"Qurultay sosial məsafə saxlanmaqla, maska taxmaqla keçirildi" - YAP-çı deputatdan ittihamlara cavab

thumb600x0so

Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirilib. Partiya qərargahında keçirilən qurultayda 200 nəfərə yaxın üzvün iştirak etdiyi bildirilir.

Bu da sosial şəbəkələrdə və bəzi müxalifət partiyalarında müəyyən iradlara səbəb olub. Narazılığın səbəbi kimi tədbirin ölkədə xüsusi karantin rejimi şəraitində keçirilməsi göztərilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkədə koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin rejiminin qaydalarına görə, havada idman oyunlarının keçirilməsi istisna olmaqla, bütün kütləvi tədbirlər qadağandır.

Yeni Azərbaycan Partiyasının Nəzarət Təftiş Komissiyasının üzvü, deputat Elman Nəsirov “Turan” İnformasiya Agentliyinə mövzu ilə bağlı bunları deyib:

«Görünür ki, sosial şəbəkə istifadəçilərinin böyük bir qisminin ölkədəki siyasi partiyalara yaradılmış şərait haqqında ya məlumatları yoxdur, ya da qərəzli məlumata malikdilər. Əks halda belə suallar yaranmazdı».

Partiya funksionerinin sözlərinə görə, Azərbaycanda hazırda 52 partiya fəaliyyət göstərir və onlardan 10-dan artığı bir neçə ay əvvəl qurultaylarını keçirib:

«Pandemiya dövrünə uyğun olaraq qurultaylar onlayn şəkildə keçirilib. Yeni Azərbaycan Partiyası da pandemiya dövrünün reallığını nəzərə alır və bu səbəbdən də qurultay sosial məsafə qorunub saxlamaqla, Mərkəzi Aparatda keçirildi. Tədbirə qatılan 196 nəfərin hamısı maskadan istifadə edirdi. Ona görə hesab edirəm ki, ittiham əsassızdır».

E.Nəsirov qeyd edib ki, Azərbaycanda digər məsələlərində də siyasi partiyalar üçün eyni şərait yaradılıb:

«2019-cu ilin sonunda Prezident Administrasiyasında aparılan islahatlar nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı, bu şöbəyə Ədalət Vəliyev rəhbərlik edir. Artıq 2020-ci ilin yanvar ayından başlayaraq 2 ay ərzində Azərbaycanda demək olar ki, bütün partiyaların siyasi rəhbərliyi ilə görüşlər keçirilib və həmin görüşlərdə zaman məhdudiyyəti olmayıb. Bəzən bir partiyanın rəhbəri ilə görüş 5-6 saat çəkib.”

Onun deməsinə görə, yeganə partiya - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) özü-özünü təcrid vəziyyətinə salıb və bu görüşlərdən imtina edib, saxta iddialarla çıxış edib. E.Nəsirov vurğulayıb ki, həmin görüşlərdə partiyalar onları narahat edən məsələləri gündəmə gətiriblər:

«Bu məsələlərdən biri ofis məsələsi idi. Aparılan danışıqlar və yeni siyasi dialoqun nəticəsində bu problem də həllini tapmağa başlayıb. Lider TV-nin binasında bir neçə partiya ofislə təmin edilib. Digər partiyaların ofislə təmin edilməsi ilə bağlı yerlər araşdırılır və onların hər biri ofislə təmin ediləcək».

O, əlavə edib ki, YAP-ın qurultayında siyasi partiyalar məsələsinə də toxunulub:

«Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin çıxışında ölkədə məhz yeni siyasi mədəniyyətin, siyasi dialoq mühitin formalaşması, partiyalararası dialoqun aparılması kimi məsələlər diqqət mərkəzində saxlanıldı».

Əlaqəli xəbərlər