Milli-mənəvi sərvətlərimizi qorumalıyıq


(S.Cəlaloğlunun S.Vurğuna qarşı yürütdüyü ittihamlara cavab)

İnternet vasitəsilə S.Cəlaloğlunun S.Vurğun ünvanına söylədiyi əsassız iradlarla tanış oldum. Çox təəssüflənsəm də, fiziki imkanım olmadığına görə (göz əməliyyatı ərəfəsində idim) susmalı oldum; həm də fikirləşdim ki, adamdır, bəlkə S.Vurğun yaradılıcığına tam bələdçiliyi yoxdur, bəlkə "mənim babam olmuş 26-lar" misrası onu tam hövsələdən çıxarıb, bəlkə də... Həmçinin fikirləşdim ki, bu da bir atım barıt idi, atdı, yəqin ki, bununla da qurtardı. Lakin belə olmadı, S.Cəlaloğlu bu gün də Səməd Vurğun bostanına daş atmaqda davam edir. Belə ki, 02 fevral 2015-ci il tarixdə ANS telekanalının "Şəxsiyyət vəsiqəsi" verilişinin S.Vurğun yaradıcılığına həsr olunmuş nömrəsində S.Cəlaloğlu yenidən eyni ittihamlarla çıxış etdi. Verilişdə iştirak edən digər iştirakçıların, o cümlədən aparıcı H.Herisçinin də (verilişi S.Vurğuna həsr etdiyinə görə ona təşəkkür və minnətdarlığımı bildirirəm) çıxışları qənaətbəxş olsa da, məni tam razı salmadı...


S.Cəlaloğlunun S.Vurğuna qarşı yürütdüyü ittiham və ya iradları aşağıdakı suallar üzrə qruplaşdırmaq olar:
1. S.Vurğun 1937-ci il repressiyasından niyə sağ-salamat çıxmışdır?
2. S.Vurğun Bakı komissarları sırasına soxulmuş bədniyyət erməni daşnaklarına niyə "mənim babam olmuş 26-lar", - deyir?
3. S.Vurğun niyə Azərbaycanı "birləşdirmək" istəyən Ağa Məhəmməd şah Qacarı mənfi obraz kimi təqdim edir?
4. S.Vurğun niyə "yerlibazlıq" edərək M.P.Vaqifi bu qədər yüksəldir?
5. S.Vurğun "Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan"-
deyərək, niyə Turanı bizdən ayırır?
Sərdar müəllim, məncə, onun S.Vurğuna qarşı iradlarını bu cür qruplaşdırmağımla razılaşar...
Məsələni yuxarıda qruplaşdırdığımız suallar üzrə birbəbir araşdırmazdan əvvəl istərdim ki, bugünün oxucusuna (çox təəssüflər olsun, bugünün oxucusu S.Vurğun yaradıcılığına yaxşı, bəlkə də heç bələd deyildir) S.Vurğunun bir şair, bir dramaturq və bir şəxsiyyət olaraq, kimliyi barədə, qısa da olsa, məlumat verim;
Mən onun alimliyi, tərcüməçiliyi və geniş publisistikası haqqında söz açmıram.
Dünyanın hər yerində bütün millətlərdə, xalqlarda şeir yazana şair deyirlər; cəmi üç bəndlik bir şeir yazana da, Nizami Gəncəvi kimi, "Xəmsə" adı ilə tanıdığımız beş irihəcmli poemanın müəllifinə də.
Kiçikhəcmli şeirlər, janrından asılı olmayaraq, həyatın bir anında və ya az bir zaman kəsiyində adamı heyrətləndirən, təəccübləndirən, hissini oyadan adi hadisələrin bədii əksini canlandırır, şair onu cəlb edən və maraqlandıran kiçik həyat hadisəsinə bədii don geyindirərək onu mənalandırır, bəzən də ictimailəşdirir.
Məsələn, Qurbani deyir:
"Ayrılıqmı çəkmiş boynu əyridir,
Heç yerdə görmədim düz bənövşəni?!"
Təbiətən boynu əyri olan bənövşəni görən şair onun ətrinə, gözəlliyinə heyran qalsa da, bənövşənin onda yaratdığı hissləri sözün ecazkar qüdrəti ilə daha qabarıq şəkildə ifadə edir, bənövşənin boynubüküklüyünü öz qəriblik həyatı ilə eyniləşdirir və s.
Bu, yaxşı bir şeir nümunəsidir. Bununla belə, bu cür kiçikhəcmli şeirlər yazan şairlərimiz çoxdur, yüzlərlə yox, minlərlədir. Nə çoxdur el şairlərimiz; hər eldə, obada, kənddə-kəsəkdə vardır. Çoxlarının şeirləri heç mətbuat üzü də görməmişdir.
Şairlərə xas xüsusiyyətlərin biri budur ki, onların əksəriyyəti qələmlərini məhəbbət mövzusunda sınayırlar, aşiqdən, məşuqdan, gözəldən, güldən, bülbüldən, təbiət gözəlliklərindən yazırlar, hətta bir çoxu bu mövzudan kənara çıxa da bilmir, ictimai-siyasi mövzulara (hadisələrə) girişmirlər. Əlbəttə, bu amilin bir çox yozumu və izahı ola bilər; ümumi bir nəticəyə gəlməli olsaq, deyə bilərik ki, bu şairlər hansı yükü qaldırmağa qadir olduqlarını özləri yaxşı bildiklərindən girişmirlər.
Aşıq Ələsgər deyir:
"Gəl yapışma gücün çatmayan daşa,
Qaldıra bilməzsən, zora düşərsən."
Şeirləri ilə xalqı maarifləndirə bilən, ona doğru yol göstərən, həyat hadisələrini, ictimai-siyasi hadisələri bədii obrazlar vasitəsi ilə əks etdirə bilən irihəcmli epik əsərlər yaratmış nəhəng şairlər isə azdır, onları, necə deyərlər, barmaqla saymaq olar. S.Vurğun məhz belələrindəndir; N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, Aşıq Ələsgər, S.Ə.Şirvani, M.Ə.Sabir, S.Vurğun, S.Rüstəm, R.Rza, B.Vahabzadə, M.Araz, Xəlil Rza Ulutürk (Əlbəttə, bu cür sıralanma mənə məxsusdur).
Söz yox ki, N.Gəncəvi bütöv ədəbiyyatımızın bünövrəsidir, təməli -fundamentidir, banisidir. Nizami həm də bəşər-dünya ədəbiyyatının banilərindən biridir. Epik janrın şeirimizə gətirilməsi də məhz onun adı ilə bağlıdır. Yeri gəlmişkən, çox təəssüflər olsun ki, Nizami külliyyatı Azərbaycan oxucusuna tərcümə ilə çatdırılır. Onu tərcümə edənlərdən biri də S.Vurğundur ("Leyli və Məcnun"). Nizami fars dilində yazıb-yaratmışdır. Elə buna görədir ki, fars ədəbiyyatşünasları utanmadan, xəcalət çəkmədən onu fars şairi adlandırırlar; nə dərəcədə zalım, əzazil olasan ki, işğal etdiyin ölkədə adamları öz ana dilində yazıb-oxumaqdan məhrum edəsən?! Nə isə...
Nizamiyə ən böyük qiyməti də S.Vurğun vermişdir:
"Yoğruldu bütün varlığın ümidlə hünərdən,
Şimşək kimi keçdikcə qaranlıq gecələrdən.
Hər kəlməni, hər şeirini bir top kimi atdın,
Sevda yuxusundan bizi vaxtında oyatdın.
.................................................................
Keçdikcə nəsillər o sənin söz çəmənindən
Ellər, obalar dərs alacaqlar hələ səndən.
.......................................................................
Aydanmı, Günəşdənmi yarandın, de nədənsən?
Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən."
Şeirdən nümunə kimi verdiyimiz elə bu kiçik parçadaca Nizaminin böyüklüyü gözəl və axıcı şeir dili ilə necə də ədəbiyyatşünas mövqeyindən qiymətləndirilir, siz ifadəyə bir baxın: "Sevda yuxusundan bizi vaxtında oyatdın".
Yuxarıda söylədiyimiz mətləbdir; eşqdən, məhəbbətdən, gözəldən, güldən, bülbüldən yox, cəmiyyətdən yazmaq, həyatdan yazmaq.
Şeirimizin nəhəngləri barədə mənim təxmini siyahıma düşənlərin ayrılıqda hər biri haqqında geniş söhbət açmaq istəmirəm. Ümumiləşdirərək, demək olar ki, onların hər biri öz yaradıcılığında xalqı elmə, maarifə, mədəniyyətə, ədəb-ərkana, inama, etibara, sədaqətə, mərdliyə, zəhmətə, halallığa, düzlüyə, yaxşılığa, xeyirxahlığa, mehribançılığa, humanizmə, dostluğa, əmin-amanlığa və s. çağırır. Nəsiminin dili ilə desək, bu fikir belə səslənir: "Ey özündən bixəbər qafil, oyan!"
S.Vurğun yaradıcılığı da belədir. Onun kiçikhəcmli lirik şeirlərindən tutmuş irihəcmli yetkin epik və epiko-lirik əsərlərində də sadaladığımız bu müsbət insani keyfiyyətlər geniş pafosla verilir. Nümunə kimi onun "Ceyran" şeirinə ötəri nəzər salaq; təbiət gözəlliyini, təbiətin bir parçası olan ceyranın gözəlliyini, incəliyini, zərifliyini, eyni zamanda onun hünərini, bacarığını (yay kimi dartınıb ox kimi süzməsini) tərənnüm etməklə yanaşı, onu qorumaq, qayğısına qalmaq üçün ovçuya müraciət edir:
"Ovcu, insaf eylə keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən."
Bu müraciət təkcə ovçuyamı aiddir, xeyr, bu müraciət bütün adamlara - millətə, xalqa, cəmi bəşərə aiddir, kövrək bir çağırışdır.
Şairin epik səpgidə yazdığı əsərlərin hər biri isə ayrı-ayrılıqda böyük ictimai-siyasi, həyati məsələlərdən bəhs edir. Bu baxımdan onun poemaları istər sənətkarlıq nöqteyi-nəzərdən, istərsə də məzmun və ideya dolğunluğu ilə nəinki Azərbaycan ədəbiyyatında, eləcə də dünya ədəbiyyatında misilsizdir.
Poeziyada şairin böyüklüyü onun poema yaradıcılığı ilə ölçülür; bu ədəbiyyatşünaslığın yazılmamış qanunudur. Yuxarıda qeyd etmişdik ki, adamı təsirləndirən hər cür xırda hissləri tərənnüm edən kiçikhəcmli şeiri çox şair yaza bilər...
Poema janrına görə S.Vurğun ulu N.Gəncəvidən sonra ədəbiyyatımızın ikinci şairidir, o, poema ustasıdır, otuza yaxın poemanın müəllifidir. Biz onu N.Gəncəvi ilə müqayisələndirmirik, çünki N.Gəncəvi bu yolda birincidir, cığıraçandır, örnəkdir, mayakdır, yol göstərəndir: O, necə deyərlər, müsabiqədənkənar olaraq birincidir. N.Gəncəvi S.Vurğundan heç nə öyrənməmişdir, S.Vurğun isə N.Gəncəvidən çox şey öyrənmiş, ondan dərs almışdır.
Yeri gəlmişkən, şairin rəsmən poema adlandırılmayan, müxtəlif mövzularda və epik səpkidə yazdığı onlarca şeiri də məzmununa görə hər biri bir poemadır. "Ananın öyüdü", "Qoca qəhrəmanın çıxışı", "Qəhrəmanın hünəri", "Sənəm qarının pıçıltıları", "Qərinədən-qərinəyə", "İgid şahin", "Qızxanımın ürəyi", "Mənə belə söyləyirlər", "Ürək", "Adsız qəhrəman", "Azərbaycan balası", "Körpünün həsrəti", ... kimi, igid əsgərlərimizdən, gözləri cəbhəyə dikilmiş analarımızdan, zəhmət adamlarından, elm adamlarından, doğma vətənimizin tərənnümündən bəhs edən əsərləri, eləcə də "Avropa xatirələri" silsilə şeirləri ("London qarısı", "Eduard Maze", "Ziyafət" və s.) bu qəbildəndir.
Bədii ədəbiyyatda çox dəbdə olan bir xüsusiyyəti də xatırlatmaq yerinə düşərdi. Çox ədiblər - yazıçılar, dramaturqlar, elə şairlər də əsərin daha maraqlı, oxunaqlı çıxması üçün gərgin süjetlər axtarırlar ki, bir-birinə zidd qəhrəmanı, bəzən zümrəni, təbəqəni, hətta milləti, xalqı belə, üz-üzə qoyur, beləliklə də, kəskin dramatik konfliktlərə gətirib çıxarırlar. S.Vurğun isə çox sadə, adi süjet qurmaqla belə, həmin dramatizmi yarada bilir. "Zəncinin arzuları" poeması buna parlaq misaldır. Əsərin süjeti beynəlxalq bir konfransda söz alıb kürsüyə çıxan bir zəncinin çıxışı üzərində qurulmuşdur. Şair, dərisinin rənginə görə ayrıseçkiliyin qurbanına çevrilmiş bu zənci rəssamın dili ilə dövrün, xüsusən də başda ABŞ olmaqla, dünya imperializminin irqi ayrıseçkilik, insanın insan tərəfindən istismar edilməsi, onun mənəviyyatının alçaldılması, hüquqlarının pozulması, məhdudlaşdırılması kimi siyasətinə qarşı çıxaraq daha nələri demir; oxucu başa düşməlidir ki, öz alovlu çıxışı ilə kürsüdən dünyaya ittihamlar yağdıran bu qara zənci deyil, şair S.Vurğunun özüdür.
Bu əsərin dinamikası belə, zənci rəssamın çıxışı ilə səciyyələnir.
"Ölüm kürsüsü", "Ayın əfsanəsi", "Talıstan", "Zamanın bayraqdarı" və s. kimi poemalar da, bax beləcə, sadə bir süjet üzərində qurulmuşdur. Belə əsər yaratmaq şairdən olduqca böyük istedad və hünər tələb edir. S.Vurğun məhz belə bir hünər sahibidir.
S.Vurğun yaradıcılığının diqqəti cəlb edən bir xüsusiyyəti barədə söhbət açmamaq günahdır. O, epik əsərlərini yalnız bir şərhçi kimi nəql etmir, bədii təsvirlə kifayətlənmir, qələmə aldığı hadisələrə münasibətini də bildirir, dövrün, zəmanənin ictimai-siyasi hadisələrinə müdaxilə etməyi bacarır, dəyərli fəlsəfi-bəşəri hökmlər verir. Bütün əsərləri dərin mənalı aforizmlərlə zəngindir.
- "Dolan bulud boşalacaq, bu, hökmüdür təbiətin."
- "Ehtiyac qul eylər qəhrəmanı da."
- "Günəşdən gizlənən yarasalardır."
- "Çörək bol olarsa, basılmaz Vətən!"
- "Soyuq məzara da zinətdir insan" və s.
Belə aforistik ifadələrin bir çoxu xalqın dilində zərbül-məsəllərə çevrilmişdir və bunların sayı bir deyil, beş deyildir, əsərlərindən toplanılaraq ayrıca bir kitab halında çap olunmuşdur ("Səməd Vurğunun aforizmləri", Azərnəşr-1987).
İndi isə yuxarıda vəd etiyimiz kimi, məsələnin qruplaşdırılmış suallar üzrə araşdırılmasına başlayaq:
1. S.Vurğun 1937-ci ilin repressiyasından niyə sağ-salamat çıxmışdır?
Məsələnin bu cür qoyuluşu həm çox müəmmalı, həm də məntiqsizdir. Bu sual ətrafında çox düşüncələrə dalmaq olar; həqiqəti isə gərək soyuqqanlılıqla və təmkinlə axtarasan, çılğınlıq burada kömək etmir. Bunun üçün əvvəlcə müəyyənləşdirək ki, həmin illərin (çünki 37 əslində şərtidir, repressiya ara-sıra olaraq bütöv otuzuncu illəri əhatə edir, 37-də isə daha yüksək həddinə çatmışdır) repressiyasına kimlər, hansı əməl sahibləri məruz qalmışlar? Mən bunu başlıca olaraq iki səbəblə izah edirəm:
a) inqilaba, yeni quruluşa, sosializm cəmiyyətinə, dövlətə və hökümətə qarşı mübarizədə şübhəli bilinib adları hallananlar;
b) pantürkizm, panislamizm ideyalarını yaymaqda və ya bu mövqedə dayanmaqda şübhəli bilinənlər.
Digər səbəblər də göstərmək olar: sosialist əmlakının mənimsənilməsi, işdə buraxılan hər cür xırda səhvlərinə müxtəlif don geyindirməklə onların düşmən kimi qələmə verilməsi, düşmən münasibətdə olan adamların qisasçılıq zəminində bir-biri haqqında şər və böhtan dolu donosçuluğu və s.
Azərbaycanın tanınmış görkəmli ziyalılarına ən çox pantürkist və panislamist damğası vurmaqla onları təqsirli bilmişlər. Bu fikrin təsdiqini böyük və ölməz şairlərimiz H.Cavid, Ə.Cavad, və M.Müşfiqin faciəli qətlində açıq görmək olur. Hər üç şairin yaradıcılığı türk ləhcəsi və ifadələri ilə səciyyəvidir, xüsusən də H.Cavid və Ə.Cavadın əsərlərində bu, açıq şəkildə özünü büruzə verir. Nümunə gətirməyə ehtiyac yoxdur, bu ədiblərin hər hansı bir əsərinə baxsanız, deyilənlərin şahidi olacaqsınız.
Əlbəttə ki, burada H.Cavidin də, Ə.Cavadın da Türkiyədə təhsil alması birbaşa öz təsirini göstərir.
Məsələyə bu baxımdan yanaşdıqda S.Vurğunu suçlamaq mümkün deyildir, çünki bütün yaradıcılığında tər-təmiz azəri türkcəsindən istifadə etmişdir. Düzdür, burada da nəyi isə irad tutmaq olar:
"Kürün sahilində var əski bir köy" misrasında kənd əvəzinə köy işlətmişdir.
Bundan başqa -xayır, -pək, -bulmaq kimi türk ləhcəsinə məxsus sözlərdən də nadir hallarda istifadə etmişdir. Lakin bunlar onun pantürkizm ideyaları yaymasına əsas vermədiyindən haqqında danışdığımız iradlardan, təqiblərdən, suçlamalardan yaxa qurtara bilmişdir.
S.Vurğunun 37-dən sağ çıxmasına bir səbəb də budur ki, o öz populyarlığı və geniş xalq kütlələri arasında böyük hörmət, sevgi və nüfuz qazanmasında bütün müasirlərini geridə qoymuşdu. Əsaslı səbəb olmadan belə adamı birdən-birə xalq arasından götürmək dövlətə və hökümətə heç də asan olmazdı...
Nəhayət, kim fikirləşir ki, S.Vurğun repressiyaya məruz qalmamışdır, o yanılır. S.Vurğun ömrü boyu təqib olunmuşdur. Bunu əlli yaşında vəfat etmiş şairin ən azı yetmiş yaşlı görkəmi də sübut edir. Şairin vaxtsız qocalması onu tanıyanları narahat etmiş, bir mövzu kimi dilə-dişə düşmüşdür. Şairə "nə tez qocaldın sən" sualı ilə müraciət edənlər də çox olmuşdur . Məşhur "Şair, nə tez qocaldın sən?!" şeiri məhz belə yaranmışdır.
S.Vurğun yaradıcılığının tədqiqatçılarından biri - görkəmli alim və şairimiz Bəxtiyar Vahabzadə (yeri gəlmişkən, mən alim Bəxtiyarın şair Bəxtiyardan daha yüksəkdə durması fikrindəyəm; bu heç də onun şairliyinə kölgə salmır, əksinə şairin dərin fəlsəfi fikirlərlə zəngin olan şeir yaradıcılığının məhz onun böyük alimliyindən qaynaqlandığını bildirir) yazır: "Qeyd etməliyik ki, şair (S.Vurğun – qeyd bizimdir) zahirən vaxtından çox tez qocalmışdı. Onun saçı 45 yaşı tamam olmamış ağarmışdı." (B.Vahabzadə, "Səməd Vurğun", Azərb.Döv.nəş. Bakı -1968, səh 20).
Həmçinin şairin müasirlərindən eşidilən söz-söhbətlər də çoxdur. Bunlardan birini oxuculara danışmağı lazım bilirəm.
Mənim dost-doğma əmim yazıçı Nəsib Əfəndiyev mənə danışmışdır ki, 37-nin dəhşətli günlərinin birində yazıçı Mirzə İbrahimov Mərkəzi Komitədən - respublikanın o dövrdəki rəhbəri Mircəfər Bağırovun kabinetindən birbaşa S.Vurğunun evinə gəlir və deyir: "Səməd, sənin də barəndə qərar verildi, hətta mən də imzaladım, əks halda heç oradan çıxa bilməzdim. Mən gücüm çatanı elədim ki, səni xəbərdar edim. Yubanma, qaç canını qurtar". Bu minvalla, S.Vurğun Tiflis yolu ilə özünü Moskvaya - A.Fadeyevə çatdırır. A.Fadeyevin köməyi sayəsində İ.Stalin birbaşa telefon əlaqəsində M.Bağırova tapşırır ki, "o qara şairlə işin olmasın!"
Göründüyü kimi, S.Vurğun 37-nin repressiyasından Moskvanın köməyilə yaxa qurtara bilmişdir. Buna bənzər misallar çoxdur. Səmədin qorunmasında ilk növbədə onun qələm dostları, dövlət, hökümət yanında sözü keçən tanınmış nüfuzlu ziyalılar, həmçinin şairə olan ümumxalq sevgisi mühüm rol oynamışdır...
Əvvəldə qeyd etmişdik ki, bu sual (1-ci sual) həm də məntiqsizdir. Məntiqsizdir, ona görə ki, çarpışmadan, mübarizədən, müharibədən, qırğından salamat çıxan adamı qınamaq olmaz. Onda gərək biz Böyük Vətən müharibəsindən (1941-1945), Qarabağ müharibəsindən sağ qayıdanlara irad tutaq ki, müharibədə sənin nə qədər cəbhə yoldaşların həlak olduqları halda, niyə sən sağ-salamat qayıtmısan?! Məsələyə belə məntiqlə yanaşmaq ağılsızlıqdır; belə düşünmək sağ qayıdan əsgərlərimizin Vətən yolundakı hünərini, döyüş əzmini nəinki qiymətləndirməmək, habelə onları şübhələr altına almaq, günahlandırmaq olardı... Əslində isə bilmək lazımdır ki, müharibədə həlak olanların (qırılanların) bəlkə də yarıdan çoxu ehtiyatsızlıqdan, naşılıqdan, hərbi texnikanı yaxşı işlədə bilməməkdən, döyüş qaydalarını mükəmməl öyrənməməkdən və ya ona əməl etməməkdən, buraxılan səhvlərdən, həmçinin komandir səhvlərindən və s.dən və bəzən də bəxti gətirməməkdən həlak olmuşlar. Bunun əksini isə sağ qayıdanların adına yazmaq gərəkdir.
Birinci sual ətrafında deyilənləri yekunlaşdırmalı olsaq, deyə bilərik ki, S.Vurğunun 37-dən salamat çıxması aşağıdakı amillərlə izah olunur:
- S.Vurğun yaradıcılığında pantürkizmə, panislamizmə meyllilik yoxdur. Və bu səbəb onu təqib edənlərə əsas verməmişdir;
- S.Vurğun Böyük Oktyabr sosialist inqilabının, yeni qurulan sosializm cəmiyyətinin, beynəlmiləlçiliyin, SSRİ dövlətinin, o cümlədən sovet Azərbaycanının, komsomolun, Kommunist Partiyasının alovlu carçısı, tərənnümçüsü olmuşdur;
- həmin illərdə S.Vurğun Azərbaycanda və bütöv SSRİ-də nəinki təkcə yaradıcı adamlar, habelə geniş xalq kütlələri arasında ən dərin hörmət və ən böyük nüfuz sahibi olmuş, həmçinin olduqca geniş populyarlığı ilə seçilmişdir;
- S.Vurğunu SSRİ Yazıçılar İttifaqı müdafiə etmiş, qorumuşdur;
- nəhayət, bunu Allahın bir möcüzəsi kimi də qəbul etmək olar; bəlkə də bu daha doğrusudur?!
2. Bakı komissarları sırasına soxulmuş bədniyyət erməni daşnaklarına S.Vurğun niyə "Mənim babam olmuş 26-lar",- deyir?
Baş vermiş hər bir hadisə adamlarda müxtəlif təəssüratlar doğurur. 26 Bakı komissarının ingilis müdaxiləçiləri (caniləri) tərəfindən güllələnməsi bir vətəndaş kimi S.Vurğunun milli qüruruna, mənəviyyatına, beynəlmiləlçi əqidəsinə olduqca pis təsir etmişdir. İngilis imperializminə qarşı kin, küdurət, nifrət, habelə qisasçılıq hissləri şairi heç vaxt sakit buraxmamışdır.
Komissarların, eləcə də qeyri vəzifə və ya peşə adamlarının güllələnməsi, öldürülməsi mahiyyət etibarilə hər bir ölkədə baş verə bilən hadisələrdəndir. Açıq müharibələrdə, mübarizələrdə, ölüm-dirim savaşlarında qarşı tərəflər bir-birinə qərəzli, amansız, qəddar, məkrli və zalım olurlar. Lakin Bakı hadisələrinin ingilis əli ilə törədilməsi şairi daha çox hiddətləndirir; hər dəfə İngiltərə, London, ingilis adı eşidəndə qəzəbini, nifrətini gizlədə bilmir. "26-lar" mövzusu şair üçün sanki komissarların inqilabi fəaliyyəti, onların mübariz əhval-ruhiyyəsi, nəhayət, öldürülməsi ilə deyil, ingilis imperializminin xarici müdaxiləçilik siyasətinə qarşı barışmazlığı ilə əlamətdardır. Elə bil ki, hər dəfə 26-ların adı çəkiləndə S.Vurğunun gözləri önündə ingilis gəlib durur və ya əksinə. Bu, ədibin həmin mövzuya toxunduğu bütün əsərlərində ana xətt kimi diqqəti cəlb edir.
Elə buna görədir ki, "26-lar" mövzusu Sovet dövrü şair və yazıçılarımızın hamısından fərqli olaraq daha çox S.Vurğun yaradıcılığında öz bədii əksini tapmışdır. Yada salaq ki, bu mövzu bəşər tarixində ötən əsrin əlamətdar və ən yaddaqalan hadisəsi olan Böyük Oktyabr sosialist inqilabının tərkib hissəsidir. S.Vurğun bir gənc kimi, bir vətəndaş və şair kimi bu inqilabı ürəkdən bəyənən, onu alqışlayan və tərənnüm edənlərdən biridir. İnqilab mövzusu onun "Komsomol", "26-lar", "Zəncinin arzuları", "Bakının dastanı" kimi irihəcmli poemaları və "Xanlar" kimi mənzum dramındakı təfərrüatlarla bitmir, digər əsərlərində, habelə kiçikhəcmli şeirlərində belə, ara-sıra xatırlanır. Misal üçün "Zəncinin arzuları"nı götürək. Mövzu etibarilə qara zənci hara, 26-lar hara. Amma şair salona göz gəzdirəndə sağındakı bir nəfərin ingilis olduğunu tanıyır və yenə də qəzəbi coşur.
"Cənab kimdir?- O, Teylerdir: Şlyapalı bir iblisdir.
Üzərimdən səslər gəlir: - İngilisdir! İngilisdir!
Çaylar kimi dalğa-dalğa gözlərimə vurur qanın,
Xatirimdən gəlib keçir 26 qəhrəmanım."
Konkret olaraq, erməni bolşeviklərin də daxil olduğu 26-lara gəlincə, bilavasitə bu mövzudan bəhs edən "26-lar" poemasına baxmalıyıq. Poema inqilab ab-havası ilə yaşayan Bakının təsviri ilə başlayır: "Bakının dərdi var, Bakı xəstədir..."
Poemanın bütün məğzi, mahiyyəti, məzmunu, ideyası, habelə süjet xətti belə, sanki bu misra üzərində köklənmişdir. Bakı ölüm-dirim döşəyində canı ilə əlləşən xəstə bir adama bənzədilir. Və bu xəstənin ölməsində də, sağalıb ayağa durmasında da öz maraqları olan çoxlu qüvvələr vardır: çar Rusiyasını təmsil edən menşeviklər, eserlər, Bakı neftini ələ keçirmək istəyən ingilis müdaxiləçiləri, bir qisim yerli kapitalistlərin dəvəti ilə gəlmiş türklər və türk ordu hissələri, özünün maskalanmış gizli şovinist və genosid siyasəti ilə məqam axtaran erməni daşnakları və s.
Poemanın əsas məzmunu inqilab Bakısındakı bu qarmaqarışıqlıq şəraitində inqilabi hərəkatı boğmaq üçün Bakı komissarlarını həbs etməklə, onların güllələnməsidir.
Yeri gəlmişkən, şair burada erməni daşnaklarına da münasibətini açıqlayır, onların daxili aləmini, məkrli arzu və istəyini nifrətlə qarşılayır. İngilisin gəlişinə "gözlərin aydın!" - deyə sevinən bir eserin səsinə səs verən bir daşnakın iç üzü belə göstərilir:
"Səsinə səs verir onun bir daşnak:
Özünü tez yetir, aman, ingilis!
Gəldiyin yollara qurban olaq biz!
İnqilab ordusu çəkilsin geri,
Qaranlıq evlərdir işçinin yeri.
Bizimdir bu buruq, bu dolu mədən,
Bizə səadətdir, onlara kəfən."
Elə bunun arxasınca şair kinayə ilə "millət rəhbəri" adlandırdığı Rəsulzadədən söhbət açır, onun türkpərəst mövqeyini pisləyir. Bəlkə də, məhz buna görə S.Vurğuna irad tutmaq olar, lakin sovet məktəbində tərbiyələnmiş və dünyagörüşünə yiyələnmiş gənc şairi qınamaq nə dərəcədə düzgün olardı? Əslində dünyagörüşünə görə adamı mühakimə də etmirlər (bu barədə bir az sonra daha ətraflı).
Nəhayət, əsərin sonluğuna doğru Bakı komissarlarının Ağcaqum çölündə güllələnməsi ərəfəsində inqilabın rəhbərlərindən olan Şaumyan və Məşədi bəyin ölümqabağı düşüncələri canlandırılır. Şaumyanın dilindən ingilis imperializminə qarşı tarixi ittihamlar və nifrətlər yağdırılır:
"Siz ey Avropanın cahangirləri!
Tarixin məhvəri dönəndən bəri
Quldur paltarına büründünüz siz,
Budur, ölümünüz, acizliyiniz!
..................................................
Bu ucsuz dənizlər, ucsuz ölkələr,
Yerdən baş qaldıran müstəmləkələr
Nifrətlər deyəcək hər zaman sizə,
Tarix tüpürəcək pis üzünüzə!"
Sonra Məşədi bəyin dilindən onun öz vətəni və doğma Bakısı ilə çox kövrək vida çıxışını eşidirik:
"Əlvida, ey vətən, ey əziz Bakı!
Bu qum çölündəki, biyabandakı
Sənə qurban gedən 26-lar
Döyüşlər günündən qalır yadigar."
Bununla da, komissarların çıxışları sona yetir. Ümumiyyətlə, poemada 26 komissardan yalnız ikisinin adı çəkilir və onların qısa çıxışları verilir: Şaumyan və Məşədi bəyin. Bu da o deməkdir ki, şair əsərində 26 Bakı komissarının hər biri haqqında qısa və ya geniş söhbət açmağı, onların hər birinin ayrılıqda bədii obrazını yaratmağı qarşıya məqsəd qoymamış, o, Azərbaycanda inqilabi mübarizənin başında duran və bu yolda ölümdən belə, çəkinməyən komissarların ümumiləşdirilmiş bədii surətini - "26-lar" surətini canlandırmışdır.
Beləliklə, "26-lar" poemasında şairin ermənipərəst mövqedən çıxış etməsinə dair heç bir əsər-əlamət yoxdur; əsərdə 26-lar vahid məqsəd uğrunda müxtəlif millətlərin birliyini əks etdirən beynəlmiləl bir gücün, qüvvənin və bir hadisənin rəmzi kimi verilmişdir.
O ki qaldı "mənim babam olmuş 26-lar" ifadəsinə, bu, sözgəlişi bir cavabdır, xatırlatma mahiyyəti daşıyır. Bu misra şairin "Ziyafət" şeirindəndir. Oxucuda şübhə yeri qalmasın deyə, şeirdə həmin məqamın təsvirinə aid misraları ixtisarsız vermək məcburiyyətindəyəm:
"Qarşımda üzünün dərisi çil-çil
Bir ledi dayanmış, əlində əlcək.
Əri yanımdadır - cənab Çörçill
Mənə əl uzadır təzim edərək.
O, tox qaban kimi fısıldayır, bax!
Onun dərisindən süzülür yağı.
Qalın qaşlarını bərk-bərk çataraq,
Səssizcə qımışır iblis sayağı...
"Bakı! Bakı!" deyib, üzümə baxır,
Elə bil od tutub yanır bədənim.
Canımdan tüstülər, dumanlar qalxır,
Hirsimdən əllərim titrəyir mənim!
Bəli! Bakılıyam! Öz şöhrətim var,
Mənim babam olmuş 26-lar...
Gərək yadınızdan çıxmamış ola!"
Göründüyü kimi, burada 26-lar haqqında geniş söhbət açılmır, sadəcə olaraq, Bakı deyəndə "26-lar" hadisəsi yada düşdüyündən, şair "Bakı! Bakı!" deyən ingilisin murdar əməllərini onun üzünə çırpmaq üçün həmin ifadəni işlətməli olur. Burada irad tutulmalı nə var ki?!
Biz əvvəldə M.Ə.Rəsulzadənin adını çəkmiş, S.Vurğunun ona qarşı çıxdığını qeyd etmişdik, lakin bunun səbəblərini açıqlamamışdıq.
Səbəblər deyəndə bir qədər çox görünür, əslində burada bircə səbəb vardır; səbəb budur ki, 70 illik sovet dövrü azərbaycanlı oxucusunun, lap elə ziyalısının da, M.Ə.Rəsulzadənin (təkcə Rəsulzadəninmi) kimliyi barədə heç bir məlumatı olmamışdır. Belə məlumatlar yalnız əlçatmaz, qapalı arxivlərdə olmuşdur, kitabxanalarda yox! Uzağa niyə gedək, elə biri mən özüm, nə orta məktəbdə, nə də 1970-ci ildə bitirdiyim ali məktəbdə M.Ə.Rəsulzadə adı eşitməmişəm. Hamı da mənim kimi!...
M.Ə.Rəsulzadə və neçə-neçə Rəsulzadələr sovet dövründə yaşamışlara yalnız o hakimiyyət yıxıldıqdan sonra bəlli oldu, üzə çıxdı...
Unutmaq olmaz ki, S.Vurğun sovet şairidir. Yetmiş illik sovet hakimiyyəti illəri xoşumuza gəlsə də, gəlməsə də biz bir xalq olaraq, SSRİ-nin digər xalqları kimi, bu dövrü yaşamışıq və bu bizim millətimizin tərcümeyi-halına daxildir, istəsək belə, onu tariximizdən silə bilmərik. Və bu dövrün, bu quruluşun, bu dövlətin, bu cəmiyyətin öz qanunları, qaydaları, tələbləri, siyasi ab-havası və rejimi olmuşdur. Böyük Oktyabr sosialist inqilabı və ya bolşevik-menşevik çarpışmaları dövründə S.Vurğun cəmi 11-12 yaşlarında, həm də Bakının qaynar inqilabi mübarizə həyatından çox uzaqlarda – ölkənin ucqar bir kəndində öz uşaqlıq həyatını yaşamışdır. Bir yeniyetmə kimi gözünü açanda sosialist ideologiyası ilə tərbiyələnmişdir. Müəllimləri ona bu quruluşun üstünlüklərindən dəm vurmuş, bolşevik və komsomol hərəkatının xalqımız üçün yeganə düzgün yol olduğunu söyləmişlər. Balaca Səməd də çalışqan bir şagird kimi öz müəllimlərinin öyrətdikləri yolla getmişdir.
S.Vurğunun tutduğu yol təkcə onun yolu deyildir. Bu yol S.Vurğunun yaşıdı və ondan sonra gələn bütün nəsillərimizin yolu olmuşdur. Niyə yaxamızı qırağa dartırıq, ömrü, həyatı yetmiş illik sovet dövrünə təsadüf edən hər birimiz, valideynlərimiz də daxil olmaqla, adları dillər əzbəri olan Marksa, Engelsə, Leninə, Stalinə, 26-lara, eləcə də tanınmış digər inqilabçılara, dövlət xadimlərinə baba deməmişikmi, heykəlləri önünə gül-çiçək dəstələri, əklillər qoyaraq şəninə şeirlər söyləməmişikmi?!
Xatırladıram ki, sovet heykəltaraşı G.D.Merkurovun yaratdığı və 1958-ci ildə (S.Vurğunun ölümündən iki il sonra) Bakının tam mərkəzində "26-lar" bağında qoyulmuş "26 Bakı Komissarının güllələnməsi" adlı qorelyef-abidəsi yalnız SSRİ dağıldıqdan sonra götürülmüşdür.
Niyə belə tez unuduruq ki, həmin dövrdə bütün təhsil ocaqlarının, dövlət idarə və müəssisələrinin, zavod və fabriklərin, küçə və meydançaların səliqə-sahmanlı, ən gözəçarpan və əzəmətli yerləri Marksın, Engelsin, Leninin, Stalinin, 26-ların, eləcə də sovet hakimiyyətini quran digərlərinin heykəlləri, abidələri, büstləri, şəkil-portretləri, xatirə lövhələri ilə bəzədilərdi. Bütün bunlar cəmiyyətin, xüsusən də gənc nəslin formalaşmasında təsirsiz ötüşə bilərdimi?..
Eldə gözəl bir məsəl vardır: "Aşıq gördüyünü çağırar". S.Vurğun da öz dövrünün aşığı - şairidir; nə görmüşdürsə, onu da yazmışdır. Və təkcə S.Vurğunmu belə yazmışdır? Birmənalı şəkildə deməliyik ki, xeyr! Sovet dövrü şair və yazıçılarımızın hər biri öz istedadı səviyyəsində bu cür mövzulara müraciət etmişdir. Təkcə M.S.Ordubadinin adını çəkmək kifayətdir ki, o boyda "Qılınc və qələm" romanının müəllifi dünya proletariatının rəhbəri kimi tanınan V.İ.Leninin ölümünə həsr etdiyi "Leninə" adlı şeirində deyir:
"Bir qələ tək təcəssüm edər qurduğun cahan,
Qəbrinlə də cahana açarsan bir asiman.
..................................................................
Biz də səninləyik, sənə səndən də məhrəmik,
Fikrin, əməllərin kimi hər işdə möhkəmik."
Buna görə biz indi böyük sənətkar M.S.Ordubadini məzəmmət edə bilərikmi? Ona irad tuta bilərikmi, ay bizim ağsaqqal şair və yazıçımız, Sən bunları niyə düz yazmamışsan? İndi göstər görək, hanı o Leninin qurduğu cahan? Deməli, M.S.Ordubadi də gördüyünü, eşitdiyini, inandığını yazmışdır. Onu da qeyd edək ki, bu şeiri M.S.Ordubadi əlli iki yaşında olarkən yazmışdır.
Bu məsələdə S.Vurğunu bəzən H.Cavidlə, Ə.Cavadla müqayisə etməyə çalışırlar; niyə məhz onlar da S.Vurğun kimi yazmamışlar? Təkrar da olsa, bir daha xatırladıram ki, uşaq yaşlarında olan S.Vurğun inqilab dövrünün ictimai-siyasi hadisələrini öz gözləri ilə görməmiş, o bu hadisələrə sovet məktəbindən aldığı təhsil nəticəsində bələd olmuşdur. H.Cavid, Ə.Cavad isə müvafiq olaraq 35, 25 yaşlarında yetkin vətəndaşlar kimi bu hadisələrin canlı şahidi, iştirakçısı, habelə mübarizə aparan tərəflərdən, siyasi partiyalardan birinin üzvü olmuş, bu mübarizədə püxtələşmişlər.
3. S.Vurğun niyə Azərbaycanı "birləşdirmək" istəyən Ağa Məhəmməd şah Qacarı mənfi obraz kimi təqdim edir?
Bu suala cavab verməzdən əvvəl qeyd edək ki, ədəbiyyatımızda Qacar obrazı yeni deyildir. S.Vurğundan əvvəl görkəmli dramaturq Ə.Haqverdiyev 1907-ci ildə tamamladığı "Ağa Məhəmməd şah Qacar" əsərində Qacar obrazını daha müfəssəl işləmişdir; S.Vurğunun Qacarı onun yanında "toyagetməli"dir. Y.V.Çəmənzəminlinin "Qan içində" romanındakı (1937) Qacar da öz qəddarlığı, zülmkarlığı ilə heç də geri qalmır. Nə isə?..
Ağa Məhəmməd şah Qacarın Azərbaycanı İrana birləşdirmək (bəzi tarixçilərin fikrincə Azərbaycana birləşdirmək, mən bu fikri qəbul etmirəm, çünki Qacar İran şahı kimi tanınır, o, Azərbaycanın şahı olmamışdır) cəhdini birmənalı şəkildə yaxşı və ya pis başa düşmək çox müəmmalıdır. Birincisi, ona görə ki, hər şey nəticə ilə ölçülür; gəlin müqayisə edək görək, vaxtilə İranın tabeliyində qalmış, guya İrana birləşdirilmiş cənublu azəri qardaş və bacılarımızın bugünkü həyatı, taleyi bizim həyatımız, güzəranımızla müqayisədə necə görünür? Məncə, bu barədə geniş diskussiya açmağına dəyməz, sadəcə olaraq, təsəvvür edə bilərik ki, indi biz də öz ana dilimizdə deyil, fars dilində təhsil alardıq, icbari təhsildən kənarda qalardıq, maddi və mənəvi yoxsulluq içində yaşayardıq.
İkincisi, Qacar da tarixdə öz zalımlığı və qəddarlığı ilə ad çıxarmış İran şahlarından biridir, hansısa yaxşı bir cəhəti ilə onlardan seçilmir və ya çox az seçilir. İran şahlarının tarixinə nəzər saldıqda, elə XVIII əsrdən bərini götürsək, şahidi oluruq ki, onların heç biri öz əcəli ilə ölməmişdir; hamısı da Vətən uğrunda döyüşlərdə deyil, şahlıq taxt-tacına sahib olmaq üstündə, öz qohumları və ya özünə yaxın saray adamları tərəfindən qətlə yetirilmişlər: Nadir şah, onun qardaşı oğlu Adil şah ləqəbli Əliqulu şah, Ağa Məhəmməd şah Qacarın atası Ağa Məhəmməd Həsən şah, Kərim xan Zənd, Fətəli şah, elə Qacarın özü, hansı birini deyəsən... Yaxşı şahı öldürməzlər, yaxşı şahı hifz edərlər, budur məntiq.
Mən hələ İran şahlarının keçmişindən söhbət açmıram. Əfsanəvi Zöhhakdan, Daradan tutmuş ötən əsrin əvvəllərindəki Məmmədəli şaha qədər hansı birinin ədalətindən danışmaq mümkündür. Mərhum şairimiz M.Ə.Sabir yazırdı:
Öylə bir mərtəbə zülm eylədi ki, Məmdəli Mirza,
Çingizə də, Zöhhakə də min rəhmət oxutdu.
Və ya elə S.Vurğun özü:
Nadirin qəlbini kin yedi qat-qat,
Dilindən qoymadı şöhrət sözünü.
Tacından, taxtından qorxan o cəllad,
Doğma balasının tökdü gözünü.
İran şahlarına qara yaxmırıq, onlar özlərini məhz belə tanıtmışlar. Odur ki, burada kənardan günahkar axtarmaq lazım deyildir.
Onu da qeyd edim ki, bu yazını işləyərkən Qacarın şahlıq tarixinə aid bir sıra mənbələrə yenidən baxmışam, o cümlədən "Qarabağnamə"ləri təkrar oxumuşam ("Qarabağnamə"lərə daha çox inanıram, çünki bu, sovet dövrünün məhsulu deyil, birbaşa Qacarın müasirləri və onu şəxsən görənlər tərəfindən yazılmışdır), həmçinin bir sıra tarix ixtisaslı alim və müəllimlərlə məsləhətmişəm. Əlbəttə, bu adamların fikirləri birmənalı olmamışdır; onların sırasından Qacarı müsbət qiymətləndirənlər də olmuşdur, lakin bunlar azlıqdadırlar. Həmçinin bu adamlar da Qacarın yalnız Azərbaycanı "birləşdirmək" arzusuna görə ona tərəfdar çıxırlar.
Burada fikirlər bir də ona görə haçalanır ki, həmin yoldaşların bir qismi Azərbaycanın Rusiyadansa, İrana birləşdirilməsi mövqeyində dururlar. Mən bu məsələyə çox soyuqqanlı yanaşıram. Həmişə bu fikirdə olmuşam ki, kiçik dövlətlərin xarici siyasəti özündən asılı deyil, yumşaq desək, böyük (güclü) dövlətlərin onlara münasibətindən asılıdır. Biz bu gün burada oturub iki yüz il bundan qabaq hansısa xanlığın ya İrana, ya Rusiyaya birləşməsinə düzgün qiymət verə bilmərik. Səbəb isə çoxdur. Mən bunlardan yalnız birinə toxunuram. Əlbəttə ki, eyni dinə mənsubluğumuz və ərazi yaxınlığına görə İranla birləşmə daha münasib görünür. Lakin həmin dövrlərdə İran şahlarının tez-tez öldürülərək dəyişmələri uzun bir müddət üçün əmin-amanlıq yaradılmasını təmin etmədiyindən bu hadisə baş tutmamışdır; çünki hakimiyyətə gələn (hələ onu demirik ki, hansı yollarla) hər yeni şah özündən əvvəlkinin yaxınları, tərəfdaşları, müttəfiqləri ilə yenidən haqq-hesab çəkirdi. Bu baxımdan, o dövr xanlıqlarımızın hansı dövlətin himayəsini qəbul etmələrinə görə onları qınamaq çətindir; hərə öz vəziyyətini daha yaxşı bilir.
Qacarın Azərbaycanı birləşdirmək arzusunu mən də qəbul edərdim, lakin bu birləşmənin daşıdığı üzdə görünməyən məqsədi ilə razılaşmıram, çünki məqsəd heç də Azərbaycanı ağ günə çıxarmaq xatirinə deyil, Azərbaycan ərazisi hesabına İran ərazilərini daha da genişləndirmək, onun zəngin varidatına sahib olmaq, əhalisini özünə tabe etdirərək daha çox adamlara ağalıq etmək idi. Hadisələrin sonrakı gedişi də, yuxarıda qeyd etdiyimiz kimi, bunu bir daha təsdiq edir; bugünkü şimali və cənubi azərilərin həyat tərzini, maddi-mənəvi hüquqlarını və durumunu özünüz müqayisə edin.
Ağa Məhəmməd şah Qacarın şəxsiyyətindən söz açsaq, qəti demək mümkündür ki, heç bir tarixi mənbədə (mən sovet mənbələrini, elə rus mənbələrini də əsas götürmürəm) onun insanlığından, humanizmindən, ədalətindən, yaxşılığından, mehribanlığından, habelə sədaqət və dostluğundan danışılmır. Əksinə addımbaşı qəddarlığı, zalımlığı, kobudluğu, asmaqdan-kəsməkdən, öldürməkdən, qan tökməkdən həzz aldığı diqqətə çatdırılır.
Şah Qacarın humanizminə, xeyirxahlığına, ədalətliliyinə bizdə şübhə yaradan bir amil də budur ki, o, uşaq yaşlarında axtalanaraq xədim olmuşdur (biz onun xədimliyini ona nöqsan tutmasaq da, bu amilin Qacarın bir şəxsiyyət kimi formalaşmasına təsirini təbii hesab edirik), iki dəfə uzunmüddətli girovluqda qalmışdır, deməli, cəmiyyət tərəfindən cəzalandırılmış, şikəst olmuşdur. İnsan psixologiyasına görə, belə adamlar heç vaxt xeyirxah ola bilməz, əksinə cəmiyyətdən qisas almağa çalışan bir qisasçıya çevrilərlər.
Qacara görə S.Vurğuna nəyi isə irad tutmaq bir də ona görə əsassızdır ki, şairin özünün də dediyi kimi, o, tarix yazmamışdır, o, tarixi hadisələr fonunda bədii əsər yaratmışdır; bu da o deməkdir ki, tarixi faktlardan hansı birininsə təhrif olunmasına, qismən canlandırılmasına görə müəllifə irad tutulmaz. Yenə B.Vahabzadənin eynən bu barədə fikrini olduğu kimi nəzərinizə çatdırıram: "Ümumən bədii əsərlərdə tarixi dürüstlüyü tam mühafizə etmək, tarixi şəxsiyyəti həyatda olduğu kimi vermək o qədər də vacib deyildir. Bu dəqiq dürüstlüyə tam riayət etmək tarix elminin vəzifəsidir" (B.Vahabzadə, "Səməd Vurğun", Bakı-1968, səh.259).
Əgər S.Vurğun tarix yazmış olsa idi, Qacarın öldürülməsini də tarixdə olduğu kimi verərdi, lakin səhnədə (əsərdə) Qacar xalq qəhrəmanı Eldar tərəfindən, həm də simvolik Misri qılıncla öldürülür. Əsərin bədii ideya gücü də bundadır, yəni xalq birləşsə, hər cür yadelli qəsbkara qalib gələ bilər, onu öz yurdundan qova bilər. Daha bir analoji misal gətirmək olar. Nizami Gəncəvi "İskəndərnamə" adlı irihəcmli poemasının əsas qəhrəmanı kimi, tarixi şəxsiyyət, zülmkar, qəddar, qaniçən, işğalçı hökmdar makedoniyalı İskəndəri seçmişdir. Poemada İskəndər həyatda olduğundan tamamilə fərqli, olduqca humanist, xeyirxah, ədalətli, qayğıkeş, elmə və alimə yüksək qiymət verən, xalqın mənafeyi naminə quran və yaradan kimi təsvir edilmişdir.
Görkəmli rus alimləri akademik V.V.Bartold, Y.E.Bertels də bu fikirdə olmuşlar ki, İskəndər həyatda dağıdan, uçuran, zalım, əzazil olduğu halda, Nizami onun yalnız dünyada tanınmış adından istifadə edərək, ədalətli şah obrazı yaratmış, bununla da, şahlara dərs vermişdir. Belə halda biz Nizamini ittiham edə bilərikmi ki, tarixi düz yazmamışdır?!
Yeri gəlmişkən, Vaqif haqqındakı bu əsərdə tarixi təhriflərdən biri də Vaqifin öldürülməsi faktının verilməməsidir. Yadelli qəsbkarın öldürülməsi və başda Vaqif olmaqla xalqın qələbəsi iilə tamamlanan bu sonluqda Vaqifin öldürülməsini vermək əsərin bədii ideya dəyərini xeyli azaltmlş olardı...
Yadelli işğalçılara qarşı ümumxalq mübarizəsi olduqca geniş planda verilmiş və əsərin əsas ideyasını təşkil edir ki, bu da "Vaqif" pyesinin müasirliyini, bugünkü həyatımızla həmahəng səslənməsini bir daha təsdiq edir.
Bu baxımdan əsər xalqımızın bu günü üçün daha aktualdır və onun teatr repertuarlarından kənarda qalması təəccüb və təəssüf hissləri doğurur.
Qacarla bağlı iradlara tam aydınlıq gətirmək üçün onu da qeyd edək ki, əsərdə o (Qacar), bütünlüklə mənfi bir tip kimi səciyyələnir; bəlkə də, həyatda onun hansısa bir yaxşı cəhəti, xasiyyəti, xüsusiyyəti olmuşdur, lakin onun belə tam mənfiliklə təsvir edilməsi bədii əsərin tələbindən doğur.
Yuxarıda şərh olunanlardan göründüyü kimi, Qacara görə S.Vurğunu ittiham etməyə heç bir əsas yoxdur.
4. S.Vurğun niyə "yerlibazlıq" edərək M.P.Vaqifi bu qədər yüksəldir?
Bu sualla S.Vurğun yerlibazlılıqda ittiham olunur. Birbaşa cavab verirəm ki, adam əslində yerlibaz olmalıdır; öz yurdunu, öz qohum-əqrabasını, öz qonşusunu, öz el-obasını sevməyən, olan imkanları daxilində onlara arxa, dayaq olmayan, kömək göstərməyən heç kəs yaxşı adam ola bilməz, özündən başqa heç kəsi sevməz, həmçinin elə adamdan vətənpərvər olmaz.
Yeri gəlmişkən, oxucuların diqqətinə çatdırmaq lazımdır ki, nədənsə, xalq arasında qohumbazlıq, yerlibazlıq kimi anlayışlara pis baxılır, mənfi xüsusiyyətlər sirasına aid edilir. Bilmək lazımdır ki, bu cür fikirlər bizə sosializm cəmiyyətində aşılanmışdır (əlbəttə ki, sosializmin bizə bəxş etdiyi çoxlu yaxşılıqlarla birlikdə). Bunu da unutmayaq ki, yerlibazlıq, qohumbazlıq o demək deyildir ki, sən yerli və ya qohum olmayana qənim kəsiləsən, onlara münasibətdə qeyri-səmimi olasan...
S.Vurğunun bu "yerlibazlığı"na mən bir "qohumbazlıq" da əlavə edə bilərəm. Deyilənlərə görə, S.Vurğunun ana nənəsi Vaqifin nəslindəndir...
Lakin reallıq yürüdülən ittihamın tamamilə əksini təsdiq edir. Birinci oradan başlayaq ki, M.P.Vaqif hələ S.Vurğun doğulmamışdan çox əvvəl (Vaqif 1797-də öldürülmüş, Səməd isə 1906-cı ildə doğulmuşdur) təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da məşhur olmuş, hamılıqla tanınmış, ümumxalq məhəbbəti qazanmış, "hər oxuyan Molla Pənah olmaz" zərbül-məsəlinə çevrilmişdir. Bu yüksək ad, titul ona hansısa xan, bəy və ya hökmdar tərəfindən deyil, xalq tərəfindən verilmişdir. Bütün millətimizin tarixində tarixi şəxsiyyət olan heç bir alim, şair, ziyalı belə ad qazanmamışdır. S.Vurğun Vaqifi nə qədər tərifləsə də, ucaltmaq istəsə də, bundan ucalığa qaldıra bilməzdi. Deməli, xalq arasında bu cür nüfuz sahibi olan adamı tərifləməyə və ya onu yüksəltməyə ehtiyac da yoxdur.
Molla Pənah Vaqif "Əsərləri" Bakı, Azərnəşr, 1968-ci il nəşrinə (təkrar nəşri - Bakı, "Şərq-Qərb", 2004-cü il) tanınmış ədəbiyyatşünas alim, akademik, əməkdar elm xadimi H.Araslının yazdığı ön söz "Şeirimizin fəxri" adlanır. Həmin yazıdan bəzi cümlələri olduğu kimi oxucuların nəzərinə çatdırıram: "Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni bir dövr başlayır". "Vaqif şeir dilimizi ərəb, fars tərkiblərindən, müəmmalı ifadələrindən təmizləyərək, canlı xalq dilinin obrazlı ifadələrindən istifadə etmək yolu ilə sadələşdirmiş və zənginləşdirmişdir. Vaqifin poeziya dilimizə gətirdiyi yeniliklər bu günə qədər realist şeirimizin inkşafı üçün əsas bir zəmin olmuşdur".
Nəzərə almalıyıq ki, Vaqif dövrünə qədərki şeirimiz, xalq bayatıları və o qədər də geniş yayılmamış aşıq şeirləri istisna olmaqla, o dövrdə böyük dəbdə olan qəzəl janrının (şeirinin) çox güclü təsirinə məruz qalmışdır. Klassik şeirimizin bünövrəsi, - "Dədə Qorqud dastanları"ndan sonra yaranmış və geniş surətdə yayılmış qəzəl şeiri sayıla biər. Ədalət naminə qeyd edək ki, "Dədə Qorqud"dakı şeir özünün ibtidai forması, ölçüsüz-biçimsizliyi, qafiyəsizliyi və s. ilə qəzəldən geri qaldığından az inkişaf etmişdir. Nizami, Həsənoğlu, Xaqani ilə bünövrəsi qoyulan, daha sonra Nəsimi, Füzuli kimi qəzəlxan şairlərin geniş yaradıcılığı sayəsində daha da ucalan qəzəl qarşısında qeyri şeir növü duruş gətirə bilməmişdir. Xüsusən də, Füzuli qələminin ecazkarlığı ilə qəzəl bir şeir növü kimi daha böyük nüfuz qazanmaqla, digər şeirləri kölgədə qoymuşdur. Həmçinin qəzəl haqqında Füzulinin fikirləri də bu baxımdan az rol oynamamışdır:
Qəzəldir səfabəxşi-əhli-nəzər,
Qəzəldir güli-bustani-hünər.
Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin şöhrətin.
Lakin unutmaq olmaz ki, qəzəl bizim doğma şeirimiz deyildir; o bizə ərəblərdən gəlmiş, farsların təsiri ilə də inkişaf etmişdir, dəbə düşmüşdür. Bütün bunların nəticəsində həmin dövr poeziyamız haqqında fikir formalaşır ki, Azərbaycan poeziyası yalnız qəzəldən ibarətdir və qəzəldən ibarət olmalıdır. Bax belə bir tarixi məqamda Vaqif yetişir, sanki o bu boşluğu doldurmağa gəlir. Öz gəlişi ilə sübut edə bilir ki, qəzəl bir şeir növü kimi heç də bütöv Azərbaycan poeziyası demək deyildir; qəzəl Azərbaycan şeirinin yalnız bir növü, bir hissəsidir. Nəhayət, Vaqif öz qoşmaları ilə milli şeirimizi nizamlı ölçü-biçiyə salmaqla yanaşı, qəzəldən fərqli olaraq, onu ərəb, fars tərkibli ifadələrdən təmizləyir, canlı xalq danışığı əsasında ədəbi dilimizin bünövrəsini qoyur. Onun bu sahədəki uğuru S.Vurğunu çox ruhlandırır. Böyük rus şairi A.S.Puşkinin "Yevgeni Onegin" poemasını dilimizə çevirən S.Vurğunun
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini,
Çevirdim Vaqifin şirin dilinə.
deməsi təsadüfi deyildir, mən deyərdim ki, böyük bir ədalətin təntənəsidir.
Vaqif surəti haqqında danışarkən qeyd etmək lazımdır ki, bu obraz əsərdə tamamilə qüsursuz, olduqca müsbət və tam idealdır, ona nəyi isə irad tutmaq əslində mümkün deyildir. Lakin bu o demək deyildir ki, Vaqifin həyatda heç bir səhvi, nöqsanı olmamışdır. Xatırladaq ki, ideal adam yalnız bədii əsərlərdə mümkündür, adi həyatda isə nöqsansız adam yoxdur. Müəllif də bədii əsərin bu imkanlarından istifadə edərək tam ideal bir obraz yaratmağa nail olmuş, heç də şair Molla Pənah Vaqifin tarixi tərcümeyi-halını yazmağa cəhd göstərməmiş, yalnız onun istedadlı şair, böyük nüfuz sahibi kimi tanınmış tarixi şəxsiyyətinə istinad edərək belə bir canlı səhnə əsəri yaratmışdır.
Mən hələ "Vaqif" əsərinin Azərbaycan səhnəsindəki əvəzolunmaz yerindən, uzun illər repertuarda olmasından, təhsilindən, savadından, peşəsindən asılı olmayaraq, hər bir azərbaycanlının diləzbəri olmasından söhbət açmıram.
Beləliklə, Vaqifə görə yerlibazlılıqda S.Vurğunu qınamaq birmənalı şəkildə haqsızlıqdır.
5. S.Vurğun "Nədən şerimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan"
deməklə, Turanı bizdən niyə ayırır?
Bu sualın cavabı o qədər də çətin deyildir. Sadəcə olaraq, bilmək lazımdır ki, Turan, İran burada sözün əsl mənasında deyil, məcazi mənada işlənmişdir; cümlədəki məna tutumuna görə "ordan-burdan", "kənardan" kimi başa düşülür. Bununla nə Turanın, nə də İranın nüfuzuna xələl gəlir, nə də "xəncərinin daşı düşür". Bu cür deyimlər canlı xalq dilimizdə bugün də vardır. Məs; - "A qardaş, İranı-Turanı gəzə bilirsən, ancaq buradan-buraya bizə gələ bilmirsən?!". Bu o demək deyildir ki, həmin qardaş, doğurdan da, İranı, Turanı gəzməkdən gəlir. Sözgəlişi olaraq, Avropanı gəzənə də, Amerikanı gəzənə də, elə öz bölgələrimizi gəzənə də bu cür deyirlər.
Sonrasına gəlincə, S.Vurğun belə deməkdə həm də haqlıdır. Üzü Nizamidən bəri tutmuş, demək olar ki, S.Vurğun dövrünə qədər şeirimizin (poeziyamızın) nəinki təkcə baş qəhrəmanı, elə bütün ədəbi qəhrəmanları kənardan götürülmüşdür. Klassik poeziyamızın əsas qəhrəmanları İskəndər şah (makedoniyalı), İran şahları: Dara, Bəhramgur, Xosrov və s., ərəb əfsanəsindən Məcnun, Leyli, İbn Salam və. i.a. deyildirmi? Elə buna görə də şair haqlı olaraq deyir: "Bəs mənim ölkəmin varlığı hanı?"
Əslində burada Turanlıq bir iş də yoxdur, çünki klassik ədəbiyyatımızda Turan mövzusu, demək olar ki, öz əksini tapmamışdır.
Bu məsələ barədə yenə də şair və ədəbiyyatşünas alim B.Vahabzadənin fikrini olduğu kimi nəzərinizə çatdırıram: "... şair (S.Vurğun - qeyd bizimdir) "əkində, biçində dərisi çatlayan", "torpağın bağrını yaran" əmək adamlarının həyatını sovet ədəbiyyatı üçün əsas ilham mənbəyi hesab edir... Əsərlərinin mövzusunu İran və Turan tarixindən götürən sənətkarlara üzünü tutaraq yazır:
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?"
Daha sonra B.Vahabzadə, dövrünün görkəmli tənqidçi-ədəbiyyatşünas alimi Mir Cəlaldan misal gətirir: "M.Cəlal "Komsomol poeması"nı məhz bu cəhətinə görə "yeni şeirin manifesti" adlandırmışdır".
Qeyd edək ki, S.Vurğunu tədqiq edən tanınmış görkəmli alimlərimizdən bu mövzu ilə bağlı saysız-hesabsız tutarlı misallar gətirmək mümkündür. Sadəcə olaraq mahiyyət budur ki, S.Vurğun bütün şairləri, ədibləri öz elindən-obasından, öz Vətənindən, öz xalqının qəhrəmanlarından, zəhmət, elm, incəsənət adamlarından, sadə adamlarından yazmağa çağırır və bu çağırış bütünlüklə Azərbaycan poeziyasında az bir zamanda geniş surətdə öz əksini tapır.
Hörmətli oxucular! Bütün bu şərh olunanlara əlavə olaraq xatırladıram ki, S.Vurğun:
- olduqca milli şairdir; öz doğma yurdu Azərbaycana, elinə, obasına, millətinə, xalqına bağlıdır, hər bir əsərində azəri yurdunu, Azərbaycan xalqını tərənnüm edir, hər bir misrasından doğma Vətən ətri gəlir;
Vətən, xalq sevgisi şairin son nəfəsinədək dilindən düşmür, yadından çıxmır, Pekində müalicədə olduğu zaman "Qürbət eldə can vermərəm ölümə" - deyir və amansız ölümə qalib gələrək xəstə canını vətənə salamat çatdırır. Onun milliliyi, vətənpərvərliyi həm də çox qarşılıqlıdır, vətəndə böyükdən kiçiyə qədər hamı tərəfindən sevilmiş və sevilməkdədir. İslam Sadığın toplayıb ərsəyə gətirdiyi "Səməd Vurğunun aforizmləri" kitabına yazılmış ön sözdə ("Vurğunun hikmət dünyası" adlanır) oxuyuruq: Böyük türk şairi Nazim Hikmət Azərbaycan xalqının Səməd Vurğuna bəslədiyi məhəbbəti çox gözəl ifadə edərək demişdir: "Əgər Azərbaycan xalqının Səməd Vurğuna bəslədiyi məhəbbətin yarısı qədər türk xalqı mənə məhəbbət bəsləsəydi, rahat ölərdim".
Xalqın böyük şairə dərin məhəbbət və qayğısını mərhum şair Hüseyn Arif belə ifadə etmişdir:
"Çiynində Qoşqarı gətirər ellər,
Ona dərman üçün qar gərək olsa".
Şairin milliliyindən danışarkən mütləq yada düşür ki, repressiya dövründə onu "millətçi" kimi qələmə verərək təqib edirdilər, indi isə azqala bunun əksini əsas tutub ittiham edirik...
- çox böyük, misilsiz istedad və qüdrət sahibidir. Yaşadığı dövrdə sovetlər məkanında, habelə Avropada bütün tanınmış qələm sahibləri, elm adamları, xüsusən də ədəbiyyatşünaslar onun bu istedadı, böyüklüyü qarşısında baş əymişlər;
- nüfuzlu bir şəxsiyyət kimi dünyada tanınmış və doğma Azərbaycanımızı dünyaya tanıtmışdır;
- humanizm, yoldaşlıq, dostluq, beynəlmiləlçilik, xeyirxahlıq, vətənpərvərlik, vətəndaşlıq və s. kimi bəşəri ideyalarla səsləşən əsərləri ilə cəmiyyətə, xalqa daim müsbət insani keyfiyyətlər aşılamış və bu gün də aşılamaqdadır;
- xeyriyyəçiliyin nə olduğunun bilinmədiyi sovetlər zamanında xeyriyyəçi olmuşdur, vətəndə və onun hüdudlarından kənarda (xüsusən də Moskvada) təhsil alan neçə-neçə tələbəyə mənəvi və maddi kömək göstərmişdir;
- çox zəngin bir yaradıcılığa malikdir; kiçikhəcmli lirik şeirlərindən tutmuş irihəcmli əsərləri də mühüm bəşəri mövzulardan bəhs edir; yaşadığı dövrdə elə bir tarixi-əlamətdar hadisə yoxdur ki, onun qələmindən kənarda qalsın. Bu gün Səməd Vurğunu oxuyan hər kəs onun yaşadığı dövrün canlı mənzərəsini görə bilir;
- geniş elmi-tədqiqat obyektidir, yaradıcılığının hər bir sahəsi ədəbiyyatşünaslarımızın ədəbi tənqid süzgəcindən keçmiş, əsərlərinin hər birinin elmi, bədii, tənqidi təhlili verilmiş, neçə-neçə alimlərin elmi dissertasiyaları üçün tədqiqat obyektinə çevrilmiş, sağlığında olduğu kimi ölümündən sonra da ölkəmizin və dünyanın əksər ölkələrinin dövri mətbuatında təbliğ olunmaqdadır. Haqqında onlarla kitablar yazılmış, mübaliğəsiz demək olar ki, Azərbaycanda az-az qələm sahibi tapılar ki, Səməd Vurğundan yazmasın. Bunlar arasında Məmmədcəfər Cəfərov, Məmməd Arif Dadaşzadə, Mir Cəlal Paşayev, Mirzə İbrahimov, Mehdi Hüseyn, Mehdi Famil, Bəxtiyar Vahabzadə kimi tanınmış alim, şair və yazıçıların adlarını xüsusilə qeyd etmək yerinə düşər.
Onu da qeyd edək ki, müəllifindən asılı olmayaraq, şair haqqında yazılanların hamısında onun bədii irsi, elmi-publisist yaradıcılığı, habelə tərcüməçilik fəaliyyəti olduqca yüksək qiymətləndirilir. Fikrimizin təsdiqi üçün yenə də B.Vahabzadəyə müraciət edək: "S.Vurğun yaradıcılığı küll halında dünya görmüş, sinəsi xəzinə, ağsaçlı müdrik bir qocaya bənzəyir. Bu qocanın sinəsində xalqın nağıl və dastanları, atalar sözləri, məsəlləri, muğamı, aşıq mahnıları, üzərində iztirablı günlərin kədəri, xoşbəxt günlərin sevinci, fərəhi naxış bağlamışdır. Bu qoca ağ saçlı azəri xalqının simvoludur, bəlkə də şairin qəhrəmanlarından Azər babanın özüdür. Azərbaycan xalqının "Avesta" dövründən bu günə qədərki tarixi - Nizami qüruru, Füzuli kədəri, Xaqani mübarizliyi, Nəsimi hikməti, Vaqif səmimiyyəti, Koroğlu qəhrəmanlığı, Sabir gülüşü bu böyük yaradıcılıqda öz əksini tapmışdır. Bu böyük yaradıcılığın epiqrafı şairin "Azərbaycan" şeiridir. (B.Vahabzadə, "Səməd Vurğun", 1968. səh. 345-346)
Hörmətli Sərdar müəllim!
Nəhayət; 1. S.Vurğun Azərbaycan poeziyasının elə bir əlçatmaz zirvəsidir ki, onu dərindən öyrənmək, araşdırmaq və yekun olaraq ona layiqincə qiymət vermək nə mənim səviyyəm daxilindədir, nə də Sizin; ona qiymət vermək üçün ən azı S.Vurğun səviyyəsində olasan gərək. Böyük şairin hər bir əsəri, hər bir bəndi, habelə hər bir misrası geniş məzmun daşıyır, dərin hikmətlərlə zəngindir, hər kəsi qabaqcıl bəşəri ideyalara çağırır:

Kiçicik bir sudur yer üstündə Kür,
Baxsanız dünyanın xəritəsinə.
Bəs niyə qəlbimdə ümman döyünür
Mən qulaq asdıqca Kürün səsinə?!
Bu bircə bəndlik şeir parçası adamı nə qədər dərin düşüncələrə qərq edir, adama nələri demir?
2. S.Vurğun da bəndədir, həmçinin bədii obraz da deyildir. Yuxarıda söhbətimiz olmuşdu ki, ideal adamlar yalnız bədii ədəbiyyatda (obrazlarda) mümkündür, adi həyatda isə ideal adam yoxdur. S.Vurğun da səhv edə bilər.
Bunu mərhum şairin öz misraları ilə desək daha münasib olar:
Çünki şair xəyalımın qanadları çox səyyardır,
Yaşayanın, yaradanın yanılmağa haqqı vardır.
Elə bir dövrdə yaşayırıq ki, hər məsələyə gərək dünyəvi yanaşasan; milyardlar içində biz kimik?! Dünyaya bizi az-çox tanıdanlarımızı da biz özümüz bircə-bircə ayağından tutub geri çəkməklə hara gedə bilərik; hər tərəf qonşularımız da elə bunu istəmirmi?...
3. S.Vurğun bu xalqın fəxri, qüruru və iftixarıdır. Onun şəxsiyyətinə toxunmaq, qəlbinə dəymək isə bütövlükdə bu xalqın qəlbinə dəyməkdir. Şairin geniş yaradıcılığı xalqımızın milli-mənəvi sərvətidir; bu sərvəti qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

Sabir Qaraqoyunlu (İsmayil oğlu Əfəndiyev).

 

Əlaqəli xəbərlər