"Vaqif", Səməd Vurğun və 37

Ziyalı sözü: dünən, bu gün, sabah

Yaxud, "Şair, hökmdarın hüzurundasan"
(Essesayağı yazı)


Adam adama deyir: "Elə bil Amerika kəşf edib!" Bəli, Amerika var idi, Kolumb var olanı kəşf etdi. Mən də Amerika kimi var olan Səməd Vurğunu özüm üçün yenidən kəşf etdim.
Akif Səməd

Redaksiyadan: Son vaxtlar xalq şairi Səməd Vurğun haqqında ağlasığmaz fikirlər səsləndirilir. Nədən, belədir?! Şairin günahı nədir?!
Mərhum həmkarım, dostum Akif Səmədin illər öncə "Yeni fikir" qəzetində getmiş bir yazısı əlimizə keçdi. Dahi söz ustadını "ələ salanlara" tutarlı bir cavabdır bu yazı – ürəyimizdən xəbər verdi.
Oxuyun, özünüz də bu qənaətə gələcəksiniz.
Əlavə şərhə ehtiyac duymadan həmin yazını olduğu kimi qəzetimizdə dərc etməyi qərara aldıq. Əminik ki, bu çoxlarının da ürəyincə olacaq...
Bir vaxt proletkultçular yazırdılar: "Rədd olsun, 75 illik Azərbaycan ədəbiyyatı, Axundov qarışıq. O bizə nə verib?"
Rədd olunanlar Haqverdiyev, Nəcəf bəy Vəzirov, M.Ə.Sabir, Mirzə Cəlil, M.Hadi, Divanbəyoğlu və başqaları idi. İndi də 70 illik (rəqəmin təsadüfi oxşarlığına diqqət edin) ədəbiyyatımızın üstündən xətt çəkmək nidaları, harayları eşidilir.
Söz demək haqqı olan da, olmayan da qələmi götürüb ağrımadan, acımadan hücuma keçiblər.
Bu neobolşeviklər heç nə ilə, heç kimlə hesablaşmaq istəmirlər.
Hərbi kommunizm diktaturası dövründə gedənlərə (Sanılıya, Cavidə, Cavada, Müşfiqə) görə qalanlarını (Süleyman Rüstəmi, Ordubadini, Məmməd Rahimi, Mirzə İbrahimovu, Rəsul Rzanı, Səməd Vurğunu...) ittiham edirlər.
Əslində, bu qəzəblilər "Babam mənə kor dedi, gələni-gedəni vur dedi" üsulu ilə hərəkət edirlər. Hər hansı qənaətə gəlib, hökm verəndə nə qalanların xidmətlərini, nə də o zamankı ictimai-siyasi mühiti nəzərə alırlar. Gedənlərə də, qalanlara da birtərəfli münasibət göstərirlər. Repressiya olunanlar haqqında yazıların müəllifləri dəridən-qabıqdan çıxaraq, sübut etməyə çalışırlar ki, Sanılının, Cavadın, Cavidin... heç bir günahları olmayıb.
Bu cür mövqe doğrudan-doğruya məni ağrıdır. "Demək, Cavad, Cavid, Sanılı nahaqdan gedib. Onlar da kommunizm nəğmələri oxuyurlarmış, yaxud oxumaq istəyirlərmiş – qoymayıblar.
Təəssüf, təəssüf, min təəssüf!
Bu cür yalançı müdafiə mövqeyi azadlıq pərvanələrinin ruhunu təhqir etməkdən savayı bir şey deyil. Cavidin, Cavadın, Sanılının "günah"ları böyük idi və o "günah"ları partiya funksionerləri çox gözəl bilirdi. Əhməd Cavad Azərbaycan Demokratik Cümhuriyyətinin himnini yazmışdı, "Göygölü" yazmışdı. Hüseyn Cavid Turan dünyasını qələmə alırdı, Turanın iki Böyük Cahangirinin – Topal Teymurun, İldırım Bayazidin toqquşmasına ağrıyırdı, sağında-solundakı "uğur"lara "göz yumub" eşq dəlisi – Şeyx Sənan göz yaşı tökürdü. Sanılı Müsavatın Maarif Nazirliyinin oturmuş – toxtamış ideoloqu idi – onu əymək olmazdı, ancaq və ancaq aradan götürmək lazımıydı. Ədəbiyyatı partiya işinin "təkərciyi və vintciyi" sayan siyasi bir dövlətin "ət maşını" işə düşmüşdü – hədəflər və qurbanlar da bəlli idi.
Əslində, elə, "ət maşınını" hədəflərə və qurbanlara görə "xoda" salmışdılar; "Maşın" var, "qurban" var, "sürən" var! Süleyman Rüstəmə, Ordubadiyə, Mirzə İbrahimova, daha kimə, kimə... maşın sahibinin heç bir ehtiyacı yoxuydu.
Qayıdaq mətləbə: Bu gün hamı qələmi qılınca döndərib, düşüb 70 illik ədəbiyyatın üstünə. Mən bu dövrdə yaranmış ədəbiyyatı (nəinki, təkcə bu dövrdə), əstəfurullah, Qurani-Şərif kimi qəbul etmək fikrindən uzağam. Ancaq, tamamilə inkarın da əleyhinəyəm. Nə qədər insafsız olasan ki, haqqında danışdığımız dövrdə sənətin bütün tələblərinə cavab verən, namuslu əsərlərin yarandığını inkar edəsən. Məncə, həmin dövr ədəbiyyatını oxucuya "cin-şəyatin" donunda təqdim edən tənqid və ədəbiyyatşünaslıq daha çox günahkardır. Yazılanı səhv yozurdu. Tənqid və ədəbiyyatşünaslıq partiya işinə və senzuraya birbaşa xidmət edirdi. Oxucunu "1905-ci ildə", "Sevil", "Almas", "Od gəlini", "Komsomol poeması", "Vaqif", "Insan", "Zəncinin arzuları" kimi bıqdırmaq üçün çox sitatlar gətirir, çox yollara əl atırdı. Bircə "Komsomol poeması"nın həqiqi məzmununu, mənasını, sənətkarın məqsədini "Yeddi oğul istərəm" filmində yazıçı Yusif Səmədoğlu düzgün anladı, oxucuya – tamaşaçıya da bunu düzgün anlatdı, aşıladı. Bu da təsadüfi deyil. Ruslar demişkən: "Rıbak rıbaka uznaet iz daleko". Qalan adını çəkdiyim və çəkmədiyim totalitar rejim dövründə yaranan əsərlər, sənət və sənətçilər əsl, sağlam sənət və sənətçi mövqeyindən araşdırılmanı gözləyirlər. Bu məqalədə mənim məqsədim, təvazödən uzaq olsa da, "Vaqif"in işığında Səməd Vurğun haqqında söz açmaqdır.
Haşiyə: Şahidlərin xatirələrinə görə "Vaqif"in "Şairin ölümü" adlı faciə variantı da olub. Hətta "Şairin ölümü" "Azdrama"da oxunub, müzakirə də edilib. Əfsuslar ki, əsərin həmin variantı əlimizdə yoxdur. Hər halda, məndə yoxdur. O variantla da tanışlığımız olsaydı, mülahizələrimiz daha əsaslı olardı. Nə isə... Çox əfsuslar.
* * *
"Vaqif" dramı 1937-ci ildə yazılmış, 5 oktyabr 1938-ci ildə ilk dəfə oynanılmışdır. Bir çox mətləblərin aydınlaşması üçün əsərin yazıldığı tarixi nəzərdən qaçırmamalıyıq. Axı, o əsər 20 il əvvəl, yaxud 20 il sonra yazılsa idi, sənətkarın söz demək imkanı mütləq və mütləq başqa cür olardı. Bəlkə də, söz demək imkanı (senzura imkanı) "Şairin ölümü"nü "Vaqif"ə döndərib. 37-ci ildə Sanılı, Əhməd Cavad... aparılıb. Qələm əhlinin başı üstündə qara buludlar dollanıb. Sağında-solunda qələm dostları "xalq düşməni" çıxıb.
Təbliğat və təşviqat o qədər güclü və aparıcı gedib ki, adamların böyük əksəriyyəti inanmaq məcburiyyəti qarşısında qalıblar. "Gözü çıxarılan qardaşlar"ın görkü, qara maşınların, qara geyincəklilərin, qara gecələrin xofu, vahiməsi hər yanı sarıb, sarsıdıb. Ciblərində allahsız bileti gəzdirənlər meydan sulayıb, məscidlərə it bağlanıb, yandırılıb. Hakimi-mütləq "kişi"nin qulağı darı dənləyib, gözü zərrəbindən iti olub. Rusiyanın bir neçə əyalətinin repressiya planını da öz üstünə götürüb. "Kişi" pişxidmətində durandan papaq istəyib, baş gətirib, əlcək istəyib, "of!" da demədən əl kəsib...
Və belə bir dövrdə Səməd Vurğun kəfəni boğazına dolayaraq "Vaqif"i yazıb.
"Vaqif", I pərdə, I şəkil.
Qazax, kasıb koma.
Vidadi namaz qılır.
37-ci ildə namaz mərasimi səhnəyə çıxarılır.
Namaz üstə şair (burda Vurğun oxunmalı) nə deyir:
Xudaya. İnsanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır.
Mənası varmıdır min təriqətin
Aç ... aç qapısını sən həqiqətin.
... İşıqlat bu dibsiz qaranlıqları...
Yazıqdır dünyanın əşrəfi insan,
Böyüksən, adilsən, gec günahımdan.
"Vaqif" 70 ildə allahsızlar ölkəsində "Böyük Adil Allaha" müraciətlə başlanan yeganə əsərdir. Özü də, "Allahsız" jurnalı buraxılan bir respublikada, 1937-ci ildə yazılıb. Elə bir dövrdə ki, elə bir respublikadakı, "min təriqətə" – trotskiçiliyə, buxarinçiliyə, zinovyevçiliyə görə İsmayıllıda, Şamaxıda... çobanları güllələyirdilər. Müşfiq hər hansı təriqəti – "izm"i "Duyğu yarpaqları"nda özünü müdafiə üçün tənqid edirdi:
Bu gecədə aya hürən zavallı,
Ya trotskiçidir, ya alabaşdır.
Zərif "Duyğu yarpaqları" hara, "dartanlar", "yırtanlar", "aya hürən", "trotski", "alabaş" hara?! Müşfiq kimi söz qədrini-qiymətini bilən zərif ilhamlı Şərq şairi "Duyğu yarpaqları"nda yuxarıdakı ifadələri işlədərdimi? Qətiyyən yox! Ancaq zaman, başqa zamanıydı. Müşfiq sosial-siyasi sifarişlə "təriqət"ləri – Trotskizmi tənqid atəşinə tutmalıydı. Çünki "kişi" belə istəyirdi.
Bax, Vidadinin (Vurğunun) namaz üstə dediyi "min təriqət" insanlığı qan girdabına sürükləyən bu "izm"lər idi.
İndiyədək əsəri təhlilə çəkənlər – "Vaqif"də "xalqlar dostluğunu", "yadelli işğalçılara qarşı mübarizəni" qabardan tədrisçilər əsərə sosialist realizmi metoduyla yanaşmış, onu tarixi-dram janrına şamil etmişlər.
Əslində, necədir?! "Vaqif" avtobioqrafik-romantik faciədir. Burada tarix məqsəd yox – yaşadığı dövrdəki haqsızlıqları qamçılamaq üçün vasitədir, ədəbi priyomdur. Nə Vaqif tarixdəki Molla Pənahdır, nə Ağa Məhəmməd Şah Qacardır. Çünki Vaqifin Xuraman adlı arvadı da olmayıb və təbii ki, özünü qayadan da atmayıb. Vaqif-Xuraman xətti vaxtiylə özünə gücü çatmayan dargözlərin, xəbislərin, paxılların, nadanların, cahillərin, alçaqların şairin ailəsinə atdıqları böhtanların əks-sədasıdır.
"Vaqif"də müəllifin ikinci cəsarəti (birincisi, Böyük Adil Allaha üz tutması) Cavad xanın adını çəkməsidir. ("Şair, Cavad xanın adamıyıq biz, xoş xəbər gətirib gəlmişik sizə" – I pərdə, I şəkil). Düzdür, cəmisi bir dəfə onun adı çəkilir və bir yerdə də "şeri, sənəti çox sevdiyi" qeyd olunur. Əlyazmasında gah "Ziyad xan", gah "Rəşid xan" yazıb, "Cavad xan"ın üstündə dayanması da, Vurğunun məsuliyyətindən, Gəncə və ümumiyyətlə Azərbaycan tarixində Cavad xanın yerini bilməsindən, adını təzə-təzə çəkdiyimiz Cavad xanı yaxşı tanımasından və qiymətləndirməsindən xəbər verir. Bu addım – Cavad xanın adının heç olmasa bircə dəfə xatırlanması – qadağalar və yasaqlar qoyulmuş bir adı unutmağa qoymamağa xidmət edirdi. Səhnədən eşidəndə, kitabdan oxuyanda tamaşaçının və oxucunun yaddaşında Cavad xan şimşəyi çaxırdı. Bu şimşəyin müəllifi – Vurğun cəsarətiydi!..
Soruşula bilər ki, Vurğun niyə gah Ziyad xan, gah Rəşid xan yazmaq istəyib. Çünki rus işğalçılarına qarşı mübariz kimi tarixdə ad çıxartmış Cavad xanın üstündə qadağa və yasaq möhürü var idi. Şair də hər şeyin zərrəbinlə oxunduğu bir vaxtda "yoldaş, çinovnik, senzordan" ehtiyat edirdi.
Bayaq qeyd etdiyimiz kimi, hər əsər tədris və tədqiq ediləndə ilk öncə, janrı dəqiq müəyyənləşdirilməlidir. Bir də ki, əsərdə müəllifin məqsədi, ideyası, əsərin leytmotivi. Əsərdə müəllifin məqsədi, ideyası, əsərin leytmotivi düzgün tapıldıqda, əsər də düzgün anlaşılır. Çox heyf ki, "Vaqif"in leytmotivini, müəllifin məqsədini də tənqidçilər düzgün tuta bilməmiş, bayağı təfəkkürlə əsər haqqında bayağı təsəvvür yaratmağa meyllənmişlər. Düzgün tuta bilmədiklərindəndir ki, əsərdəki "xalqlar dostluğu", "yadelli işğalçılara qarşı mübarizə" istiqamətləri qabardılıb illərlə. Əsərdə "xalqlar dostluğu", "yadelli işğalçılara qarşı mübarizə" mövzuları illərlə inşalarda, məqalələrdə, namizədlik də doktorluq işlərində, monoqrafiyalarda tədqiq edilib. Yanlış trafaret, şablon münasibətlər oxucunu əsərdən, əsəri ədəbiyyatımızda tutduğu yerdən uzaqlaşdırmağa xidmət edib.
Əsərin janrı – avtobioqrafik-romantik faciədir.
Yazıldığı dövr – 37-ci ildir.
Leytmotivi isə, "Şair, hökmdarın hüzurundasan" misrasının ehtiva etdiyi məzmundur.
Zaman-hökmdar-şair münasibətləri kimi ədəbi-əzəli mövzu "Vaqif"də klassik həllini tapmışdır desəm, yanılmaram.
Vaqif – Səməd Vurğundur.
Qacar – hökmdardır – hökmü hər yerə işləyən Mir Cəfər Bağırovdur, Stalindir, Beriyadır, müxtəsəri "vicdanı da, qəlbi də qan olan, dünyanı qan üstə xaniman sayan" bir tirandır.
Vidadi – Nizamidir...
Gedin aldadammaz məni saraylar,
Burda həmdəmimdir ulduzlar, aylar.
Vaqif – Nəsimidir, Bakıxanovdur, Axundovdur, Vurğundur. O, Vurğun ki, gecə-gündüz qulağında "Şair, hökmdarın hüzurundasan" sözləri səslənir.
Vidadi – Vurğundur. O Vurğun ki, Cavidin, Müşfiqin getməsinə yanır, cəllada – Mircəfərə deyir:
Şairdi, qəlbi var, şirin sözü var,
Böyük bir ölkənin onda gözü var.
"Çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri" (Məhəmməd Əmin Rəsulzadə red.) olan "Vaqif"də müəllifin üçüncü cəsarəti Qacarla Vaqifin qarşılaşmasıdır. "Əyilməz vicdanın böyük heykəli" (Vahabzadənin bu misranın mücərrəd olduğu barədə mülahizəsini qəbul etmirəm) olan Cavidlərə, Cavadlara, Müşfiqlərə, elə Səməd Vurğunlara, bütün namuslu qələm yiyələrinə Qacar – Bağırov – Beriya – Stalin deyir:
Qılınclar toqquşub iş görən zaman,
Neylər söylədiyin quru bir vicdan.
Bir sıra ədəbiyyatşünaslar İbrahim xan və Qacar obrazlarında Səməd Vurğunun səhvlərə yol verdiyini yazırlar. Yazırlar ki, İbrahim xan böyük vətənpərvər olub, Şuşadan qaçmayıb, köməyə qoşun gətirmək üçün Şuşanı tərk edib və s. Onu da yazırlar ki, Qacar Vahid Azərbaycan ideyasını həyata keçirmək üçün qılınc işlədirmiş, istəsə Şuşanı bir günə yandırarmış. Azərbaycan olduğuna görə qıymayıb, babamız Koroğlu kimi qaçaq-quldur yox, Qacar şah olub və s.
Bu yerdə və buna bənzər fikirlər və mülahizələr barədə öz fikir və mülahizələrimi demədən adlaya bilməzdim. Çünki tənqidçilər Səməd Vurğunu İbrahim xana görə qınayır, bəziləri onu, hətta, məhşər ayağına çəkirlər. Tarixi cünglər isə, Səməd Vurğunun haqlı olduğunu göstərir. Sağlığında başlamış və indi də davam edən hücumlara cavab olaraq şair deyirmiş ki: "Mən tarix yazmamışam". Bu ikibaşlı və ağıllı cavabda çox mətləblər gizlənib.
Səməd Vurğun tarix yazmamışdı, bəs, tarix nə yazmışdı?!
Tarix yazır ki, İbrahim xanın ən hörmətli arvadı Məlik Şahnəzər qızı olduğundan, hörmət və mərhəmət gözü həmişə Qarabağdakı erməni mahallarının üstündə olmuşdur. İbrahim xan Gəncəyə qarşı – Cavad xana qarşı Gürcüstan valisi İrakli ilə birləşmişdi.
"Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük Sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi. Əzəmətli imperatriçənin adına səmimiyyət və sədaqətini andıran bir ərizə də yazdı. ("Qarabağ tarixi" – Mirzə Camal Cavanşir). Yenə orada "Əlacsız qalan İbrahim xan arvad-uşağı, qohumları, məruf bəylərin ailəsi və sədaqətli xidmətçiləriylə birlikdə qaladan köçüb, Qala tərəfə getdi ki, orada dayanıb, Dağıstan, Gürcüstan və başqa vilayətlər kömək edərlərsə, tədarük görüb müharibəyə hazırlaşsın, əks təqdirdə, oradan Dağıstana, öz qohumu Avar hakimi İmmətxanın evinə gedərək, Ağa Məhəmməd şahın əziyyətindən qorunsun".
Tarixin yazdığı belə faktların sayını artırmaq da mümkündür.
"Tarix yazmayan" Səməd Vurğun necə də haqlı yazıb:
Qaçdı tülkü kimi, qaçdı qabaqdan,
Qaçdı İbrahim xan, açıldı yollar. (III pərdə, Yeddinci şəkil).
Qacar obrazı ilə Əbdürrəhman bəy Haqverdiyevin Ağa Məhəmməd obrazı arasında müqayisə aparıb, hansı arqumentləsə ikinciyə üstünlük verənlər yanılırlar ki, hər iki obraz İran şahıdır: Qılınc ilə İran taxtü-səltənətini qoruyublar həmişə. Əhməd bəy Cavanşirdə oxuyuruq: "Nəhayət, qatillər Allahı və bütün müqəddəsləri köməyə çağırıb, sıyırma qılıncla Ağa Məhəmməd xanın yataq otağına soxulur və zəif gecə çırağı işığında onun üzərinə atılırlar".
Ağa Məhəmməd çətinliklə:
– Məlunlar... Nə edirsiniz... Siz İranı viran eyləyirsiniz...
Unutmayaq ki, o, həm də bu sözləri farsca deyir. Ağzından son nəfəsi farsca çıxan, son nəfəsinə qədər İranı düşünən bir tiran Vahid Azərbaycan haqqında nə fikirləşə bilərdi. Bu yerdə, Bəxtiyar Vahabzadənin "416" poemasından aşağıdakı misraları xatırladım:
Nadir də, Qacar da ölkələr aldı,
Şahlar bizim oldu, zəfər özgənin.
Onda deyək ki, Rəfsancani də bizi İrana birləşdirib, Vahid Azərbaycan yaratmaq istəyir. Deyək ki, Ayaz Mütəllibov da bizi MDB-yə sürükləyərək, Vahid Azərbaycan dövləti qurmaq fikrindədir. Yazıq Vahid Azərbaycan!!!
* * *
Səməd Vurğunun daima bir gözü gülüb, bir gözü ağlayıb. Gülən gözünü xalq görüb, ətrafdakılar görüb. Ağlayan gözünün yaşı isə, ürəyinə axıb, bir də ürək qanı olan misralarına. Xalqının dərdi, ağrısı ilə yaşayan bütün namuslu qələm və ilham sahibləri kimi, hökmdarın hüzurundan dar ağacına gedən yolu seçib. Bu yol çox uzun olub, intəhası... Bu yolla ürəyinə xərçəng girib. İranda fars yandırdı tariximi, burda rus, erməni. Daşdan, daş kitabələrdən sözümüzü poza-poza tarixdən izimizi pozmaq istəyirdilər. Farsıydı, rusuydu, erməniydi. Bakıda rəhbərimiz kimiydi? Rusuydu, erməniydi. Bu vəhşiliyə çoxları dinə bilməyəndə, Vurğun hayqırırdı:
Cəllad. Sənin qalaq-qalaq yandırdığın kitablar,
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Bu misralar radioda oxunanda şairin Yanan dostları heyfisləniblər, yaman "dost"ları isə – seviniblər:
– Tutacaqlar!
Azərbaycan Zəngəzuru, Göyçəsi təzəcə əldən getmişdi – 10-15 iliydi. Azərbaycan xalçasına DQMV adlı güvə təzəcə düşmüşdü. Qədim Azərbaycan milli hisslərdən məhrum olmaq üçün mircəfərlərin, atakişiyevlərin, erməni yemelyanovların, sumbatovların, poqosyanların, rus ivanovların barmaq işarəsinə bəndiydi. Bakı erməni, rus, cuhudla doldurulmuşdu. Yenə Səməd Vurğunun əzəmətli səsi ucaldı:
...El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən...
Yenə dargözlər, kosmopolitlər şairi qısma-boğmaya saldılar. Dəniz qırağındakı "cinəcinnə-həyulə" binasına gətirib apardılar. Zavallı şair qardaşı Mehdixana acı-acı gileyləndi: "Qara, bilmerəm bunlar məndən nə isteelər".
Hüseyn Cavid Müşfiq haqqında deyirmiş ki, "Müşfiq bir oddur ki, özünü yandıracaq". Müşfiqdəki o odu Səməd Vurğun da görərək, üzünü ona tutub yazırdı:
Baxıram Leninin kitablarına,
Dəstədən geridə qalmamaq üçün.
Bu cür danışmağa el içində "balabanda qandırmaq" deyərlər. Müşfiqə – taleyindən nigaran şairə deyirdi, bax, sən də bax, Leninin kitablarına. Müdhiş zəmanədir, "cərgədən qalma geri". Gör, necə müdhiş zamanıydı ki:
Şerimiz ağlayan bir gözəlliyə,
Qıymayın şairlər yazıqdır deyə.
Yazan şair, birdən-birə yazırdı:
Mən and içmişəm ki, bir də qələmim,
Gözəllərdən ilham almayacaqdır.
Yaradıcılığı boyu ağrı tufanlarının içində belə forma axtarışları aparan, çox yazan, ancaq kağız "korlamayan" (Mir Cəlal) şair xalqının dərdini bəyan etmək üçün vurnuxurdu. Gah keçmişə üz tutur ("Vaqif", "Fərhad və Şirin", "Dar ağacı" və s.), gah da hadisələri özgə ərazilərə köçürüdü.
İkinci qəbildən olan əsərlərdən biri də "Zəncinin arzuları"dır. Böyük epik ilhamın məhsulu olan bu poemadakı Zənci də Qara Səmədin özüdür.
"Sən qarasan..." sözlərini oxuyuram nəzərlərdə,
Deyin görək, ömrüm boyu necə dözüm mən bu dərdə?
Bəli, küçə və bazarlarda qafqazlılara "çyornı..." deyən ağ irqə (əslində sarı irqə) mənsub millətin kübar, ziyalı nümayəndələri qaralığını Səmədə birbaşa deyə bilməsələr də, həssas şair bu yekəxana münasibəti hiss edirdi.
Çünki qara doğmuş bizi analar,
Bəli. Qara doğmuş məni öz anam.
Rəssam Zəncini dilləndirən poemanın bir yerində "yanılır":

Hər gördüyüm həqiqətdən,
İlham alıb, yazım mən də.
Dil yanılar, düzünü deyər. Sən demə, danışan Zənci rəssam yox, ilham alıb, şer yazan Səməd Vurğunuymuş.
Vallah, məni qınamayın, sən demə, şair bu günlərdə "Vesti" proqramıyla təqdim olunan sorğunun nəticələrini görürmüş: "Sorğuya əsasən, moskvalıların qaraçılardan, azərbaycanlılardan və çeçenlərdən zəhləsi gedir".
"Aslan qayası" poemasıyla tarixə baş vuran böyük şair zərpaqonlu çar generallarının istilaçılıq yürüşlərini, tarix kitablarında dost gəlişi kimi təqdim olunan yürüşlərin mahiyyətini açır. Erməni mənşəli knyaz Sisyanovun Bakı divarları önündə gəbərdilməsini şirin bir təhkiyə ilə nəql edir:
"Sadiq qullarına şöhrətli çarın
Knyaz Sisyanovdan salam aparın", –
Deyərək, açara qürurla baxır...
Aslanın başından tüstülər qalxır.
Qan onun sıçrayır birdən üstünə,
Açarı knyaza təslim edirkən.
Çalır xəncərini onun köksünə.
Alqış tarixdəki o şanlı günə.
Çoxlarının kamalın təntənəsinə inandığı bir dövrdə, bütün orkestronun kommunizm nəğməsi oxuduğu bir vaxtda şair qəfildən hamıya və özünə filosof Şahbazın dili ilə sual verir:

Nə deyir, nə deyir ağlın qüdrəti?
Qalib gələcəkmi cahanda kamal?
İndi adama oyun-oyuncaq gələn, asan görünən bu sualları vermək kommunizm ideyalarına meydan oxumaq idi.
Özü də, mühacirətdə – Londonda, Vaşinqtonda hər hansı şairin meydan oxuması deyildi.
Cibində partbilet, yaxasında Lenin ordeni olan bir şairin "İliç lampaları işığında" oxuduğu meydan idi.
Çox cəsarətlərdən yüksəkdə duran bir cəsarət idi.
Ölümün gözünə dik baxmaq idi bu suallar.
"Mən səni tanıyıram demək idi" bu suallar.
P.S. Adam adama deyir: "Elə bil Amerika kəşf edib!" Bəli, Amerika var idi, Kolumb var olanı kəşf etdi. Mən də Amerika kimi var olan Səməd Vurğunu özüm üçün yenidən kəşf etdim.

Akif Səməd,
"Yeni fikir" qəzeti,
№47(129), 17 dekabr, 1992-ci il

Əlaqəli xəbərlər