Günortayadək... üç saat cərrah həkimlərlə

Sumqayıt şəhər TTYX-nın cərrahiyyə şöbəsi
əhaliyə yüksək səviyyəli tibb xidməti göstərir


Xeyriyyəçi Sabir Tarverdiyev öz hesabına burada bir sıra işlər görməyi öhdəsinə götürdü

"Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içmiş hər bir həkim o anda sona qədər sadiq qalmalıdır " (Heydər Əliyev).
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsi...
Bu səhiyyə kollektivindən yazmağı bizə Azərbaycan Milli Dövlətçilik Partiyasının başqanı, İrəvan Mühacir Hökümətinin rəhbəri Sabir Tarverdiyev məsləhət gördü. Dedi ki, xəstəliyi ilə əlaqədar çox xəstəxanalarda olub, hətta xarici ölkələrin tanınmış tibb müəssisələrində də, lakin insanlara qarşı burada olan xoş rəftarı və səmimi münasibəti heç yerdə görməyib.

Düzü, Sabir müəllimdən bunu heç gözləmirdik. Çünki hamı kimi, biz də onu ölkəmizdəki problemlərə qarşı yorulmadan, çəkinmədən, qorxmadan mübarizə aparan bir siyasətçi, qəzet sahibi kimi tanımışıq...
...Cərrahiyyə şöbəsinin giriş qapısını astaca döyürük. İçəridən olduqca mülayim səs eşidilir. Ağ xalatlı xanım: "Xoş gəlmişsiniz!" deyə, bizi içəri dəvət edir. Gözümüz önündə şöbənin insana rahatlıq gətirən foyesi açılır. Gəlişimizin məqsədini deyəndən sonra bizə şöbə müdiri, cərrah-həkim Zahid Alqayıdoğlunun otağına keçmək məsləhət görülür. Xoş-beşdən sonra Zahid həkim əyləşməyimiz üçün bizə yer göstərir. Xəstələrə aid nəzərdən keçirdiyi kağızları, diaqnozları masanın bir qırağına qoyub, bizimlə maraqlı söhbətə başlayır. Biz nələrdən söhbət etmirik...
Sabir Tarverdiyevin dedikləri düz çıxır; Onun bizə əsl ziyalı, ali dəyərlərə malik insan, təcrübəli cərrah kimi xoş ovqatla təqdim etdiyi, görkəmindən alicənablıq, ziyalılıq, müdriklilik yağan bu nurani insan üzündəki qiptə ediləcək xoş bir təbəssümlə və bir də... xüsusilə cərrahlara xas olan digər cizgi və keyfiyyətlərlə bizdə də xoş təəssüratlar oyadır. Elə, Zahid həkimin müşaiyəti ilə də şöbənin yerləşdiyi mərtəbəni dörd bir yandan "ələk-vələk edirik" .
Dəhlizlərdə, palatalarda əzizlərini, doğmalarını, tanışlarını yenidən həyata qaytaran, öz sağlamlıqlarına qovuşduran cərrah həkimlərə – 55 illik həkim həyatı yaşayan Hacı Cəfər Quliyevə, Elxan Heydərova, Etibar Hüseynova, Səfərbəy Vəliyevə, eləcə də digər tibb işçilərinə – Aybəniz Xəlilovaya, Məlahət Ömərovaya, Humay Səlimovaya, Ayşən Paşayevaya, Aygün Namazovaya, Nazilə Nağıyevaya, Sevda Əliyevaya... insanlar daha xoş sözlərlə minnətdarlıq etməyə çalışır, həyəcandan yalnız: "Sizin qızıl əlləriniz var!" – deməyi bacarırdılar. Cərrah biçağındakı ümid işığına iman gətirən insanların qəlbindən keçən minnətdarlıq duyğularını sözlə ifadə etmək bizim üçün də olduqca çətin idi...
" – Tibbin insan cəmiyyəti ilə yaşıd olan böyük bir tarixi var. Müasir dövrdə isə, hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi, tərəqqi yönümü ilə ölçülür. Xalqın fiziki və mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunması və bütövlükdə milli genofondun qorunması müstəqil Azərbaycanda dövlətin qarşısına qoyduğu prioritet vəzifələrdən biri kimi çoxsahəli islahatların ayrılmaz tərkib hissəsinə çevrilmişdir" – deyə, Zahid həkim elə ayaqüstəcə bizimlə söhbətinə davam edir: "– İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran Ümumilli Lider 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzaladı. Həmin gün Ulu Öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: "...Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz... Əhalinin sağlamlığının mühafizəsi, tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir".
Bu fikirlərdə Ulu Öndərin milli səhiyyəmizin inkişafına yönələn diqqət və qayğısı, həkimlərimizə olan sevgi və məhəbbəti, bu peşənin müqəddəsliyi, məsuliyyəti açıq şəkildə öz əksini tapmışdır. Bir faktı da qeyd edək ki, 17 iyunun tarixə düşməsi heç də təsadüfi olmamışdır. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti Hökümətinin ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı idi. Həmin qərar isə, iyunun 17-də imzalanmışdır. Azərbaycan səhiyyəsinin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsi, Ümumilli Liderin tariximizə olan həssas münasibətinin bariz nümunəsi idi".
...Təcili yardım maşınının səsi söhbətimizi yarımçıq kəsir və Zahid həkimin ovqatını dəyişir. Yenə xəstə gətirmişdilər və halı pis idi. Təcili cərrahiyyə əməliyyatı lazım idi... Xəstə tezliklə cərrahiyyə stoluna çıxarıldı...
Elə, Zahid həkimin icazəsiylə də, cərrah bıçağını əlinə alıb, əməliyyata Allahın adı ilə, "Bissmillah"la başlayan həkimlərin bu gərgin işinə şahidlik etdik. Alınlarından puçur-puçur tər axırdı. Lakin gərginlik nə qədər çox idisə, işə nikbin bir əhvalla başlamışdılar...
Bir neçə saatlıq əməliyyatdan sonra, həyatla ölüm arasında qalan insan təkrar həyata qaytarıldı. Həkimlərin üz-gözlərindən sevinc duyulurdu. Zahid həkim daha çox sevinirdi. Elə, bu sevinc hissləriylə də, o, söhbətimizi davam etdirdi: " – Azərbaycanda cərrahlıq elmi sahəsində uğurlu nəticələr qazanılmışdır. Bu tarixi qaynaqlarda göstərilmişdir. Tanınmış tibb xadimləri vaxtilə Azərbaycanı beynəlxalq miqyasda təmsil etməklə, özlərinin elmi məktəblərini yaratmış, zəngin yaradıcılıq irsi qoyub getmişlər. Səhiyyə işçilərimiz bütün dövrlərdə zamanla həmahəng addımlamış, əhaliyə tibbi xidmətin səviyyəsini daim yaxşılaşdırmaq üçün çalışmışlar.
Ötən əsrin 70 – 80-ci illərində Azərbaycan səhiyyəsində yeni bir eranın başlanğıcı qoyuldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə səhiyyəmiz özünün tərəqqi yoluna üz tutdu. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra isə, Böyük Rəhbər bu sahənin inkişafına diqqətini daha da artırdı.
Hazırda səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilib. Bu istiqamətdə ardıcıl və sistemli olaraq reallaşdırılan islahatların nəticəsi kimi, son illərdə ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrasturukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.
Azərbaycanın dövlət büdcəsinin ildən-ilə artımı da səhiyyə sistemində insanların mənafeyinə xidmət edən islahatları inamla davam etdirmək imkanı yaradır.
Bütün bunlar respublika prezidenti möhtərəm İlham Əliyev cənablarının daim diqqətindədir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da səhiyyəmizlə daim maraqlanır..."
...Palataları, laboratoriyaları, həkim otaqlarını, yeməkxananı... gəzərkən, şöbədə yaradılan ideal şəraiti və xəstələrin çöhrəsindəki nuru görüb, burada çalışanlara: "Sağ olun!" – deməkdən başqa söz tapmadıq. Sabir Tarverdiyevin dediyi kimi, doğrudan, burada çalışanlar da öz peşələrinin mahir biliciləri olmaqla yanaşı, həm də Zahid həkimtək həssas, qayğıkeş insanlardır. Onlar xəstələri təkcə cərrah bıçağıyla, dərmanla deyil, mehriban sözlərlə, səmimi münasibətlə də sağaltmağa qadirdirlər. Bunu deməyə adi insan duyumu kifayətdir.
...Sonda yenə Zahid müəllimin kabinetinə toplaşırıq. Bura, sözün həqiqi mənasında, qaynar bir qərargaha bənzəyir. Həkim xəstələri, onların yaxınlarını dinləyib bəzilərinə məsləhət, bəzilərinə təskinlik verir, çoxunun dərdinə şərik çıxır. Bir sözlə hər kəsi qayğı, mərhəmət dolu baxışlarıyla razı salmağa çalışır.
Söhbətimiz isə hələ də davam edir: "– Azərbaycan prezidentinin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz də sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır.
Ümumiyyətlə, həkim olmaq böyük məsuliyyətdir. Çünki bu peşənin daşıyıcılarına hər birimiz üçün əziz olan sağlamlığımzı etibar edirik. İnanırıq ki, respublikamızın iqtisadi gəlirlərinin sürətlə artması fonunda səhiyyəmizin üzləşdiyi bütün problemlər də aradan qaldırılacaq, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətdən yüksək səviyyədə yararlanacaqlar".
Özünün də qürur və fəxrlə dediyi kimi, Zahid Alqayıdoğlu eyni yerdə, eyni ünvanda düz 36 ildir ki, olduqca şərəfli həkim-cərrah ömrü yaşayır. Bu, Tanrı tərəfindən ona bəxş edilmiş bir dünyadır. Onun iki qızı və bir oğlu da ata yolunu tutublar. Ataları kimi, ömürlərə nur paylayıb, şəfa bəxş edirlər. Bu nurun işiğında hələ çox xəstələr şəfa tapacaqlar...
...Hər kəsin taleyini Böyük Allah yazır. İnsan əməlləri ilə öz ömür yolunu gözəlləşdirir, cəmiyyət isə, onu dəyərləndirir. Zahid həkim də, burada çalışan digər tibb işçiləri də həyatda öz dəyərlərini almış insanlardandırlar.
Qoy, Ulu Tanrı onların qəlbinin hərarətini, mərhəmətini, şəfasını heç zaman azaltmasın!
Bu xoş ovqatla, bu xoş arzularla da günortayadək... üç saat qonağı olduğumuz cərrahiyyə şöbəsindən ayrılırıq...

Emin Ağalarov,
xüsusi olaraq "İrəvanın səsi" qəzeti üçün.
(Fotolar müəllifindir)

Redaksiyadan: Sonda eşitdik ki, xeyriyyəçi iş adamı olan Sabir Tarverdiyev cərrahiyyə şöbəsində öz hesabına bir sıra işlər görməyi də öhdəsinə götürüb – şöbənin foyesində dizayn-tamamlama işləri, Ulu Öndərə həsr edilmiş stendlər və s., və i. Sabir müəllim, həm də rəhbəri olduğu kollektivlə bərabər şöbəyə həmişə mənəvi dəstək olacaqlarına da söz verib...

Əlaqəli xəbərlər