"Laza" əxlaqsızlıq yuvasına çevrilib

 Masazır qəsəbəsində yerləşən
bu fahişəxananı işlədənlər onların arxasında Qəbələnin ağsaqqalının durduğunu deyirlər


Hətta buradakı qonşu villa sahibi arvad- uşağının taleyindən narahat olduğu üçün evini satışa çıxarıb

 

 

 

Doğrudan da, Masazır qəsəbəsinin ən qaynar nöqtəsində yerləşən "Laza" restoranı ətrafında gün ərzində baş verənlər xarci filmlərdə əsl biabırçılıqlara bənzəyir və sakinər üçün göz dağına çevrilib. Bu əxlaqsızlıq yuvasına günün günortaçağı belə heç nədən və heç kimdən qorxub-çəkinmədən qol-boyun gələn sərxoş kişi və qadınların hərəkətləri hər cür nifrətə layiqdir. Bu, çoxlarını, daha çox "Laza"nın iki addımlığındakı evlərdə yaşayan sakinləri zinhara gətirib. Onların aidiyyatı orqanlara ünvanladıqları saysız-hesabsız şikayətləri də cavabsız qalır. Bütün bunlar isə, bu qeyri-qanuni fəaliyyətin arxasında "qılıncının sağı da, solu da kəsən" kiminsə durduğunu təsdiqləyir. Belə olmasaydı, Masazır camaatının əlaqədar idarə və təşkilatlardan "Laza"nın qanunsuz fəaliyyətinin dərhal dayandırılması tələbi çoxdan müsbət həllini tapardı...

"Masazır qəsəbəsində, bir-birinin iki addımlığında yerləşən bir neçə əxlaqsızlıq yuvası fəaliyyət göstərir. "Roomi", "Göyçə", "Qəbələ"... restoran-motellərində baş verən qanunsuzluqlar canımızı boğazımıza yığıb. Nə edəcəyimizi də bilmirik. Şikayətlərimiz cavabsız qalır. Balalarımızın gələcəyi üçün narahatıq. Bu biabırçılıqlar onların gözləri qarşısında baş verir axı..."
Belə bir iddia ilə çıxış edən qəsəbə sakinləri, bizimlə söhbət zamanı bu restoran-motellərdə baş verən digər dəhşətli məqamlara da toxundular: "Elə vaxt olur ki, bu əxlaqsızlıq yuvaları ətrafında bahalı maşın əlindən tərpənməyə yer də tapılmır. Gələnlərin çoxu sərxoş, hallı olurlar. Onların söyüş, təhqir dolu sözlərinin, nalayiq hərəkətlərinin qarşısını alan tapılmır ki, tapılmır. Polislər haqqlarını aldıqlarından, onlara heç nə demirlər. Hətta, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 152 nömrəli "Qaynar xətti"nə etdiyimiz zənglərə də əhəmiyyət verən tapılmır. Görünür, "Laza"nı işlədən Süleymana, onun arxasında duran Dağlara batmaq elə də asan iş deyil. Qəsdən "Laza"nın adına "Qəbələ" adı əlavə ediblər. Özləri də utanıb-qızarmadan deyirlər ki, onların arxasında Qəbələnin ağsaqqalı durur, onlara batmaq olmaz. Bizi yandıran həm də odur ki, belə biabırçılığın baş verdiyi əxlaqsızlıq yuvalarına sanki qəsdən Azərbaycanın dilbər guşələrinin, tarixi bölgələrinin adlarını verirlər. Bu dəhşətə də göz yumulur. Özünüz deyin, Göyçə, Dərbənd, Qəbələ... adları onlara yaraşırmı?!. Namus-qeyrəti ayaq altına atanlar bu müqəddəs adlarla da özlərini qorumağa çalışırlar..."
... Jurnalist araşdırmalarımız zamanı qəsəbə camaatının ürəkağrısı ilə söylədikləri öz təsdiqini tapdı da. Əslində, bizi dəhşətə gətirən məqam və faktlar ortada çox oldu. Lakin bu yazıda onları tam təfsilatı ilə sadalamağa ehtiyac duymadıq. Dedik, bəlkə, elə bu yazılanlardan sonra həmin restoran-motel sahiblərinin, eləcə də aidiyyatı orqanların gözləri açıldı – onlar, nəhayət, nə etdiklərinin dəhşətini anlaya bildilər.
Bizsə, yalnız bu restoran-motellərdə əsl qadın – insan alveri getdiyini demək istədik. Halbuki, ümumbəşəri problem olan və Azərbaycandan da yan keçməyən bu bəlaya qarşı da respublikamızda bir sıra sərt qanunlar qəbul edilib və ölkəmiz bu yöndən olan beynəlxalq konvensiyalara qoşulub.
Bu ictimai bəlanın – çirkli biznesin doğurduğu fəsadlara qarşı mübarizə istiqamətində həyata keçirilən sərt tədbirlər şəxsən ölkə prezidenti möhtərəm İlham Əliyev cənablarının özünün də daim nəzər-diqqətindədir. Sonda bunu həmin restoran-motel rəhbərlərinin, eləcə də aidiyyatı orqanların diqqətinə çatdırmağı özümüzə borc bildik; Yoxsa, qəsəbə sakinlərinə qarşı törədilən bu qanunsuzluğun, ortada olan biganəliyin və saymamazlığın fəsadları onların özləri üçün də daha ağır nəticələr verə bilər.

 

MƏHİ,
xüsusi olaraq www.araz.az saytı üçün.

 

Baş redaktordan: Araşdırmalarımız zamanı əldə etdiyimiz digər faktları redaksiyamız adından DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə, eləcə də 47 ictimai birliyi özündə birləşdirən Insan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasına ünvanladıq. Bu problemin qanun çərçivəsində həllini tapması daha yaxşı olardı...

 

Əlaqəli xəbərlər