Ramin Bayramlının atası kimdir? – ÖZƏL

hokm c39e576f93d2f59c5fcd2d3accc3333c 6w54n3tcqa91li0ueyfv 620x460

Göyçədən Bakıya uzanan yolun izi ilə – Araşdırma yazısı

Xəbər verdiyimiz kimi, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev onun işdən azad edilməsi ilə bağlı ərizəsini təsdiq edib. Yeni rəhbər təyin edilənə qədər TƏBİB sədrinin səlahiyyətləri müvəqqəti olaraq sədrin müavini Vüqar Qurbanova həvalə edilib.

Mətbuata açıqlama verən Ramin Bayramlının atası Baba Bayramov bildirib ki, oğlundan istefasının səbəbini soruşub: “Dedi, “Ay ata, vallah nə deyim. Gördüm həqiqətən ətrafda narazılıqlar çoxdur. Buna görə istefa verdim ki, yuxarıdan bunu görsünlər. Mən bu vəzifəyə layiqəm, ya yox. Sonra ləkənənməmiş bu istefanı qərarlaşdırdım. Qoy ləkəsiz işdən çıxım”.

B.Bayramov daha sonra ailəsinin həyat tərzindən danışıb: “Mən bir ata olaraq hər zaman öz zəhmətimlə yaşamışam. Atam da müəllim olub. Uşaqlıqdan arı təsərrüfatı ilə məşğul olmuşam. Ailəmi də zəhmətə alışdırmışam. Halal zəhmətimlə təhsil almışam. Bu oğlum Raminə də aiddir. Oğlum Tibb Universitetinin yataqxanasında qala-qala müəllim təyin olundu. Elə yataqxanada da tələbələrinə dərs deyirdi. Ata kimi onun şəraitindən hər zaman narahat olurdum. Qərbi Azərbaycanın Göyçə mahalında, keçmiş Çəmbərək rayonunun Toxluca kəndindən Şəmkirə məcburən qaçqın kimi gəlib, yaşamışdıq. Oğluma görə Şəmkirdən Bakıya köçdüm. Burda bir il kirayədə qaldıq. Sonra zəhmətimizlə bir ev aldıq. Ramin mənimlə bir həyətdə yaşayır. Qərara gəldik ki, daha vaxtdır və onu öz evinə köçürək” – bununla da atası R.Bayramlının son dövrlər yayılan villa məsələsinə də aydınlıq gətirib.

İctimaiyyət keçmiş TƏBİB sədrinin atasının müsahibəsi ilə tanış olsa da, onun kimliyi barədə məlumatsızdır. Hokm.az bununla bağlı araşdırma aparıb.

Beləliklə,

Baba Bayramov 1951-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında, Krasnaselo rayonunun Toxluca kəndində anadan olub. 1967-ci ildə kənd orta məktəbini bitirib. Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində daxil olmaq istəsə də, bu istəyini reallaşdıra bilməyib. Sumqayıt 5 saylı Texniki peşə məktəbinə daxil olub, ardınca Kimya Kombinatının 82 saylı sexində operator kimi əmək fəaliyyətinə başlayıb.

1970-ci ildə Naxcıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olur. 1971-1973-cü illərdə sovet ordusu sıralarında hərbi xidmət keçir. 1973-cü ildə doğma kəndi Toxlucada kənd orta məktəbində pioner baş dəstə rəhbəri olaraq fəaliyyətə başlayır. 1977-ci ildə Naxçıvan Dövlət Universitetini bitirir və Azərbaycan dili və ədəbiyyat müəllimi kimi doğma kəndində işləyir. 1988-ci ilin 26 noyabrında məcburən ata-baba yurdunu tərk etməli olur. Göyçə mahalının ən böyük yaşayış yeri olan Toxluca kəndinin erməni siyasəti ilə köç etməsini qələmə alır.

O, “Göycə” şerində yazır:

Sənin həsrətinlə, sənin niskilin,

Yandırır qəlbimi, yandırır, Göyçə.

Ulu nəslimizin məskəni idin,

Kimlərə qalmısan, kimlərə, Göyçə.

Sınaqlı seyidin məzarı hanı,

Belə dağ olarmı, belə dağ tanrı.

Qalx mənim millətim, özünü tanı,

Sızlayır qəlbimin hər teli Göyçə.

Sənin hər daşını, qayanı gəzdim,

Qonaqlı elini, obanı gəzdim.

Yuxuydu deyəmməm, haranı gəzdim,

Oğuzlar yurdunun vüqarı Göyçə.

Məcburən köç edən ailə Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşır. İlk əvvəl Gəncə şəhərində qohum evində qalan ailə sonradan Çənlibel kəndində yaşamalı olur. 1988-ci ilin dekabr ayından Şəmkir rayonu Çənlibel kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətini davam etdirir. Rayon Təhsil şöbəsi tərəfindən metodist kimi məktəblərə göndərilir, təhsil idarəçiliyi sahəsinə irəli çəkilir. Hazırda paytaxtın Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbin müəllimi, eyn i zamanda tədris işləri üzrə direktor müavinidir.

Dörd övlad atası olan Baba Bayramovun iki oğlu, iki qızı var. Bir oğlunu geniş ictimaiyyət yaxşı tanıyır: bu günlərdə TƏBİB sədri vəzifəsindən istefa verən Ramin Bayramlı. Digər oğlu isə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib və həmin universitetdə dərs deyir.

Mikayıl MİRZƏZADƏ

Hokm.az

Əlaqəli xəbərlər