Hamını qorudu, amma özünü qoruya bilmədi

modern.az vahidtag12 821

 

Bu yazını heç yazmaq istəməzdim. Amma, həyatın amansızlığı məni məcbur etdi ki, Vahid Tağıyev haqda yazım. Noyabrın 26-sı axşam saatlarında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin Covid-19-dan vəfat etməsi xəbərini eşidəndə çox kədərləndim, sarsıldım. Qəfil xəbər nəinki məni, Vahid müəllimin Xaçmazda yaşayan dostları -onunla ailəvi dost olan Ülkər xanımı, Səyyaf həkimi, Budaq müəllimi və adını bilmədiyim  çox dostlarını yerindən oynatdı,sarsıtdı. Səhəri gün- yəni dünən Budaq müəllim zəng edib deyəndə ki, Vahid müəllim sağdır, xəstəxanadadır,çox sevindim. Dərhal Ülkərə xəbər verdim. O qədər sevindik ki... Xəbəri telefon əlaqəsi saxladığım Ağsu İH başçısının müavini Sevilə Mirzəliyeva da təsdiqlədi, bildirdi ki,Vahid müəllim Bakıda xəstəxanadadır, vəziyyəti ağırdır. Bu xəbərə axşamadək sevindik. Bütün dostları. Amma, saat 22.06-da Sevilə xanım  Vahid müəllimin bir saat əvvəl vəfat etməsi xəbərini verəndə yenidən sarsıldım. Dostlara bu dəfə bəd xəbər verməli oldum. Sevilə Mirzəliyevanın qeyd etdiyi kimi, həyat doğrudan da  amansız imiş. Çox amansız. Vahid müəllimin vəfat etmə xəbəri bu dəfə düz çıxdı. Kaş çıxmayaydı...

Vahid müəllimi  təxminən 2004-cü ildən tanıyıram.O, uzun illər keçmiş MTN-nin- indiki DTX-nin Xaçmaz rayon şöbəsinin rəisi işləyib. O vaxtdan tanıyırdım Vahid Tağıyevi. Gözəl insan, professional əməliyyatçı, əsl çekist idi. Xidməti fəaliyyəti barədə heç vaxt açıqlama verməzdi Vahid müəllim, söhbət zamanı bölgədə dövlətçiliyin qorunması ilə bağlı elə ürəkdən danışardı ki...

DTX sistemindən ayrılandan sonra Vahid müəllimlə çox əlaqə saxlamışam. 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ağsuya İh başçısı təyin ediləndə dərhal təbrik etmişdim Vahid müəllimi. Sadəcə, onda bir söz dedi ki, sadiq dost başqadı da... Vahid müəllimi Ağsuda işləyərkən çox məşğul olduğundan  narahat etməmək üçün çox zəngləşməmişəm. Novruz bayramında və DTX-nin yaranma günündə -28 martda təbrik etmişdim yalnız. Yalan nə deyim, ondan sonra koronavirus başımızı elə qatdı ki, çox əlaqə saxlaya bilməmişəm. Amma, Ağsu rayonu ilə bağlı bütün məlumatları mətbuatdan izləyirdim.

Bu gün Ağsudan seçilən millət vəkili Tahir Kərimlinin sosial şəbəkədə Vahid Tağıyev haqda paylaşdığı status məni bir daha kövrəltdi. Kərimli statusunda qeyd eləyib ki, Vahid müəllim həmişə öyünürdü ki, Ağsuda koronavirus az yayılıb, buna qarşı sərt tədbir görürüdü. Hamını qoruyurdu, lakin, özünü qoruya bilmədi. Başımız sağ olsun, Tahir müəllim. Düz deyirsiniz, Vahid müəllim özünü qoruya bilmədi. Çox heyf !!! Təəssüf ki, virusa qarşı çox ciddi  mübarizə aparan Vahid müəllim haqda koronavirusun özü sərt tədbir gördü. Həyatı bahasına başa gələn sərt tədbir!!!

Ruhun şad olsun, Vahid müəllim. Yerin  hələ çox görünəcək. Allah səni sevənlərə, ailənə, dostlarına, doğulduğun Göyçayın Alpoud kənd camaatına, bir sözlə, məkanından asılı olmayaraq vaxtsız ölümündən kədərlənən hər kəsə səbr versin.

Aytəkin Alxaslı, jurnalist 

Əlaqəli xəbərlər