixdən silə də bilməz.
Canını Vətən yolunda fəda etməklə, özündən sonra böyük vətənpərvərlik nümunəsi saxlayan bu qəhrəman oğlunu Lerik camaatı bir an belə unutmur. Onun anım günləri el-obada daha yüksək qürur hissləri ilə keçirilir.
Bu gün, elin şəhid oğlunun əziz xatirəsi rəşadət zirvəsindən boylanır. O, daha yüksək qalxdığı şəhidlik zirvəsini Vətənə olan sonsuz sevgisiylə əbədi qazanıb...
Hüseyn ƏZİZOĞLU,
“Araz” Media Qrupunun rəhbəri.

Əlaqəli xəbərlər