General Zakir Həsənov Rusiyanı şoka saldı: Qırmızı orduya yox dedi – ŞƏRH

1463930141_zakir-hesenov.jpg


Müdafiə nazirimizdən önəmli addım; Bu gün Cümhuriyyətimizin süqutuna səbəb olmuş  Qırmızı ordunun yaradılmasından 100 il ötür; erməni müdafiə naziri Vugen Sərkisyan Moskva, Azərbaycanın hərb naziri isə Belarus paytaxtındakı yubiley törənində – Kremlə mesaj?..

Bu gün – fevralın 23-də Rusiyada silahlı qüvvələrinin yaradılmasının 100-cü ildönümüdür. Bu münasibətlə Moskvada təntənəli mərasim planlaşdırılıb. Söhbət təbii ki, bolşevik-sovet ordusunun yubileyindən gedir. Demək, bu yubileyin Azərbaycana da dəxli var. Çünki 1918-ci ilin fevralında yaradılan bu ordu, daha doğrusu, onun tərkib hissəsi olan XI ordu cəmi bir neçə il sonra – aprelin 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna (AXC) son qoyub.

Müstəqilliyi o vaxta kimi artıq 20-yə yaxın dövlət tərəfindən tanınmış AXC-yə qarşı Rusiyanın bu hərbi təcavüzünün sonucu bəllidir: on minlərlə günahsız insan məhv və şurfun edildi, 23 aylıq gənc dövlət, onun paytaxtı talan olundu; Azərbaycan siyasi və hərbi elitasının, az sonra – 37-ci illərdə isə həm də ziyalı elitasının qaymağı aradan götürüldü, milli ordu buraxıldı, AXC-nin torpaqlarının bir hissəsi (Zəngəzur) Ermənistana peşkəş edildi, Cümhuriyyətin yerində formal, demək olar, suverenlik və müstəqillik atributlarından məhrum, bilavasitə Moskvadan asılı olan Azərbaycan SSR yaradıldı – tərkibində gec, 70 il sonra partlayacaq bir “mina” ilə – DQMV ilə birgə.

Təbii ki, əsas təbii sərvətimiz olan neftə və ondan istifadəyə nəzarət də bütünlüklə Rusiyanın nəzarətinə keçdi. Bu da azmış kimi, rus-alman savaşında işğalçı sovet (bolşevik) ordusunun tərkibində daha 300 min insanımızı zorən faşizm-bolşevizm davasına qurban verməli olduq. Bakı neftinin müharibənin taleyində oynadığı rol da öz yerində.

Ancaq bunun qarşılığında xalqımızın nəsibi müharibədən dərhal sonra – 40-50-cı illərdə Ermənistandan, öz dədə-baba torpaqlarından kütləvi deportasiya oldu. O, Ermənistan ki, tarixi və əzəli Azərbaycan torpaqlarında yaradılmışdı. Daha 30-40 il sonra isə Azərbaycana qarşı Kremlin erməninin əli ilə körüklədiyi və 30 ildir davam edən Qarabağ avantürası baş qaldırdı. Sonrası məlumdur…

*****

Bunları xatırlatmaqda məqsədimiz odur ki, 100 il öncəki kimi bu gün də regionu qarışdıran xarici oyunçunun və onun burdakı əsas maşasını bir daha yaxşı tanıyaq. Bu, əlbəttə ki, Rusiya və ermənilər, onların kağız üzərində olan, faktiki surətdə isə Moskvanın ucqar əyaləti olan Ermənistan adlı “dövlətdir”.

Zakir Həsənov belarusda ile ilgili görsel sonucu

Sanki tarix təkrarlanır. Təkrarlanırsa, demək, ondan yaxşı nəticə çıxarılmayıb. Hər halda, 100 il öncəki kimi, bu gün də Rusiya, onun ordusu “çağırılmamış qonaq” kimi bölgədədir (Ermənistan, Abxaziya, Cənubi Osetiya) və öz tarixi işğalçılıq missiyasını davam etdirir. Moldova və Ukraynadakı qanunsuz rus hərbi birləşmələri də eləcə.

Belə bir işğalçı ordu bu gün 100 illiyini qeyd edir. Yeri gəlmişkən, bu münasibətlə Ermənistanın müdafiə naziri Vigen Sərkisyan dünən – fevralın 22-də Moskvaya yollanıb. Rəsmi məlumatlara görə, o, Qırmızı ordunun 100 illik mərasimində iştirak edəcək. Məntiqlidir. Bu tədbirdə ermənilər, onların hərb naziri başda olmasın da, kim olsun ki?

Hərçənd bununla bağlı erməni nəşrlərinin birində – Larair.am-da Vigen Sərkisyanın Moskva səfərinə sərt etirazı əks etdirən yazı gedib. “Yeni Müsavat” xəbər verir ki, yazıda Sərkisyanın həmin mərasimə qatılması tənqid olunur, guya bu ordu “1920-ci ildə 1-ci Ermənistanın süqutuna səbəb olub” və “1-ci Respublikanın 100-cü ildönümünün qeyd olunduğu ildə Rusiya ordusunun yaradılması törəninə qatılmaq” az qala qeyri-səmimi addım kimi təqdim olunur.

Ən absurdu da budur: faktiki, heç bir müstəqilik atributu qalmayan, onların hamısını Qarabağın işğalı naminə əsas havadarı Rusiyaya peşkəş edən və könüllü şəkildə, azı 2047-ci ilədək rusun vassalı missiyasına razılaşan, xarici sərhədlərini (Türkiyə, İran) belə, Rusiya əsgərlərinin qoruduğu Ermənistanda qəfildən “1-ci Respublika” yada düşüb, müstəqillik havası oxumağa başlayıblar.

*****

Maraqlıdır ki, Vigen Sərkisyan Moskvaya yollanan gün – fevralın 22-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedib. Bu barədə musavat.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır. Bundan əlavə, general-polkovnik Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

Bu da tamamilə məntiqlidir. Ən azı o səbəbə ki, Belarus bizim mühüm silah tədarükçülərimizdən biridir və iki ölkə arasında hərb-texniki sahədə əməkdaşlıq ilbəil genişlənir. Necə deyərlər, “Dostunu göstər, deyim kimsən…”

Dünən hörmətli nazirin Belarus səfərindən dərhal sonra Rusiyaya, məlum törənə qatılmağa gedib-getməyəcəyini dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bəlli oldu ki, belə bir səfər nəzərdə tutulmayıb…

“Yeni Müsavat”

Tanınmış bir şəxsin — ulu öndərin qardaşı Aqil Əliyevin yaratdığı nüfuzlu biznes qurumu...

1519205284_ria.jpg


 ...Və qanunsuz, özbaşına, hegemon əməlləri ilə, «Riyad»ın adına ləkə gətirənlər

Baş ofisi paytaxt Bakının görməli yerində, Həsən Əliyev küçəsi ilə, Tbilisi prospektinin kəsişməsində yerləşən, artıq 20 yaşını haqlayan, yarandığı gündən ölkə iqtisadiyyatının tərəqqisinə töhvələr verən «Riyad Renta» MMC-nin adını eşitməyən tapılmaz. Sonralar onun bazasında birləşən «Riyad Farm», «Azintroil», «Azər Rabitə İnşaat», «Vicdan-1»... adlı özəl müəssisələr də, vaxtilə gördükləri alqışalayiq işlərlə, respublika ictimaiyyəti arasında ad çıxarıb. Qurucusu ümummilli lider Heydər Əliyevin kiçik qardaşı, görkəmli elm xadimi, akademik Aqil Əliyev olan bu nüfuzlu şirkətlər qrupu, gördüyü böyük işlərlə, ölkə hüdudlarından kənarda da, yaxşı tanınıb. Olduqca təəssüfləndirici bir haldır ki, ictimaiyyət arasında hörməti böyük olan, elm aləmində yaxşı tanınan qurucusu rəhmətə gedəndən çox keçməmiş, onun qoyub getdiyi əlaqələrin genişliyindən sui-istifadə edənlər, öz mənafeləri, şəxsi maraqları naminə etdikləri özbaşınalıqlarla, bu böyük biznes şəbəkəsinin nüfuzuna da böyük zərbələr vurmağa başladılar. Bu barədə ölkə mətbuatı da, yuxarıların adıyla edilən çoxsaylı təhdidlərə baxmayaraq, sensasion xəbərlər dərc etməyə start verdi — yazılanların yalan olmadığı da, çox keçməmiş təsdiqini tapdı. Haqqında yazılan tənqidlərin sayının günü¬gündən çoxalması isə, getdikcə, «Riyad»ın nüfuzuna daha sarsıdıcı zərbələrə çevrildi.

46bc0f83-3582-49e7-8ade-5b0117e5ca33.jpg

39e7d7ba-b814-4d78-931b-63ec96cd5bbf.jpgBu gün yazılanlarda göstərilənlər də, sübuta ehtiyacı olmayan aksiomaya bənzəyən həqiqətlərdi və çox təəssüfləndiricidir ki, bütün bunlar, tanınmış bir şəxsin yaratdığı nüfuzlu bir biznes qurumu adına ləkədir. Bu yerdə, onu da qeyd etməyi vacib bilirik ki, bütün bu xoşagəlməzliklərin bağışlanmaz günahkarları, hazırda “Riyad”da bütün səlahiyyətləri heç bir qanun çərçivəsinə sığmayan acgözlüklə qamarlayanlar — geniş maliyyə imkanlı bu biznes şəbəkəsində rəhbərliyi min bir hiylə ilə tam ələ keçirən, daha səlis desək, «hazıra nazir olan» təsisçi və pay sahiblərindən biri İlham Almas oğlu Məmmədov, «Riyad»ın əsas rəhbəri, təsisçisi və pay sahibi, Aqil Əliyevin oğlu İlqar Əliyevin şəxsi nümayəndəsi və şirkətin hüquqşünası İlham Qurbanov, o cümlədən, onların ətrafındakı amansız «qoçu dəstəsində» cəmləşənlərdi. Bütün bunları, burada ağlasığmaz zorakılıqlara məruz qalanlar da, burada baş verən qanunsuzluqların seyrçi şahidi olanlar da, ürək ağrısı ilə, dönə¬dönə vurğulayırlar. Bu dəstədə birləşərək, başları üstündəkilərin fitvalarından ruh alıb, «ipə¬sapa yatmayanların» — sonralar burada böyük vəzifə, səlahiyyət sahibi olan Bəhruz Sadıqovun, Alim Hüseynovun, sabiq «kqb»çi polkovnik Şahin Məmmədovun, «Baba» ləqəbli Ağaların, adı qardaş Türkiyə Cümhuriyyətində törədilən bir¬sıra dəhşətli cinayətlərdə hallanan, İlham Məmmədovun planı əsasında, qaçaraq «Riyad»da özünə sığınacaq tapan «PKK»¬çı Yaşar Babataşın və digərlərinin özbaşınalıqları, qanun çərçivəsinə sığmayan hegemon əməlləri barədə də, çox deyilib, çox yazılıb. Bütün bunlar əsl biabırçılıqdır: Onlar buna yol verməklə, həm özlərinin, həm də bu böyük biznes şəbəkəsinin nüfuzlarını zərbə altında qoyduqlarını, sanki başa düşmək istəmirlər. Görünür, “Riyad”ın əsas rəhbərinin, birbaşa şirkətin nüfuzuna tuşlanan sarsıdıcı zərbələrə çevrilən bu biabırçılıqlardan xəbəri olmur və törədilənlər barədə, o, xəbərdar edilmir. Çünki «Riyad» olduqca böyük bir  qurumdur, əlaqələrini daha da genişləndirmək üçün, rəhbəri çox vaxt xarici ölkələrdə olur. Yəqin, elə, bu səbəbdəndir ki, «Riyad»ın bu əsas problemləri ilə məşğul olması, vaxtı çərçivəsindən kənardadır. Onu da bildiririk ki, adlarını yuxarıda çəkdiyimiz «qəhrəmanların» qanunazidd əməlləri barədə ölkə mətbuatının   məlumatı az deyil. Bu qanunsuzluqlar və özbaşınalıqlar barədə bizim əlimizdə də xeyli material var. Tezliklə həmin faktlar əsasında yazılmış geniş yazılarımızı dəyərli oxucularımızın diqqətinə çatdıracağıq​. Hamını düşündürən bir çox suallara ətraflı cavab tapmaq üçün, araşdırmalarımızı da, sonadək davam etdirəcəyik. 
«Araz» Media Qrupunun və araz.az saytının araşdırma qrupu

"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi

1519328105_xocali-facisi.jpg


 Müharibə görmüş, onun qurbanına çevrilmiş, həyatında unudulmayacaq iz buraxmış və bu səbəbdən ağır həyat şəraitində yaşayan insanların taleləri bir-birinə bənzəyir.

Hansını dindirsən, sanki qərtmək bağlamış yaralarını qurdalayıb yenidən qanadır, qurumuş göz yaşlarını yenidən axıdır, zəif döyünən ürəyini həmin günlərə geri qaytararaq yenidən sürətlə döyünməsinə səbəb olarsan.

Sualı vermədən öncə hansı mövzu ilə bağlı danışacağını bildikdə, əllərinin buza döndüyünü, ötən 26 ilin acı, faciəli günlərinin solğun bənizinə həkk edildiyini hiss edərsən.

O, Xocalı faciəsini saçının telinə, aldığı nəfəsinə, sümüyünün iliyinə qədər hiss edən, yaşayan, həmin qanlı gecədə evindən didərgin düşən, övladını şəhid verən, günlərlə ac-susuz qalan və nəhayət, erməni cəhənnəmini yaşayan insanlardan biridir.

Bizim nə üçün gəldiyimizi bildikdə, səhhətində ciddi problemlərin olduğuna görə təkidlə danışmaq istəmədiyini bildirdi.

Sonradan qonaq olduğumuzu, bu qədər yol qət edərək onunla həmsöhbət olmaq üçün gəldiyimizi bildikdə, sanki ürəyi dözmədi və öz evinin qapısını üzümüzə açdı.

Çox həyəcanlı olduğunu və durumunun yaxşı olmadığını vurğulayan müsahibimiz sualları verdikcə, həmin günləri yenidən yaşadarkən səhhətini nəzərə almağımızı xahiş etdi.

59 illik ömründə iki dəfə evindən didərgin düşmüş, Xocalı faciəsində sağ əlini itirmiş və səkkiz yaşlı körpə qız övladını şəhid vermişdi.

Hələ ana olarkən xəyalları vardı - oğul evləndirib, qız köçürmək. Lakin həyatının uğursuz olduğunu və Allahın da yadından çıxdığını deyən Aidə Rzayeva danışarkən göz yaşlarını saxlaya bilmir, tez-tez ürəyini tutur və əli ilə ovxalayırdı.

Həyatın yorduğu bu qadın müsahibə müddətində fotolarını çəkməməyimizi istədi, biz də onun bu istəyinə qarşı çıxmadıq.

Müsahibimiz Xocalı faciəsinin canlı şahidi olmuş və bu faciənin qurbanlarından birinə çevrilmiş 59 yaşlı Rzayeva Aidə Bəhram qızıdır:

– Aidə xanım söhbətə başlamamışdan öncə bildirdiniz ki, iki dəfə sürgün həyatı yaşamısınız...

– Əvvəl Xankəndidə yaşamışam. 1988-ci ildə bizi oradan sürgün etdilər. Sürgündən sonra Xocalıya gətirib “finski ev”lərə (taxtadan hazırlanmış evlər) yığdılar. Orada dörd il yaşadıq. Dörd ildən sonra – 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər Xocalı qətliamını törədib, şəhəri işğal etdilər.

Həmin gecə səkkiz yaşlı qızım meşədə güllə yarasından şəhid oldu və həmişəlik orada qaldı. Meyitinə belə yaxın dura bilmədim (ağlayır).

18 yaşlı əmim oğlu (Qasımov İldırım - red.) girov düşdü. İndi nə dirisindən, nə də ölüsündən xəbərimiz var. Eh, həmin vaxt itkilərimiz çox oldu. Bakıya gətiriləndən sonra – 26 ildir ki, Pirşağa kəndi Qızılqum qəsəbəsində, Xocalıdan didərgin düşmüş insanların məskunlaşdığı bu sanatoriyada yaşayırıq.

Ağır xəstəyəm. Həmin faciədən bir müddət sonra şəkər xəstəliyindən gözlərim tutuldu. Övladlarımın köməyi ilə dörd dəfə İrana gedərək müalicə aldım. Həmin müalicələr qismən təsirini göstərdi, indi zəif də olsa, görə bilirəm. 

– Xocalı faciəsindən 26 il ötür. Həmin günləri necə xatırlayırsınız?

– Çox pis. Hər il soyqırımı ərəfəsində bütün bədənim əsir. Evdəkilər məni televizora baxmağa qoymur. Çünki şəkər xəstəsi olduğuma görə həmin kadrları izləyərkən həyəcanlanıram və şəkərim qalxır. Faşistdən də betər olan ermənilər qızlarımıza, gəlinlərimizə zülüm verdilər, hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxarıb, çölə tökdülər.

Cavan oğlanlarımızın başlarını erməni qəbirlərinin üzərində kəsirdilər. Bunların hamısının canlı şahidi olmuşam (danışarkən ürəyini ovxalayır). Həmin gecə elə zülmət idi ki, danışmaqla qurtarmaz. Allah o günü heç kimə göstərməsin. Onu unutmaq mümkün deyil. İcra başçımız Elman Məmmədovun anasının başına elə oyunlar açmışdılar ki...

– Nə etmişdilər?

– Nə sən soruş, nə də mən deyim. Danışılası deyil. Meşədə heç kim bir-birini tanımırdı. Ana balanın, bala atanın meyitinin üstündən keçirdi. Hava soyuq bıçaq kimi adamın ayağını kəsirdi. Sonradan don vurmaya görə bir çoxlarının ayaqları əməliyyat edilərək kəsildi.

– Bayaq qeyd etdiniz ki, səkkiz yaşlı qız övladınız meşədə güllə yarasından şəhid oldu (Sualı tam verməmiş danışmağa başlayır)...

– O, ən ağrılı yerimdir (Həyəcandan əlləri əsir, su içərək söhbətinə davam edir). Övladım Xankəndidə yaşayandan bəri qorxudan qan xəstəliyinə tutulmuşdu. Xocalı qırğınından sonra meşədə ona güllə dəydi və şəhid oldu. Meyiti elə oradaca qaldı, götürə bilmədik.

– Geri qayıdaraq onu xilas etməyə çalışdınızmı?

– Bəli. Oraya qayıtdıq, lakin gec idi. Artıq dünyasını dəyişmişdi. Elə bir vəziyyət idi ki, özümü, digər uşaqları güclə daşıyırdım. Onu necə daşıyacaqdım? Zatən ölənlərin hamısını meşədə qoyub-gəlirdilər.

– Meşədə öldürülənlər çox idi? 

– Meyitlərin sayı-hesabı bilinmirdi. Ağ qar al qırmızı qana boyanmışdı. Buna baxmayaraq, heç Xocalıya görə soyqırım elan olunmamışdı. Halbuki şəhərin yarısı qırılmışdı. Erməninin bizə çəkdirdiyi əzabları heç “nemes”lər də kiməsə çəkdirməyib (əsəbləşir).

İnsanların dişlərini çıxarır, barmaqlarını kəsirdilər. Bu ərazidə girov düşənlər də yaşayır. Onları danışdırın, sizə hər şeyi danışacaqlar.

– Həmin evlərə getdik. Bildirdilər ki, səhhətləri ağır durumda olduğuna görə danışmağa taqətləri yoxdur.

– Oğul, daha necə olmalıdır ki? Sağ qaldığımız üçün Allaha şükür edirik. 26 ildir ki, fevral ayı gələndə eyni fikirləri, sözləri təkrarlayırıq. Həmin kadrlar yenidən gözlərimiz önündə canlanır.

Deyirik ki, ay Allah, o günlər getsin, bir də gəlməsin. Heç düşmənimizin də həmin günləri yaşamasını istəmirik (qürurlu bir tərzdə əllərini göyə qaldırıb, Allaha dua edir).

– O günləri yuxunuzda görürsünüz?

– Çox olub. Xankəndindəki köhnə evlər, yollar, gördüyümüz işlər... Mən orada ayaqqabı fabrikində işləmişəm. Maaşımla ev də almışdım. 15 il həmin fabrikin fəxri işçisi olmuşam.

– Bəzi adamlar deyir ki, ermənilərlə bizim aramız həmişə yaxşı olub. Bu fikrə münasibətiniz necədir?

– Razıyam. Onlarla yaxşı münasibətlərimiz olub. Heç vaxt inanmazdıq ki, o alçaqlar başımıza bu oyunları gətirəcək. Bu faciəni onlar rusların 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə həyata keçirdilər.

Erməni kimdir və nə millətdir ki, öz gücləri hesabına bunları etsin? Qorxaq və şərəfsizin biridirlər! 

– Bu faciə anidən və xəbərsiz həyata keçirildi... (Sözümü kəsir)

– Bilirsiniz, bu atışma hər zaman olurdu. Buna artıq öyrəşmişdik. Elə bildik, budəfəki də eyni vəziyyətdir. Gördük ki, yox, bu, o deyil.

Kim qaçıb canını qurtara bildisə, yaşadı, bilməyənlərin yarısını evlərində, yarısını meşədə qırdılar. Elə adamlar olurdu ki, azır və 4-5 gündən sonra gəlib bizi tapırdı. Meyitlər tanınmaz hala gətirilmişdi.

– Canlarını xilas edə bilənlər sığınacaq kimi haraya yerləşdirildi?

– Ağdamın Şelli adlanan bir kəndi var idi. Bizi orada qarşıladılar və hamımız müvəqqəti olaraq orada sığınacaqla təmin edildik. Daha sonra isə Bakıya – indiki yaşadığımız əraziyə gətirildik. Elə 26 ildir ki, bax, bu dənizin qırağında çürüyürük (köks ötürür). 

– Bakıya gəldikdən sonra çətinlikləriniz oldu?

– Biz adi çöp də gətirməmişdik. İndi yaşadığım bu evin içi boş divarlardan ibarət idi. Bakı camaatı sağ olsun. Bizə çox kömək etdilər. Kimisi qab-qacaq, kimisi yemək, kimisi ərzaqla təmin edirdi.

Bayramlarda belə bizə qonaq gələrdilər, danışıb dərdləşərdik. Onların etdiklərini heç bir zaman unutmaq olmaz. 

– Bəs indi sizə baş çəkirlər?

– Əvvəlki kimi yox. Amma bayramlarda, faciənin ildönümündə gəlib yad edirlər. Yenə də sağ olsunlar.

– Burada neçə ailə məskunlaşdı? Yadınızdadır?

– Bir onu bilirəm ki, xeyli ailə var idi. Mən üç oğlumla gəlmişdim. Böyüdükdən sonra öz gücümüzə əlavə otaqlar tikib, ayrı-ayrılıqda yaşadıq.

– Sağ əlinizin barmaqları yoxdur. Bu, həmin faciəvi gecədə olub?

– Ermənilərin “QRAD” tipli raketinin gülləsi qoluma dəymişdi. Bir də baxdım ki, barmaqlarım yoxdur, yerinə ət sallanır. Tez ətrafımdakı insanlar qolumu sıxıb, qanı dayandırdılar. Ağdamın Şelli kəndinə gəldikdən sonra həkimlər əməliyyat etdi.

– Ailənizdə sizdən başqa yaralanan oldu?

– Oldu. Güllə kiçik oğlumun kürəyindən girib, sinəsindən çıxmışdı. Xocalıdan gələnlərin əksəriyyəti bu vəziyyətdədir. Heç kim deyə bilməz ki, durumum yaxşıdır. Hamısı imkansız, xəstə, yaralı...

– Xocalıdakı şəraitiniz necə idi?

– Çox gözəl. Demək olar ki, orada heç nəyə pul xərcləmirdik. Özümüz əkir, özümüz becərirdik. Yalnız çaya pul verirdik. Torpağımız qızıl idi. Yoxsa ki, buradakı durum nə yaşayışdır, nə həyatdır? (heyifsilənir).

Orada hər cür şəraitimiz var idi. Yediklərimiz də təbii məhsullar idi. Düzdür, bugünkü gündə də dövlətimiz bizi unutmur. Lazımınca kömək göstərir. Buna görə də ölkə başçısına təşəkkür edirik. Allah ona can sağlığı versin. Torpaqlarımızın geri qayıtması üçün çox çalışır.

– Xocalının geri qayıtması ilə bağlı ümidiniz var?

– Bəli, həm də çox. Elə indi desələr ki, Xocalı geri qaytarılır, canla-başla öz yurduma geri qayıdaram.

Oxu.az

51 saylı fərman “pilot layihə qurbanlarının” xilası ola bilər

022100007829.jpg


 Dövlət sakinlərin hüquqlarını müdafiə etməyi vəd edir və aldadır

Sakinlərin hökumətin "Pilot layihəsi"nə (Nazirlər Kabinetinin 86 saylı sərəncamı) qarşı mübarizə cəbhələrində sakitlik aldadıcı imiş. Araz.az xəbər verir ki, Turan-ın keçirdiyi sorğu göstərdi ki, Bakının Nəsimi rayonunda onlarda etibar doğurmayan tikinti şirkətləri ilə əməkdaşlıq etməkdən və mənzillərini tərk etməkdən imtina edən iki məhəllənin sakinləri konstitusiyada zəmanət verilmiş hüquqları uğrunda qanuni mübarizəni davam etdirirlər.

Bu günlərdə Rüstəm, Quliyev, Şuşinski və Ələsgərov küçələrində yerləşən məhəllənin sakini Samir Cəfərov ombudsman E.Süleymanovadan cavab məktubu alıb. O, nəinki vətəndaşların hüquqlarını müdafiə etməyib (ki, bu, onun birbaşa öhdəliyidir), hətta onları vətəndaşların şikayət etdiyi Grand Plaza tikinti şirkətinin kaprizli tələblərini yerinə yetirmək istəməməkdə ittiham edib.

Süleymanova imzaladığı məktub mətninin Nəsimi Rayon İH aparatına sorğularına aldıqları cavab əsasında tərtib edildiyini gizlətmir. E.Süleymanovanın hadisələri açıq-aşkar təhrif etməsi, xüsusən, tikinti şirkətindən köhnə yaşayış sahəsinin hər kvadrat metri üçün 3-5 min manat ölçüsündə təzminat almaq barədə mövcud olmayan tələbi vətəndaşlara aid etməsi sakinləri qəzəbləndirir. Ombudsman inandırır ki, "20-ci əsrin əvvəllərində tikilmiş evlər yararsız hala gəlib, konstruksiyalar zəifləyib", bu, həm binaların tikinti tarixinə, həm də onların vəziyyətinə görə doğru deyil. Rəsmi məktubun guya sakinləri beşmərtəbəli binalarda onlara məxsus olmayan zirzəmilərə görə təzminat tələb etmək tələbi haqqında hissəsi onları təəccübləndirir. Ombudsmanın son ifadələri isə hədələyici səslənir: "Sakinlərin əməlləri Grand Plaza şirkətinin öhdəliklərini yerinə yetirməsinə imkan vermir. Problemin həlli hüquqi müstəvidə davam etdiriləcək".

İnsan hüquqları üzrə ombudsman vətəndaşların hüquqlarını deyil, tikinti şirkətinin biznes planını müdafiə edib, S.Cəfərov belə hesab edir.

Yuxarıda adı çəkilən məhəllə ilə yanaşı, şəhərin həmin rayonunda, Səhhət, Şuşinski, Azadlıq və Yusifbəyli küçələrində bir və iki mərtəbəli yaşayış evlərindən - ümumilikdə 58 evdən ibarət massiv var. Nəsimi Rayon İH bu məhəllə üzərində hüquqları Gloria Palace tikinti şirkətinə verib, onun hesabında vətəndaşların müvəqqəti mənzillə təmin edilməsi və yeni çoxmərtəbəli binaların tikilməsi üçün kifayət qədər vəsait yoxdur, deyə sakinlər Turan-a bildiriblər.

Fevralın əvvəllərində sakinlər Prezident Administrasiyasının nümayəndəsi ilə görüşüblər, o, bu şirkət və Nəsimi rayonu arasındakı müqaviləni ləğv etməyi vəd edib. Məmur narazı vətəndaşları sakitləşdirib, hətta Gloria Palace insanları narahat etməyə davam edərsə, yenə ona müraciət etməyi təklif edib. Amma baş verənlərdən görünür ki, Nəsimi rayon rəhbərliyi ilə tikinti şirkəti arasındakı ittifaq dövlətin vətəndaşların hüquqlarının müdafiəsi öhdəliyindən daha möhkəmdir, belə ki, bu şirkət məhəlləni tərk etməyib.

"Hələlik dəyişiklik yoxdur. Bizə Gloria Palace-in kənarlaşdırılması ilə bağlı boş vədlər veriblər. Nəsimi rayon İH-nin sərəncamı hələ qüvvədədir. Şirkət rəhbərliyi ötən şənbə bizimlə görüşmək istəyib, amma nədənsə görüş baş tutmayıb. Bu cüməyə keçiriblər. Danışıqlar aparılmasa və ya nəticəsiz olsa, hesab edirəm ki, mətbuat vasitəsilə dövlətə və cəmiyyətə müraciət edib, Preziden Aparatının boş vədləri haqqında məlumat verməliyik", deyə sakin Viktor Sapunkov Turan-a bildirib.

Bu arada, "cəbhələrdə" rayon və mərkəzi icra qurumları tərəfindən yaradılmış qaranlığa işıq saçan əlamətdar hadisə baş verib. Fevralın 16-da Nazirlər Kabineti yalnız Bakının Yasamal rayonunda evlərin sökülməsi ilə bağlı 51 saylı fərman çıxarıb. Nazirlər Kabineti rayon rəhbərliyinin qarşısına Qutqaşenli, Mustafayev, Şaiq, Aşurbəyova, Səfəroğlu, Əliyev, Tağızadə küçələrində və Nərimanov prospektində üzərində evlər yerləşən torpağı dövlət ehtiyacları üçün almaq (ümumilikdə 2010 bir və iki mərtəbəli ev) vəzifəsi qoyub. Sökülmüş məhəllələrin yerində dövlət təyinatlı kommunikasiyalar yaradılacaq, deyə hökumətin qərarında bildirilir.

Nazirlər Kabineti sakinlərin köçürülməsi üzrə yeni sxem tətbiq edib, həmin sxemə əsasən evləri rayon hakimiyyəti ilə müqavilə bağlamış özəl tikinti şirkəti deyil, dövlət (rayon hakimiyyətinin şəxsində) alır. Qeyd edək ki, şirkətlər və rayon hakimiyyəti arasında müqavilələrdən əvvəl tender prosedurları keçirilmir, tikinti şirkətləri ictimaiyyət üçün qapalı rejimdə təyin edilir. Bakının digər rayonlarından fərqli olaraq, sözügedən küçələrdə və Nərimanov prospektində evlər sakinlər "məşhur" "Pilot layihə"yə uyğun olaraq deyil, Nazirlər Kabinetinin xüsusi olaraq qəbul etdiyi 51 saylı qərara əsasən köçürülməklə söküləcək.

Prezidentdən vəkillərlə bağlı sərəncam - Bina və yeni maşınlar ayrılacaq

il.jpg


 Prezident İlham Əliyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Araz.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakıda müvafiq bina ilə təmin olunması üçün əlavə tədbirlərin görülməsi barədə tapşırıq verilib.

Həmçinin Azərbaycanın regionlarında apellyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlərin görülməsi tapşırılıb.

Bundan başqa, Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq, müəyyən edilmiş məbləğin üç dəfə artırılmasının nəzərdə tutulması, habelə Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsaitin ayrılmasını təmin etmək barədə də tapşırıq verilib.

Vəkillər Kollegiyasına tövsiyə edilib ki, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün.

Kollegiyaya, həmçinin hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etmək, Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı, eləcə də Kollegiyanın və vəkillərin fəaliyyətində müasir İKT-nin tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək tapşırılıb.

10 -dən səhifə 46

Əlaqəli xəbərlər