Kəlbəcərli jurnalistin 27 il qoruduğu ŞƏKİL – VİDEO

modern.az Aqil Camal 415

“Kəlbəcərdən çıxanda mənim 17 yaşım var idi. 1993-cü ilin oktyabrında evimizin şəklini qələmlə çəkib, bu gün üçün saxladım”.

Bu sözləri Modern.az-a “Türküstan” qəzetinin və Türküstan.info saytının baş redaktoru Aqil Camal deyib. O, Kəlbəcərdə yerləşən evlərinin ermənilər tərəfindən tamamilə dağıdıldığını bildirib:

“1993-cü ildə şəkli çəkdim ki, evimizi unutmayaq. Ailəmizin, özümün baxmağım və Kəlbəcərdəki evimizdən danışanda hamıya göstərə bilməyim üçün çəkmişdim. Ara-sıra atam-anam da deyirdi ki, gətir şəklə baxaq. Beləcə üzərindən 27 il keçdi və torpaqlarımız azad olundu. İllər sonra şəkilin bu qədər aktuallaşmağına inanmazdım.

Hamı kimi mən də inanmışam torpaqlarımızın qayıdacağına, amma cəmi 44 günə qalib gəlməyimiz mənə çox böyük süpriz oldu. Ona görə, dostlarla danışanda həmişə peygəmbərlərin möcüzələrindən danışırdım, mənim üçün də Kəlbəcərin alınması möcüzə oldu. Çünki Kəlbəcər rayonu dağlardan ibarət olduğu üçün onu geri almaq çətin idi.

Bu gün evimizin yerləşdiyi ərazidə çəkilmiş videonu mənə göndərdilər. Videoda göründüyü kimi evimiz tamam dağılmış, viran olunmuş vəziyyətdədi”.

Aqil Camal Kəlbəcərə qayıdanda görəcəyi işlərdən də danışıb:
“Reallıq tərəfdən danışsaq, mütləq biz qayıdacağıq. Qayıdan adamların işi Kəlbəcərdən kənar olduğu üçün gəlib, getmək olacaq. Əgər Kəlbəcərə qayıdış başlasa, mənim valdeyinlərim evimizin dağılmasına baxmayaraq, orada yaşamağa başlayacaqlar.

Artıq mənim qarşımda arzu, niyyət yox, məqsəd var ki, qayıdanda evimizin həmin o daşları yerində saxlamaq şərti ilə yenidən bərpasına başlayım. Əvvəlki vəziyyətinə salmaq indiki dövrdə çətin olsa da, həmin daşların xatirəsi üzərində yenidən evi inşa edəcəm. Evlərini yenidən tikən insanlara da tövsiyə edirəm ki, daşlardan az olsa da, xatirə saxlasınlar”.

 

Əlaqəli xəbərlər