Baş redaktorlar Elçibəyi "sual yağışı"na tutdular - Bəyin cavabları daha maraqlıdır - Tarixə baxış!

8WpVx3elqnDbJ3rj0w031998-ci ildə AXCP-nin sədri olmuş sabiq prezident Əbülfəz Elçibəy "Şərq"qəzetinin təşəbbüsü ilə bəzi redaktorların ona ünvanladığı sualları cavablandırıb. Məlumat üçün qeyd edək ki,"Şərq" qəzeti Elçibəyə sualları təqdim edərkən müəlliflərin və qəzetlərin adlarını gizli saxlayıb.
 
araz.az  "Şərq" qəzetinə istinadən həmin sualları və cavabları olduğu kimi təqdim edir: 
 
1.Mehman Cavadoğlu “Rezonans” qəzeti - Prezident seçilsəniz hansı komanda ilə işləyəcəksiniz?
Cavab: " Nəzərdə tutduğum partiya və qruplarla. Bundan başqa 1992-93-cü olduğu kimi ölkəmizin bütün dəyərli mütəxəssisləri peşəkar adamları Azərbayacan dövlətçiliyi üçün fayda verəməyə hazır olan və bütün bacaran ziyalılarımız bizim komandaya daxil ediləcək".
 2. Süleyman Osmanğlu “Müxalifət”qəzeti - 1998-ci ilin oktyabr ayından Qarabağın azadlığına qədər olan yol nə qədərdir?
Cavab: " İndiki gedişlə bu yol nəhayətsizdir. Onun qısalığı hakimiyyətə kimin və hansı komandanın gəlməsindən asılıdır. Yeni gələnlər isə bu yolda üç başlıca məsələni həll etməlidir. Azərbaycanın xarici siyasətində köklü dəyişiklik aparılmalı,vətənin azadlığını təmin etmək gücündə olan ordu yaradılmalı,dövlətlə xalq birləşdirilməlidir".
3. Rəşad Məcid “525-ci qəzet”- Nə vaxt bir yerdə bütün müxalifətin vahid namizəd məsələsini həll edəcəksiniz?
Cavab:"Bu məsələ müxalifətin çoxperspeklivliyi üzündən o qədər də asan deyil. Ancaq onun gerçəkləşə bilməsi də istisna edilmir".
4. Maarif Çingizoğlu “Olaylar”qəzeti  -Yenidən prezident seçilmək imkanı əldə etsəniz bu dəfə xalqa nə vəd edəcəksiniz?
Cavab:"İlk növbədə 1992-93-cü illərdə başladığımız və qiyamın yarımçıq qoyduğu işlərimizi davam etdirəcəyik.Bizcə, Azərabaycan xalqına xoş vədlər deyil onun problemlərinin həlli gərəkdir. Vətəndaş həmrəyliyinə nail olmaq dilənçi kökünə salınmış əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq lazımdır. Əminəm ki biz hakimiyyətə gəlsək demokratik dövlət və qüvvətli ordu quracaq əhalini əlverişli və ləyaqətli qazancla təmin edəcəyik".
5. İrfan Sapmaz “Avrasiya” qəzeti  - Dövlət başçısı olsanız əlinizdə ölkəni idarə etmək üçün yeni proqram varmı?
Cavab:"Bəli var. Proqramın ana xətləri haqqında seçkiqabağı kampaniyada xalqa məlumat veriləcək və həmin proqram hakimiyyətə gəldiyimizdə gerçəkləşdiriləcək".
6. Hikmət Sabiroğlu “Azadlıq”qezeti - Seçkilərdə qalib gəlib hakimiyyətə gəlsəniz indiki konstitusiyada nəyi dəyişəcəksiniz ?
Cavab: "İndiki Konstitusiyaya təkcə AXCP-nin 30-dan artıq prinsipial düzəliş və əlavəsi vardı . Sözsüz ki başqa siyasi qüvvələrin də belə təklifləri mövcuddur. Biz konstitusiyanın gələcəkdə təkmilləşdirilməsini zəruri sayırıq".
7. Araz Zeynalov “Panorama”qəzeti– Siz özünüzü güclü siyasətçi hesab edirsiniz yoxsa İsa Qəmbəri ?
Cavab : “ İsa bəy də mənim kimi çox güclü siyasətçidir. İkimiz birlikdə olduqda bütün siyasətçilər bizdən çəkinir”. 
8. Aqil Abbas “Ədalət” qəzeti – Tarixçisiniz bilmək istərdim görüm, Salvador Alyende ,Xosrov Ruzbeh ,Cavad xan hansı halda həlak olublar ?
Cavab:“ Salvador Alyende və Xosrov Ruzbeh Moskva KQB- sinin əlinə düşmüş zavallı qurbanlardır. Cavad xan isə çox böyük qəhrəmandır və rus imperiyasına qarşı döyüşdə Gəncədə şəhid olub. Onun qisasını bu imperiyadan məhz biz aldıq- yurdumuzu Moskvanın əsarətindən azad etdik. Cavad xanın ruhunu şadlanıdırdıq. 1993-cü ildə Gəncədə bu böyük şəxsiyyətin məzarını ziyarət edərkən onun qəbri üstünə gül qoydum və dedim ki,əziz babamız ,böyük qəhrəman, indi rahat uyuya bilərsən".
 
9. Varis “168 saat” qəzeti– ANS televiziyasında dediyiniz 100 rubulluq kostyumun aqibəti necə oldu?
 
Cavab: “O kostyumun qolları süzüldü,bir dirsəyi də deşildi. Türkiyədən gəlmiş bir dostum onun ölçüsündə olan təzə kostyum gətirmək adı ilə köhnəni apardı. Yeni kostyum gətirəndə köhnəsini soruşdum. Aydın oldu ki, əsas məsələ bu imiş ki,onu Türkiyəyə aparıb xatirə kimi saxlasınlar”.
10. Əyyub Kərimov “Femida” qəzeti –Hakimiyyətdə olduğunuz dövrdə həm siyasətiçi,həm dövlət başçısı kimi hansı bağışlanması mümkün olmayan səhvə yol vermisiniz?
Cavab : “ Elə səhvlər var ki onlara görə özümü heç vaxt bağışlamayacağam.Ümüdüm bunadır ki,Tanrı bağışlayacaq. Ancaq millətin və dövlətim qarşısında məni utandıracaq heç bir səhvə yol verməmişəm".
11. Tahir Paşa “Uluinform” qəzeti – Bu dağınıq siyasətiniz nə vaxt başa çatacaq ki, Kələki müəmması açılsın?
Cavab: “ Siyasətin saysız dairələri vardır. Kiçik dairədə oturanlar böyük dairəni görmədiklərinə görə onu dağınıq, xaotik sanırlar . Kələki müəmması yox ,Kələki gerçəkliyi var və ağıllı ,qərəzsiz adamlar bu gerçəkliyi çox aydın görürlər. Ancaq açılmasının zamana ehtiyacı olan məsələlər də az deyil”.
12. Məmməd Süleymanov “Yeddi gün” qəzeti – Bəy,bir dəfə hakimiyyətdə olub qaçdıqdan sonra hakimiyyətə iddia etməyə özünüzü mənən haqlı sayırsınızmı?
Cavab:“İgid odur atdan düşə atlana igid odur hər əzaba qatlana”.
13. Rizvan Əhmədli “Ekspress” qəzeti - Nəyə əsasən hesab edirsiniz ki, Azərbayacan xalqı ikinci dəfə sizi prezident seçə bilər ?
Cavab: “Hər bir xalq özünün seçdiyi rəhbərə layiqdir. Mənim fikrimcə, bizim xalqımız da bacarıqlı və təmiz başçıya layiq və möhtacdır. Belə olduqda o niyə də məni seçməsin?”.  
 
14. Elçin Şıxlınski “Ayna” qəzeti - Bir də hakimiyyətə gəlsəniz öz nöqteyi-nəzərinizdən ilk növbədə o zamanlar buraxdığınız hansı səhvləri düzəldərdiniz?
 
Cavab:“İlK növbədə bu saydıqlarımı təxirə salmadan gerçəkləşdirərdim:Bələdiyyə seçkiləri keçirərdim. Demokratik parlament yaratmaq üçün yeni seçkilərə gedərdim. Çünki Azərbaycanda indiyədək demokratik parlament olmayıb. Ədliyyə ,elm, təhsil, mədəniyyət,səhiyyə və başqa sahələrdə nəzərdə tutduğum islahatları yubatmadan və qətiyyətlə həyata keçirərdim”.
 
15. Məmməd Nazimoğlu “ Xalq qəzeti” – O dəfəki kimi...?
 
Cavab: “Bu dəfə arzunuzu nəzərə alaram. Ancaq bu dəfə sərtliyimdən şikayət etməyəcəksiniz ki?!”
 
16. Akif Cabbarlı Aztv “Xəbərlər” - Əgər prezident seçilsəniz və dərhal İran və Rusiya hökumət rəhbərlərindən rəsmi səfər barədə dəvət alsanız nə edərdiniz ?
Cavab:“ Dəvətlər seçkidən dərhal sonra olarsa, işlərimin çoxluğunu nəzərə alaraq uyğun vaxtadək onları təxirə salaram”.
17. Şahin Səfərli “Yeni Müsavat” qəzeti - Demokratiyanın inkişafı üçün Ə.Elçibəy və İ.Qəmbər nə iş görüblər?
Cavab: “ İndiki az-çox demokratiyanı Azərbaycana xalqımız bəxş edib. Biz ona müəyyən yönəliş vermiş onu qorumuşuq. İndi də qorumaqdayıq”.
18. Nəsib İsmayılov: “Bu gün”qəzeti  - Seçkilərə müstəqil mətbuat qarşısında hansı vədlərə gedirsiniz ?Azad mətbuatın inkişafı üçün nələri etməyə hazırsınız?
Cavab: “Biz bütün kütləvi informasiya vasitələrinin tam azadlığını təmin etməyə çalışacıq.AXCP-nin “Azadlıq” ,“Cumhuriyyət” və “Qurtuluş”jurnallarının təsisçilərindən partiyanın qurultayında imtina etməyimiz bu vədin quru söz olaraq qalmayacağına sübutdur. Biz yubatmadan KİV-ləri vergidən də azad edəcəyik”.
 
19.Əmir Mustafyev: “Azərbaycan”qəzeti - Əbülfəz bəy, biz sizinlə meydan hərəkatı dövründən də xeyli qabaq tanışıq.Aramızda salam sabahımız olub. Siz sovet dövründə təqib olunanda daxilən əzab çəkənlərdən biri də mən olmuşam. Meydan hərəkatının eyforiyasında hakimiyyətə gəldiniz. Ancaq dövlət qura bilmədiniz, daha doğrusu, bacarmadınız.Ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardınız və sonrada məcburiyyət üzündən Kələkiyə üz tutdunuz. Siz əminsinizmi ki, işdi-şayət bir də hakimiyyətə gəlmiş olsanız Kələkiyə təkrar üz tutmayacaqsınız?
Cavab:“Təəssüf ki,redaksiyanın mənə təqdim etdiyi suallarda sual verənlərin kimliyi göstərilməyib.  Əgər siz doğrudan da məni çoxdan tanıyırsınızsa, bilməliydiniz ki, Meydan hərəkatında mənim də bir balaca rolum olub. Biz dövləti qurmağa başladıq və vur-tut bircə ilin içində xeyli iş görmüşük. Müstəqil, demokratik dövlətin sağlam özülünü qoyduq. Həmin işlərə görə indi fəxr edirəm.Ölkəni vətəndaş müharibəsindən qurtardığım üçün də bu gün qürur duyuram. Onu vətəndaş müharibəsi həddinə gətirənlərin isə bir qismi cəzasını çəkib,bir qismi isə hələ çəkəcək.Bir də hakimiyyətə gəldiyimizdə daha demokratik olacağıq bu gün yurdundan didərgin salınmış xarici dövlətlərə üz tutmağa vadar edilmiş milyonlarca soydaşımızı öz vətəninə qaytaracağıq”.
20.Əziz Rzabəyli “Dosye” - Axırıncı dəfə yuxuda nə görmüsüz?
Cavab: “Mavi rəngli axan çay. Onun yanından bir yol keçirdi. Qardaşımla birgə oradaydıq...Hörmətli redaktor görürəm yuxulara maraqlısınız. Bu yuxunun yozması sizdən". 
21. Nasir Əhmədov “Millət” qəzeti - Sizə sualım yoxdur.
Cavab: “Çox sağ olun”.
“Şərq” qəzetinin sualları:
 
22. Bəy, 1990 – cı ildə demisiniz ki, siyasətlə məşğul olan adam quduzlaşır.Bəs siz necə ?
Cavab: “Belə bir ifadəni işlətdiyimi xatırlamıram.Ancaq siyasət hətta ən yumşaq və kövrək adamı da zaman-zaman sərtləşdirir. O məni də az sərtləşdirməyib”.
23. Bakıdan Kələkiyə gedəndə Allahdan nə rica etmisiniz və Kələkidən Bakıya qayıdanda nə ?
Cavab: “Gedəndə də, gələndə də Tanrıdan xüsusi diləyim olmayıb”.
24. Bəy, ömrünüzdə neçə dəfə sevmisiniz ?
Cavab: “Bu dünyada yaşayanın sevməməsi mümkün deyil. Sevgi elə bir Tanrı nemətidir ki, insan onu mücərrəd qavrayır. Sevgi ulu bir müqəddəsdir.İnsanlara öz aralarında onu müzakirə etdikdə isə o adiləşir. Mən bunun əleyhinəyəm”.
25. Hakimiyyətə gəlsəniz İsgəndər Həmidova hansı vəzifəni təklif edərsiniz?
Cavab:“ İlk növbədə bütün haqsız tutulanları azad edərdim. Sonrasını isə həyat göstərər”.
26. Prezident seçilsəniz Surət Hüseynovu və Rəhim Qazıyevi əfv edərsinizmi?
Cavab: “ Bu məsələyə inşallah prezident seçiləndən sonra baxarıq”.
27. Ayaz Mütəllibovda qiymətləndirdiyiniz keyfiyyətlər ?
Cavab: “Qəddar və qisascıl deyildi”.
28. Mənimsizə heç bir simpatiyam yoxdur.
Cavab: "Antipatiyanız olmadığına görə təşəkkür edirəm” .
Əbülfəz bəy, ən çox bəyəndiyiniz hansı sual oldu ?Xahiş edirik qeyd edəsiniz.
Cavab: “Ən çox bəyəndiyim 17-ci sualdır.Ona zaman-zaman ətraflı cavab veriləcək. 20-ci sual bir qədər gözlənilməzdir.Siyasi suallar arasında məişət məzmunlu sual qəribə görünür. 15,21,28-ci suallar da ifadə orijinallığı baxımından maraqlıdır”.
 
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər