Qəzetlərin inkişafı üçün ÖNƏMLİ QƏRAR: Baş redaktorlar ƏDV-nin ləğvindən DANIŞDI

qezet21jpg 1652462060Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının Əlavə dəyər vergisindən  (ƏDV) azad edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. 

Qəzet baş redaktorları hesab edirlər ki, çap məhsullarının hazırlanması üçün lazım olan kağızın ƏDV-dən azad edilməsi çap mediasının inkişafına müsbət təkan verəcək.

"Unikal" qəzetinin baş redaktoru Zaur Əhməd Bakıvaxtı.az-a bildirib ki, çap məhsullarının hazırlanması üçün lazım olan kağızın əlavə dəyər vergisindən azad edilməsi çap mediasının inkişafı baxımından mühüm addımdır: "Bir qəzetçi kimi qəzet üçün lazım olan kağızın 18 faiz əlavə dəyər vergisindən azad edilməsini təbii ki, təqdir edirəm. Texnologiya inkişaf etsə də, elektron medianın imkanları daha geniş olsa da, mən özümü hər zaman qəzetçi kimi hiss etmişəm və elektron mediada da yazılı mətbuat ənənələrini qorumağa çalışmışam. Şübhəsiz, bu günün tələbləri başqadır. Amma düşünürəm ki, çap mediasının qorunub saxlanması, mümkün variantlarla inkişaf etdirilməsi zəruridir".

Onun sözlərinə görə, son dövrlər Medianın İnkişafı Agentliyinin çap mediasının inkişaf etdirilməsi, ictimai rəydə əvvəlki imicinin qaytarılması istiqamətində addımları və müsbət yöndəki niyyət aydın görünür. Z.Əhməd bu səbəbdən yaxın zamanda çap mediasını mümkün şərtlər daxilində inkişafına nail olunacağına inanır.

"Dövlətin də çap mediasına dəstəyini də xüsusi qeyd edim ki, qəzetlərə dəstəyin zəruriliyini hər zaman gündəmdə saxlasınlar. Yeni dəyişiklik nəticəsində qəzet kağızı da ƏDV-dən azad olunur, bu da qəzetlərin maya dəyərinin, mətbəə xərclərinin azalmasına gətirib çıxaracaq. Bununla da redaksiyalar qənaət edərək, həmin vəsaiti jurnalistlərin əməkhaqlarının artırılmasına yönəldə biləcəklər. Yəni, ümidlə yanaşanda, demək olar ki, bu güzəşt redaksiyaların gəlirlərinə də təsir edəcək", - deyə Zaur Əhməd qeyd edib.

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal  Bakıvaxtı.az-a deyib ki, ümumiyyətlə, son dövrlər mediaya aid bütün sahələrdə dəyişikliklər, yeniliklər baş verir: "Bu proses kompleks şəkildə Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilir: istər çap mediasının maliyyələşdirilməsi, yeni dövrə uyğunlaşdırılması, təbliği, təşviqi, istərsə də onun müdafiəsi baxımından".

A.Camal hesab edir ki, çap məhsullarına əlavə dəyər vergisinin ləğvi haqda qərar həm də MEDİA -nın apardığı uğurlu işin nəticələrindən biridir. Onun sözlərinə görə, ölkəyə gətirilən kağızın ƏDV-dən azad edilməsi məsələsi zaman-zaman gündəm olub: "Bu məsələ, az qala hər il dövlət büdcəsinin müzakirəsi zamanı ayrı-ayrı millət vəkilləri tərəfindən səsləndirilib, hökumətə təkliflər verilib. Əslində, bu vergidən dövlətə heç əhəmiyyətli vəsait də daxil olmur. Amma çap mətbuatı, nəşriyyatlar üçün önəmlidir. Hazırda ölkədə çap mətbuatının, qəzetlərin sayı da kəskin azalıb, qəzetlərin tirajları da. Bu baxımdan, məsələn, qəzet kağızına tətbiq olunan ƏDV-nin ləğv olunması ilə dövlət elə bir şey itirməyəcək. Lakin bunun çap mətbuatına və mətbəələrə xeyri olacaq".

Həmsöhbətimiz deyir ki, burada təkcə çap xərcinin aşağı düşməsindən yox, daha keyfiyyətli məhsulun çapından söhbət getməlidir. Hazırda keyfiyyətli qəzet nəşr edən mətbəələrdə qiymət baha olduğu üçün bir çox qəzetlər məcburən ucuz çap edən mətbəələrə üz tutur: "Bu da istər-istəməz, keyfiyyətə mənfi təsir edir. Hesab edirəm ki, dəyişiklikdən sonra keyfiyyətli qəzet dərc edən mətbəələr, o cümlədən "Azərbaycan" Nəşriyyatı qiymət məsələlərinə yenidən baxa bilər, qəzetlər üçün optimal qiymət müəyyənləşdirər. Bununla da keyfiyyət təmin olunar".

"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev də Baş nazirin məlum qərarını müsbət qiymətləndirir. Dünyada qiymətlərin yüksəlməsinin kağız məmulatlarına da təsirsiz ötüşmədiyini deyən Ş.AğayevBakıvaxtı.az-a bildirib ki, qiymət artımının media subyektləri üzərində xərclərin minimallaşdırmasına dəstək məqsədilə dövlət bu tip məhsulların idxalından 18 faiz ƏDV-ni azad edib. Onun sözlərinə görə, bu qərar həmin məhsulların qiymətlərinin əlavə dəyər vergisi qədər ucuzlaşmasını, qiymətlərin aşağı olmasını stimullaşdıracaq, bununla da çap mediası məhsullarının inkişafına təkan verəcək.

Ş.Ağayev qeyd edib ki, bu məsələ dəfələrlə MEDİA-da müzakirə olunub, ayrı-ayrı qəzet-jurnal rəhbərləri, mətbuat yayımçılarının iştirakı ilə qaldırılıb: "MEDİA-nın bu məsələyə həssas yanaşmasının, təklifləri yuxarı instansiyalara çatdırmasının nəticəsidir ki, Baş nazir tərəfindən məlum qərar qəbil edilib".

"Qəzet kağızının da ƏDV-dən azad olunması həm də mətbəələrin işinə müsbət təsirini göstərəcək, eyni zamanda, çap mətbuatının inkişafına gətirib çıxaraq", - deyə Şakir Ağayev vurğulayıb.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər