Qızıl yataqlarımızı qanunsuz istismar edən şirkətlərin məhkəməsi olacaq

1629201934 5efb6e9e6efc4738835165

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı etdiyi çıxışda bir məqam xüsusən diqqəti cəlb edib.

araz.az reyting.az-a istinadən xəbər verir ki , prezident Əliyev deyib ki, tanınmış beynəlxalq hüquq şirkətləri ölkəyə dəvət olunub və məhkəmə işləri hazırlanır.

Prezident qeyd edib ki, Kəlbəcərdə - Söyüdlüdə, Zəngilanda - Vejnəlidə, başqa yerlərdə Azərbaycana məxsus qızıl yataqları xarici şirkətlər tərəfindən istismar edilib: “O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər”.

Fakta münasibət bildirən Aydınlar Partiyasının sədri, ixtisasca hüquqşünas Qulamhüseyn Əlibəyli Reyting.az-a açıqlamasında deyib ki, bu istiqamətdə Azərbaycan hökuməti real iş görür: “Beynəlxalq hüquq şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb və razılaşmalar əldə edilib. Beynəlxalq məhkəmələrə və mülki beynəlxalq məhkəmələrə müraciətlər hazırlanıb. Hesab edirəm ki, cinayət hüquqi və digər siyasi məsələlərdən fərqli olaraq mülki məsələlər - işğal olunan ərazilərdən istifadə məsələsi hüquqda ziddiyyət törətmir. Bütün ölkələr qəbul edir ki, işğal olunan ərazilərdə iş görmək, başqa şirkətləri ora dəvət etmək, oranı istismar etmək qanunsuzdur. Mənim fikrimcə, bu, çox gözəl məhkəmə perspektivi olan işdir. Aydındır ki, beynəlxalq məhkəmələrdə hüquqi prosedurlar bir qədər uzun çəkir. Amma müəyyən dövrdən sonra biz real məhkəmə qərarı ilə üzləşə bilərik”.

Q. Əlibəyli əlavə edib ki, məhz bu işdə Azərbaycan udacaq: “Azərbaycan torpaqlarını Azərbaycan dövlətinin icazəsi olmadan istismar etmək beynəlxalq hüquqla qadağandır. Ancaq ortada hansısa şikətlərin Ermənistanla razılaşması, müqaviləsi olub. Həmin şirkətlər ərazimizdəki qızıl yataqlarını istismar ediblər. Bunlar faktdır və Azərbaycan bu məhkəmə prosesində qalib gələcək”.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər