Ya rəhbərlik dəyişəcək, ya da idarəetmə Müşahidə Şurasına keçəcək – Rövnəq Abdullayev erası bitir

rovneq abdullayevAzərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib və İqtisadiyyat Naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub. Rəhbərlik etdiyi bütün sahələrdə müsbət nəticələr verən yeniliklər etdiyi nəzərə alınsa, o zaman Mikayıl Cabbarovdan bu sahədə də böyük gözləntilər var.

SOCAR-da nələr dəyişəcək?

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, son zamanlar dövlət şirkətlərinin qeyri-effektiv çalışması ilə bağlı rəsmi səviyyədə açıqlamalar olub:

“Son zamanlar dövlət şirkətlərinin, o cümlədən SOCAR-ın qeyri-effektiv çalışması, problemlərin olması, xərclərin şişirdilməsi ilə bağlı rəsmi səviyyədə açıqlamalar olmuşdu. Hətta Prezident səviyyəsində də dövlət şirkətlərinin işi ilə bağlı ciddi iradlar bildirilmişdir. Habulki, illərdir müstəqil ekspertlər bununla bağlı danışıblar. Amma, həmin zamanlar bu məsələ çox da müzakirə olunmurdu.

Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradıldı və SOCAR-ın idarəedilməsi bu holdinqin tərkibinə daxil edildi.

Növbəti addım kimi də Müşahidə Şurası yaradılır. Müşahidə Şurası SOCAR-ın fəaliyyəti ilə bağlı məsələlərin həll olunmasında iştirak edəcək və nəzarət mexanizmini həyata keçirəcək”.

Maraqlıdır, bəs, SOCAR-ın rəhbərliyinin işi nədən ibarət olacaq?

Ya rəhbərlik dəyişəcək, ya da idarəetmə Müşahidə Şurasına keçəcək

Həmsöhbətimiz deyir ki, əsas məqsəd SOCAR-ın qeyri-effektiv xərcləmələrinin qarşısının alınması, rentabelli çalışmasına şəraitin yaradılmasıdır.

“Çünki SOCAR çox qəribə bir şirkətdir. Həm ən çox vergi ödəyən, həm də dövlət büdcəsindən ən çox dotasiya alan şirkətlərdən biridir.

Ümumiyyətlə, neft, qaz, enerjidən başqa bir çox sahələrdə də SOCAR-ın törəmə şirkətləri, xəstəxanadan tutmuş idman meydancalarına qurumları var. Yəqin ki, bunların da təmizlənməsi, aktivlərin normal idarə olunan hala gətirilməsi prosesi baş verəcək.

Qeyd etmək istəyirəm ki, bir məsələ açıq qalır. Əgər SOCAR İnvestisiya Holdinqin tərkibindədirsə və idarəetməni Müşahidə Şurası yerinə yetirəcəksə, o zaman SOCAR-ın birbaşa rəhbərliyi, yəni prezident və vitse-prezidentlərin işi nədən ibarət olacaqdır?”

N.Cəfərli bildirir ki, Mikayıl Cabbarov işlək sistemin qurulması üçün məsul şəxs təyin edilib:

“Mən düşünürəm ki, növbəti addım kimi SOCAR-ın çoxpilləli idarə etmə mexanizmi dəyişdiriləcək. Yəni ya SOCAR-ın rəhbərliyində dəyişiklik olacaq, ya da ümumiyyətlə idarə etmə funksiyaları Müşahidə Şurasına ötürülməsi prosesi baş verəcək.

Mikayıl Cabbarovun və ümumilikdə Müşahidə Şurasının rolu işlək bir sistemin qurulmasından və ona nəzarət etməkdən ibarətdir.

Növbəti addım kimi yaxın gələcəkdə həm Müşahidə Şurasının, həm də İnvestisiya Holdinqin yol xəritəsini görmək yaxşı olardı. Yəni gələcəkdə hansı addımların atılmasının gözlənilməsi ilə bağlı hələki ipucları yoxdur.

Yəqin ki, Mikayıl Cabbarovun rolu işlək bir sistemin qurulmasından ibarətdir. SOCAR-ın idarəetməsinin effektivliyi artırılandan sonra Müşahidə Şurası da öz missiyasını bitirmiş olacaq. Müşahidə Şurası ya SOCAR-ın birbaşa idarəetməsini həyata keçirməlidir, ya da keçid dövrü üçün nəzərdə tutulmuş orqana çevrilməlidir. Bu, gələcəkdə atılacaq addımlardan ibarətdir. Mikayıl Cabbarov bura işlək bir sistemin qurulması üçün məsul şəxs kimi təyin edilib”.    /modern.az/ 

Əlaqəli xəbərlər