Bloqçuya və ictimai fəala həbs cəzaları verilib

Hebs 2

Şəki Apellyasiya Məhkəməsi bloqçu Elçin Həsənzadəni və ictimai fəal İbrahim Salamovu 8 ay müddətinə azadlıqdan məhrum edib. Azadliq.org-un məlumatına görə, hökm martın 2-də çıxarılıb, Elçin Həsənzadə və İbrahim Salamov məhkəmə zalında həbs olunublar.

Hər iki şəxsi Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev məhkəməyə verib. Şəhriyar Mustafayev Mingəçevir Şəhər Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətində bloqçunun və ictimai fəalın “Facebook”da onu böhtana və təhqirə məruz qoyduğunu iddia edib. Rəis hər iki şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məhkum edilməsini istəyib.

147-ci maddəyə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma maksimum 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

148-ci maddəyə əsasən, təhqirə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa maksimum 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

İdarə rəisinin iddiasına 2020-ci ilin noyabrında Mingəçevir Şəhər Məhkəməsində baxılıb və Elçin Həsənzadə ilə İbrahim Salamovun hər biri 1 il islah işlərinə məhkum edilib. Şəhriyar Mustafayev hökmdən narazı qalıb və onların cəzasının ağırlaşdırılması üçün apellyasiya şikayəti verib.

Əlaqəli xəbərlər