“COVID-19” mövzusunda keçirilən “Birinci Respublika Virtual Debat Çempionatı”nın bağlanış mərasimi keçirilib

WhatsApp Image 2020 11 27 at 15.27.54Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Birinci Respublika Virtual Debat Çempionatı"nın bağlanış mərasimi keçirilib.
Tədbir təşkilatçılarından araz.az xəbər portalına daxil olan məlumata görə, onlayn tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Vüqar İsgəndərov, Şahin Seyidzadə, ADU-nun rektorunun ictimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, YAP İcra Katibliyinin Gənclərlə İş qrupunun rəhbəri Elmar Məmmədov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, təşkilat rəhbərləri, nümayəndələri və 100-dən çox gənc iştirak edib.
Onlayn tədbir 2 hissədən ibarət olub. Birinci hissədə 3 ayı əhatə edən Çempionatın final oyunu canlı şəkildə nümayiş etdirilib. Finala vəsiqə qazanan DeBal komandası (BAL və BDU) və DeBabat komandası (ADU) Milli Debat Proqramının koordinatoru Aytən Cəbrayılovanın moderatorluğu ilə ““COVID-19” pandemiyası yeni dünya düzəninin formalaşdırılmasına gətirib çıxaracaq” mövzusu ətrafında debat aparıblar.
İkinci hissədə isə,  rəsmilərin çıxışı, layihənin nəticələrinin açıqlanması baş tutub. Tədbirdə açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova Ali Baş Komandanın rəhbərliyi ilə əldə etdiyimiz tarixi qələbə, noyabrın 25-də Kəlbəcər rayonunun düşmən işğalından azad olunması münasibətilə bütün qonaqları və iştirakçıları təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Həmçinin, debatçı gənclərin istər hərbi, istər informasiya cəbhəsində fəallığını vurğulayıb, daha sonra təşkilatın fəaliyyəti, proqramları, layihənin məqsədi və istiqamətləri barədə məlumat verib.
WhatsApp Image 2020 11 27 at 15.28.12Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxışı zamanı tədbir iştirakçılarını şanlı qələbə münasibətilə təbrik edib, eyni zamanda gənclərin inkişafı üçün debat, natiqlik istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb, Çempionatın təşkilinə və maraqlı final debatına görə, layihə iştirakçılarına təşəkkür edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatları “Qarabağ Azərbaycandır!” şüarı ilə bütün tədbir iştirakçılarını təbrik edib, pandemiya dövrünün çağırışlarına uyğun olaraq, gənclərin iştirakı ilə keçirilən tədbirlərin önəmini, gənclərin inkişafının təmin olunmasının vacibliyini, təşkilatın fəaliyyətini və debatın gənclərin həyatında oynadığı rolun əhəmiyyətini qeyd ediblər.
Həmçinin, tədbirdə ADU-nun rektorunun ictimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, YAP İcra Katibliyinin Gənclərlə İş qrupunun rəhbəri Elmar Məmmədov çıxış ediblər. Qonaqlar “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin uğurlu fəaliyyəti, birgə əməkdaşlıq vasitəsilə həyata keçirilən layihələrin gənclərin inkişafındakı önəmini qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.
Çempionatın qalibi Bakı Avropa Liseyinin şagirdləri Səmrə Həsənovanın, Zəhraxanım Şeydayevanın və Bakı Dövlət Universitetinin tələbəsi Ümid Mahmudovun təmsil etdikləri “DeBal” komandası olub. Çempionatın ən yaxşı natiqləri kimi, 1-ci yeri Ümid Mahmudov, 2-ci yeri Lamiə Əhmədzadə, 3-cü yeri isə, Zeyd Əziz tutublar. Ümumilikdə isə, 18 gənc ən yaxşı natiq nominasiyası əldə edib.
Fərqlənən layihə iştirakçılarına daha sonra kubok, medal, sertifikat və hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, “Birinci Respublika Virtual Debat Çempionatı" 3 ay ərzində 11 şəhər, 42 rayondan olan 500-dən çox gənci əhatə edib və tədbir çərçivəsində 100-dən çox debat oyunu keçirilib. Bu müddətdə gənclər debat, natiqlik və mövzu araşdırılması təlimlərində iştirak edib, yekunda isə, Çempionatda müxtəlif regionları, təhsil müəssisələrini təmsil edən komandalar şəklində debatlar aparıblar. Layihənin məqsədi, debat vasitəsilə “COVID-19” pandemiyası dövrü barədə gənclərin biliklərinin, araşdırma qabiliyyətlərinin artmasına şərait yaratmaq, natiqlik bacarıqlarını inkişaf etdirmək və onlarda birlik, komanda ruhu formalaşdırmaq olub.
Layihənin tərəfdaşları isə, Milli Debat Proqramı və gənclər üçün müxtəlif faydalı imkanlar, xidmətlər, tədbir və layihələr barədə məlumatları özündə birləşdirən “GencApp” mobil tətbiqidir.
 
 
 
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər