"Prezidentin icra başçılarına xəbərdarlığını müsbət hal kimi dəyərləndirirəm" — Tural Abbaslı

bandicam 2021 09 15 17 31 19 336“Düşünmürəm ki, rüşvətə alan məmurlar dövlət başçısının xəbərdarlığından sonra özlərinə yığışdırsınlar, korrupsiyadan əl çəksinlər. Bu şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə hallarından əl çəkəcəklərini gözləmirəm. Bunun üçün icra başçıları ilə bağlı daha sərt addımlar atılmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı bildirib.

O, icra başçılarının fəaliyyətində dəyişiklik etmək lazım olduğunu qeyd edib:

“İcra başçılarının fəaliyyətindəki şəffaflığı məmurların vicdanına buraxmaq lazım deyil və bu halda nəticənin olması inandırıcı görünmür. Məsələn, bir müddət əvvəl dövlət başçısı İsmayıllının icra başçısını təyin etdi və təxminən iki ay sonra həmin icra başçısına şiddətli töhmət verildi. Yəni, məmurlar Prezidentin xəbərdarlığından sonra lazımi səviyyədə işləməyə başlasaydılar, biz bu kimi halların şahidi olmazdıq. Görünən odur ki, bu xəbərdarlıqlar lazımi effekti vermir. Prezidentin icra başçılarına xəbərdarlığını müsbət hal kimi dəyərləndirirəm. Birinci şəxsdən belə xəbərdarlığın olması ciddi məsələdir, lakin bunun məmurların fəaliyyətinə böyük təsir edəcəyinə inanmıram. 
Məsələdə başqa nüanslar da var. Həbsdə olan icra başçılarından biri sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq şərti azadlığa buraxılıb. Həmçinin, digər həbsdə olan keçmiş icra başçılarının sağlamlığında problemlərin olması ilə bağlı məlumatlar yayılır. Bu da onu göstərir ki, indiyədək vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün həbs edilən icra nümayəndələrinin də cəzasının yüngülləşdirilməsi baş tutur. Bu, vəzifədə olan və yeni təyin olunan icra başçılarının işinə təsir göstərir. Kim olsa fikirləşər ki, həbs edilsəm belə azadlığa çıxmaq imkanım olacaq və oğurladıqlarım da mənə qalacaq. Bu baxımdan, sadəcə xəbərdarlıqla bu sahədəki problemlərin həll olunacağını düşünmürəm. Bu istiqamətdə yeni mexanizmlər düşünülməlidir. Ağ Partiya olaraq bizim təklif etdiyimiz mexanizm budur ki, təyin olunan icra başçılarına müxalifətdən müavinlər təyin olunsun və ya əksinə, icra başçısı müxalifətdən olsa, müavinləri iqtidardan seçilsin. Bununla da, icra başçılarının fəaliyyətinə ciddi nəzarət təşkil edilmiş olacaq”.

Aygül QARAYEVA,
Demokrat.az

Əlaqəli xəbərlər