Türkiyədə terrorçu 400 kq partlayıcıdan istifadə edib – Dəhşətli təfərrüatlar

İstanbul Beşiktaşda 9-u mülki vətəndaş olmaqla 44 nəfərin həlak olduğu terror aktı zamanı 400 kiloluq plastik partlayıcıdan istifadə olunub.

Partladılan bomba yüklü maşının mühərriki 50 metr irəlidə tapılıb. Mühərrikin araşdırılması zamanı polis maşının şase nömrəsini, buradan da dövlət nömrə nişanını öyrənərək qeydiyyat sənədlərini əldə edib. Məlum olub ki, maşın 1 həftə əvvəl Bağcılar ərazisində satın alınıb. PKK-lı terrorçular 20 min tl (təxminən 10 min AZN) qarşılığında satın aldıqları “Chevrolet Aveo” markalı maşına bombanı yerləşdirdikdən sonra onu hücum zamanı maşını idarə etdiyi müəyyənləşdirilən, kod adı “Murad” olan şəxsə təslim ediblər.

Hücumu həyata keçirən terrorçu matç başa çatdıqdan sonra 400 kq partlayıcı yerləşdirilən maşını polis avtobuslarının olduğu əraziyə yaxın yerdə park edib. Əvvəlcə Beşiktaş, ardından isə Bursaspor azarkeşləri stadionu tərk edib. Vəzifəsi başa çatan polislərin bir yerə toplandığını görən terrorçu maşını onlara tərəf sürərək bombanı işə salıb. Bombanın metal hissələr də əlavə edilərək gücləndirildiyi müəyyən olunub.

Iki “canlı bomba” tərəfindən həyata keçirilən partlayışlardan birincisi yerli vaxtla saat 22:27-də törədilib. Matçda təhlükəsizlik üçün vəzifə alan çevik polis alayının tam yanından keçən maşın gurultu ilə partlayıb. Havaya alov topu yüksəlib. Saniyələr sonra daha bir partlayış törədilib. Bir polis maşını və kütləvi ixtişaşlara müdaxilə maşınına böyük ziyan dəyib. Ev və iş yerlərinin şüşələri sınıb. Partlayış nəticəsində yerdə 2 metr dərinliyində çuxur açılıb.

Partlayışdan dərhal sonra əraziyə giriş-çıxış bağlanıb. Polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib. Onlarla təcili tibbi yardım maşınları yaralıları xəstəxanaya daşıyıb. Təhlükəsizliyi qorumaq üçün helikopterlər havaya qaldırılıb. Şübhəli görünən bütün paketlər partladılıb.

İkinci partlayış “canlı bomba”nın üzərinə bağladığını partlayıcı qurğunu işə salması nəticəsində baş verib. 4-5 polis şübhəli şəxsi saxlamaq istəyərkən terrorçu partlayışı törədib.

İstanbul Baş prokurorluğu qanlı hücumu araşdırması üçün Terror və Mütəşəkkil Cinayətlərdən məsul Baş prokuror vəkili İsmayıl Ucar və həmin büroda çalışan 5 prokurora tapşırıq verib.

Ankaradakı işini yarıda kəsən Daxili İşlər Naziri Süleyman Soylu, Səhiyyə Naziri Rəcəb Akdağ, Ailə və Sosial Siyasətlər Naziri Fatma Betül Sayan Kaya, eləcə də Gənclər və İdman Naziri Akif Cağatay Kılınc gecə yarısı İstanbula gedib.

AzNews.az

Əlaqəli xəbərlər