BƏSDİR, Zakir Fərəcov, PULLARIMIZI VER

big 1606202034 borc

Sumqayıtda  Bulvar  kompleksinin  tikintisində iştirak edən iş adamları, fəhlələr  öz halal pullarını Zakir Fərəcovdan tələb edirlər. Bir qrup  iş adamının  müraciətində qeyd olunur:

Zakir Fərəcov ! 

Sən  2016-cı ilin  mart ayının əvvəllərində  bizi  Sumqayıt şəhər İcra Hakimiyyətinə dəvət  etdin.

Söhbət zamanı  Sumqayıt şəhərində yeni bulvar kompleksinin salınmasının zəruriliyini bildirdin. Sən bizə dedin ki,  ağsaqqal ( Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev ) Sumqayıtda Yeni Bulvar kompleksinin salınmasını və bulvarın cari ilin sentyabr ayında təhvil verilməsini tapşırmışdır. Tapşırılan vaxtda Yeni Bulvar kompleksini təhvil verdikdən sonra ağsaqqal Ramiz Mehdiyev səni  Bakı şəhər İcra Hakimiyyətinə  başçı təyin edəcəyinə söz verib. 

Zakir Fərəcov ! Sən bizdən xahiş etdin ki, bu işi boynumuza götürək. Sən bizə bildirdin ki, Bulvar məsələsi dövlətimiz üçün və sənin özün üçün çox vacibdir. Ona  görə ki, bulvarın yüksək keyfiyyətlə salınması barədə Prezidentə söz verib. Sən hətta onu da bizə vəd verdin ki, Bakı şəhərinə başçı təyin edildikdən sonra  biz iş  adamlarına  hər cür şərait yaradacaqsan. Biz də sənə inandıq, Zakir Fərəcov. 

Sonra birlikdə yeni bulvar kompleksinin salınacağı yerə gəldik. Həmin sahəyə baxış keçirdik, 105 ha torpaq sahəsində yeni bulvar kompleksinin salınmasına və sentyabr ayının axırında tam təhvil vermək barədə razılaşdıq. Həmçinin  şəhərin Bakı-Quba yolunun girişində abadlıq işləri aparılmasını da bizə tapşırdın və bu barədə də razılığa gəldik. Bundan sonra,  624 nəfər işçi heyəti  və  texnikamızla birlikdə mart ayının 10-da işə başladıq. Yeni Bulvar kompleksini 2016-cı ilin sentyabr ayında söz verdiyimiz kimi təhvil verdik.  Lakin, gördüyümüz işlərin dəyəri bu günədək bizə  ödənilməyib. 

İş adamları qeyd edir ki,  kompleksin tikilməsi barədə söhbət edərkən biz  başçıya  bunun üçün müqavilə bağlanmasını bildirdik. Lakin Fərəcov dedi ki, hazırda müqavilə bağlanmasına ehtiyac yoxdur, bu şəhərin sahibi mənəm, tikinti işləri başa çatdıqdan sonra müqavilə bağlayacağıq və görülən işlərin dəyəri tam ödəniləcəkdir, narahatçılığa əsas yoxdur. Bununla belə, Z.Fərəcov işə başladıqdan sonra, lazım olan tikinti materiallarının və işçilərin əmək haqlarının vaxtlı-vaxtında ödəniləcəyinə söz verdi. Biz iş adamları  möhtərəm Prezidentin böyük bir şəhərdə təmsilçisi  olan Zakir Fərəcova inandıq. Biz inanmazdıq ki, Fərəcov etibarsızlıq edib şəhər üçün, ölkə üçün görülən işlərin pulunu mənimsəyib verməyəcək. 

Beləliklə  biz iş adamları, Zakir Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığımız  iş adamlarına sifariş etdik. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirdik. 

    Yeni Bulvar kompleksinin və şəhərin Bakı-Quba yolundan girişində abadlıq işlərinin ümumi smeta dəyəri  12.800.000 ( On iki  milyon səkkiz yüz ) manat  təşkil edirdi. Smeta dəyəri barədə icra hakimiyyəti ilə aramızda  fikir ayrılığı yaranmamışdır. Lakin həmin puldan indiyə kimi cəmi  6.000.000 ( altı milyon ) manat ödənilib, qalan hissə hələ də ödənilməyib. 

  İş adamları onu da qeyd edir ki, işlərin görüldüyü vaxtda, veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən NAĞD  şəkildə ödənilirdi. 

Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən bizə  məlum olmuşdur ki, verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif  təşkilatlardan yığılıb verilirdi. Çünki, biz  material üçün pul lazım olduğunu bildirdikdə Adil deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Maraqlıdır, görəsən, görüləcək işlər üçün ayrılmış pullar hara sərf edilmişdir ki, bizə   ayrı-ayrı şəxslərdən pul yığılıb  verilirdi. 

   Biz iş adamları  işlərin dayanmamasına görə, tanışlarımızdan  NİSYƏ   tikinti materialları alırdıq. Kompleksin tikintisində çalışan işçilərin əmək haqlarını daxili imkandan və imkanlı dost-tanışlardan pul almaqla ödəyirdik. Çünki Fərəcov və Xudadatov  bizə  işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödəniləcəyinə söz verirdilər. 

Hətta, işin vaxtında  təhvil verilməsi üçün bizə  yalvarırdılar. Biz  yuxarıda qeyd etdiyimiz  kimi  müəyyən  imkanlar daxilində  bizə  tapşırılan işi tam və keyfiyyətlə yerinə  yetirdik. Buna görə, müəyyən şəxslərdən götürdüyümüz  tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyümüz  şəxslərə borcumuzu  hələ də ödəyə bilmirik. 

İş adamları qeyd edir ki,  Sumqayıtda Yeni Bulvar kompleksinin açılışı zamanı cənab Prezident də görülən işlərdən və işin keyfiyyətlə yerinə yetirilməsindən razı qalmışdır. Hətta möhtərəm Prezident orada bildirdi ki, tez bir zamanda bu işlərin görülməsi əsl möcüzədir. 

Sonradan bizə bəlli olan məlumata görə,  gördüyümüz  işlər üçün dövlət tərəfindən pul ayrılmışdır. Guya tender də keçirilin və  adı  bizə  məlum olmayan bir şirkət tərəfindən qazanılmış, müqavilə də imzalanmışdır. Biz iş  adamlarına çatası  pullar isə  müqavilə bağlayan şirkətin hesabına köçürülmüş və sonradan nəqdləşdirilərək mənimsənilmişdir. Lakin bizə  çatası  pul  ödənilməmişdir. 

Z.Fərəcov bizimlə  söhbətində  deyirdi  ki, kompleksin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamışdır. Bunu öz hesabına tikdirib. Buna görə də bizə görülən işlərin dəyərinin 30 faizini notarial qaydada təsdiq edilməklə ona bağışlamağımızı tələb edir.

Yerdə qalan hissəsinin əvəzinə də torpaq sahələri, avtomobillər, yeni tikililərdən mənzillər təklif edir. Lakin həmin təkliflər də sözdən ibarətdir. Məcburən buna razılaşsaq da, təkliflərini də yerinə yetirmir. Z.Fərəcov ödəniş etmək əvəzinə hələ də bizə hədə-qorxu gəlir, tutdurmaqla hədələyir. Hətta bir neçə şəxsi polisdə günlərlə qeyri-qanuni saxlatdırmışdır. 

Biz iş adamları dəfələrlər  Zakir Fərəcovun öz təşəbbüsü ilə onun  qəbulunda olmuşuq. Bizə olan borcunun əvəzində o bizə  şəhərdə bəzi binaların dam örtüyünün  dəyişdirilməsini, şəhərin işıqlandırılması üçün 2000 ( iki min ) ədəd işıq dirəyinin alınması və quraşdırılmasını, həmçinin yollara asfalt örtüyünün çəkilməsini  bizə verəcəyini bildirib. Və həmin işlərin dəyərini də avtomobillər və torpaq sahələri verilməsi ilə əvəzləşdirəcəyini  və bunların müqabilində  kompleksin tikintisi üçün qalan borcada tamamilə imtina etməyimizi tələb edib. Lakin onun bu təkliflərinin də ağ yalan olması əvvəlcədən bizə  məlumdur. Biz  bu şəxsin, yəni Zakir Fərəcovun vədlərinə daha inanmırıq. 

İş  adamları onu da qeyd edir ki, Zakir Fərəcov görüş zamanı onlara bildirib ki,  indi ona yuxarıdan öz vəsaiti ilə 6.000.000 ( altı milyon ) manat dəyərində bir məktəb  və bir uşaq bağçası tikilməsi tapşırılmışdır. Onların tikintisi üçün vəsait tapa bilmir. Guya buna görə də borcunu ödəmək imkanı yoxdur. 

İş adamları Fərəcovun yalanlarından bezdiklərini  qeyd edirlər. 

 Bilirik ki, Yeni Bulvar kompleksinin tikintisi və şəhərin abadlaşdırılması üçün müvafiq vəsait ayrılmışdır. Lakin həmin vəsaitlərin hara xərcləndiyi məlum deyil, daha doğrusu, işi görənlərə ödənilmədiyinə görə mənimsənilmişdir. Bizə az da olsa ödənilən vəsait qeyd etdiyimiz kimi memar Adil Xudadatov tərəfindən müxtəlif iş adamlarından və təşkilatlardan yığılan pullar hesabına ödənilmişdir.

İş adamları onu da bildirir ki, Zakir Fərəcov dövlət orqanlarını aldadır ki, guya borcu tamamilə ödəyib. Əgər belədirsə, Zakir Fərəcov buyursun sənədləri ortaya qoysun. Hamısı yalandır. Prezidentin təmsilçisinə yaraşmaz  bu biabırçılıq.

Bəsdir, Zakir Fərəcov, pullarımızı ver ! 

Əlaqəli xəbərlər