Parlamentdə nazirlər tənqid edildi: “Nə vaxta kimi Prezidentin arxasında gizlənəcəksiniz?”

image 750x 61656c11dcc57Deputat: “Deyirik ki, benzinin qiymətini aşağı salın, əksinə, qaldırırlar. Pensiyanı artırmağı təklif edirik, məhəl qoymurlar”

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Müstəqillik günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, dünən birinci oxunuşundan keçən qanun layihəsinə görə, Azərbaycanda 28 May tarixi Müstəqillik günü, 18 Oktyabr tarixi isə Müstəqilliyin Bərpası günü olaraq qeyd ediləcək. İndiyə kimi 28 May tarixi Respublika günü, 18 Oktyabr tarixi isə Müstəqillik günü olaraq qeyd edilirdi.

Bugünkü iclasda əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlər bildiriblər.

Deputat: “Dini təhlükəsizliyimiz gücləndirilməlidir”

Deputat Ceyhun Məmmədov toplantıda dini məsələlərə toxunub. Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi bəzilərini narahat edir: "Azərbaycan güclü dövlətdir və heç kim bizi haqq yolundan çəkindirə bilməz. Ancaq burada din amilindən istifadə edilir. Bəzi dairələr Azərbaycanın dövlət adamlarını sionizmin xidmətçiləri kimi təqdim edirlər. Hesab edirəm ki, dini təhlükəsizliyimizi gücləndirməli, dini konsepsiya qəbul edilməlidir. Bizi qarşıda daha ciddi sınaqlar gözləyir. Ona görə daha ayıq olmalıyıq".

Deputat nazirlərə: “Nə deyirik, tərsinə edirsiniz!”

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli çıxışı zamanı hökumətin iştirakı ilə büdcə müzakirələrinin olacağını xatırladaraq, hökumət üzvlərini bəzi məsələlərlə bağlı tənqid edib: "Hökumət üzvləri iclasda iştirak edərkən çıxışlara, qaldırılan problemlərə ənənəvi biganəlik göstərəcəklər. Hərdən hökumət üzvləri başını qaldırıb sağa baxacaq, sanki Tahir Kərimlini növbəti dəfə “QAİ” saxlayıb. Səhiyyədən danışacağıq, səhiyyə naziri cavab verməyəcək, təhsildən danışacağıq, təhsil naziri cavab verməyəcək. Prezident səni vəzifəyə qoyub, üzərinə düşənləri et, islahatlar keçir. Sənə deməyib ki, get, 190 min ailənin pensiyasını kəs. Nə vaxta kimi Prezidentin arxasında gizlənəcəksiniz, nə vaxta kimi xalqdan qaçacaqsınız?!”.

“Təklif edirəm ki, uşaqpulu verilsin, əksinə çıxırlar. Deyirik ki, benzinin qiymətini aşağı salın, əksinə, qaldırırlar. Pensiyanı artırmağı təklif edirik, məhəl qoymurlar. Tarif Şurası yaradıb, onun arxasında gizlənirsiniz. Nə deyirik, tərsinə edirsiniz. Onsuz da biz deyəni etmirsiniz, bizi saymırsınız. O boyda Qarabağın bərpası məsələsini qoymuşuq, Türkiyədən başqa investisiya qoyan yoxdur. Bir dənə istehsal sahələri qurmursunuz. Camaata deməyə sözümüz yoxdur. Biz 50 manat verib, bir çaynik çay içirik, rayonda isə 9-10 kişi toplaşır ki, 10-20 qəpikdən “sobrazim” edib, 1 çaynik çay içsinlər”, - deyə T.Kərimli bildirib.

“Birinci Qarabağ müharibəsinin ilk qurbanları 1988-ci ildə Xankəndidə baş vermiş talanların qurbanları olublar”

Deputat Tural Gəncəliyev çıxışında xatırladıb ki, Vətən müharibəsi başlayandan ilk gündən onlarla xankəndili gənclər ordu sıralarına yazıldı: “Xankəndi şəhərindən olan azərbaycanlıların eyni zamanda informasiya müharibəsində çox aktiv fəaliyyət göstərdiklərini bildirmək istəyirəm. Birinci Qarabağ müharibəsinin ilk qurbanları 1988-ci ildə Xankəndidə baş vermiş talanların qurbanları olublar. Bütün bunların nəticəsində bizim Xankəndi sakinlərimiz düşmən üzərində qələbə qazanmasında iştirak ediblər. Ümidvaram ki, gələcəkdə Xankəndi şəhidlərinin xatirəsi əbədiləşdiriləcək. Məsələ ilə bağlı müvafiq qurumlardan diqqət yetirilməsini xahiş edirəm”.

“Bu tarixi bayram kimi qanunvericiliyə salmalıyıq”

Bundan sonra gündəlikdə olan qanun layihəsinin müzakirəsinə başlanılıb. Deputat Nizami Cəfərov qanuna münasibət bildirərkən deyib ki, qanunvericiliyimizdə AXC-nin 23 ay mövcud olduğunu göstərsək də, ondan sonrakı mübarizələri unutmamalıyıq: “Əgər unutsaq, biz bərpa prosesini şərtləndirə bilmərik.

N.Cəfərov vurğulayıb ki, ərazi bütövlüyümüzün bərpası anlayışını da bayram kimi qanunvericiliyə salmalıyıq: “Cümhuriyyət dövründə 110 kvadrat kilometrlik ərazidə dövlətimiz olub. Prezident İlham Əliyevin dediyi kimi, ərazi bütövlüyü anlayışı hərəkətdə olan anlayışdır. Ona görə də ərazi bütövlüyü anlayışını da bayram kimi, qeyd kimi, yaddaş kimi qanunvericiliyə salmalıyıq. Bu tarix hələ yazılacaq. Bu tarix Prezident İlham Əliyevin yazmağa başladığı tarixdir”.

18 Oktyabr qeyri-iş günü olmayacaq

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı səslənən məsələlərə aydınlıq gətirib. Sədr müavini dünənki çıxışlara toxunarkən deyib ki, 28 May - Müstəqillik günü və 18 Oktyabr - Müstəqilliyin bərpası gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib: “Burada qanunun mənası nəyisə bərabərləşdirmək deyil. Qanun dəqiqləşdirilir. Bu, qanunun predmeti deyil”.

Deputatın sözlərinə görə, sənəddə dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq. O bildirib ki, bu dəyişikliklər texniki xarakter daşıyacaq.

“Müstəqillik günü haqqında” qanun layihəsi 2-ci oxunuşdan da keçdi

Müzakirələrdən sonra “Müstəqillik günü haqqında” qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edilib. Qanun layihəsinə görə, Azərbaycanda 28 May - "Müstəqillik günü" və 18 Oktyabr - "Müstəqilliyin bərpası günü" adlandırılması təklif edilir. İndiyə qədər Azərbaycanda 28 May Respublika günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr - Müstəqilliyin bərpası günü adlandırılacaq.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər