Azərbaycan və Ermənistan arasında "Qaragöl" mübahisəsi: Xəritələr və tərəflər nə deyir?

118791986befunkycollage5

Azərbaycan-Ermənistan sərhədində Qaragöl (Sevliç) ətrafında yaranan gərginlik beş aya yaxındır ki, davam edir.

Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan ordusu Ermənistan sərhədini keçərək Zəngəzur (Sünik) rayonundakı Qaragöl (Sevliç) ərazisi boyunca 3.5 kilometr irəliləyib.

Ermənistan indiyə kimi Qaragöl ərazisinin ona məxsus olduğunu bəyan edib, rəsmi Bakı ilə sülh danışıqlarına başlaması üçün irəli sürdüyü şərtlər arasında Azərbaycan hərbçilərinin bu əraziləri tərk etməsi tələbi də var.


Azərbaycan isə "heç kimin ərazisini pozmadığını" və "öz ərazilərində olduğunu" deyir.

Bəs, mübahisəli ərazi kimə məxsusdur və necə bölüşdürülməlidir?

Fərqli xəritələr

Ermənistan və Azərbaycanda səslənən iddialardan belə məlum olur ki, bu ərazinin kimə məxsus olması ilə bağlı istinad edilən xəritələr fərqlidir.

Lakin beş aya yaxındır davam edən gərginlik fonunda tərəflər hələ də sərhədləri cızmaq üçün istinad etdikləri xəritələri ictimaiyyətə açıqlamayıblar.

BBC News Azərbaycanca müxbirləri Azərbaycan və Ermənistan arxivlərində, bəzi elmi müəssisələrdə saxlanan xəritələri araşdırarkən SSRİ dövründə hazırlanmış və müxtəlif illərdə çap olunmuş, sərhədləri üst-üstə düşməyən xəritələr aşkar edib.

Ermənistan deyir ki, sovet xəritələrinə görə, Qaragölün yalnız 30 faizi Azərbaycan ərazisinə aid olmalıdır.

Sovet İttifaqı Silahlı Qüvvələri Baş Qərargahının 1942-ci ilə aid koordinatları olan və 1973 il tarixli xəritəsinə görə, Qaragöl gölünün böyük bir hissəsi Ermənistan ərazisinə düşür.


SSRİ Baş Kartoqrafiya və Geodeziya İdarəsi tərəfindən tərtib olunan, 1963-cü ilə aid "Azərbaycan SSRİ Atlası" kitabında göstərilən xəritədə də Qaragöl (Sevliç) Azərbaycan-Ermənistan sərhədində görünür. Həmin xəritədə tərəflərə düşən payı müəyyən etmək mümkün olmasa da, gölün iki ölkə tərəfindən paylaşıldığı görünür.

SSRİ Baş Kartoqrafiya və Geodeziya İdarəsi tərəfindən 1948-52-ci illərdə hazırlanmış və 1970-ci ildə yenilənmiş xəritədə Qaragöl (Sevliç) gölünün böyük hissəsinin Ermənistan, bir hissəsinin isə Azərbaycan ərazisinə düşdüyü görünür.

1992-ci ildə nəşr olunan Azərbaycan SSR-nın atlasında Qaragölün böyük hissəsi Azərbaycana düşür.

1939-cu ildə Ermənistan SSR Coğrafiya Cəmiyyətinin nəşriyyatı tərəfindən çap olunan Ermənistan SSR-nin xəritəsində isə gölün bütövlükdə Ermənistan ərazisinə düşdüyü göstərilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan BBC News Azərbaycancaya onlarda 1938-39-cu illərə aid xəritələrin olmadığı deyilib.

"1970-ci illərin xəritələrinə əsaslanmaq lazımdır"

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov deyir ki, sərhədlərin müəyyənləşdirilməsi zamanı yeni yox, köhnə - SSRİ dövründə tərtib olunmuş xəritələrə əsaslanılmalıdır.

O söyləyir ki, SSRİ dövründə xəritələr hər respublikanın Ali Soveti tərəfindən təsdiq edildikdən sonra SSRİ Ali Soveti tərəfindən təsdiqlənirdi.

"1990-cı illərdə həm ermənilər, həm də biz müstəqillik əldə etdik. O dövrdən sonra həm onlar, həm də biz xəritə tərtib etdik və sərhədlərdə müəyyən deformasiyalar yarandı. Ona görə də 1990-cı illərdən sonra tərtib olunmuş xəritələrdən istifadə edilməsi doğru deyil. Bunlar mütləq nəzərə alınmalıdır".

O hesab edir ki, SSRİ dövründə Baş Kartoqrafiya və Geodeziya İdarəsinin 1970-ci illərdə tərtib etdiyi xəritələrə əsaslanmaq lazımdır.

"Qaragöl gölünün sərhədi, sahil xəttinin bir hissəsi bizdədir, bir hissəsi erməni tərəfdə. Hətta bu məsələdə o vaxt müəyyən problemlər var idi, Qaragöl qoruğu yaratdılar. Qoruq iki respublika arasında müştərək qoruq elan olundu. 1987-ci ildə hər iki ölkənin Ali Soveti bunu təsdiq etdi. Belə olan halda, gölün bir hissəsi bizim, bir hissəsi onlarındır. Ermənistan Ali Sovetinin arxivindəki sənədlərə baxsınlar".

Azərbaycanın Ekologiya Nazirliyinin saytında deyilir ki, Qaragöl və onun ətraf ərazisi "tarixən Azərbaycan torpağı olmuş və 30 ilə yaxın davam edən işğal prosesindən sonra hazırda tamamilə işğaldan azad edilmişdir".

Həmin məqalədə İşıqlı Qaragölün (Azərbaycanda Qaragöl daha çox "İşıqlı Qaragöl" adlandırılır) "Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində" yerləşdiyi və "sərhəd gölü" hesab edildiyi qeyd olunur.

Bundan başqa, məqalədə 1987-ci ildə Azərbaycan və Ermənistanın sovet respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğunun "respublikalararası dövlət qoruğu" elan edildiyi vurğulanır.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi BBC News Azərbaycancanın "Qaragöl" qoruğunun ərazi bölgüsünü müəyyən edən sənədləri araşdırmaq barədə sorğusuna cavab olaraq bildirib ki, 1981-1991-ci illərə aid sənədlərə 2029-cu ilədək "məxfilik məhdudiyyəti qoyulub".

"Sovet dövründən əvvəl "qəti sərhəd olmayıb"

Ermənistan Milli Aqrar Universitetinin dosenti, tarix elmləri namizədi Hamo Sukiasyana görə, sərhəd problemi Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin iştirakı ilə həll olunmalıdır.

"Hər iki tərəf üçün məqbul olan əsas kimi Sovet İttifaqı dövrünün son xəritələrində təsvir olunan vəziyyət qəbul olunmalıdır. Həmin xəritələrə görə, gölün üçdə ikisi Ermənistan, üçdə biri Azərbaycan ərazisinə düşür.

Məsələnin siyasi tərəfinə qarışmaq istəmirəm, lakin hazırda sərhəd pozulub - Azərbaycan əsgərləri, bilməzdənmi, bilərəkdənmi, Sovet inzibati ərazi bölgüsünə görə, sərhəd xəttini keçib öz ərazilərindən xeyli irəliyə gəliblər".

Hamo Sukiasyan deyib ki, sovet dövründən əvvəl "qəti sərhəd" olmayıb:

"Rusiya çar hakimiyyəti dövründə ərazi Yelizavetpol quberniyasının bir hissəsi olan Zəngəzur mahalına daxil olub. Və bu, etnoqrafik inzibati vahid deyildi, çar Rusiyasının bir hissəsi idi. Zəngəzurda təxminən bərabər sayda ermənilər və müsəlmanlar yaşayırdı".

Hamo Sukiasyan əlavə edib ki, 1920-ci illərdə Zəngəzur mahalında Sovet Azərbaycanı və Sovet Ermənistanı arasında sərhəd xətti təsdiqlənəndə, Qaragölün ya bütövlüklə, ya da böyük hissəsinin Ermənistan ərazisində yerləşdiyi görünür.

"Məsələn, 1930-cı illərin xəritələrində, o cümlədən Moskvada - Daxili İşlər Xalq Komissarlığı tərəfindən çap olunmuş bu xəritədə - görürük ki, Sevliç (Qaragöl) bütövlüklə Sovet Ermənistanı sərhədi daxilindədir.

Sonrakı illərin sovet xəritələrində görürük ki, gölün böyük hissəsi - təxminən üçdə ikisi Sovet Ermənistanı, təxminən üçdə biri - Azərbaycanın sərhədindədir. Bu, onunla şərtləşdirilir ki, hər iki tərəfin, heyvandarlığın inkişafı üçün, xüsusilə, qoyun sürülərini dağ otlaqlarına çıxaranda suya ehtiyacı vardı",- tarixçi BBC News Azərbaycancaya bildirib.

O hesab edir ki, müstəqil dövlət olaraq, Ermənistan və Azərbaycan gec-tez sərhəd xəttini çəkməlidir.

Hamo Sukiasyanın fikrincə, iki ölkə arasında münasibətlər nə qədər stabil olarsa, sərhədlərin dəqiqləşməsi bir o qədər asan baş tutar: "Lakin indiki kimi münaqişə vəziyyətində sərhədlərin demarkasiyası məsələsinin öz həllini tapması çox çətindir".

Nikol Paşinyan: "Azərbaycan razılaşmamıza əməl etsə və barəsində danışdığımız şərtləri yerinə yetirsə, bəli, mən o sənədi imzalayaram"

Sergey Lavrov Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı: "Oturdular, sakitcə bu vəziyyəti necə həll etmək barədə danışıqlara başladılar"

"Moskva hamıdan yaxşı bilir"

Azərbaycan parlamentinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və hakim YAP üzvü Elman Məmmədov BBC News Azərbaycancaya deyib ki, müstəqillik əldə edənədək SSRİ tərkibində olan respublikalar arasındakı sərhədlər SSRİ müəyyən edib.

O, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi işinin sonuncu dəfə 1977-ci ildə aparılmasına diqqət çəkib.

Cənab Məmmədov vurğulayıb ki, Azərbaycan-Ermənistan arasındakı sərhədlərə dair xəritə və sənədlər Azərbaycan və Ermənistandan başqa Rusiyada, BMT və digər müvafiq qurumlarda mövcuddur.

"Maraqlı orasındadır ki, o sənədlərin arxivi bu gün vasitəçilik missiyasını boynuna götürən, eyni zamanda ATƏT-in Minsk qrupunun üzvü olan Rusiyanın paytaxtındadır və indi kim kimin ərazisinə müdaxilə edir, kim kimə qarşı ərazi iddiası qaldıra bilər, bunu Moskva hamıdan yaxşı bilir".

Millət vəkili söyləyib ki, Azərbaycan "heç bir dövlətin, o cümlədən Ermənistanın ərazisinə daxil olmayıb" və hazırda sovet dönəmindən Azərbaycan SSR-ə aid əraziləri xəritə və sənədlər üzrə bərpa edir.

Rusiya Azərbaycanla Ermənistan arasında demarkasiyaya kömək etməyə hazırdır, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl deyib. O bildirib ki, indiyə kimi "heç kəs heç vaxt bununla məşğul olmayıb" və onlar tərəflərə təklif edirlər ki, bu işə başlasınlar: "Biz onlara bu işdə kömək etməyə, kartoqrafiya materialları və konsultasiya xidmətləri təqdim etməyə hazırıq," - Lavrov əlavə edib.

Amma rusiyalı nazir tərəflərə hansı illərə aid xəritə təqdim edilə biləcəyini açıqlamayıb.

"Mübahisəli ərazilər"

Azərbaycan və Ermənistan arasında mübahisə predmeti təkcə Qaragöl ərazisi deyil.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov deyir ki, Azərbaycan-Ermənistan arasında Qazax, Şurnux və Naxçıvan istiqamətində "mübahisəli ərazilər var".

Onun sözlərinə görə, bu məsələlərdən bəziləri həllini tapsa da, digərləri hələ də qalmaqdadır:

"Naxçıvan ərazisində bizim Ermənistan ərazisinə düşən kəndimiz var idi, Kərki kəndi, ordan bizimkilər qaçqın düşmüşdülər. Qazax ərazisində müəyyən yerlər var ki, onlar kiminsə istəyilə Ermənistana verilib. Bu ərazilərin qanuni verilib-verilmədiyi yoxlanılmalıdır. Bundan başqa, Qazax tərəfdə kəndlər anklav kimi Ermənistan ərazisində yerləşir.

Məsələn, Aşağı Əskipara Ermənistan ərazisindədir. Biz ora getmək üçün Ermənistan ərazisindən istifadə etməliyik. Bu kəndlər bərpa olunmalı, bizə verilməlidir".

Mirnuh İsmayılov deyir ki, 1969-ci ildə tərtib olunmuş, SSRİ Nazirlər Sovetinin nəzdində olan Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 1968-ci ildə çap etdiyi Ermənistan SSR-in fiziki xəritəsinə əsasən, Şurnuxdan keçən yol Azərbaycan ərazisinə girir, sonra Ermənistana gedir. "Bizim sərhədçilərimiz yolun bizim əraziyə giriş və çıxış hissəsində durur. Hətta işğal dövründə bu kənd böyüyüb gəlib yolun o biri tərəfinə. Yəni, bilməyiblər, bələdiyyədən alınan sənədlə öz ərazilərini lazımsız yerə böyüdüblər, bizim ərazilərimizdən otlaq kimi istifadə ediblər".

BBC

Əlaqəli xəbərlər