Qaraqoyunlu ləhcəsi – «Dədə Qorqud» ləhcəsidir

Erməni daşnaklarının şovinist – millətçi siyasəti nəticəsində 1988-ci ildə öz dədə-baba yurdlarını – Qaraqoyunlu dərəsini (Ermənistanın Krasnoselo rayonu) məcburi tərk etmiş, doğma elini, obasını itirərək Azərbaycanın müxtəlif guşələrinə səpələnmiş və didərgin həyatı yaşayan Qaraqoyunlu soydaşlarıma ithaf edirəm.


Hər dəfə «Dədə Qorqud dastanları»na yenidən nəzər saldıqca, elə bilirəm ki, Qaraqoyunludayam – Qaraqoyunlu dərəsində: Çaykənddə, Gölkənddə, Əmirxeyirdə, Yanıxpəyədə, Qaraqayada..– öz camaatımızın arasındayam. Dədə Qorqud deyimləri, ayrı-ayrı dastanların nəqlolunma tərzi, işlədilən sözlər, ifadələr, cümlələr, bədii ifadə vasitələri məni ovsunlayır, o qədər doğma gö-rünür ki, bu doğmalığın köklərini, səbəblərini axtarmaq, araşdırmaq fikri məni sakit buraxmır, nəhayət, qərarlaşıram. Məsələ bununla yekunlaşır ki, Qaraqoyunlu ləhcəsi elə, Dədə Qorqud ləhcəsidir.
Fikrimizin geniş şərhinə keçməzdən əvvəl nəzərinizə çatdırım ki, söhbət hansı qaraqoyunlulardan gedir və bütün yazı boyu adı çəkilən qaraqoyunlular kimlərdir?
Əlbəttə ki, tariximizdə Qaraqoyunlu kimi tanınmış yalnız bir sülalə olmuşdur; bu sülalənin (1378-1468- ci illər) banisi Bayram Xoca, tanınmış liderləri – hökmdarları Qara Yusif, Qara Məhəmməd və Cahanşahdır. Bunların yaratdıqları və idarə etdikləri Qaraqoyunlu dövləti (paytaxtı Təbriz şəhəri, 1410-1468- ci illər) Azərbaycan dövlətçiliyinin tarixi baxımından çox önəmlidir. Yeri gəlmişkən, çox təəssüflər olsun ki, 5- ci sinif üçün tarix dərsliyində (müəlliflər, Yaqub Mahmudlu və başqaları, «Ata yurdu», Bakı-2008) Qaraqoyunlu dövlətindən nəinki bəhs edilmir, heç adı çəkilmir.
Bizim fikrimizcə, indiki Şimali Azərbaycan ərazisindəki Qaraqoyunlu kəndləri (Ağsu, Bərdə, Goranboy, Şəki və s. rayonlarda) və 1920-1922-ci illərdə SSRİ rəhbərliyi tərəfindən Azərbaycandan qoparılaraq Ermənistana qatılan Qaraqoyunlu dərəsi adı ilə tanınmış bölgədəki kəndlər (1988-ci ilin payızında Ermənistanın Krasnoselo rayonundan hamılıqla deportasiya olunmuşdur) yuxarıda haqqında danışdığımız Qaraqoyunlular sülaləsinin adı ilə bağlıdır. Bu fikir Azərbaycan Sovet Ensiklopediyasına (ASE – III cild, Bakı, 1979. səh 551) istinadən söylənilir. Buraya bizim əlavəmiz yalnız ondan ibarətdir ki, Şimali Azərbaycanda və Ermənistanda (Qərbi Azərbaycanda) məskunlaşan qaraqoyunluların pərakəndəliyi bunu bir daha təsdiqləyir. Doğrudan da, bu ərazilərdə qaraqoyunlular dağınıq, səpələnmiş halda məskunlaşmışlar. Bunlar arasında qaraqoyunluların ən kompakt yaşadıqları bölgə məhz bizim tədqiqat obyekti kimi seçdiyimiz Qaraqoyunlu dərəsidir, 1988- ci ilin payızınadək burada qaraqoyunluların on iki kəndi var idi.
Bunu da qeyd edək ki, pərakəndəliyin əsas səbəbi onunla izah edilir ki, Qaraqoyunlu dövlətinin süqutundan sonra hakimiyyətə gəlmiş Ağqoyunlular tərəfindən ağır təqiblərə məruz qalmış bu adamlar heç də mütəşəkkil surətdə müəyyən bir əraziyə köçürülməmiş, bir və ya bir neçə ailə halında öz doğma yurdlarını tərk edərək, öz dövlətləri hüdudunda, o vaxtlar üçün ucqar sayılan yerlərdə, boş torpaqlarda məskunlaşmışlar.
Çox güman ki, təqiblərə məruz qalan bu ailələr «qara camaat» sırasından deyil, məhz Qaraqoyunlu sülaləsinə – hakimiyyətə yaxın adamlar olmuşlar.
Beləliklə, bu yazıda söhbəti gedən Qaraqoyunlu və qaraqoyunluların vaxtilə Qərbi Azərbaycan ərazisi olmuş, inzibati ərazi bölgüsünə görə Gəncə quberniyasının Qazax qəzasına aid edilmiş və SSRİ - nin yarandığı illərdə (1922- ci ildən) Ermənistan SSR - in Krassnoselo rayonuna daxil edilmiş Qara-qoyunlu dərəsindən və bu bölgədə yaşayan qaraqoyunlulardan gedir.
Söhbətimizə Dədə Qorquddakı «dədə» sözündən başlayaq. Dastanda dədə sözü ata mənasındadır. Dədə Qorqud əvəzinə çox zaman işlədilən «Qorqud ata», «Qorqud atamız» ifadələri bunu bir daha təsdiqləyir. «Kitabi Dədə Qorqud»un müqəddiməsində bu fikir M.Erginin tədqiqatlarına istinadən verilir. Lakin dastanın özünə gəlincə, görürük ki, ayrı-ayrı boylarda «dədə» sözü əvə-zinə «baba» işlədilir. Məsələn, «Dirsə (Dərsə) xan oğlu Buğac xan boyu»nda Dirsə xanın xatunu öz oğlu Buğaca deyir: «Eldə yağı yoğkən sənin babanın üstinə yağı gəldi.»(«Kitabi – Dədə Qorqud» Bakı, 1988 səh.40. – bundan sonra dastandan gətirilən nümunələrin yalnız səhifəsi göstəriləcəkdir.) Nümunədən göründüyü kimi, baba sözu ata (dədə) əvəzində işlənmişdir. Dastandan məlum olduğu kimi, Buğac Dirsə xanın oğludur və söhbət Buğacın atasından gedir. Dastanın digər boylarında da ata (dədə) əvəzinə baba işlənir. Yeri gəlmişkən, Qazax rayonunun bir sıra kəndlərində bu hal indi də özünü göstərir, yəni bir çox ailələrdə uşaqlar atalarına baba deyə müraciət edirlər. Yuxarıda şərh olunanlara istinadən biz bu qənaətdəyik: Baba sözü dədə sözündən daha qədimdir; dədə sözü sonradan yaranmış və Dədənin (Qorqudun) məşhurluğu sayəsində geniş yayılaraq hər bir ailəyə sirayət etmişdir.
Qorqudun Dədə olmasına gəlincə, deməliyik ki, o, atalar atası, dədələr dədəsidir – ən böyük, ən ali dədədir.
İndi isə Qaraqoyunlu ləhcəsini Dədə Qorqud dilinə yaxınlaşdıran bir sıra fonem, söz və deyimlər üzərində ətraflı dayanaq:
1. İlkin oxşarlıq qalın saitlərin fəallığı (çox işlənməsi), incə saitlərin bir çox məqamlarda qalınlaşması ilə özünü büruzə verir; dastanın bütün boylarında sənə, mənə sözləri sana, mana kimi səslənir, yəni incə «ə» saitinin qalın «a» saitinə çevrilməsi hadisəsi baş verir:
«Xan qızı, səbəbi nədir, degil mana!
Qatı qəzəb edərəm şimdi sana! – dedi»
(səh.35)
Bundan başqa, söyləmə-soylama («Dədəm Qorqud gəlübən boy boyladı, soy soyladı», səh.60), ümid-umud («bizə miskin umudı,» səh.42), hey-hay («Hay Dirsə xan, bana qəzəb etmə», səh.35) və s. kimi sözlərdəki fonetik dəyişmələrdə incə saitlərin qalınlaşmasına doğru meyillilik açıq görünür.
Daha tutarlı nümunələrdən biri də dastanda adam adlarının əksərən qalın saitlərlə səslənməsidir: Qam-ğan oğlu Bayındır, Salur Qazan, Boyu uzun Burla xatun, Alp Aruz, Baybura, Dəli Domrul, Dəli Dondar, Qanturalı, Qarabudaq, Qaraca Çoban və s.
Dastandakı şeir parçalarında da qalın saitlər fəallığı ilə seçilir;
«Qaranqu axşam olanda qayğılu çoban!
Qarla yağmur yağanda çaqmaqlu çoban!
Südi, peniri bol qaymaqlu çoban!»
(səh.43)
Bu hal Qaraqoyunlu ləhcəsində də belədir: məsələn, «mana ver», «sana yaraşır».Doğrudur, bəzən maa.., saa.. kimi tələffüzlərə uğrasa da, saitin qalınlaşması faktı özlüyündə qalır.
Qaraqoyunlu ləhcəsində saitlərin qalınlaşması hadisəsi (Həsən-Hasan, Əli-Alı, Əlixan-Alxan, Əlipaşa-Alpaşa, Xeyrənsə-Xeyransa, Tahir-Tahar, Xəlil-Xalıl, Cəlal-Calal, Qönçə-Qonça, Xədicə-Xacca, Aişə-Aşa, Rüstəm-Rustam, Şahnəzər-Şahnazar, Yəhya-Yahya, Yusif-Usuf, Səmayə-Samaya, Zeynəb-Zeynab, bəyaz-bayaz, xəmir-xamır, xəşil-xaşıl, düşmən-düşman, gicitkən-gicitkan, xəta-xata və s.) nəzərə çarpacaq dərəcədə özünü göstərir.
2. Dastanı səciyyələndirən xüsusiyyətlərdən biri də bütün boylarda «sağır nun» foneminin geniş işlənməsidir:
«Altundağı alaca atun nə ögərsən?
Ala başlu keçimcə gəlməz mana!
(səh.43)
Burada altundağı, atun və mana sözlərindəki -n sağır nundur; n+q=nq kimi tələffüz edilir, (gətirilən nümunələrdə sağır-nun qara şriftlə verilir).
Qaraqoyunluların canlı danışığı da məhz bu fonemsiz ötüşmür. Sağır nun Qaraqoyunlu ləhcəsinin əsas səciyyəvi xüsusiyyətlərindən biri olaraq, qabarıq şəkildə özünü büruzə verir. (Əə...,sənin, orada nə ölümün var, niyə gəlif işini görmürsən?!
3. Varmaq feli – dastanın bütün boylarında, istər hadisələrin nəqlində, istərsə də obrazların dilində, o cümlədən şeir parçalarında çox tez-tez işlənir: «Vardılar, Bayındır xanın tövləsindən ol eki atı gətürdilər.» (səh.55) «Eyiblücə, xan qızı, ərə varmaq eyib olar, – dedi.»(səh.65) və ya «Sən varası kafər degil...Gələn kafər mənimdir, mən varayım.»(səh.70)
Göründüyü kimi, dastanda varmaq sözü felin bütün şəkillərində işlənir.
Qaraqoyunlu ləhcəsində də belədir; fərq bircə ondadır ki, burada varmaq feli getmək feli ilə yanaşı, paralel, bəzən də feli bağlama (varıb) formasında işlənir, eyni fikir başqa formalı sözlərlə təkrarlanır, uzundraz siyah qara kimi. Məs.: Mən vardım, getdim. Varıb getmirsən? Mən varıb gedirəm. Qoy var-sınlar, getsinlər.
Belə cümlələr Qaraqoyunlu ləhcəsinə çox xasdır və bu, varmaq felinin həmin ləhcədə bu gün də canlı olaraq işlənildiyini göstərir.
4. Qancarı – sual əvəzliyi; «A bəglər, oğlan qancarı getdi, ola?»(səh.71). Burada qancarı hara(ya) mənasına daha çox yaxındır, əslində bütün oxucular bunu yalnız hara(ya) kimi qəbul edərlər, lakin biz çox yaxındır ifadəsini bilərəkdən işlətdik, çünki Qaraqoyunluda qancarı (hancarı, həncəri kimi) iki mənada işlənir: a) necə mənasında – həncərisən? (necəsən?); b) təəssüf mə-nasında – həncəri, gəlib çıxmalı və ya həncəri, özünü görə bilmədim. Bu cümlələrdə həncəri – hə necə də mənasını verir, təəssüf bildirir.
Əlbəttə ki, dildə sözlərin məna dəyişmələri mümkün haldır. Bu gün müəyyən bir məfhumu bildirən bir söz, mənasını dəyişərək sonralar başqa bir məfhumu ifadə edə bilir. Məsələn, canavar sözü kimi. Dədə Qorqud zamanında canavar sözü konkretlikdən uzaq olaraq yırtıcı, vəhşi, cana varan (can qənimi) məzmununda təhlükə mənbəyi olan bir çox məfhumlar (aslan, buğa, nər) bildirmişdir. Müasir dövrümüzdə canavar konkret bir vəhşinin adıdır. Həncəri sözü də belədir. Fakt faktlığında qalır kı, həmin söz Dədə Qorqudda işləndiyi kimi, bugünkü Qaraqoyunlu ləhcəsində də işlənməkdədir.
5. Ətmək (əppək) – bu gün hamılıqla çörək kimi tanıdığımız əsas qida növünə adı çəkilən dastanlarda bu cür deyilir: «Ağanuzın ətməgi sizə halal olsun!(səh.60). Qaraqoyunluda bu söz əppək səslənir və canlı danışıqda indi də işlənir. Əppək – ətməkdən törəmədir. Qeyd edək ki, əppək sözü quşəppəyi (bit-ki) birləşməsində mürəkkəb söz tərkibində, ölkəmizin əksər bölgələrində işlənsə də, yuxarıda qeyd olunan kimi, bugünkü məişətimizdə (çörək adı kimi) ayrılıqda işlənməsinə çox az təsadüf edilir.
6//. Göyki (kürəkən). «Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyu»nda Boyu uzun Burla xatun əri Qazan bəyə müraciətində:
«Xan babamın göyküsi»-deyə müraciət edir.
(səh.72)
Dastandan məlum olduğu kimi, Burla xatun Bayındır xanın qızıdır, Salur Qazanın isə arvadıdır. «Xan babamın göyküsi»-xan atamın (dədəmin) kürəkəni mənasını verir. Göyki sözü Qaraqoyunluda göy deyim formasında geniş işlənir, demək olar ki, Qaraqoyunluda kürəkən sözü işlənmir və ya az–az işlənir. Göy sözü dialekt sözüdür və orfoqrafiya lüğətlərimizdə də əksini tap-mamışdır.
7. Sığama(q). «Boz atlu Xızır mana gəldi. Üç kərrə yarami sığadı».(səh.39). Sığamaq feli əksər bölgələrimizdə işlənmir, Azərbaycan dilinin orfoqrafiya lüğətində də yoxdur. Oxuculara aydın olması üçün bildiririk ki, sığamaq heç də sığallamaq deyildir. Məna yaxınlığı olsa da, sığallamaq – tumarlamaq, sığa-maq isə müalicə üsuludur. Bu söz Qaraqoyunlu ləhcəsində «Dədə Qorqud»dakı mənasında indi də işlənməkdədir. Məsələn, uşağın göbəyi düşmüşdü, apardım Telli xala sığadı, yerinə saldı.
8. Dastanda (səh.36) «İyəgülü ulalır, qapırğalı bögür» - cümləsi kitabın özündə belə izah olunur: «Yiyəsi olan yekəlir, qabırğalı böyüyür» Qabırğalı sözü burada iri, böyük mənasındadır. Qaraqoyunlu ləhcəsində də həmin mənada işlənir. Məsələn, filankəs qabırğalı adamdır. Bu söz heyvanlar barəsində də eyni ilə bu cür işlənir.
9. «Dirsə xan oğlu Buğac boyu»nda deyilir: «Altun başlu ban evlər gedərsə, bənim gedər, sənin də içində odan varsa, yigit, degil mana» (səh.40). Buradakı oda sözü otaq mənasındadır. Bu söz Qaraqoyunluda da həmin mənada, lakin bir az məhdud dairədə işlənir. Məsələn, mənim orta təhsil aldığım illərdə (ötən əsrin ikinci yarısında) məktəbdə sinif otaqları, olduğu kimi, - otaq , müəllimlər otağı isə müəllimlər odası adlanırdı.
10. Hər iki ləhcədə olduqca özünü tez və qabarıq şəkildə büruzə verən mühüm bir oxşarlıq– sual cümlələrinin -mı, -mi, -mu, - mü, sual ədatları ilə qurulmasındadır. Dastandan oxuyuruq:
«Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, qız?!
Qarılatıb dört yanına baqdınmı, qız?!
Qarğu kibi qara saçın, yoldınmı, qız?!»
(səh.65)
Qeyd edək ki, dastanda bu cür sual cümlələrinə tez-tez rast gəlinir. Belə cümlələrdən təkcə sual məqamlarında (nəyi isə soruşmaq, xəbər almaq, dəqiqləşdirmək məqsədi ilə) deyil, bəzən təhkiyə yolu ilə verilə biləcək fikrin təsir qüvvəsini daha da artırmaq üçün də istifadə edilir; sual cümlələri bu cür iş-lənilməklə bədii təsvir vasitəsinə çevrilir:
«Alan sabah, xan qızı, yerimdən turmadımmı?
Boz ayğırın belinə binmədimmi?
Sənin odan üzərinə sığın-keyik yığmadımmı?
(səh.65)
Bamsı Beyrək dilindən verilmiş bu sual cümlələrini asanlıqla nəqli cümlələr halında da vermək olardı:
Alan sabah, xan qızı, yerimdən turdum.
Boz ayğırın belinə bindim.
Sənin odan üzərinə sığın-keyik yığdım.
Göründüyü kimi, bu, mümkündür. Lakin verilən birinci nümunəni (Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, qız?!) nəql halına gətirmək qeyri-mümkündür, çünki belə halda cümlənin qarşısında qoyulan vəzifə (soruşmaq, öyrənmək) yerinə yetirilmir. Dastandakı –mı,-mi... sual ədatları ilə bağlı bütün bu məqamlar Qaraqoyunlu ləhcəsində bugünədək saxlanılmışdır, həmin ədatlar qaraqoyunluların nitqində daha fəallıqla seçilir:
- Gəlif çıxdınmı? Dünənmi gəldin?
Bu cümlələr sual, soruşmaq, öyrənmək məqsədi ilə işlənən cümlələrdir.
Yenə Qaraqoyunlu ləhcəsində: Sən dünən bizə gəlməmişdinmi? Qardaşın Alı da sənnən gəlməmişdimi? Onun yanında dəhrəni sənə vermədimmi?
Bu cümlələr ilk baxışda sual cümlələri təsiri bağışlasa da, əslində nəqlə xidmət edir: Sən dünən bizə gəlmişdin. Qardaşın Alı da səninlə gəlmişdi. Onun yanında dəhrəni sənə verdim.
Verilən misallar bir daha təsdiq edir ki, -mı, -mi.. sual ədatları ilə düzələn cümlələr istər dastanın dilində, istərsə də Qaraqoyunlu ləhcəsində eyni məqamlarda işlədilir və daşıdığı funksiyaya görə tam üst-üstə düşür.
11. Dastanda düşmən qismində təsvir olunan kafirlər, bir qayda olaraq, itə bərabər tutulur, itlə müqayisə olunur:
«Arqırı söyləmə, mərə itüm kafər!
İtüm ilə bir yalaqda yundum içən azğun kafər»
(səh.43)
Bu hal nəinki Qaraqoyunlu təbiətində də özünü göstərir, hətta bir az da o yana ötüb keçir. Qaraqoyunluda birbaşa olaraq itə kafər (kafir) deyilir: A kafir, sus. A kafir get burdan. Kafir az qala tutmuşdu məni.
12. Səciyyəvi xüsusiyyətlərdən biri kimi -qu sözdüzəldici şəkilçisini göstərmək olar: «Qaranqu axşam olanda vaf-vaf urən!» və ya «Qaranqu axşam olanda qayğılu çoban!» (səh.45) Buradakı -qu şəkilçisi müasir ədəbi dilimizin -lıq, -lik, -luq, -lük şəkilçisinin sinonimidir. Bununla yanaşı, dilimizdə həmin şəkilçinin (qu-nun) omonimi olan az məhsuldar -qı, -gi, -ğu, -gü şəkilçiləri də vardır ki, bunlar da öz funksiyası ilə fərqlənir. Belə ki, bu şəkilçi fellərə artırılır və isim əmələ gətirir: asqı, silgi, sərgi, qoşqu, üzgü. Lakin Qaraqoyunlu ləhcəsində bizim diqqətimizi cəlb edən – qu (-qı,-gi, -qu,-gü) şəkilçisi «Dədə Qor-qud»a nəinki çox yaxındır, daşıdığı funksiyaya görə bir-birinin tam eynidir, de-sək yanılmarıq. Qaraqoyunlu ləhcəsində işlənən yalonqu (ocaq mənasındadır, bizim yozumumuza görə alov sözündəndir, çox güman ki, ilkin vaxtlarda yalov olmuşdur, sözün əvvəlindən -y samitinin düşməsi türk dillərinə xas əla-mətlərdəndir: yıl – il, yüz – üz və s., hətta bizim Qaraqoyunluda bu proses indi də davam etməkdədir; yuxarı-uxarı), tozanqı (qar), ilmanqı, ilınqı (su), ça-lınqı yeri (ot çalınmış yer), dolanqı (dolanışıq), toranqı (alatoran) sözləri məhz bu yolla əmələ gəlmişdir. Yerindəcə qeyd edək ki, bu sözlərin heç biri Azərbaycan dilinin orfoqrafiya lüğətlərində yoxdur, həmçinin bu sətirlərin mü-əllifi həmin sözlərə qeyri bölgələrimizdə rast gəlməmişdir.
13. Maraqlı oxşarlıq xüsusiyyətlərindən biri də hər iki ləhcədə qarğış və söyüşlərin məzmun eyniliyidir. Dastanda: «Ağzın qurısun, çoban! Dilün çürisün, çoban!» (səh.45) və ya «Yarımasun–yarçumasun, sənin oğlın, kür qopdı, ərcəl qopdı» (səh.36). Eləcə də «Əlün qırsun, parmaqların çürisün, hey tonuz oğlı tonuz» (səh.63) kimi qarğış, söyüş ifadələri Qaraqoyunlu ləhcəsində də eyni məzmun daşıyır: Onu görüm yarımasın. Heç yarıyan günü olmasın, Əli qurusun, səni vurduğu yerdə. Dilim - ağzım qurusun. Donuz oğlu donuz.
«Dədə Qorqud» dastanlarının dili ilə Qaraqoyunlu ləhcəsi arasındakı oxşarlığın xarakterik xüsusiyyətləri təkcə bu sadala- dıqlarımızla bitmir, bu cür nümunələri çoxlu sayda göstərmək olar. Dastanda işlədilən çoban-çoluq, oyluq(omba), üçyaşar dana dərisi, sapand, beşikkərtmə, «ay əməl azmış, feli dönmüş» «oğlanmısan, qızmısan?», «oğlanam!» bir kərrə, dişi əhli, qıl siçim, təpəl-qaşqa, əmcək, səgrimək, ismarlamaq, sığınmaq kimi saysız-hesabsız söz və ifadələr hər bir qaraqoyunlu üçün necə də doğmadır!..
Sabir Qaraqoyunlu (Əfəndiyev)

Əlaqəli xəbərlər