Onun da gedəcəyi deyilir... - İDDİA

1614750551 0001

“Pensiya yaşı əsasən şəxsin istirahət etməsi və əmək qabiliyyətinin effektiv olmamasından irəli gələn məsələdir . Artıq 68 yaşda insanın fiziki imkanları məhdudlaşmaq üzrədir. Həmin şəxsin daha çox istirahətə ehtiyacı var. Yəni əmək qabiliyyəti aşağı düşür. Bu qanunvericilikdən baxdığımız zaman çox güman ki, yaxın müddətdə Ali Məhkəməyə yeni sədr təyinatı gündəmə gələcək”

Ali Məhkəmənin sədri Ramiz Rzayevin iki gün əvvəl 68 yaşı tamam olub. Məhkəmə və hakimlər haqqında qanunun 96-cı maddəsinin 2-ci bəndinə əsasən, hakimlərin son yaş həddi 68-dir. Bəs, Ramiz Rzayev nə üçün qanunun tələbinə əməl etmir?

Hüquqşünas Bəhruz Bayramov “Hürriyyət”ə açıqlamasında 68 yaşın son yaş həddi olduğunu təsdiqləsə də, bildirdi ki, Ramiz Rzayev 69 yaşa keçid etdiyi zaman vəzifədən getməli olacaq: “Qanunda son yaş həddi 68 nəzərdə tutulub. Bu baxımdan onun vəzifədə qalması qanuni tələblərə uyğundur. Qanuna uyğun olaraq Ali Məhkəmənin sədri təyin edilir. 68 yaş son yaş həddidir. 69 yaşa keçdikdə artıq vəzifədə qala bilməz”.

Hüquqşünas Roman Qaraşov bildirdi ki, həmin vəzifəyə yeni təyinat olana qədər həmin şəxs vəzifəsini davam etdirə bilər: “Qanuna əsasən, həmin vəzifəyə yeni şəxs təyin edilənədək vəzifəsini davam etdirə bilər. Bu baxımdan, vəzifəsində qalır. Hətta bu yaxında Konistitusiya Məhkəməsində belə bir hal olub. Hakimlərdən biri pensiya yaşını da keçmişdi. Lakin yerinə təyinat olana qədər vəzifəsini davam etdirib. Daha sonra Milli Məclis tərəfindən yeni namizədlər təsdiqlənəndən sonra vəzifəsindən kənarlaşdırıldı. Əgər vəzifədə son yaş həddi 68-dirsə, o demək deyilki həmin yaşda da vəzifəsindən getməlidir. Mütləq həmin yerə təyinat olmalıdır. Daha sonra yaş həddi çatan şəxs vəzifəsindən gedə bilər”.

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, Ali Məhkəmənin sədri qanunla müəyyən olunan yaş həddinə gəldiyi üçün qısa müddətdə əlində olan işləri yekunlaşdıraraq vəzifədən getməlidir: “Ümumiyyətlə, dövlət sistemində işləyən hər kəsin müəyyən yaş limiti var. Buna pensiya yaşı deyilir. Pensiya yaşı əsasən şəxsin istirahət etməsi və əmək qabiliyyətinin effektiv olmamasından irəli gələn məsələdir . Artıq 68 yaşda insanın fiziki imkanları məhdudlaşmaq üzrədir. Həmin şəxsin daha çox istirahətə ehtiyacı var. Yəni əmək qabiliyyəti aşağı düşür. Bu qanunvericilikdən baxdığımız zaman çox güman ki, yaxın müddətdə Ali Məhkəməyə yeni sədr təyinatı gündəmə gələcək. Çünki, yaş məhdudiyyəti dövlət qulluğu və digər dövlət strukturlarında mövcuddur. Bu sistemli şəkildə nəzərdə tutulan bir prosesdir. Ali Məhkəmənin sədri də qanunla müəyyən olunan yaş həddinə gəldiyi üçün qısa müddətdə əlində olan işləri yekunlaşdıraraq vəzifədən getməlidir. Yerinə yeni təyinat olmalıdır”.

Qanuna görə, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. Hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barədə həvəsləndirmə tədbirləri görülür.

Görünür, qanunun 96-cı maddəsindəki hakimlərin səlahiyyət müddəti ilə bağlı bənd həqiqətən də pozulur. Həmin bənddə göstərilir ki, hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək – 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. Əgər, akimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.

Qeyd edək ki, sosial mediada Ali Məhkəmənin sədri Ramiz Rzayevin yola salınmasıyla bağlı məlumatlar da paylaşılıb. Belə iddianı tanınmış vəkil Cavad Cavadov irəli sürüb. Vəkilin sözlərinə görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində hökümətin nümayəndəsi Çingiz Əsgərovun Ali Məhkəmənin sədri təyin edilməsi ehtimalı yüksəkdir. Onun bu posta gətiilməsinin səbəblərindən biri də Avropa Məhkəməsinə göndərilən işlərin qarşsının alınmasına hesablana bilər.

Əlaqəli xəbərlər