"Mən həqiqətən də bu məxluqların milllətinin düşməniyəm..."

26143.jpg

Araz.az bildirir ki, Fariz Çobanoğlu adlı bir cahilin bir paylaşımı diqqətimi çəkdi: "Millət vəkili Fazil Mustafanı Bəzz Qalasına,Azərbaycan uğrunda canfədailər ordusu yaratmış yenilməz Babəkə qarşı qərəzli mövqeyinə görə sevdiyim insanlar siyahısından çıxardım...Onun Kəraməti müdafiə etmək istəyində də mövqeyi siyasi xarakter daşıyır..Azərbaycana, tariximizə,xalqın mənəvi dəyərlərinə,toxunulmaz istinadgahlarına açıqaşkar sayğısızlıq sərgiləyir millətin vəkili...Akademik Ziya Bünyadov sağ olsaydı Fazil Mustafa Babək haqqında cılız fikirlər söyləyə bilməzdi...Akademikin başına dəyən güllə...gör bu millətin hələ nə qədər təhlükəli düşmənləri var...Babəki təhqir edən millət vəkili mənim vəkilim ola bilməz...Bu ölkənin tarixçiləri,alimləri harda qırılıblar ki,düşməni erməninin içərisində axtarırlar...Açın interneti millət vəkilinin tariximizə həqarətin dinləyin...."
 Doğrudan da Allah məni bütün cahillərin, nadanların sevgisindən uzaq tutsun. Onların sevdiyi insanlardan etməsin. Çünki cahilin sevgisi qədər təhlükəli heç bir şey ola bilməz. Adam yüzlərcə öz tayları kimi Ziya Bünyadovu da oxumayıb, hətta Babək barədə görkəmli alimin fikirləri ilə tanış olsaydı, yəqin ki, intihar edərdi. Bizim kitabları da oxumayıb. Üstəlik Rəsulzadəni də oxumayıb. Bu nadan anlamır ki, kiməsə kor-koranə sitayiş edə bilərsən, ancaq oxumadan, araşdırmadan başqasını ittiham edən bir yazı paylaşılmaz. Bu geri zəkalıya izah etməliyəm ki, mənim görüşlərim əsasən Məhəmmədəmin Rəsulzadənin görüşlərinə uyğun gəlir, o zaman cılız fikirlər deyəndə onundamı görüşlərini nəzərdə tutur? Ancaq bir şeyi doğru yazır. Mən həqiqətən də bu məxluqların milllətinin düşməniyəm. Bütün nadanların, cahillərin millətinin düşməniyəm. Bundan sonra qərara almışam ki, bu cür paylaşımlar rastıma çıxanda cavab olaraq kitab paylaşım. Cahil üçün kitabdan ağır söyüş yoxdur.
 
Fazil Mutafa, Millət vəkili

Ziya Bünyadovun qətlində iştirak edən ömürlük məhbusun atasından sensasion açıqlamalar

dee23a9c700a3666786bf183be266164.jpg

Araz.az xəbər verir ki, sabiq icra başçısı Adil Nağıyev: “Akademikin qətlinin təşkilatçısı Tarıyel Ramazanov və Cavanşir Aslanovdur”; “Oğlum tək mənə yox, bütün nəslimə zərbə vurub”

Fevralın 21-də akademik Ziya Bünyadovun qətlə yetirilməsinin 21-ci ildönümü tamam olacaq. Həmin dəhşətli qətl hadisəsində günahlandırılaraq ömürlük həbs cəzası almış Nizami Nağıyevin atası, YAP-ın qurucularından biri, Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Adil Nağıyev “Yeni Müsavat”a müraciət edərək qətl hadisəsi ilə bağlı ilginc məlumatlar verib. O, uzun illərdən sonra ilk dəfə çox ciddi etiraflarını dilə gətirib, oğlunun qətldə iştirakını birmənalı şəkildə təsdiqləyib, həmçinin ölkə rəhbərliyinə müraciətlə oğlu üçün əfv diləyib. Redaksiyamızda baş tutan müsahibəni təqdim edirik:

- Adil müəllim, bilirik ki, siz məlum qətl hadisəsi baş verən il Abşeron rayonunun icra başçısı təyin olunmuşdunuz.  Lakin cəmi üç il sonra sizin işdən çıxarılmağınızın səbəbkarı da oğlunuz olub. Doğrudurmu?

- Bəli. Həmin hadisənin üstündən 18 il keçib, amma hər şey yadımdadır.  Əvvəlcə onu demək istəyirəm ki, mən uzun illər Heydər Əliyevin komandasında işləmişəm. Sizdən israrla xahiş edirəm ki, bu fikirlərimi olduğu kimi dərc edəsiniz. Bu yaxınlarda ömrümün 81-ci ilini tamamladım. Sizə səmimi deyirəm, Allahın bəxş etdiyi bu ömrün təqribən 50 ilini türk dünyasının böyük şəxsiyyəti, ulu öndərimiz Heydər Əliyevin adı-sanı, nüfuzu, dünya şöhrətinə baxıb, sevinə-sevinə yaşamışam. Ata yurdum Vedibasar mahalında ermənilərin yerli-yersiz təzyiqləri altında əziyyət çəkdiyim, işsiz qaldığım illərdə, çıxış yolunu o zaman Azərbaycanda hakimiyyətdə olan ulu öndərimiz Heydər Əliyevdə gördüm. Ürəyimdə bəslədiyim inamla Azərbaycana gəldim və bu böyük şəxsiyyətin işığına sığındım. 

Mən Allahın xoşbəxt bəndələrindən biriyəm ki, bu dahi şəxsiyyətlə ünsiyyətdə və təmasda olmuş, onun məsləhətlərini dinləmiş və nəhayət, rəhbərliyi altında uzun illər işləmiş, həyatımı Abşeron rayonunun iqtisadi inkişafına həsr etmişəm.  Həmişə Heydər Əliyevin idarəçiliyinə, rəhbərliyinə, Azərbaycan dövlətçiliyinə böyük etibarım, hörmətim və rəğbətim olub. Bu keyfiyyətlər, bu ali qanunlara hörmətim, məhəbbətim Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev cənablarının hakimiyyəti dövründə də, bu günə qədər davam edir. Mən bu əqidənin sahibi olmuşam, bu keyfiyyət mənimlə əbədidir. Onu da deyim ki, Azərbaycan dövlətinə, onun qanunlarına,  Azərbaycan dövlətinin qanunlarının aliliyinə inam, hörmət və ehtiram mənimlə əbədidir. Tək mən yox, ağsaqqalı və rəhbəri olduğum ailə üzvlərimin hamısı mənimlə eyni fikirdədir.     

 

Heydər Əliyev məni icra başçısı təyin edəndə onunla görüşmüşəm, 1 saat söhbət eləmişəm. Demişəm ki, cənab prezident, siz çox adamlara çörək, vəzifə verdiniz, amma çoxu nankor çıxdı. Sizə söz verirəm ki, mən nankor olmayacağam. Elə də işlədim. İşlədiyim müddətdə - Azərbaycanda elə bir icra başçısı yoxdur ki, ondan şikayət olmasın - məndən bir dənə şikayət olmadı. Məndən bir dənə yazılı, ya şifahi şikayət getmədi. Nə müxalifət məni söydü, nə də hökumət, namusla, qeyrətlə işlədim.

- 1997-ci ildən 2000-ci ilədək...

- Bəli. Bundan əvvəl Abşeronda 20 il sovxoz direktoru işləmişəm, Zirə, Türkan, Qobu, Ramana kəndlərində. Sonra kənd təsərrüfatı idarəsinin sədri və nəhayət, icra başçısı olmuşam. Mən Adil Nağıyev prezident Heydər Əliyevi dəstəkləmişəm, özü də tək mən yox, bütün nəslim, bütün Vedibasar hamısı.

Abşeron rayonunda YAP-ı yaradan ikinci adam mənəm (yazıya əlavə olunan fotodakıları göstərir-red.) Bax, bu, YAP-ı yaradan akademik Fərəməz Maqsudov, Əli Nağıyev, deputat Mixail Zabelin, bir də o vaxt Səriyyə xanım var idi, fəal YAP-çıydı. Biz YAP-ın Abşeron təşkilatını yaratdıq və Qafar Gülmalıyevi sədr seçdik, o da rəhmətə gedib. Bu, bir. İkincisi, 1999-cu ildə Heydər Əliyev Gülhanə xəstəxanasından gələndə mən Adil Nağıyev 50 dənə erkək qurban gətirmişəm, Sabunçu dairəsində kəsmişəm və Heydər Əliyev orda düşüb, mən onun əlindən öpmüşəm.

Aşıq aparmışam, ona saz çalıb, söz deyiblər (dediklərini təsdiqləyən fotoları təqdim edir-red.) Fotoda görürsünüz, bu, prezidentdir, bu Bəylər Eyyubovdur. Oraya 5 min adam çıxartmışdım qarşılanmaya. Bu, tapşırıqla yox, öz təşəbbüsümlə olub. Mən bir kitab buraxmışam, “Mən Adil Nağıyevəm”, 80 yaşımın tamam olması münasibətilə. Bu kitabı Administrasiya rəhbəri Ramiz Mehdiyevə də göndərmişəm. Kitabın ilk hissəsini Heydər Əliyevlə başlamışam, məni qəbul edəndə verdiyi suallara cavablarımı dərc etdirmişəm.  

 

“Xəbər tutsaydım, özüm gedib Heydər Əliyevə deyərdim, bu işin üstünü açardım, heç bizə də bu qədər zərbə dəyməzdi”

- Qayıdaq qətl hadisəsinə...

- Hadisə 1997-ci ildə olub. Ancaq 2000-ci ilin oktyabr ayında üstü açılıb. O vaxt isə məni işdən götürdülər.

- Etiraf edirsinizmi ki, Azərbaycanın çox dəyərli ziyalısını qətlə yetirilməsində iştirak edən oğlunuz həm də öz atasına zərbə vurub?

- Bəli. Oğlum tək mənə yox, bütün nəslimə zərbə vurub, hamımızı işdən çıxarıblar. 4 oğlum, 1 qızım, 13 nəvəm, 13 nəticəm var. Hamımıza zərbə dəyib. Oğlanlarım hamısı dövlət qurumlarında işləyirdilər. 18 ildir heç birimiz işləmirik, “kor qız” kimi oturmuşuq evdə. Bizə böyük zərbə dəyib. Mən çox fikirləşirəm ki, bu zərbəni bizə kim vurdu axı? Mənim oğlumun atası icra başçısı işləyir... 2 oğlum akademiyanı qurtarıb, biri Nərimanovda DYP rəisi işləyir, digəri sahə rəisi işləyir. Hökumət adamı olmuşuq, niyə bizi bu oyuna saldılar?

- Ötən illər ərzində bu suala cavab tapdınız?

- Bəli, tapmışam. Birincisi, o vaxt istintaq orqanlarına, müxbirlərə deyirdim ki, əgər mənim oğlum Ziya Bünyadovun qətlində iştirak edibsə, ya onu vurubsa, elə oğul mənə lazım deyil, aparın, dar ağacından asın! Mən elə oğul böyütməmişəm. Mən 7 yaşında Ermənistanda ata-anadan yetim qalmışam, yetimliklə, əziyyətlə böyümüşəm. 1969-cu ildə ermənilərin təzyiqinə məruz qaldığım üçün qaçıb Bakıya gəlmişəm. Allahdan başqa heç kəsim olmayıb. Mən oğlumdan çox incidim, heç 10 il onun yanına getmədim. Kişi, sən nə ...yemisən?! Belə şey olar? Akademik Ziya Bünyadov hər adamın tayı deyildi... Düzdür, Ziya Bünyadovla heç zaman üz-üzə gəlməmişəm, ancaq televizorda görmüşəm. Mənim ona simpatiyam var idi. Çünki o, ermənilərə qarşı kəskin mübarizə aparırdı. Mən də millətçi olmuşam, ermənilərin əlindən qaçıb gəlmişəm.

- O vaxt məhkəmədə açıqlanan ittiham aktında oğlunuzun adı birinci qeyd olunmuşdu. Bildirilirdi ki, Nağıyev Nizami Adil oğlu akademik Ziya Bünyadovun yaşadığı binanın 3-cü girişinə daxil olaraq gözləyib, Ziya Bünyadovun sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə, 5 dəfə ardıcıl zərbə vuraraq həyat üçün ağır dərəcəli xəsarətlər yetirmiş, hadisə yerinə yaxınlaşan Qalib Babayev isə “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadova xəsarətlər yetirərək, hər ikisi Mahir Zeynalovla birlikdə avtomobillə hadisə yerindən qaçıblar. Görüşəndə heç oğlunuzdan soruşdunuzmu ki, niyə belə bir dəyərli insanın amansızlıqla öldürülməsində iştirak edib?

- Mən əvvəlcə belə qərara gəldim ki, oğlumla görüşməyim, çünki nəinki mənə, bütün nəslimə zərbə vurdu. Amma inanmırdım ki, mənim oğlum belə iş görə bilər. Sonra mən öyrəndim ki, niyə Ziya Bünyadovu aradan götürüblər? Tarixçi Moisey Kalankatuklunun “Alban tarixi” kitabını yazıb və Ziya Bünyadov onu tərcümə edib. Kalankatuklu 254-cü səhifədə İslam peyğəmbərini aşağılayıb. “Hizbullah” təşkilatının “Nəsrullah” adlı bir üzvü Bakıya gəlir. Burada dindən istifadə edərək, müəyyən adamları ətrafına toplayır. O cümlədən də bunların başçısı Tariyel Ramazanov və Cavanşir Aslanov olub. Bu Tariyel Ramazanovla mənim oğlumun bağlılığı hardandır? Sovet dövründə Kuril adalarında bir yerdə əsgərlikdə olublar. Oğlumu yoldan çıxaran, bu işə cəlb edən o vicdansız... Özü də ali təhsilli adam, atası Ramiz Rzayev də akademiyada işləyib. Burada “Nəsrullah”ın tapşırığı ilə dəstə düzəldirlər.

- Siz o dövrdə oğlunuzun davranışlarından heç nə hiss etməmişdiniz?

- Yox, heç nə. Nəyə görə? Oğlum Məkkəyə gedib-gəlmişdi, namaz qılırdı. Mən özüm araq içən idim. Baxdım ki, oğlum, həyat yoldaşı namaz qılır, oruc tutur, mən də içkini tərgitdim. Sonra bu, bir müddət ortalıqda görünmədi, yox oldu.

- Onda oğlunuz harda işləyirdi?

- Aeroporta, gömrükdə. Özü də Odlar Yurdu Universitetinin hüquq fakültəsinin 4-cü kursunda qiyabi oxuyurdu. Mənim heç bir şeydən xəbərim olmayıb. Xəbər tutsaydım, özüm gedib Heydər Əliyevə deyərdim, bu işin üstünü açardım, heç bizə də bu qədər zərbə dəyməzdi.

- Bəs ortalıqdan yox olanda axtarmadınızmı ki, haraya gedib?

“Məni aldatdığı üçün 10 il ərzində onun ardınca həbsxanaya getmədim”

- Axtardım. Mənə dedilər ki, dostları ilə Moskvaya gediblər, ticarətlə məşğuldurlar, un gətirirlər, ya Türkiyəyə gediblər.

- Amma istintaq materiallarında qeyd olunurdu ki, Nizami Nağıyev və digərləri Tehran yaxınlığındakı düşərgədə təlimlər keçirmiş...

- Bəli. İndi orda nə işlər görüb, mənim ondan xəbərim yoxdur. Gələndən sonra da mənə heç nə demədi. Ancaq məni aldatdığı üçün 10 il ərzində onun ardınca həbsxanaya getmədim.

- Bəs qayıdandan sonra nə qədər sərbəst gəzdi?

- Ziya Bünyadovun qətlindən sonra 3 il sərbəst gəzdi. Ziya Bünyadovu 1997-ci il fevralın 21-də qətlə yetiriblər, Ziya Bünyadovu tapança ilə ağzından vuran Qalib Babayev 3 gün sonra İrana keçəndə öldürülüb. Nizami isə 2000-ci ilin 28 sentyabrında həbs edildi. Bütün məhkəmələrdə iştirak etdim. O ərəfədə hökmdən çox narazı qaldım. Niyə? Çünki təşkilatçı, sifarişçi qaçıb aradan çıxıb. Əgər mənim oğlum da qaçsaydı, hardan tutacaqdılar? Oğlum qaçmadı. Hörmətli prokurorumuz Zakir Qaralov vəzifəyə təyin olunandan sonra bu cinayətkar dəstəni ifşa etdi və oğlumun da orda iştirakını sübuta yetirdi. İndi yalandan durub deyək ki, elə deyil, belədir, yox! Bu vaxta kimi cəmiyyətdə iki hissə var idi: bir hissə inanırdı ki, Adil Nağıyevin oğlu bu işi edib, bir hissə inanmırdı. 21 fevralda Ziya Bünyadovun qətlinin ildönümüdür. Mən səmimi şəkildə, bütün ictimaiyyətə etiraf etmək istəyirəm. Çünki 82 yaşım var. Ölüb gedəcəyəm, qoy yalan deyib bu dünyadan getməyim. Oğluma da ən ağır cəza veriblər, onunla da razılaşdım.

- Yəni oğlunuzun günahını etiraf edirsiniz?

- Bəli. Əvvəllər etiraf etməmişəm, amma indi etiraf edirəm. Ziya Bünyadovun qətlinin təşkilatçısı Tarıyel Ramazanov və Cavanşir Aslanovdur. Onlar bu işi təşkil edib, mənim də oğlumu təhrik ediblər, Allah onların hər ikisinin evini yıxsın, çırağını keçirsin! Bizi nə günə saldılar? Mən Heydər Əliyevin komandasında işləyə-işləyə, ömrümü ona həsr edə-edə... Sizə bir faktı deyim. 90-cı ildə mən Zirədə sovxoz direktoru idim, Abşeronda plenum idi. Heydər Əliyevin haqqında o qədər danışdılar ki, ürəyim partlayırdı, axır durdum ayağa, dedim ayıb olsun sizə, Heydər Əliyev Azərbaycanı qurub! Heç olmasa, o, sizin havanızı təmizləyib, nə qədər üzüm bağları, yaşıllıqlar salıb. Bunun şahidi də Pirşağıdakı əkinçilik institutunun direktoru Əsəd Musayevdir, çıxdı eşiyə, dedi, halal olsun sənə, Adil! İki gün sonra məni bu sözümə görə Zirədən, direktorluqdan qovdular.

- Ziya Bünyadova beş bıçaq zərbəsi endirən oğlunuz artıq 18 ildir həbsdədir. Sonuncu dəfə onunla nə zaman görüşmüşünüz?

Yeni Müsavat

Əli Həsənov: "İndiyədək mənzil alan hansı jurnalisti məcbur etmişik ki..." - Təqdimat Mərasimindən FOTOLAR

27400107_1202157139919663_1144892145_n.jpg

Bu gün jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının jurnalistlərə təqdim olunma mərasimi keçirilib.

Araz.az Yenicag.az -a əsasən xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edib.

O, ölkə başçısı tərəfindən yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə evlə təmin olunan jurnalistləri təbrik edərkən bəzi qüvvələrin Azərbaycanda media siyasətinin iflasa uğramasına dair iddialarına cavab verib.

“Bəziləri qəbahətə yol verərək, Azərbaycanda media siyasətinin iflasa uğradığını iddia edir. Əgər öz dövlətinin vətəndaşlarını ölkədə və dünyada baş verənlərlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərin maddi, mənəvi problemlərinin həllinə yardım etmək bu qədər qəbahətli haldır ki, bunu dövlətin media siyasətinin iflası kimi dəyərləndirirlər? İllərdir ölkədə media siyasətinin iflasa uğradığı haqqında fikir formalaşdırmaq üçün milyonlarla pul xərcləyirlər. Onlar bu addımı atmaqla media nümayəndələrini öz təsirinə salaraq dövlətçiliyə, milli maraqlara qarşı istifadə etməyə çalışıblar. Qrant mediasının dırnaqarası dəyərli nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq, həmin ölkələrin parlamentləri qarşısında NoTAP aksiyası keçirtmək istəyirlər.

Budur qrant siyasətini həyata keçirənlərin Azərbaycan jurnalistlərindən hazırladıqları vətəndaş və ya jurnalistlər. Bir ölkənin müstəqil mediasını təsir altına alaraq, dövlətçiliyə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, bizə belə inkişaf lazım deyil. Azərbaycan mediasının təməli sağlam qoyulub.

Azərbaycanda media siyasəti iflasa uğrayıb” deyənlər, bir baxıb görsünlər ki, bu gün inzibati qaydada media üzərində təsiri olan hansısa dövlət qurumu var? Azərbaycan yeganə dövlətdir ki, Mətbuat və İnformasiya Nazirliyini ləğv edərək, jurnalistlərin bütün məsuliyyəti, bütün öhdəliyi onların özlərinin yaratdığı Mətbuat Şurası vasitəsi ilə tənzimlənir. Bu gün Azərbaycan dövləti jurnalistə yardım edir. Siz bu yardımı ala da bilərsiz, almaya da…

Dövlət sizin çətinliklə, bəlkə də heç vaxt ala bilməyəcəyiniz evi hədiyyə edir. Siz bunu qəbul da edə bilərsiz, etməyə də…

İndiyədək mənzil alan hansı jurnalisti inzibati qaydada məcbur etmişik ki, bizim istədiyimiz kimi fəaliyyət göstərməlisiz. Bunu Azərbaycanın media siyasətinin iflası kimi dəyərləndirirlərsə, böyük qəbahətdir. Bunu siz də bilirsiz, onlar da.

SOS: Media generalının həyatına təhlükə DİN leytenantı tərəfindən reallaş(dırıl)ır!!!

1517235744_27399712_1080705468748776_1022375932_n.jpg

Aydın Canıyev: "Gör məni nəylə sevindirirlər, dütdülüynən..."
 
 Araz.az məlumat veirir ki, polis polkovnik-leytenantı Eldar Qazıbəyov: "Hörmətli cənab Canıyev..." Məlumat üçün bildirək ki, Miq.az olaraq, müstəqil jurnalist Aydın Canıyevin daxili işlər nazirinin müavini, DİN Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasova (surəti daxili işlər naziri general-polkovnik Ramil Usubova, Yasamal RPİ 28-ci bölməsinin rəisi Eldar Qazıbəyova, onlayn və print mediaya) müraciətinin nəticəsi ilə maraqlandıq. Maraqlandıq ki, bilək, əmin olaq ki, dəyərli həmkarımızın həyatına təhlükə sovuşub!
Çünki hazırda yataqda olan Aydın Canıyev bir neçə gün öncə daxili işlər naziri Ramil Usubova, onun müraciət etdiyi müavini Rafiq Abbasova, məlum müraciətdən sonra həmin gün də jurnalisti qəbul edən 28-ci bölmənin rəisi Eldar Qazıbəyova və onun müavininə minnətdarlıq etməyə lap az qaldığını facebook səhifəsində paylaşmışdı. Üstəlik də həmişəki şuxluq və əminliklə Azərbaycan ədəbiyyatı və jurnalistikası nümayəndələrinin müasir dönəmdə klassiklərin yaradıcılığını dəyərləndirmələrini, onların ədəbi irsinin qorunmasını, gələcək və gənc nəsil üçün təbliğini, eləcə də ədəbi tənqidin və tərcümə institutunun bu yöndə fəaliyyətini əhatələyən geniş yazıyla çıxış edəcəyini bəyan etmişdi. Amma qəflətən hətta... redaksiyaya yolladığı "Qisas: siyasi və ictimai mahiyyəti..." publisistik yazısının yayımını belə istəmədi. Könlünü almaq, söhbəti xoş ovqata kökləmək üçün açdığımız zəngə epitetlərlə başladıq:
- Möhtərəm və möhtəşəm Canıyev, təşəkkür edib yazıları yazmaqdansa, yatağa yıxılıbsan... olmasın azar, hanı bəs təşəkkür edəcəkdin?!
- Alışov, ey nuri-didəm, Murov səngərinin gülü, "mənə dəyən təpik kimə dəysəydi...", nəinki yatağa, düz Bermud üçbucağına düşəcəkdi! Heç zarafat yeri deyil!
 
Sevindirici bir xəbər yoxdumu?
- Nətəri deyir o kinoda, "gör məni nəylə sevindirirlər, dütdülüynən!" Vəziyyət eynən elədi! Sevindirici bircə odu ki, 28-ci bölmənin rəisi polis polkovnik-leytenantı Eldar Qazıbəyov bütün rəsmi və protokol qaydalarını bir kənara qoyub, mənə "hörmətli cənab Canıyev" müraciəti ilə cavab yazıb. O cavabın içindəki mətn isə ana söyüşündən də betərdi! Sadəcə yazsaydı ki, get tullanmağının dalınca, daha rahibyana, polisyana olardı! Kişi kimi qəbul etmək məcburiyyətində qalardım...
- "Hörmətli cənab Canıyev", ağ eləmə...
- Qoy dərmanlarımı atım, özümə gəlim, "Daxili işlər nazirinin müavini, DİN Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasova (surəti daxili işlər naziri general-polkovnik Ramil Usibova, Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşova) teleqram əvəzi: Məni qəbul edin!!!" müraciətini yazıb yollayacam. Hələlik isə mənə göndərilən cavabın şəklini çəkib yollayacam. Mümkünsə onu ver...
 
Verdik və... şərh etmirik! Çünki Azərbaycan jurnalistikasının sonuncu alınmaz qalalarından olan Aydın Canıyevin bu cavaba cavabının necə olacağını təxmin belə edə bilmirik! Belə bir cavabdan sonra bildiyimiz budur ki, media generalının həyatına təhlükə DİN leytenantı tərəfindən reallaş(dırıl)ır!!! 

Miq.az

"AD VƏ SOYADLAR HAQQINDA” YENİ QANUN LAYİHƏSİ

2018-01-29-14-13-1017.jpg

Araz.az xəbər verir ki, Azərbaycanda "Ad və soyadlar haqqında” yeni qanun layihəsi bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Qanun layihəsi MM-in Mədəniyyət komitəsinin yaz sessiyasında qanunvericilik işlər planına daxil edilib.
Qanun layihəsində ad və soyadların milli aspektdə formalaşdırılması ilə bağlı yeni müddəalar əks olunub.APA

20 -dən səhifə 46

Əlaqəli xəbərlər