“Həmsədr ölkələrin nümayəndələrinin Şuşaya təşkil olunmuş səfərdə iştirak etməməsi acı təəssüf doğurur” - RƏY

atet

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiyanın ölkəmizdə fəaliyyət göstərən səfirlərinin Şuşaya təşkil olunmuş səfərdə iştirak etməməsi acı təəssüf doğurur. Bu, uzun illər boyu Minsk Qrupu həmsədrləri olaraq Qarabağ münaqişəsi ilə bağlı siyasətlərinin mahiyyətinin əsl göstəricisidir".

Bunu Pravda.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, həmsədr ölkələrin səfirlik rəhbərlərinin Şuşaya səfərdən imtina etməsinə səbəb, onların illər boyu himayə etdikləri erməni vəhşilərinin Qarabağda törətdikləri vəhşilikləri görmək istəməmələridir: "Erməni işğalından sonra Azərbaycan dövlətinin həyata keçirdiyi yenidənqurma işlərini görmək də onlar üçün ağırdır. Düşünürəm ki, onlar televiziya kanalları vasitəsilə  və digər üsullarla erməni vəhşilikləri barədə kifayət qədər məlumat toplaya biliblər. İkili standartlardan çıxış edərək beynəlxalq hüququları tapdayaraq uzun illər ərzində münaqişənin nizamlanma prosesində daha çox turistik səfərlərlə yadda qalıblar. ATƏT-in Minsk Qrupu ancaq Qarabağda separatçılarla birlikdə əylənmək, əvvəlki status-kvonun saxlanmasına nail olmaq, o cümlədən Azərbaycan xalqının Qarabağa qayıdışını ləngitmək üçün var idi. Ona görə həmsədr ölkələrin yeni reallıqlarla barışması müşkül görünür. Əlbəttə ki, erməni məsələsində Minsk Qrupu ortaya yekdil qərar qoya bilərdilər. Bunun əksinə davranmaları onların hər birinin regionda münaqişə ocağının saxlanmasında maraqlı olduqlarını göstərdi. Çünki, bu, onların geosiyasi maraqlarına xidmət edir. Xəstə erməni təxəyyülündən istifadə edərək özlərinin geosiyasi patentlərini əldə etmək istəyirlər. Fikrimcə, məsələnin mahiyyəti budur”.

N. Məhəməliyev qeyd edib ki, geosiyasi baxımdan bölgədə sülhün olması, formalaşması Minsk Qrupu həmsədrlərinə sərf etmir: “Biz onların anti-türk xislətini müşahidə etməkdəyik. Çox təəssüflər olsun ki, bu siyasətin aparılmasında xəstə illuziyalarla yetişmiş erməni xalqından istifadə edirlər. Cəmiyyət lazımi reaksiyanı göstərir, kimin kim olduğunu xalq yaxşı bilir. Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar yaradıb. Xalqımız öz hüquqlarını istənilən səviyyədə müdafiə etmək iqtidarındadır”.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər