Parçalanan slavyan birliyi: Dünya Ukraynadan daha əzəmətli görünür - REPORTAJ

hokm 67fbcd576eca3408d0ff73c117004ada wu8akmfns510yjelcp2v 620x460

“Hələ də elə hesab edirsiniz ki, ruslarla ukraynalılar bir millət, iki dövlətdir. Sizə hələ də elə gəlir ki, slavyanlar hamısı eyni cür düşünür?! Biz ayrı dövlətlərik, düşüncəmiz də ayrıdır, qəlbimizdə!…” (Kiyev səfərimin ilk günündə əyləşdiyim taksinin sürücüsü ilə kiçik dialoqumdan).

Yox, əslində biz də bilirik ki, ukraynalılarla ruslar hər ikisi slavyan xalqları olsalar da, aralarında kifayət qədər problemlər var. Düzdür, dünyanın ərazicə ən böyük ölkəsi olan Rusiyanı zəiflətmək üçün postsovet ittifaqının ikinci ən böyük dövləti Ukraynadan istifadə edildiyini düşünənlər də var. Onu da düşünənlər olmamış deyil ki, slavyan mənşəsindən olsalar da, nəhayət xaxollar üzünü Avropaya çevirməkdə israrlıdırlar. İkincilərin qənaətinə görə, digər ittifaq ölkələri kimi, Ukrayna da daim Rusiyanın təzyiqlərindən əziyyət çəkib və 46 milyonluq xalqın nicatı Qərbə inteqrasiyadan keçir. Kiyevdə olduğumuz müddətdə bir daha əmin olduq ki, sonuncuların arqumenti daha güclüdür və bu gün sadə ukraynalının ən böyük arzusu Rusiyanın təsir zolağından çıxmaq və Avropaya uzanan yolda yürüməkdir.

Kiyev səfərimiz Kliçko təşkilatının (Klitschko Foundation) dəstəyi ilə baş tutdu. Səfərdə məqsəd adıçəkilən təşkilatın təlimində iştirak etmək idi. Etdik… Və sonda insan hüquqları təlimini bitirdiyimə görə, sertifikat da aldım. Bu barədə bir qədər sonra…

Maydan paytaxt Kiyevin ən məşhur meydanı hesab olunur. Xüsusən 2004-cü ilin noyabr-dekabr aylarında prezidentliyə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı keçirdikləri etiraz aksiyaları ilə bu meydan populyarlıq qazandı. Halbuki, ona qədər Ukraynada iqtidarda Leonid Kuçma idi və ölkə birmənalı olaraq rusmeylli siyasət yürüdürdü. Baltikyanı dövlətlərdən (Litva, Latviya, Estoniya) və Gürcüstanda baş verən inqilabdan sonra keçmiş SSRİ-nin ikinci ən böyük dövləti Ukrayna tarixdə ilk dəfə olaraq yolunu Moskvadan ayırdı. Düzdür, cəmi beş il sonra ruslar Yanukoviçin timsalında yenidən iqtidara yiyələndilər, lakin bu uzun sürmədi. Maydan bu gün Ukraynada azadlıq rəmzi, Ukraynanın “Avropa qapısı” olaraq dəyərləndirilir. Və təsadüfi deyil ki, Kiyev səfərimiz zamanı protokola uyğun olaraq ilk üz tutduğumuz məkanda Maydan meydanı oldu.

“Meduza” Muzeyi, Alexander Yanovskinin başçılıq etdiyi peşəkar akvariumlar qrupu tərəfindən uzun illər bəslənilən tamamilə yeni və cəsarətli bir layihədir. Ən təcrübəli səyahətçilər belə meduza kolleksiyasına heyran qalırlar. Çünki buradakı canlılar sirli və inanılmaz dərəcədə gözəldirlər. Planetdə insanlara məlum olan neçə meduzanın yaşadığını, hansı meduzaların ölümcül zəhərli olduğunu və ümumiyyətlə hansı meduzanın planetdəki yeganə ölümsüz varlıq olduğunu bu muzeyi ziyarət etməklə öyrənmək olar.

Kliçko muzeyi isə sosial missiya daşıyan unikal bir layihədir. Dünya peşəkar boksunun əfsanələri Vitali və Vladimir Kliçko ilə əlaqədar muzeyin açılması gənclərin sağlam həyat tərzi sürmək və milli ruhu gücləndirmək istəyini stimullaşdıran vasitələrdən biridir. Muzeyin təqdimatçıları belə deyirlər. Doğrudan da möhtəşəm yerdir. Ukrayna siyasətində hazırda məmur olaraq yer tutan qardaşlar Avropaya yönəlik siyasətin alovlu təbliğatçılarındandır.

“Şaxtyor Donetsk” klubunun üzvləri isə Donetskinin necə işğal olunmasından, bombalanmasından danışdılar. Ukraynanın Olimpiya stadionu, Aleksandr kilsəsi isə həm sadə, həm də əzəmətlidir. Bura nəinki kiyevlilərin, uzaq vilayətlərdən olan ukraynalıların da sevimli məkanıdır.

Kiyevə qısamüddətli səfərimiz maraqlı oldu. Yeni şeylər öyrəndik. Səfər paytaxtla yekunlaşmasaydı, Ukraynanın Mədəniyyət Mərkəzi Lvovu, hər il yarım milyon turistin üz tutduğu Xotynu, əsrarəngiz Məbəd kompleksini, təbiət fenomeni Rivneni və digər gəzməli-görməli yerləri də ziyarət edərdik. Bəlkə də, nə vaxtsa edəcəyik.

Ukraynadan qayıtdıq və gəldiyimiz yekun qənaət bu oldu ki, ukraynalılar ikinci baharını yaşayırlar. Uzun illərin imperialistinin, yəni, Rusiyanın iradəsindən tamamilə kənar həyatın dadını çıxarır kiyevlilər.

Mikayıl MİRZƏZADƏ (Bakı-Kiyev-Bakı)

Hokm.az

 

Əlaqəli xəbərlər